Azərbaycan milli
mətbuatı - 135
"...Millət sizə rəhmət
oxuyacaq"
1907-ci ilin dekabrında -
H.B.Zərdabinin vəfatından bir neçə gün sonra Əbdürrəhim
bəy Haqverdiyev "Ağa Məhəmməd şah
Qacar" faciəsinin uğurlu tamaşası ilə
bağlı onu şöhrətpərəstlikdə ittiham edən
bir tənqidçiyə cavabında yazmışdı: "Mənim
şöhrətə ehtiyacım yoxdur və nə qədər
millətə qələm ilə qulluq eləsəm də, mərhum
Həsən bəy Məlikovun elədiyi xidmətlərin
yüzdə birini edə bilməyəcəyəm; nə qədər
Həsən bəy şöhrət qazanmışdı, onun
yüzdən birini də mən qazanaram".
Böyük
yazıçının millətə xidmət etməyin və
bunun müqabilində halal şöhrət qazanmağın
nümunəsi kimi Həsən bəy Zərdabini yada
salması təsadüfi deyildi. H.B. Zərdabi bu haqqı
bütün cəfakeş həyatı və fədakar fəaliyyəti
ilə qazanmışdı. Ancaq Əbdürrəhim bəyin
sözləri həm də ikili məna
daşıyırdı, çünki əslində Həsən
bəy sağlığında millət üçün elədiklərinin
qədir-qiymətini layiqincə almamışdı. Yalnız
bu fani dünyadakı məşəqqətli həyatı
başa çatanda xalq sanki kimi itirdiyini anlamış, Həsən
bəyə o çağacan müsəlman dünyasında
görünməmiş əzəmətli bir dəfn mərasimi
təşkil olunmuşdu. Xalqa xidmət yolunu seçən Həsən
bəy hələ sağlığında bu yolun keşməkeşlərini
əvvəlcədən görərək yazmışdı:
"Öz işinə qiymət, yəni mükafat umma. Səni
tərifləyib göylərə qaldıracaqlarını
düşünmə. Xalq üçün işlə. Onda o,
ardınca gedəcək və sənin qədrini biləcək".
Hər bir xalqın
tarixinə onun ictimai-mədəni həyatının ən
önəmli hadisələrindən sayılan teatr və mətbuatın
yaradıcısının, xeyriyyə cəmiyyəti və məktəb
şəbəkəsi təşkilatçısının
adları qızıl hərflərlə yazılır. Azərbaycan,
bəlkə də, dünyada yeganə ölkədir ki, bu
şərəfli missiyaların hamısı eyni bir şəxsə
- məhz Həsən bəy Zərdabiyə nəsib
olmuşdu. Başqa sözlə desək, Həsən bəyin
bu böyük mənəvi hünərlərindən təkcə
biri də xalqımızın tarixində onun şərəfli
bir yer tutması üçün kifayət edərdi.
Ancaq reallıq başqa
cür idi. 1925-ci ildə ilk Azərbaycan qəzetinin - "Əkinçi"nin
nəşrə başlamasının 50 illiyi tamam olurdu. Milli
mətbuatımızın bu ilk böyük yubileyi sovet
respublikasında layiqincə qeyd olunmadı. Həsən bəyin
ömür-gün yoldaşı Hənifə xanımın
1925-ci ildə yazdığı memuar və maarifpərvər
ziyalı və pedaqoq Fərhad Ağazadənin
"Kommunist" qəzetinin təşəbbüsü ilə
1926-cı ildə çap olunmuş kitabçası nəzərə
alınmasa, bu tarixi hadisə, demək olar ki, sükutla
qarşılandı.
Ancaq Vətəndən
uzaqlarda - Parisdə siyasi mühacir həyatı yaşayan
milli azadlıq hərəkatının və Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərindən biri olmuş, Həsən
bəyin kürəkəni və məsləkdaşı Əlimərdan
bəy Topçubaşov bu əlamətdar ildönümünə
həsr edilmiş yarı memuar, yarı araşdırma
xarakterli "Azərbaycanın mayakı" adlı dəyərli
bir əsər qələmə aldı. Burada ictimai fikir
tariximizlə, H.B.Zərdabinin həyat və mücadiləsi
ilə bağlı bir sıra dəyərli, indiyəcən
geniş oxucu kütləsinə məlum olmayan faktlar öz əksini
tapmışdır.
