Nəsimi rayonunda milli mətbuatın yubileyi qeyd olunmuşdur

 

Nəsimi rayonunda Azərbaycan milli mətbuatının 135 illik yubileyi qeyd olunmuşdur.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq mətbuat nümayəndələrini təbrik etmişdir. Natiq qeyd etmişdir ki, 135 il ərzində Azərbaycan mətbuatı şərəfli inkişaf yolu keçmiş və bütün dövrlərdə qabaqcıl ideyaların və tərəqqinin təbliğatçısı olmuşdur. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımız həmişə cəmiyyəti düşündürən problemləri əks etdirmiş və Azərbaycanın inkişafı naminə üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirmişdir. N. Məhəməliyev vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyev milli mətbuatın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. Onun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Tədbirin sonunda Nəsib Məhəməliyev Nəsimi rayonunda keçirilən kütləvi tədbirlərin, aparılan abadlıq və quruculuq işlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında səmərəli fəaliyyət göstərmiş bir sıra mətbuat işçilərinə rayon icra hakimiyyətinin fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim etdi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 8.