Azərbaycan milli mətbuatı-135
"...Millət sizə rəhmət
oxuyacaq"
(əvvəli ötən
sayımızda)
Biz "Əkinçi"nin
nəşrə başladığı tarixi
yaddaşımızda qoruyur, milli mətbuatımızın
yaranma günü kimi bayram edirik. Zərdabi yolunun
davamçıları olaraq bu bayram bizim halal
haqqımızdır. Ancaq "Əkinçi"nin niyə
qapandığını (qapadıldığını)
xatırlamasaq, dəyərləndirməsək, bu tarixi
reallıqdan ibrət dərsi almasaq, Zərdabinin həqiqi
varisləri adını daşımağa haqqımız
çatmaz.
Qəzetin tutduğu milli dirçəliş yolunun imperiya hakimiyyətini təmin etmədiyi aydın bir həqiqətdir. Əslində, hakimiyyət belə bir qəzetin nəşrinə icazə verdiyi üçün çox tez peşman olmuşdu və onun fəaliyyətini hər vasitə ilə məhdudlaşdırmağa çalışır, qapatmağa bəhanə gətirdi. Zərdabinin ilk bioqrafı Fərhad Ağazadə haqlı olaraq yazırdı: "Həsən bəy məxarici mədaxilindən çox olan bir qəzetəyi davam etdirir, aldığı məvacibin çox qismini qəzətə üçün sərf edirdi. Çar hökuməti məmanət etməsə idi, Həsən bəy qəzetəyi müvəffəqiyyətlə özü öz məsarifini ödəyə biləcək bir halə vardıra biləcəkdi. Təəssüf olsun ki, çar hökuməti bu qəzetənin davam etməməsinə qərar vermişdi".
Hakimiyyətin mövqeyi aydındır, ancaq təəssüf ki, xalqın haqq yoluna xəyanət edərək yadelli ağalarına yalmanan mənsəbpərəstlər özümüzünkülərin içərisində də tapılırdı. Xalqın gələcəyi üçün çalışan qələm sahiblərinin avamlığa, savadsızlığa, mövhumatçılığa qarşı "Əkinçi"nin səhifələrində apardığı mübarizə özlərini bu millətin övladı sayan bəzi şəxsləri narazı salırdı. Qəribədir ki, azadlıq və tərəqqi əleyhinə səs ucaldanlar sıravi xalq kütləsinin içərisindən yox, "yüksək təbəqə"dən çıxan şair Həsən Qara Hadi, kapitan Sultanov, general Əlixanov kimi adamlar idi. M. F. Axundov və S. Ə. Şivraninin onlara cavablarını çap etməyə senzura icazə vermədi. Əlacsız qalan H. B. Zərdabi Həsən Qara Hadinin onun ünvanına göndərdiyi təhqiramiz həcvi nəzərdə tutaraq yazırdı: "Fikrim budur ki, bizim Zərdab kəndində bir daş qoydurub onun üstünə zikr olunan həcvi yazıdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən nə zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".
Təəssüf ki, cəhalət yolçularının "Əkinçi"yə və onun naşirinə qarşı şər davası yalnız həcv və təhqirlərlə bitmirdi. Onlar dövlət orqanlarına, jandarm idarəsinə böhtan dolu "donos"lar göndərməkdən usanmırdılar. Həsən bəy özü həmin günləri belə xatırlayırdı: "Müsəlmanların düşmənləri hər tərəfdən "Əkinçi"nin üstünə tökülüb onun bağlanmasına səy etdilər. Jandarma polkovnikinə hər gündə məndən və "Əkinçi"dən adsız donoslar göndərdilər".
Bunları bəhanə edən dövlət orqanları "Əkinçi"ni bağlamaq üçün tədbirlər görməyə başladı. Həsən bəyin üzərinə jandarm nəzarəti qoyuldu, qəzetə siyasi xəbərlər, ilk növbədə cərəyan edən Rusiya-Osmanlı müharibəsi haqqında informasiyalar dərc etmək qadağan edildi. Həmin günləri təsvir edərkən Ə.B. Topçubaşov yazır: "Həddini aşmış hakimiyyətin təqib, basqı və haqsızlıqlarına dözmək, bütün bunları cavabsız buraxmaq üçün böyük soyuqqanlılıq, səbr və dözüm tələb olunurdu. Hakim dairələrin vəhşi, yırtıcı təbiətinə yaxşı bələd olan Həsən bəy üçün doğma xalqının taleyi ilə bağlı çətin mənəvi əzablar dövrü başlanmışdı". Bütün bu şər və böhtan kompaniyasının məntiqi sonluğu isə o oldu ki, bir gün jandarm idarəsinə çağırılan Həsən bəy gəlib gördü ki, çapçısı erməni Minasov orada qəzetin siyasi xəbərlərinin "sətiraltı məna" daşıması barədə çuğulçuluq edir. Bununla da "Əkinçi"nin nəşri dayandırıldı.