Bu tədqiqatı nə
Vətəndə, nə də xaricdə çap etdirmək
niyyətində və ümidində olmayan Əlimərdan bəy
onu böyük qızı - H.B.Zərdabinin böyük nəvəsi
Sara xanıma hədiyyə etmişdi. Orijinalı rus dilində
yazılmış bu qiymətli əsər uzun illərdən
sonra ilk dəfə 2002-ci ildə " Literaturnıy
Azerbaydjan" jurnalında dərc edilmişdir. Mətbuat
tariximizin bir sıra mühüm məqamlarına işıq
salan bu qiymətli mənbə ana dilimizdə 2009-cu ildə
"Xalq qəzeti"nin 21-26 iyun nömrələrində Ərşad
Əzimzadənin, 2010-cu ildə isə "525-ci qəzet"in
may-iyun nömrələrində filologiya elmləri doktoru Vilayət
Quliyevin tərcüməsində "Azərbaycanın
yolgöstərəni" adı ilə oxuculara təqdim
olunmuşdur.
Sovet dövründə
"Əkinçi" qəzetinin və H.B.Zərdabinin
sonrakı yubileyləri yada salınmamış, otuzuncu illərdə
hətta məzarı da yerlə yeksan edilmişdi. Yalnız
sovet-bolşevik rejiminin repressiv xarakteri bir qədər
yumşaldıqdan sonra, 1957-ci ildə Həsən bəyin cəsədi
indiki layiqli yerində - Fəxri Xiyabanda yenidən dəfn
edilmişdi...
Moskva Universitetini bitirərək
xalqına xidmət üçün böyük arzularla Vətənə
dönən gənc Həsən bəyin üzləşdiyi sərt
reallığı Ə.B.Topçubaşov belə təsvir
edir: "...Hələ mövcud şəraitin mahiyyətinə
dərindən varmadığı, lakin xalq üçün
faydalı olmağı qəti qərara aldığı ilk
vaxtlarda Həsən bəy hər şeydən öncə
Qafqaz idarəçiliyində hökm sürən
özbaşınalıq və dərəbəyliklə, məhkəmələrdəki
qanunsuzluq və rüşvətxorluqla, hərc-mərclik və
nizamsızlıqla, nəhayət, bütün bunların mənbəyi
olan cahillik və hüquqsuzluqla, kütlələrin mədəni
və iqtisadi səfaləti ilə tanış olmalı
idi".
Əvvəlcə
qüvvəsini hüquqsuzluğa qarşı mübarizə,
indiki terminologiya ilə desək, hüquq müdafiəçiliyi
işi üçün səfərbər edən, vəkillik
fəaliyyəti ilə məşğul olan Həsən bəy
sonra ilk növbədə cəhalətə qarşı
mübarizənin vacibliyini dərk edərək müəllimlik
peşəsini seçdi.
Bakı realnı
gimnaziyasında müəllim işləyərkən
1873-cü ilin Novruz bayramı günlərində şagirdləri
ilə birlikdə ilk teatr tamaşası hazırlamaqla Azərbaycanda
peşəkar teatrın əsasını qoyan Həsən bəy
böyük ustadı Mirzə Fətəli Axundovun
qaldırdığı maarifçilik bayrağını daha
yüksəklərə ucaltmaq, millətini tərəqqi
yolunda daha irəliyə aparmaq üçün ən təsirli
vasitə kimi mətbuatın yaradılmasını
görürdü: "Elmsiz bu zəmanədə dolanmaq
mümkün deyil. Ələlxüsus bizim yerlərdə ki
qonşularımız elm təhsil edib günü-gündən
irəli gedir, bizim əlimizdə olan mülkü
malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik
edib, onların malını daşımaqdan ötrü kirəkeşlik
edəcəyik.
Belədə nə
qayırmalı? Hər kəsi çağırıram gəlməyir,
göstərirəm görməyir, deyirəm qanmayır.
Axırda gördüm ki, onları haraylayıb
çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac
yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən
heç biri qanan olmasın.
...Belədə qəzet
çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki,
kağız üstə yazılmış doğru sözlər
qapı-pəncərələrdən o iman mənzillərinə
çata bilsin. Heç olmaz ki, doğru söz yerdə
qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu
qansa, onların qədəri ilbəil artar".
