Nəsimi rayonu: 2010-cu ili uğurla başa vurmaq üçün yaxşı zəmin var

 

Nəsimi rayonunda 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, 2010-cu ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatında yüksək göstəricilər əldə olunmuşdur. Bu dövr ərzində ölkəmizdə iqtisadi inkişaf artımı 3,7 faiz təşkil etmiş və əhalinin pul gəliri 9 faiz artmışdır.

Ümumilikdə, 2010-cu ilin ilk yarısının nəticələrinə nəzər saldıqda, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın böyük inkişaf strategiyasının uğurla davam etdirildiyi təsdiq olunur.

2010-cu ilin birinci yarısında Nəsimi rayonu üçün də uğurlu olmuş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmişdir.

2010-cu ilin yanvar-iyun aylarında sənayedə 74,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz çox məhsul istehsal edilmişdir.

Bu dövr ərzində istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və əhaliyə 606,3 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz çoxdur.

2010-cu ilin 6 ayında rayonda 639 yeni iş yeri açılmışdır. Bu dövrdə Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 901 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər bir ailəyə ayrılmış yardımın məbləği 123 manat təşkil etmişdir. 362 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.

Hazırda rayonun ümumtəhsil məktəblərində yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri həyata keçirilir. 16 və 44 nömrəli orta məktəblərdə istilik sistemi, 9 və 266 nömrəli məktəblərdə isə dam örtüyü təmir edilib. 42 nömrəli orta məktəbdəki əlavə 4 mərtəbəli korpusun inşası başa çsatmaq üzrədir. Tibb Universitetinin Tədris Terapevtik korpusunda isə tamamlanma işləri gedir.

Hazırda 22, 24, 74, 76, 119, 123 və 147 nömrəli körpələr evi - tuşaq bağçalarında əsaslı təmir işləri həyata keçirilir. 115 nömrəli məktəbəqədər tərbiyə müəssisəsində yeni inşa edilmiş 2 mərtəbəli korpus istifadəyə verilmişdir.

Bu dövr ərzində Nəsimi Rayonu Qaz İstismarı İdarəsi tərəfindən satılmış qazın 80,5 faizi ödənilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığım 40,8 faiz artıb. 2010-cu ilin 6 ayı ərzində rayonda elektrik enerjisinin dəyərinin ödənilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 92 faizə yüksəlib.

Ölkənin hər yerində olduğu kimi Nəsimi rayonunda da irimiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. 2010-cu ilin "Ekologiya ili" olması ilə bağlı birinci yarım il ərzində rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələrində, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, ümumilikdə 12 mindən artıq ağac və dekorativ gül kolları əkilmişdir. Bununla bağlı işlərdə 6 mindən çox insan iştirak etmişdir.

Bu dövr ərzində, ümumilikdə 365 poqonometr su kəməri təmir edilmiş, 500 poqonometr kabelləşmə işi yerinə yetirilmişdir. Rayon ərazisində 10 həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Bakıxanov küçəsində Nəsimi Rayon İcra Hakimiyyəti yeni inzibati binasının inşası davam etdirilir.

Sonra Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevin, rayon bələdiyyəsinin sədri Natiq Abbasovun, rayon qaz istehsalat istismar zonasının rəisi Eyvaz Budaqovun və başqalarının çıxışları dinlənildi. Natiqlər bu dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 23 iyul.- S. 5.