Ağdamın işğalından 17 il ötür

 

Ağdamlılar qələbə sorağı ilə yaşayırlar

 

Qarabağın dağlıq hissəsi ilə düzən torpaqları arasında yerləşən Ağdam rayonu təbii-coğrafi şəraiti, insanlarının bacarığı və məşğuliyyəti ilə Azərbaycanın seçilən, öndə gedən rayonlarından biri olmuşdur. Bölgə sosial-iqtisadi və mədəni uğurları ilə də Qarabağ müharibəsi başlanana qədər yüksək səviyyəyə qalxmışdı. Burada kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, rabitə də kifayət qədər inkişaf etmiş, geniş mədəni şəbəkə yaradılmışdı.

Qarabağın Dağlıq hissəsində erməni separatçıları baş qaldıranda Ağdam və onun qeyrətli övladları bu namərdliyin qarşısına xalqımızın möhkəm iradəsi, dəyanəti ilə çıxmışdı. Havadarlarının hərtərəfli himayəsi ilə ermənilər quduzlaşıb azərbaycanlılar yaşayan məntəqələrə soxulduqca ağdamlılar uşaqdan-böyüyə səfərbər olub bu azğınlıqların qarşısını kəsmişdi. Ağdam 5 ildən artıq müddətdə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza arxa-dayaq olmuşdu, düşmənin qarşısında möhkəm sipər yaratmışdı. Döyüşlərdə minlərlə ağdamlı yaralanmış, şəhid olmuşdu.

Sovet İttifaqının süqutu prosesində təklənən, zəkasız və iradəsiz yerli rəhbərlərin fərasətsizliyindən başıpozuqluq girdabına düşən Azərbaycan Qarabağda öz ərazilərini qoruyub saxlaya bilmədi. Dağlıq Qarabağda qardaş-bacılarımızın yaşadıqları kəndlər oda qalanandan, əhali qətlə yetiriləndən, qovulandan sonra Xocalı və Şuşa şəhərləri, Laçın və Kəlbəcər rayonları da asanlıqla düşmənin əlinə keçdi. Ermənilərin tutduğu strateji yüksərliklərdən hədəfə alınan Ağdamın etibarlı müdafiəsi yaradılmadı. O vaxt hakimiyyəti zorla ələ keçirmiş AXC-Müsavat iqtidarı ilə nəzarətdən çıxmış hərbi qruplaşma 1993-cü ilin yayında Gəncədə vətəndaş qarşıdurması yaradanda Ağdam müdafiəsiz qaldı.

İllərdən bəri adi silahlarla düşməni yerində oturdan ağdamlılar bu dəfə kənardan güclü dəstək alan quldurların qarşısını kəsə bilmədilər. Ağdam şəhəri bir neçə istiqamətdən mühasirəyə alındı. 1993-cü ilin 23 iyulunda Qarabağın baş qapısı, qeyrət qalası Ağdam şəhəri və ətraf məntəqələr köməksiz qaldığından , rayonun üçdə iki hissəsi işğal olundu. Ağdam misilsiz bir xəyanətin, tarixi məsuliyyətsizliyin qurbanı oldu.

Həmin günlərdə idarəolunmaz vəziyyətə düşmüş ölkəni xilas etmək üçün xalqın tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi operativ-zəruri tədbirlər olmasaydı, Ağdamın yerdə qalan əraziləri, eləcə də ətraf rayonlar da itirilərdi. Məhz həmin günlərdə ölkədəki xaos və itaətsizliyə baxmayaraq ulu öndər özünü taleyin ümidinə buraxılmış 150 min ağdamlının harayına yetirdi. Düşmənin hücumunun qarşısı alındı, təcili müdafiə səddi yaradıldı. Ev-eşiyindən didərgin düşmüş 120 mindən çox insan respublikanın müxtəlif bölgələrində məskunlaşdırıldı. İşğaldan xilas edilmiş kəndlərdə dağıdılmış kommunikasiyalar işə salındı. Qısa müddətdə adamların həyat və fəaliyyəti üçün yaradılmış şərait Ağdamın öz varlığını davam etdirməsinə imkanlar açdı.