Lakin bu böyük
ideyanı həyata keçirmək ilk baxışda
göründüyü qədər də asan məsələ
deyildi. İmperiya əsarətdə saxladığı
türk-müsəlman xalqlarının ictimai
oyanışına təkan verə biləcək belə bir
qüdrətli vasitənin meydana çıxmasına imkan
yaratmaq istəmirdi. Buna görə də hökumət dairələri
əvvəlcə Həsən bəyə rus dilində qəzet
buraxmağı "məsləhət gördülər".
Lakin Həsən bəyin öz niyyətindən dönmədiyini
gördükdə məsələni süründürməçiliyə
saldılar. Qəzetin nəşrinə icazə verilməsi
prosesi bir neçə il çəkdi. O zamankı Bakı
qubernatoru general Staroselskinin Həsən bəyə rəğbətli
münasibəti sayəsində maneələri dəf etmək
mümkün oldu. Ancaq bununla da hər şey həll
olunmadı. Məsələ ondadır ki, o zaman Bakıda
türk dilində qəzet buraxmaq üçün texniki vasitələr
və kadr potensialı yox idi. Texniki məsələlər yoluna
qoyulandan sonra isə Azərbaycan dilini bilən
çapçı, mürəttib tapmaq müşkülə
çevrildi. Taleyin istehzası ilə Həsən bəy bu
işə "müsəlman hürufatını
alayarımçıq düzən Minasov adlı bir erməni"ni
götürməyə məcbur oldu.
1875-ci il iyulun 22-də
"Əkinçi" qəzetinin ilk nömrəsi çap
olundu. "Mənim əvvəlinci köməkçilərimi"
adlandırdığı şagirdləri yay tətilində
olduğundan qəzetin fəhləlik işini də Həsən
bəy özü görürdü. 1877-ci ilin 29 sentyabrına
qədər nəşr olunan "Əkinçi"nin 1875-ci
ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20
nömrəsi çıxmışdı. Qəzet ayda iki dəfə,
300-400 tirajla çap olunurdu.
Qəzetin əksər
materiallarını H.B.Zərdabi özü yazırdı.
Bununla belə, onun ətrafına o dövr Azərbaycan
maarifçiliyinin əsas simaları olan Mirzə Fətəli,
əqidə yoldaşları Seyid Əzim və Əhsənül-Qəvaid
imzası ilə yazan Hacı Məmmədsadıq, tələbələri
Nəcəf bəy Vəzirov və Əsgər ağa
Adıgözəlov-Gorani kimi ziyalılar
toplaşmışdılar.
Əsas amalı milli
oyanış və yeni cəmiyyətin qurulması zərurətini
təbliğ etmək olan Azərbaycan maarifçiliyinin
bayraqdarına çevrilən "Əkinçi"nin ilk
nömrəsində H.B.Zərdabi bu ideyanı ifadə edərək
yazırdı: "Olmaz ki, dünyada həmişə bir qayda
ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi tələb
edir".
Bu məqsədə
çatmaq üçün ilk növbədə xalqı bir
ideya ətrafında birləşdirmək lazım idi.
Bütün ictimai-siyasi amal və əqidələri, mədəni-mənəvi
dəyərləri gözdən salmadan etiraf etmək
lazımdır ki, hər bir xalqı birləşdirən ən
böyük amil onun ana dilidir. Azərbaycan dilində ilk qəzetin
nəşri kimi mühüm və ağır bir işə
başlayan Həsən bəy bununla həm də, Ə.B.Topçubaşovun
sözləri ilə desək, "özünəməxsus qətiyyət
və enerji ilə ana dilinin müdafiəsinə qalxdı. O,
mövcud terminologiyanın imkan verdiyi tərzdə "Əkinçi"də
fars və ərəb sözlərindən mümkün qədər
istifadə etməməyə, istisnasız şəkildə təmiz
türk-Azərbaycan dilində yazmağa
çalışırdı".
Dil məsələsində
Həsən bəyin mövqeyini Hənifə xanım belə
xatırlayırdı: "Həsən bəy
ömrünün axırına qədər saf türkcə tərəfdarı
olmuşdur. Türk dilinə ərəb və fars kəlmələrinin
qatılmasının əleyhinə idi. O, bu barədə
çox yazmışdır. Onun"Əkinçi"sinin
dili bütün Qafqaz müsəlmanları arasında
aydın anlaşılırdı".
