Prezident İlham ƏLİYEV: Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir

 

Azərbaycanda mətbuata dövlət qayğısının özünəməxsus nümunəsi yaranmışdır

 

Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı 10 iyun 2010-cu il tarixli sərəncam bütün detallarına qədər, incəliklə icra edildi. Dövlət başçısının imzaladığı sərəncama əsasən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda "Azərbaycan milli mətbuatı - 135: tarixi nailiyyətlər və perspektivlər" və Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzularında konfranslar keçirildi.

Ölkənin bütün regionlarında dövlət rəsmilərinin də qatıldığı silsilə tədbirlər reallaşdırıldı, kütləvi informasiya vasitələrinin problemləri öyrənildi, mətbuat təmsilçilərinin təklifləri, təşəbbüsləri dinlənildi və sairə. Bütün bunların yekunu olaraq dövlət başçısının mətbuatla bağlı eyni gündə dörd mühüm sənəd imzalaması isə jurnalistika tariximizin ən önəmli hadisələrindən biri kimi yaddaşlara yazıldı.

Milli mətbuatımızın keçdiyi 135 illik şərəfli yol barədə qəzetimizin son nömrələrində olduqca müfəssəl materiallar verildiyinə görə biz tarixə nəzər salmır, son 15 ildə şahidi olduğumuz bəzi mühüm məqamları yada salmağa çalışırıq. Yəni, mətbuatın 125, 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi barədə qısaca da olsa söz açmaq istəyirik. Təbii ki, bu ənənənin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Əslində Heydər Əliyev ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə mətbuatın cəmiyyət həyatındakı rolunun qiymətləndirilməsində özünəməxsus meyarlar formalaşdırmışdır. SSRİ-nin digər müttəfiq respublikalarında yaşayan və çalışan həmkarlarımız 70-80-ci illərdə zarafatla deyirdilər ki, Azərbaycan mətbuatı SSRİ mətbuatından bir addım qabaqdadır. Bu uğurun əsas səbəbi Heydər Əliyevin mətbuata qayğısı və mətbuat işçilərindən tələb etdiyi yüksək peşəkarlıq keyfiyyətləri idi. Çox təəssüf ki, sonralar həmin tendensiya tədricən söndü və digər sahələr kimi mətbuatımız da çökməyə başladı.

Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtdığı gündən, xüsusən, onun Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat, daha sonra həmin quruma rəhbər seçilməsindən sonra ölkə mətbuatında sanki bir oyanma, dirçəliş meyilləri yarandı. Ulu öndərin 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi isə jurnalistlərin fəaliyyət əhatəsini genişləndirdi. Gəncəyə, ölkədə vətəndaş müharibəsi törədən insanlarla danışmağa gedən Heydər Əliyev özüylə ordu, polis dəstəsi və ya silahlı qüvvələrin hansısa bölməsini deyil, böyük bir jurnalist dəstəsini götürməyi məqsədəuyğun saydı. Heydər Əliyev bununla da həm ölkədəki, həm də xaricdəki bədxahlarımıza mesaj göndərirdi: "Mənim silahım sözdür, söz adamlarıdır, qələm sahibləridir, mətbuatdır". Bu, böyük siyasətçi müdrikliyi idi. Ulu öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 10 ilin elə bir günü olmadı ki, jurnalistlərlə görüşməsin. Üzdə olan jurnalistlərin əksəriyyətini şəxsən tanıması təkcə onun fenomenal yaddaşının sübutu deyildi. Bu, həm də ulu öndərin mətbuata münasibətinin təzahürü idi.

Yuxarıda yazdıq ki, bu yazıda mətbuatın son 15 ildə qeyd edilən üç yubileyi barədə qısaca söz açmaq istəyirik. Əvvəlcə ulu öndər Heydər Əliyevin 2000-ci il martın 27-də imzaladığı "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" fərmanını yada salaq. Dövlət müstəqilliyinin ilk 10 ilini başa vurmamış, çoxsaylı problemlərin aradan qaldırılması üçün gecəli-gündüzlü çalışan bir ölkədə mətbuatın yubileyinin dövlət səviyyəsində, təntənəli surətdə qeyd edilməsi üçün məxsusi Prezident fərmanı imzalandı. O zaman ağız büzənlər də tapılmışdı ki, belə bir vaxtda dövlət başçısının mətbuatın yubileyini qeyd etməsi nə qədər vacibdir? Ancaq Heydər Əliyev bu məsələnin əhəmiyyətini çox yaxşı başa düşür, nəyin vacib, nəyin qeyri-vacib olduğu barədə milyonlara dərs verirdi. Fərmanın cümlələri bu qətiyyətlə bitirdi: "Azərbaycan mətbuatının ictimai-siyasi və mədəni həyatımızın inkişafındakı mühüm rolunu, respublikanın həyatında böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram: Azərbaycanda demokratik mətbuatın yaradılmasının 125 ili təntənəli surətdə qeyd edilsin". Bu, o günlər idi ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi üçün intensiv danışıqlar gedirdi və ulu öndər Avropaya deyirdi ki, siz bu gün kimdənsə demokratik dəyərlər tələb edirsiniz. Azərbaycan demokratiyasının, demokratik mətbuatının isə artıq 125 yaşı var. Ulu öndərin bütün addımları siyasi müdriklik nümunəsi idi və istənilən qərarı bir ənənənin təməlini qoyurdu.

