Qarabağ həqiqətləri media müstəvisində
Azərbaycan Sosial Rifah
Partiyasının və Azərbaycanın Qarabağ
İcması İctimai Birliyinin milli mətubatın 135 illiyi
münasibətilə "Qarabağ həqiqətlərini
dünyaya tanıdaq" devizi altında keçirdiyi
müsabiqəyə yekun vuruldu. İyulun 22-də "Xalq qəzeti"nin
mətbuat mərkəzində keçirilən mərasimdə
qaliblər təntənəli surətdə
mükafatlandırıldı.
ASRP-nin sədr
müavini Rüfət Sucayev mərasimi giriş sözü ilə
açaraq, mətbuat tariximizin önəmli səhifələrini
yada saldı, xalqımızın sivil inkişaf yoluna
çıxmasında milli jurnalistikamızın xidmətlərini
vurğuladı. O bildirdi ki, təmsil etdiyi partiya mətbuatımızın
yubileyi ilə bağlı silsilə tədbirlər
keçirmişdir. Natiq qalibləri ASRP sədri, millət vəkili
Xanhüseyn Kazımlının və Qarabağ
icmasının rəhbəri B.Səfərovun adından təbrik
etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.
Müsabiqənin məram
və yekunları açıqlanandan sonra partiya və ictimai
birliyin təmsilçiləri qaliblərə pul
mükafatlarını təqdim etdilər.
Çıxış edənlər Azərbaycan həqiqətlərinin,
xüsusən Qarabağ münaqişəsinin köklərinin
və mahiyyətinin, erməni millətçilərinin burada
törətdikləri fəlakətlərin dünya ictimaiyyətinə
çatdırılmasında mediamızın səylərini
artırmağın zəruriliyindən söz
açdılar.
Toplantıda milli mətbuatımızın
yubileylərinin son 10 ildə 3 dəfə ümumxalq
bayramı kimi qeyd olunması razılıqla qeyd olundu,
ümummilli lider Heydər Əliyevin KİV-ə, jurnalistlərə
göstərdiyi himayədarlıqdan minnətdarlıqla
söz açıldı.
R.TAHİR
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 5.