Azərbaycan dövlətinin
sükanı etibarlı əllərdədir
Ona görə də ölkəmiz dünya siyasətində
öz maraqlarını qətiyyətlə qoruyur
28 May Respublika
Günü münasibətilə dünyanın müxtəlif
ölkələrinin dövlət və hökumət
başçılarının Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanlanmış çoxsaylı təbrik məktublarında
respublikamızın müstəqillik illərində
qazandığı uğurlar, dünya birliyində möhkəmlənən
mövqeyi, Azərbaycan rəhbərinin yeritdiyi düzgün
daxili və xarici siyasət təqdir olunur, yüksək qiymətləndirilirdi.
Qardaş Türkiyənin ali rəhbərlərinin,
dünyanın superdövlətlərinin
başçılarının təbrik məktublarında Azərbaycan
Prezidentinə və xalqımıza çatdırılan səmimi
duyğu və düşüncələr hər bir yurdsevər
soydaşımızın qəlbində bir daha haqlı
öyünc yaratdı.
ABŞ Prezidenti Barak Obama
öz məktubunda "qlobal hədəflərə
qarşı mübarizədə, regional sabitliyin gücləndirilməsində,
ümumi təhlükəsizlik problemlərinin aradan
qaldırılmasında ölkələrimiz arasındakı
tərəfdaşlıqdan qürur duyulduğunu" söyləyir,
səmimiyyətlə arzu edir ki, bu əməkdaşlıq
getdikcə dərinləşdirilsin. Məktubda daha sonra
"ABŞ-ın Azərbaycan hökuməti və xalqı ilə
möhkəm münasibətləri yüksək dəyərləndirdiyi,
həm öz regionunda, həm də dünyada sabitliyə
töhfə verən, çiçəklənən və
demokratik dövlət kimi Azərbaycanın suverenliyinə və
inkişafına sadiqliyi" vurğulanır.
Son bir ildə
supergüclərin Azərbaycan və onun strateji
maraqlarını ardıcıl müdafiə edən Türkiyə
ətrafında cərəyan edən ədalətsiz tələbələrdən,
əsassız təzyiqlərdən sonra ABŞ rəhbərinin
belə bir səmimi və obyektiv meyarları əks etdirən
məktubunu, doğrudan da, Azərbaycan Prezidenti İlham Əliyevin
ölkəmizə düşmən dairələrin fitnə-fəsadlarından
qidalanan təzyiqləri konstruktiv mövqe, möhkəm siyasi
iradə ilə dəf etməsinin nəticəsi saymaq olar.
"İkili standartlar"ın hökm sürdüyü bir
dövrdə ölkəmizin yeritdiyi tarazlı xarici siyasətin
necə maneələrlə üzləşdiyini, dövlət
başçısından hansı zəka, iradə, enerji və
çeviklik tələb etdiyini təsəvvür etmək
üçün çağdaş dünyanı
çalxalandıran "görünməz
dalğalar"ın mahiyyətinə nəzər salaq.
Bu dünyanın ədalət
tərəzisinin pərsəngi düzəlmir ki, düzəlmir.
O tərəzinin dəstəyi böyük və
güclü, varlı dövlətlərin əlindədir, istədikləri
vaxt onun bir gözünü əyir, dünyanı
qarışdırıb bir-birinə vura bilirlər. Bu
dünyada kiçik dövlətlərin baş
çıxarıb özünü saxlaması çox
çətindir. Bir-birilə rəqabət aparan böyük
güclərin maraqları hansısa kiçik dövlətdən
keçirsə, onun durumu lap ağırlaşır.
Çünki atalar demişkən, aşağıda saqqal,
yuxarıda bığ durur. Biz çox mürəkkəb, dəlisov
bir zəmanədə yaşayırıq. Kiçik dövlətlərin
başçılarından öz dövlətini,
xalqını qoruyub saxlamaq üçün çox keyfiyyətlər
tələb olunur - sadalasan uzun bir siyahı alınar.
Bəli, öyünə
bilərik ki, belə dönəmdə və durumda olan
xalqımızın bəxti gətirmişdir. Üç tərəfdən
onun varlığını istəməyən dövlətlərlə
əhatələnmiş Azərbaycanımızın
sükanı lider kimi çox keyfiyyətlərə malik
olduğunu həm dünyaya, həm də öz xalqına
artıq sübut etmiş Prezident İlham Əliyevin əlindədir.
O, siyasətin dolambac yolları ilə irəliləyir,
dövlətinin problemlərinin həlli üçün əzmlə
mübarizə aparır.
İlham Əliyev
2003-cü ildə birinci dəfə prezident seçiləndən
sonra xalqına müraciətlə bəyan etmişdi: "Mən
hər bir azərbaycanlının prezidenti olacağam..."
Bu gün barmaqla sayıla bilən insanlardan başqa,
bütün xalq İlham Əliyevin öz millətinə, vətəndaşlarına
sevgisini, gecə-gündüz bütün cəbhələrdə
yorulmaq bilmədən çarpışmasını
görür və dəyərləndirir.