Heydər Əliyevin 2000-ci ilin martında qoyduğu ənənəni Prezident İlham Əliyev 2005-ci ildə çox böyük uğurla davam etdirdi. Üstəlik Prezident İlham Əliyevin milli mətbuatımızın 130 illik yubileyinin qeyd edilməsi barədə fərmanı yeni bir ənənənin təməlini qoydu. Neçə illər idi ki, jurnalistlər üçün ən dəyərli fəxri ad olan "Əməkdar jurnalist" adının verilməsi ənənəsi ləğv edilmişdi. İlham Əliyev 2005-ci ildə həmin ənənəni bərpa etdi. Ardınca bu fəxri ada layiq görülənlərin maddi təminatının yaxşılaşdırılması üçün də müvafiq addımlar atıldı. 2005-ci ildə jurnalistlərin böyük bir dəstəsinə "Tərəqqi" medalı və fəxri adlar verildi. Yaşlı nəsildən olan həmkarlarımızdan dörd nəfəri "Prezident təqaüdü"nə, xalq azadlıq hərəkatı dövründə cəsarətli təşkilatçılığı və kəsərli sözü ilə seçilən, həyatdan vaxtsız köçən Nəcəf Nəcəfov isə "Şöhrət" ordeninə layiq görüldü. Həmin tendensiya ildən-ilə deyil, aydan-aya genişləndi və ümumilikdə 2005-2008-ci illərdə Prezidentin imzaladığı müxtəlif sərəcamlarla 300 nəfərə yaxın KİV əməkdaşı Prezident təqaüdünə, fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Prezidentin sərəncamları ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı verilmişdir. Azərbaycan bütün dünyada mətbuata bu şəkildə dövlət qayğısı göstərən yeganə ölkədir.

Bütün bunlar nəinki mətbuat təmsilçilərinin, hətta, bütövlükdə ölkə ictimaiyyətinin nəzərindən yayına bilməzdi. Həmin günlər özünü müstəqil adlandıran, əslində isə kifayət qədər müxalifətyönlü olan bir qəzet səmimi etirafla yazmışdı: "İlham Əliyev ölkədə hamının Prezidenti olduğunu sübut etdi."

Prezident İlham Əliyev milli mətbuatın 135 illiyinin qeyd edildiyi günlərdə, daha doğrusu, bilavasitə iyulun 22-də daha möhtəşəm bir ənənənin təməlini qoydu. Prezidentin imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamda göstərilir ki, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədiylə 5 milyon manat vəsait ayrılsın. Bu, ölkənin ictimai həyatında yeni və yeni olduğu qədər də əhəmiyyətli bir hadisədir. Eyni zamanda dövlət başçısı ölkədə fəaliyyət göstərən 32 qəzet redaksiyasının hər birinə 20 min manat birdəfəlik maliyyə yardımının ayrılması məqsədiylə başqa bir sərəncam imzaladı. 8 informasiya agentliyinin hər birinə isə 10 min manat vəsait ayrılmışdır. Dövlət başçısının digər sərəncamları ilə 100-ə yaxın həmkarımız müxtəlif fəxri adlara layiq görülmüş və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Yəni, qələm sahibi öz xidmətlərinin müqabilində qiymətləndirildiyini görür və bu amil bütövlükdə milli mətbuatın inkişafına təkan verir.

Azərbaycanda mətbuata dövlət qayğısının mühüm təzahürlərindən biri də Mətbuat Şurasının yaradılması, bu qurumun demokratik şəkildə formalaşdırılması və qurum üzvləri üçün zəruri fəaliyyət şəraitinin yaradılmasıdır. Milli mətbuatın 135 illiyinin qeyd edildiyi gün - iyulun 22-də Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak etməsi isə bu qurumun fəaliyyətinə dövlətin verdiyi önəmin təzahürü idi. Tədbirdə çıxış edən dövlət başçısı xüsusi əhəmiyyət kəsb edən bir məsələyə toxunaraq dedi: "Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdəndir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan çox gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsiylə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər".

Azərbaycan əhalisinə bu imkanları dövlətin qayğısı ilə əhatələnmiş çoxsaylı jurnalistlər ordusu yaradır. O jurnalistlər ki, onların əməyini ulu öndər Heydər Əliyev "qeyri-adi, olduqca zəhmətli... hətta, cəsurluq, hünər tələb edən əmək" adlandırmışdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 1.