Mətbuat xalqın mənafeyini hər
şeydən uca tutmalıdır
Ölkə Prezidenti
İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamları
ilə kütləvi informasiya vasitələrinə birdəfəlik
maliyyə yardımı ayrılmış, mətbuat
işçilərinin bir qrupu
mükafatlandırılmışdır. Fəxri adlara layiq
görülmüş şəxslər arasında
"Ülfət" qəzetinin redaktoru Bəyəli Rzayev və
"İki sahil" qəzeti redaktorunun birinci müavini
İsmayıl Hacıyev də var. Onların fikirləri ilə
oxucuları tanış edirik:
Bəyəli RZAYEV, əməkdar mədəniyyət
işçisi: - Ölkəmiz müstəqillik qazandıqdan,
xüsusən ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra söz azadlığına
geniş yer verilib, kütləvi informasiya vasitələrinin
inkişafına xüsusi diqqət yetirilib. Dövlətin
qayğısı sayəsində bu sahədə bir sıra
mühüm işlər görülüb.
Ümummilli liderimizin
ölçüyəgəlməz səyləri nəticəsində
Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti
və inkişafı yolunda süni maneələrin aradan
qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması
sahəsində ardıcıl tədbirlər həyata
keçirilmişdir. Vətəndaş cəmiyyəti
quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən
Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat
azadlığının təmin olunması ilə
bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur.
Mətbuata dəstək
siyasəti bu gün də Azərbaycanda uğurla həyata
keçirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən
bu istiqamətdə ardıcıl tədbirlər həyata
keçirilir. Mətbuatın sərbəst fəaliyyəti
üçün hərtərəfli imkanlar yaradılır.
Jurnalist hüquqları etibarlı surətdə qorunur.
KİV-ə maddi yardım ayrılır, mətbuat
işçiləri mükafatlandırılır.
Bütün bunlar möhtərəm dövlət
başçımızın milli mətbuatın 135 illiyi ilə
əlaqədar imzaladığı sərəncamlarda öz
bariz ifadəsini tapmışdır...
...Ölkə Prezidenti
İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə
mənə "Əməkdar mədəniyyət
işçisi" fəxri adı verilməsi hədsiz
sevincimə səbəb olmuş, müstəqil dövlətçiliyimiz
naminə gələcək fəaliyyətimdə məsuliyyət
hissini daha da artırmışdır.
İsmayıl HACIYEV: - Bu gün mətbuat cəmiyyətin
ayrılmaz atributuna çevrilib. Demokratiyanın, insan
hüquqlarının qorunması uğrunda daim mübarizə
aparan, ictimai rəyin formalaşmasına fəal kömək
edən demokratik mətbuat bütün proseslərin
önündə gedir, cəmiyyətin inkişafına xidmət
edir.
Azərbaycanda mətbuata
göstərilən dövlət qayğısı davamlı
və sistemli səciyyə daşıyır. Milli mətbuatın
problemlərinin həllinə həmişə diqqətlə
yanaşılır. Dövlət orqanları ilə kütləvi
informasiya vasitələri arasında səmərəli əməkdaşlıq
münasibətləri inkişaf etdirilir.
Ölkəmizdə
KİV sahəsində dövlət siyasəti xalqın maariflənməsində,
ümumbəşəri ideyaların təbliğində, vətəndaş
cəmiyyəti quruculuğunda KİV-in qüdrətli vasitəyə
çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin
təntənəsinə xidmət etməyə yönəldilmişdir.
Təbii ki, mətbuat da xalqın mənafeyini hər şeydən
üstün tutmalı, dövlətçilik mövqeyini
ön plana çəkməlidir. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin mətbuat işçilərinə fəxri
adların verilməsi haqqında, habelə KİV-lə
bağlı digər sərəncamları da məhz bu siyasətin
reallaşdırılmasına yönəldilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 3.