Əslində hakimiyyət dairələrinin öz qurması olan bütün bu "donos"bazlıq oyunları və erməni çuğulçuluğu "Əkinçi"nin qapadılması üçün səbəb yox, bəhanə idi. Qəzetin amalını əks etdirən həqiqi məzmununu xarakterizə edərkən Ə. B. Topçubaşov yazır: "Həsən bəyin xalqı qəflət yuxusundan ayılmağa, cəhalət pəncəsindən xilas olmağa, sağlam və mədəni həyata, milli şüura səsləyən çağırışları "Əkinçi"yə xüsusi bir məna verirdi". Qəzetin qapadılmasının əsl səbəbi məhz bu "xüsusi məna" idi. İmperiya hakimiyyəti yaxşı başa düşürdü ki, qəflət yuxusundan ayılmış, öz haqqını dərk etmiş xalqı əsarətdə saxlamaq çətin, bəlkə də qeyri-mümkün olacaq.
Hənifə xanımın xatirələri bu məsələyə bir daha aydınlıq gətirir: "Hökumət onu ona görə işdən azad edirdi ki, bu insan müsəlman idi və qaranlıqda olan öz müsəlman qardaşlarını maarifləndirmək istəyirdi."
...Hökumət həmişə Həsən bəydən çəkinirdi. Yaşlı quberniya müşavirlərindən biri Həsən bəyə demişdi: "Biz istəyirdik, başınızdan neft töküb sizi diri-diri yandıraq. Siz olmasaydınız, bizim dilsiz-ağızsız qoyun sürüsü ilə işimiz asan olardı".
"Əkinçi"nin qapadılması və H. B. Zərdabinin sonrakı taleyindən bəhs edərkən bir məqama diqqəti cəlb etmək istərdik. Məsələ burasındadır ki, H. B. Zərdabi özü "Əkinçi"nin nəşri tarixindən bəhs edən və "Həyat" qəzetinin 28 dekabr 1905 və 2,3 yanvar 1906-cı il nömrələrində dərc olunmuş "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində bir çox məsələlərlə, o cümlədən "Əkinçi"nin bağlanması və özünün Bakıdan uzaqlaşdırılması ilə bağlı tam həqiqəti deyə bilməmişdi. Unutmayaq ki, imperiya hakimiyyəti və senzura hökmranlığı hələ davam edirdi. Həsən bəy həmin məqalədə bu barədə belə yazmışdı: "Mən istəyirdim qəzetəni vəqtilə (müvəqqəti - İ.A.) bağlayıb dava qurtarandan sonra çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmədilər. ... Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. ... Belədə mən nə ki, "Əkinçi"ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçüb getdim". Sovet dövründə nəşr olunan bütün mənbələr, ədəbiyyat və jurnalistika tarixinə dair kitablar, H. B. Zərdabinin həyat və yaradıcılığı haqqındakı araşdırmalar, hətta xatirələr bu "həqiqəti" təkrarlayır: "Həsən bəy Bakıda qala bilməyib öz kəndlərinə köçüb getdi".
Əvvəldə qeyd etdiyimiz kimi, Ə. B. Topçubaşovun "Azərbaycanın yolgöstərəni" əsərində "Əkinçi"nin qapadılması və Həsən bəyin sonrakı taleyi ilə bağlı indiyəcən üstündən sükutla keçilmiş bir sıra əhəmiyyətli məsələlərə aydınlıq gətirilir. H. B. Zərdabiyə qarşı təzyiqlərin get-gedə güclənməsindən bəhs edən Əlimərdan bəy daha sonra yazır: "Məhkəmə və cəzanı çox gözləmək lazım gəlmədi. Qafqaz canişinliyinin göstərişi ilə Həsən bəy Bakı real məktəbinin müəllimi vəzifəsindən azad edildi və beş illiyinə Stavropol şəhərinə sürgün olundu. Onun sevimli övladı "Əkinçi" isə həmişəlik qapadıldı".