Rayonun inzibati strukturu qorunub saxlandı, təsərrüfat fəaliyyəti bərpa edildi. Kənarda məskunlaşan əhali üçünnormal şərait yaradıldı. Ulu öndər bir neçə dəfə rayonda və Bakıda ağdamlılarla görüşdü, onların istək və ehtiyaclarını diqqət və qayğı ilə cavablandırdı. On minlərlə əhali rayona döndü, problemlərin həllinə qoşuldu. Ulu öndərin layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi proqramlar kənarda ağır şəraitdə yaşayan 20 minədək həmyerlilərimizin yeni salınmış 1, 2 abad şəhərciyə dönüşünü təmin etdi. Regional inkişaf proqramları Ağdamı cəbhə bölgəsi olmasına baxmayaraq, böyük tikinti-quruculuq meydanına çevirdi. Cəbhə xəttinin o biri tərəfində ermənilər ağır problemlər içərisində boğularaq qaçıb-dağıldığı halda Ağdam güclənir, abadlaşır, kəndlərə dönən əhalinin sayı gündən-günə artır. Milli ordunun güc-qüdrəti adamlarda torpaqlarımızın mütləq geri qaytarılacağına böyük inam yaradır.

126 yaşayış məntəqəsinin 82-si işğal altında olsa da hazırda 175 min əhalinin yarısı yerdə qalan 44 yaşayış məntəqəsində yaşayır. Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi sürətlə böyüyür, abadlaşır. Əksər icra strukturları rayonda fəaliyyət göstərir. Məhsul istehsalı ildən-ilə artır. Sosial sfera yeniləşir, genişlənir. Əhalinin güzaranı durmadan yaxşılaşır. Rayon icra hakimiyyəti əhalini səfərbər etməklə, onun ehtiyaclarını öyrənməklə sosial-iqtisadi inkişafda ciddi uğurlar qazanılmasını, sağlam mənəvi atmosferin qorunub-saxlanmasını təmin edir.

Son 1 ildə ölkə rəhbərliyinin artan diqqət və qayğısı altında yeni hədəflər müəyyənləşdirilmiş, ölkədə aparılan modernləşmə xəttinə uyğun olaraq hər sahədə yeniləşmə, yüksəliş sürətləndirilmişdir. Ağdam ötənlərdən inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan bu sahənin inkişafı ilə bağlı xüsusi tədbirlər hazırlanmış və məhsul istehsalının artımına nail olunmuşdur.

Əhali ilə görüşlərdə qaldırılan problemlərin həlli sahəsində də müəyyən işlər görülmüşdür. Birinci Dördyol, İkinci Dördyol və Təzəkənd qəsəbələrinə qaz çəkilişinə başlanmışdır. Quzanlı qəsəbəsində əhalinin içməli suya ciddi tələbatını nəzərə alaraq 500 tonluq su anbarı tikilmiş, yeni artezian quyusu qazılmışdır. 1 kilometrdən artıq su xətti çəkilərək qəsəbənin mərkəzinə gətirilmişdir. Nəticədə, 500 ailənin içməli suya tələbatı ödənilmişdir. Qəsəbə sakinlərinin xahişi əsasında əlavə 500 tonluq su anbarı tikiləcək. Rayonda əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək üçün 30 artezian quyularının qazılması barədə "MeliorasiyaSu Təsərrüfatı" ASC-yə və "Azərsu" ASC-yə, kəndarası yolların təmiri ilə əlaqədar "Azəryolservis" ASC-yə müraciət olunmuşdur.

Əhalinin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması ilə əlaqədar vacib işlər görülmüşdür. Xındırıstan, Əhmədağalı, Zəngişalı kəndləri, Quzanlı çadır şəhərciyi ərazisində 4 transformator təmir edilmiş, yeni kabelhava xətləri çəkilmişdir. Quzanlı qəsəbəsində qazlaşma başa çatmış, Qasımbəyli, Birinci Quzanlı və İmamqulubəyli köçkün qəsəbələrinin qazlaşması üçün 55220 metr polietilen qaz kəməri çəkilmişdir. Digər yaşayış məntəqələrinin qazlaşması üçün layihələr hazırlanır.

Əhalinin içməli suya olan tələbatının ödənilməsində fasilələrə yol verilməməsi üçün qəsəbələrdə 1100 metr su xətti çəkilmiş, 650 metr təmir işləri aparılmışdır. 36 transformator, 141 su nasosu təmir edilmiş, 482 metr boru xətti çəkilmişdir. 3 transformator quraşdırılmış, şəbəkədə 948 metr kabel xətti, 139 yeni elektrik avadanlığı qoyulmuşdur.

Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son aylar lazımi avadanlıqlar alınmışdır. Mədəniyyət və Turizm Nazirliyi Quzanlı qəsəbə mədəniyyət evinin əsaslı təmiri üçün 480 min manat vəsait ayırmış və təmirə başlamışdır. Ötən il tikilib istifadəyə verilmiş 50 çarpayılıq mərkəzi rayon xəstəxanası yeni avadanlıqla təchiz edilmiş, rayon əhalisinə tibbi xidmətin səviyyəsi xeyli yüksəlmişdir. Qısa müddətdə ruhi-əsəb dispanseri üçün 15 çarpayılıq yeni bina tikilib istifadəyə verilmişdir.

Aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır, kənd əhalisinə pay torpaqlarından səmərəli istifadə etmələri üçün daxili imkanlar hesabına köməklik olunur. "Aqroservis" vasitəsilə güzəştli qiymətə gübrə alınıb mülkiyyətçilərə verilir.

Elektrik sayğaclarının quraşdırılması işi Birinciİkinci Dördyol, Təzəkənd köçkün qəsəbələrində başa çatdırılmış, İmamqulubəyli qəsəbəsində isə davam etdirilir. Ümumilikdə cari ilin birinci rübündə abonentlərə 1811 kart tipli sayğac quraşdırılmışdır. Birinci Alıbəyli, İkinci Alıbəyli, Birinci Dördyol, İkinci Dördyol, Bənövşələr, Xındırıstan köçkün qəsəbələrində D-100 ölçülü 1800 metr uzunluğunda su xətləri təzələnmiş, sakinlərin içməli su problemi yaxşılaşdırılmışdır.

Əfətli, Qaradağlı, Zəngişalı, Çəmənli, Əhmədağalı, Qərvənd ərazi nümayəndəliklərinin yaşayış məntəqələrində müharibə şəraitində dağılmış fərdi yaşayış evlərinin təmiri və bərpa olunması ilə əlaqədar hökumət komissiyası 220 evə baxış keçirmişdir. Güclü yağışlar nəticəsində Ağdam, Bərdə, Tərtər rayonları ərazisində yol kənarlarında məskunlaşmış 13 ailənin evi uçmuş, onlarla ev zərər çəkmişdi. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına həmin ailələrə yeni evlər tikilmiş və bərpa olunmuşdur.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağdam rayonunda 11 vacib sahənin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bunlar rayonun elektrik şəbəkəsinin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması, subartezian quyularının qazılması, meliorasiya-irriqasiya işlərinin aparılması, kəndlərin su təchizatının yaxşılaşdırılması, yerli əhəmiyyətli avtomobil yollarının asfaltlaşdırılması və yeni kənd yollarının salınması, taxılçılığın, üzümçülüyün, pambıqçılığın, tərəvəzçiliyin və heyvandarlığın inkişafının dəstəklənməsi tədbirləridir.

Taxılçılığa xüsui fikir verilir. Əgər 2008-ci ilin məhsulu üçün 7490 hektar sahəyə taxıl səpilmişdisə, 2009-ci ilin məhsulu üçün 17513 hektar sahədə taxıl əkilmişdi. Bunun 15376 hektarı buğda, 2137 hektarı arpa sahəsindən ibarətdir. Ötən il 47073 ton məhsul əldə edilmişdir. Əvvəlki illə müqayisədə bu, 2,1 dəfə çoxdur, hektardan məhsuldarlıq 26,3 sentner təşkil etmişdir. Tərəvəz istehsalı da artırılır. 2009-cu ildə 2439 hektar sahədə tərəvəz əkilmişdir ki, bu da 2008-ci ildəkindən 67 hektarya 2,8 faiz çoxdur. 2009-cu ildə 2439 hektar sahədən 43930 ton tərəvəz, 570 hektar sahədən 9290 ton kartof toplanmışdır. Üzümçülük gəlirli sahə olsa da lazımi maliyyə vəsaiti olmadığından yeni plantasiyalar salınması hələlik ləngiyir. Üzümçülüyün əsasını əhalinin fərdi təsərrüfatlarında olan talvar üzümləri təşkil edir.

Ötən il iribuynuzlu mal-qara 31724, qoyun və keçilər 99060 baş, ət istehsalı 2618, süd istehsalı 26726 ton, yumurta istehsalı 8039 min ədəd, yun istehsalı 139 ton olmuşdur. Heyvandarlığın inkişafı üçün əlverişli şəraitin olması bu sahənin inkişafını tələb edir. 2009-cu ildə subartezian quyularında 206 su nasosu təmir edilərək işə salınmış, 3483 metr su xətti təmir edilmiş, 2004 metr yeni su xətti çəkilmişdir.

Özəl bölmənin inkişafı rayon icra hakimiyyətinin diqqət mərkəzindədir. Bu sahənin inkişafı üçün əməli köməklik edilir. Sahibkarlıq sahəsində aşağıdakı problemlərin həlli vacibdir: yerli əhəmiyyətli 28 km uzunluğunda avtomobil yollarının asfaltlaşdırılması və 40 km uzunluğunda kəndarası yolların əsaslı təmiri; su təchizatının yaxşılaşdırılması üçün 60 subartezian quyusunun qazılması; Xındırıstan köçkün qəsəbəsində, Həsənxanlı, Yüzbaşılı, I Baharlı kəndlərində orta məktəb binalarının tikilməsi; Hacıməmmədli və Səfərli kənd orta məktəblərində bərpa və əsaslı təmir işlərinin aparılması; yerli tikinti materiallarından istifadə etməklə fəaliyyət göstərən sexlərin yaradılması.