Prezident yeni iş yerlərinin
yaradılması, regionların inkişafı haqqında
verdiyi sözə əməl etdi: Qəbələ, Yevlax, Gəncə,
Naxçıvan, Lənkəran, Xaçmaz və s. şəhər
və rayonlar tanınmaz dərəcədə dəyişmişdir.
2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı
inkişafına görə MDB ölkələri arasında
birinci yerə çıxdı. Son iki ildə dünyanı
bürümüş böhransa dövlətimizi inkişafdan
saxlaya bilmədi. Ötən 2009-cu ildə ÜDM 9 faiz
artımla, inflyasiya isə 2 faizlə başa vuruldu.
Azərbaycan
idmançılarının son üç olimpiadada
uğurlar qazanması, sənaye və istehsal obyektlərinin
ölkənin bütün bölgələrində də
yaradılması, şəhər və kəndlərdə
abadlıq işlərinin görülməsi, yolların
çəkilməsi, məktəb və xəstəxanaların,
idman komplekslərinin, körpülərin tikilməsi və s.
Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Artıq bütün
dünya İlham Əliyevi yüksək təhsilli, geniş
erudisiyaya malik kamil, təmkinli, çox çevik siyasi xadim
kimi tanıyır, xalq isə öz dövlət
başçısını sadəliyinə,
xeyirxahlığına, bütövlüyünə, cəsarətinə
və s. bu kimi xüsusiyyətlərinə görə sevib
hörmət edir. O, bütün bölgələrə səfər
edib sadə vətəndaşlarla görüşür, arzu və
təkliflərini dinləyir. Prezident haqqında deyirlər:
"O, irsən atasından dəmir xarakter, siyasətin sirlərini,
dövlət idarəçiliyini götürmüş,
anasından ürək yumşaqlığı, nəciblik,
humanistlik, sadə insanlara sevgi duyğularını əxz
etmişdir."
Sovet dönəmində
70 il qapalı qalmış ölkəmizin qapıları
dünyaya açıldıqdan sonra "oksigenin"
çoxluğu dövranın gərdişindən, siyasətindən
qədərincə başı çıxmayan, azadlıq,
müstəqillik əzmi ilə ayağa qalxmış
insanlarımızın bir qismini çaş saldı. Ötən
illər ərzində millət ayılsa da, bəzi vətəndaşlarımızda
bu çaşqınlıq hələ də davam edir. Lakin bir
çoxları dünyanın gərdisini dəyərincə
qavraya bilmir, digər qism stereotip populist baxışlardan
qurtulmamışlar. Geniş kütlələrin,
iş-güclə məşğul olan sadə insanların
siyasi savadı aşağıdır, dünyada, siyasət aləmində
baş verən oyunlardan tam baş aça bilmirlər.
Onların düşmən ünsürlərinin təsiri
altına düşməməsi üçün maarifləndirmə
işlərini gücləndirməkdə ziyalılar fəal
iştirak etməlidirlər. Axı onların sözləri məmurlarınkından
daha təsirli olar.
Prezident İlham Əliyev
uğurla müstəqil xarici siyasət yeridir. Xarici güclərin
köməyi və bilavasitə iştirakı ilə ərazimizin
20 faizini işğal etmiş Ermənistandan başqa,
dünyanın bütün ölkələri ilə Azərbaycan
dövlətinin əlaqələri normaldır. BMT, ATƏT,
AŞ, AB, MDB və s. beynəlxalq təşkilatların
tribunalarından çıxış edən, istər Qərbdə,
istərsə də Şərqdə dövlət
başçıları ilə görüşən İlham
Əliyev Azərbaycanın haqq səsini bütün dünya
ictimaiyyətinə çatdırır, ölkəmizin mənafeyini
ləyaqətlə qoruyur.
Təkcə
respublikamızda yox, bütün dünya azərbaycanlıları
başa düşürlər ki, yüksək intellektə, dərin
biliyə, çevik analitik təhlilə, uzaqgörən siyasətə
malik olan İlham Əliyevin alternativi yoxdur. O, böyük idarəçilik
məktəbi keçmişdir. Bu məktəb təkcə məşhur
ali təhsil ocaqlarının auditoriyaları
olmamışdır. O, böyük siyasət ustası Heydər
Əliyev məktəbinin yetirməsidir, həmişə
tanınmış şəxsiyyətlərin iştirak etdiyi
yüksək məclislərdə olmuşdur. Lakin o, dövlət
başçısı kimi konkret zaman və məkan, dəyişən
durum faktorlarını həmişə nəzərə alaraq
seçdiyi yolla gedir.
Azərbaycan Prezidenti
öz polad xarakterini, kəskin mövqe və iradəsini
böyük dövlətlərin başçılarına dəfələrlə
göstərmişdir. Onun belə iradə nümayiş etdirməsi
Qızıl Arslanın, Uzun Həsənin, Şah
İsmayıl Xətainin, Cavad xanın, Bakı hakimi
Hüseynqulu xanın tariximizə yazdığı kişilik,
ərənlik xüsusiyyətlərinin təzahürüdür.
