Sumqayıtda ilin birinci yarısına yekun vuruldu

 

Son bir neçə ildə intensiv inkişaf edən Sumqayıt şəhərində cari ilin ilk yarısında bütün sahələrdə infrastruktur layihələrin, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi uğurla davam etdirilib.

Gənclər şəhərində ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 240 milyon manata çatıb. Bu artım əsasən Sumqayıt Elektrik Stansiyasının işə salınması və kimya məhsulları istehsalının qismən bərpa edilməsi ilə əlaqədar olub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 78 faizdir. Sosial-iqtisadi sahələrdə çalışanların orta aylıq əmək haqqı 260 manat təşkil edib. Şəhərdə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 20 milyon manat investisiya yönəldilib.

"Azərboru" ASC-də kənardan gətirilmiş metal pəstahlar hesabına 15 min tondan çox boru emal edilib. "Azərikimya" İstehsalat Birliyində geriləmələrin qarşısı alınıb, istehsal həcmi artırılıb. Digər müəssisələrdə də yeni çeşidlərin mənimsənilməsi ilə bağlı mühüm addımlar atılıb, istehsal genişləndirilib. Amma bu sözləri Sumqayıt Alüminium istehsal sahəsinə, "Superfosfat", "Aşqarlar" və "Sumqayıt Kompressorları" ASC haqqında söyləmək olmaz. Bu müəssisələr fəaliyyətsiz qalıb.

Bütün bunlar barəsində şəhərin fəallar yığıncağında icra hakimiyyətinin başçısı Vaqif Əliyev hesabat məruzəsi ilə çıxışında məlumat verdi. O, bildirdi ki, may ayında "Sumqayıt şəhərinin sosial-iqtisadi" inkişafının prioritet istiqamətləri" mövzusunda təşkil edilən ənənəvi elmi-praktik konfransda müəssisələrin mövcud vəziyyəti, perspektiv inkişaf istiqamətləri ətraflı təhlil olunub, konkret təkliflər irəli sürülüb. Yarım il ərzində şəhərdə 800 yeni iş yeri yaradılıb. Son yeddi ildə isə 22,3 mini daimi olmaqla cəmi 40 minə yaxın yeni iş yeri açılıb.

"Ekologiya ili" ilə bağlı fikirlərini söyləyən məruzəçi qeyd etdi ki, şəhərin təmizliyi, abadlığı, ərazilərin yaşıllaşdırılması məsələlərinə diqqət daha da artırılıb. Sumqayıt parklar şəhərinə çevrilməkdədir. İstirahət guşələrinin sırasına bu il yaradılmış daha üç park əlavə olunub. Fəvvarələr müasir üslubda yenidən qurulub. Yeni avtobus dayanacaqları yaradılıb. İndi şəhərin bütün əraziləri "Sumqayıt Şəhər Təmizlik Departamenti"nin xidmət sahəsinə daxil edilib və məişət tullantılarının lazımi səviyyədə yığılıb-daşınması təmin olunur. Yay mövsümü ilə əlaqədar əhalinin sağlamlığının qorunmasına xidmət edən bir çox nəzarətedici təşkilatlar xüsusi rejimdə çalışırlar. Bostan məhsulları, su və sair satışı sahəsində qayda yaradılıb. Amma bu məhsulların keyfiyyətinə nəzarət daha da artırılmalıdır ki, zəhərlənmələr və xəstəliklərə yoluxmalar olmasın. İctimai komissiya mənşəyi məlum olmayan, vaxtı keçmiş məhsulların aşkarlanması üçün təşkil etdiyi reydləri daha da genişləndirməlidir.

Sumqayıtda işıq, qaz, su təchizatı, kommunal xidmətlər sahəsində mühüm addımların atıldığı hesabat məruzəsində xüsusi qeyd olundu. Təhsil, mədəniyyət, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra faktlar diqqətə çatdırıldı. Elm, təhsil, informasiya texnologiyaları festivalının bu il daha uğurla keçdiyi, tədbirə 7 rayondan iştirakçıların qatıldığı bildirildi. Valideynlər tərəfindən rəğbətlə qarşılanan, ictimaiyyətdə maraq doğuran yay istirahət düşərgələrində 2500 məktəblinin dincəldiyi vurğulandı. Mədəni-kütləvi tədbirlərin önəmindən danışıldı.

Vaqif Əliyev daha sonra Sumqayıtın xarici əlaqələrinin genişləndirildiyinə diqqəti cəlb etdi. O dedi ki, qabaqcıl iş metodlarının öyrənilməsi məqsədilə Avropa qurumları ilə işgüzar görüşlər olub, müzakirələr aparılıb. Səmərəli energetika və zərərli qazların həcminin azaldılması sahəsində Avropa Birliyinin prioritet layihəsi olan "Merlər sazişi" təşəbbüsünə Cənubi Qafqazda ilk qoşulan şəhər məhz Sumqayıtdır. Partnyor şəhərlərlə əlaqələr xüsusilə işgüzar müstəvidə bərqərar edilib. May ayında Qazaxıstanın Aktau şəhərinin nümayəndə heyəti Sumqayıtda olub, əməkdaşlığın genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məruzəçi və digər natiqlər Prezident İlham Əliyevin daimi qayğısı sayəsində dinamik inkişaf edən gənclik şəhərinin bundan sonra da öncül mövqelərdə qərar tutacağına, Sumqayıt əhalisinin həyat səviyyəsinin daha da yaxşılaşacağına inam hisslərini ifadə etdilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 23 iyul.- S. 5.