Quzanlı qəsəbəsində son aylar tikinti, abadlıq və quruculuq işləri artmış, qəsəbənin siması tamamilə dəyişmişdir. Rayon icra hakimiyyətinin binası əsaslı təmir olunmuş, həyəti abadlaşdırılmış, böyük yaşıllıq zonası yaradılmışdır. Mərkəzi xəstəxananın və mədəniyyət evinin həyəti lazımsız tikililərdən azad edilmiş, geniş abadlıq işləri aparılmış, yüzlərlə ağac və bəzək kolları əkilmişdir.

Rayonda Prezident İlham Əliyevin tapşırığı ilə doğum evininuşaq xəstəxanasının tikintisinə başlanmışdır. Hazırda zirzəminin tikintisi başa çatdırılmış, birinci mərtəbənin beton işləri görülür. Təhsil şöbəsinin, yolqaz istismarı idarələrinin, rayonlararası qaz tikinti idarəsinin inzibati binaları, veteranlar evi inşa olunur. Quzanlı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır.

Əhalinin, xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən təbii qaz çəkilişi sahəsində işlər görülür. Quzanlı qəsəbəsinin qazlaşdırılması başa çatdırılıb, digər yaşayış məntəqələrinə qaz çəkilişi sürətlə davam etdirilir. Artıq Əfətlidə qaz çəkilişinə başlanıb. Hazırda 2915 ailə təbii qazdan istifadə edir.

Tərtər-Ağcabədi magistral yolunun rayon ərazisindən keçən hissəsində tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Rayonun girişində, Xaçınçayın yanında Ağdamın rəmzi giriş qapısı inşa olunur. Soltanbud təpəsində üçrəngli bayrağımız dalğalanır, ətəkdə respublikamızın xəritəsi həkk olunmuşdur. Təpənin yanında isə rəmzi qala tikilmiş, qarşısında 2500 kvadratmetr park salınır. Soltanbud təpəsinin ətəyində ağdamlı milli qəhrəmanların və Qarabağ müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə abidə komleksi inşa olunur və işlər başa çatmaq üzrədir.

Magistral yolun Quzanlı qəsəbəsindən keçən hissəsində Heydər Əliyev prospekti salınır. Yol boyunca pərakəndə, primitiv qaydada tikilmiş 200-dən artıq ticarət, ictimai iaşə və digər obyektlər sökülərək zövqlə tikilmişdir.

Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə əlaqədar yanvar-aprel aylarında rayonda 20 mindən artıq müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, zeytun, palma, yapon əzgili, cökə, müxtəlif növ bəzək ağacları əkilmişdir. Ağaclar əsas etibarı ilə Soltanbud təpəsinin ətəyində, Tərtər-Ağcabədi yolunun hər iki tərəfində, Quzanlı-Xındırıstan yolunun kənarlarında, mərkəzi xəstəxananın, mədəniyyət evinin, digər idarə və müəssisələrin həyətlərində əkilmişdir. Ağacların qorunması və onlara qulluğun təşkil olunması ayrı-ayrı təşkilatlara həvalə olunmuşdur. Qrafikə uyğun olaraq hər həftənin şənbə günü bu məqsədlə ümumrayon iməciliyi keçirilir.

2008-ci ilin yanvarında Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Muzeyi açılmışdır. İkimərtəbəli bina 574 kvadratmetrdir. Muzeyin ətrafı yaşıllaşdırılmış, bəzək ağacları əkilmişdir. Burada ekspozisiya zalı, 3 , 1 fond otağı var. Artıq muzey rayonda ideoloji mərkəzə çevrilmiş, mühüm siyasi tədbirlər qeyd edilmişdir. Ümumtəhsil məktəbləri tarix fənni üzrə bir sıra dərslərini muzeydə keçirmişdir.

Ağdam Rayon İcra Hakimiyyəti sosial-iqtisadi sahədə olan problemlərin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün bundan sonra da lazım gələn bütün tədbirləri görəcək, qarşıdan gələn parlament seçkilərinə hazırlıq işlərini davam etdirəcək, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmasını təmin edəcəkdir. Ağdamlılar ölkəmizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını sərf edəcəklər. Rayonun hər bir sakini qələbə sorağı ilə yaşayır və torpaqlarımızın azad edilməsi yolunda döyüşə atılmağa hazırdır.

 

 

Nizami SADIQOV

 

Xalq qəzeti.- 2010.- 23 iyul.- S. 6.