Xalqımız İlham Əliyevin bu dönməzliyini
çox yüksək dəyərləndirdi... Mən
inanıram ki, hansı yolla olursa-olsun düşmənə dərs
verib, itirilmiş Azərbaycan torpaqlarını qaytaracaq
Prezident İlham Əliyevin adı böyük türk
xaqanlarının siyahısına yazılacaqdır.
İlham Əliyev yeni
dövrün Prezidentidir, Azərbaycanın gələcəyinin
Prezidentidir. O, balansı pozulmuş dünyanın bu
qarışıq vaxtında siyasətin dolaşıq labirintləri
ilə xalqını gələcəyə aparır. Ötən
əsrdə böyük faciələr yaşamış
dözümlü, səbrli xalqının ürəyində
gələcəyə ümid çırağı
yandırmışdır, özünə inam
yaratmışdır. Xalq inanır ki, ölkə prezidenti
seçiləndən işğalçı Ermənistana
qarşı diplomatik hücum siyasəti yeridən İlham Əliyevin
başçılığı ilə öz tarixi
torpaqlarını erməni-rus işğalından azad edəcəkdir.
İlham Əliyev
xalqının sevgi və ehtiramını
qazanmışdır. Ölkə daxilində və xaricində
qəti gedişlər etmək üçün rəhbərin
bundan böyük güc mənbəyi ola bilməz. Mən bir
vətəndaş kimi prezidentimlə, dövlətimin
başçısı ilə fəxr edirəm. Bütün
azərbaycanlıların illərlə həsrət
qaldığı bayrağı bu gün uca tutan,
dünyadakı bütün soydaşlarımın Prezidentini
duyuram, siyasət meydanında onun hər addımını
başa düşürəm. Çünki o, xalqımın
iradəsini ifadə edir. Çox qarışıq zəmanəmizdə
xalqımıza üz tuturam: Gəlin, indiki çətin
dönəmdə bizə hava və su kimi gərək olan,
hamımızın arzuladığı, vacibliyini
anladığı Böyük Birlik xatirinə xırda
inciklikləri, şəxsi ambisiyaları bir qırağa
qoyaq! Gəlin soyuq başla, praqmatik ağılla Azərbaycanımızın
durumunu düşünək, real gerçəkliyi hesaba
alıb, ayıq başla qərar qəbul edək! Bizim - 50
milyonluq xalqımızın qurtuluş yolu birlikdədir.
70 il kommunist
yalanlarına uyduq, içimizdən gələn millətçiliyin
yox, şimaldan körüklənən yalançı ideyanın
arxasınca gedib aldandıq. Keçmiş olsun! Bundan belə
Qərbdən "demokratiya", "insan
hüquqları" adları altında körüklənən
ikili süarlara, cənubdan yeridilən müxtəlif dini təmayüllərə
uymamalıyıq. Əzəli və bəşəri
demokratiyalardan - Roma, Yunan, İslam, elə indiki Qərb
demokratiyasından da faydalanıb öz uyğun
demokratiyamızı yaratmalıyıq.
Millətimiz, dövlətimiz
üçün bu mürəkkəb dönəmdə onun
başçısı ətrafında birləşməliyik.
Bütöv Azərbaycan uğrunda sıralarımızı
sıxlaşdırmalıyıq! Düşünürəm
ki, indiki dönəmdə İlham Əliyev səviyyəsində
dövlətimizə başçılıq edə biləcək
başqası yoxdur! Bunu yaşı 60-ı keçmiş,
indiyədək heç bir partiyanın, siyasi qurumun
üzvü olmamış, dövlət vəzifəsi
almamış, öz zəhməti, təmiz adı ilə
yaşamış bir ziyalı deyir... Çox ölkələr
gəzib dolaşmış, siyasətdən, dünyanın
işlərindən az-çox başı çıxan
jurnalist, şərqşünas-alim deyir. Bu sözləri Vətənini
sevən, xalqının mənafeyini hər şeydən
üstün tutan, Bütöv və Böyük Azərbaycan
sevgisi ilə ziyalı vətəndaş yazır...
Mən ingilisdilli qəzetin
baş redaktoru kimi, Azərbaycan Prezidentinin BMT, AŞPA və
s. beynəlxalq təşkilatların tribunasından,
tanınmış dövlət başçıları ilə
görüşlərdə çıxışlarını
izləmişəm. Birbaşa, kağızdan oxunmadan ingiliscə
səslənən bu çıxışlarda bir dənə
də artıq söz yoxdur. Onun hər ifadəsi nişangaha
atılmış sərrast güllə kimi düz
"onluğa" dəyir.
Azərbaycan Prezidentini
ölkənin birinci xanımı ilə üçrəngli,
ay-ulduzlu bayrağımızın fonunda Avropanın yüksək
saraylarında görəndə qəlbimiz fərəh hissi ilə
dolur. Onlar qoşa qanad kimi öz xalqına xidmət edib onu gələcəyə
aparırlar. Onlar erməni təbliğatına aldanaraq, ötən
əsrin sonlarınadək bizi geridə qalmış, vəhşi,
qaniçən millət kimi təsəvvür etmiş bir
sıra Qərb insanlarını utandırırlar.
Fazil ABBASOV
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 5.