Bu mənada "Əkinçi"
qəzeti həm də ana dilimizin inkişafında yeni bir mərhələnin
əsasını qoydu, Azərbaycan ədəbi dilinin yeni bir
qolunu - publisistik üslubu yaratdı.
Həsən bəy
"Əkinçi"nin nəşri ilə öz
qarşısına qoyduğu, daha doğrusu zamanın onun
qarşısına qoyduğu, məqsədləri yerinə
yetirməyə nail ola bildi. Yenə də Ə.B.Topçubaşovun
sözlərinə müraciət edək: "Əkinçi",
həqiqətən də, doğma xalqının salnaməsinə
çevrilmişdi. Təmiz, ləkəsiz güzgü kimi təmsil
etdiyi milləti bütün təbii keyfiyyət və
çatışmazlıqları, zəngin mədəni
keçmişi, Şərqin böyük tarixi yolundakı
bütün qəhrəmanlıq və faciələri, yad
qüvvələrin hakimiyyəti altında üzləşdiyi
məhrumiyyət və sarsıntıları ilə göstərirdi".
Dünyanın hər
yerində olduğu kimi, Azərbaycanda da milli və ictimai
azadlıq ideyaları maarifçilik hərəkatının
qoşa qanadı idi. Bu gün də Azərbaycan cəmiyyətinin,
millətimizin qarşısında bir nömrəli vəzifə
kimi duran azad cəmiyyət, demokratik dövlət qurmaq
ideyalarını ictimai təfəkkürümüzə ilk dəfə
məhz bu hərəkatın ideoloqları gətirmişdilər.
Söz, fikir, seçki, vicdan, şəxsiyyət
azadlıqları, hüquq bərabərliyi
anlayışları Azərbaycan ictimai mühitinə ilk dəfə
onların yazılarında daxil olmuşdu.
Ədəbiyyatın
yeni cəmiyyət quruculuğuna xidməti yeni ideyaların tərənnümündən
daha çox köhnə cəmiyyətin, köhnəlmiş
həyat normalarının tənqidi ilə mümkün olur.
Buna görə də dünyanın hər yerində
olduğu kimi, Azərbaycan ədəbiyyatında da
maarifçilik dövründə satira aparıcı rol
oynamağa başladı. Bu tənqid pafosuna, "milləti
gözdən saldıqlarına" görə bəzən hətta
indi də M.F.Axundovu, S.Ə.Şirvanini, H.B.Zərdabini, N.B.Vəzirovu,
C.Məmmədquluzadəni, Ə.B.Haqverdiyevi, M.Ə.Sabiri,
Ü.B.Hacıbəyovu qınayanlar tapılır. Ancaq
başa düşmək lazımdır ki, milləti irəli
aparmaq üçün tərəqqi yolunu tarixin
tör-töküntülərindən təmizləmək zəruri
idi. H.B.Zərdabinin bu yöndəki xidmətlərini Ə.B.Topçubaşov
belə qiymətləndirir: "Zavallı xalqın hiylə və
riya toruna salınmasına səy göstərən qara
qüvvələr qəzet naşirinin diqqətini daha
çox cəlb edirdi. Cahil mollalar, qolçomaqlar, yerlərdəki
satqın hakimiyyət nümayəndələri, acgöz
mülkədarlar, qudurğan bəylər, aralıq vəkilləri
bir-birinin ardınca "Əkinçi"nin səhifələrinə
çıxarılıb sorğu-suala tutulurdu. Ehtiyatlı ifadələrlə
də olsa, məhkəmə və idarəçilik
orqanlarının fəaliyyətindəki yarıtmaz cəhətlər
tənqid olunurdu".
Sonralar M.Ə.Sabirin
"Bəli, hüriyyət olan yerdə də insanlıq
olur" misrası ilə bəyan etdiyi fikri H.B.Zərdabi
müqayisə yolu ilə belə ifadə edirdi: "Nə qədər
Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, o
vaxtacan bizdən bədtər avam olub".
(davamı gələn nömrəmizdə)
İlham ABBASOV
Xalq qəzeti.- 2010.- 23 iyul.- S. 7.