Vətəndən və doğma xalqından uzaq düşməsi, vərdiş etdiyi mühitdən, həyat tərzindən və sevimli məşğuliyyətindən ayrılması, maddi cəhətdən tam müflüsləşməsi, daimi stress və mənəvi əzablar Həsən bəyin səhhəti, xüsusən də əsəb sistemi üçün təsirsiz ötüşmədi. O, sağlamlığını itirərək hələ orta yaşlarında ikən bir ilin içində saç-saqqalı tamam ağarmış, üzgün bir qocaya çevrilmişdi. Ancaq sonrakı illər göstərdi ki, bu iztirablar Həsən bəyin daxilindəki mübarizə əzmini və xalqına xidmət eşqini söndürə, şəxsiyyət və ləyaqətini sındıra bilməyib.
1881-ci ildə
Həsən bəy Zərdab kəndinə qayıda bildi. Bu zaman onun cəmi
44-45 yaşı vardı. Keçirdiyi
sarsıntılar nəticəsində səhhəti nə qədər
pozulsa da, özünə qapanıb sakit ömür sürmək
onun həyat amalına uyğun deyildi. Əvvəlcə
kənddə məktəb açmaq istəyinə
düşür, lakin icazə vermirlər. Amma Həsən bəy yenə də yolundan
dönmür. Gəncliyində olduğu
kimi kənd əhalisinin haqqını dövlət məmurlarının
özbaşınalığından qorumaq üçün
hüquq müdafiəçiliyi, ictimai vəkillik fəaliyyətinə
başlayır. Bununla yanaşı həmin
illərdə Tiflisin rusdilli mətbuatı, xüsusən
"Obzor" qəzeti ilə əməkdaşlıq edir,
soydaşlarının dözülməz həyat şəraiti,
addımbaşı üzləşdikləri
haqsızlıqlar barədə kəskin məzmunlu məqalələr
çap etdirir.
Hər iki fəaliyyət
forması Həsən bəy üçün ciddi təhlükə
doğururdu. Xalqının haqqını tələb eləmək
naminə o, yenə də həyatını və taleyini riskə
qoymaqdan çəkinmirdi. Ə. B. Topçubaşov bu
barədə yazır: "O, yenidən çox asanlıqla
Qafqaz hakimiyyət dairələrinin hədəfinə
çevrilə bilərdi. Onlar hələ "Əkinçi"nin yaratdığı baş
ağrılarını yadan
çıxarmamışdılar. Cəmiyyətdəki
sakitliyi pozan, hökumətə problemlər yaradan
ünsür kimi Həsən bəyin yenidən Qafqaz
hüdudları xaricinə sürgün edilməsi
üçün bəhanə axtarılırdı.
Haqlı
olduğuna ürəkdən inanan, xalqa sona qədər sədaqətli
xidmət yolundan çəkilməyi ağlına da gətirməyən
Həsən bəy fəaliyyətini əvvəlki kimi əzmlə
davam etdirirdi".
1896-cı ildə
Həsən bəy Zərdabi əzablarla dolu 17 illik məcburi
fasilədən sonra yenidən Bakıya dönə bildi. Həmin il
onun kürəkəni Əlimərdan bəy
Topçubaşov da Tiflisdən Bakıya
köçmüş, Bakı dairə məhkəməsində
iclasçı və vəkil vəzifələri tutmuşdu.
Sonrakı il həm Həsən bəy, həm
də Əlimərdan bəy Bakı Şəhər
Dumasına üzv seçildilər. Əlimərdan
bəy Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi
rusdilli gündəlik "Kaspi" qəzetinin baş redaktoru
oldu və 1897-ci ildən Həsən bəyin bu qəzetlə
ömrünün sonuna qədər davam edən çox fəal
əməkdaşlığı başlandı. Eyni
zamanda həmin illərdə şəhər Dumasının
üzvü kimi H. B. Zərdabi əhalinin
hüquqlarının qorunması, abadlıq işlərinin
görülməsi, müsəlman uşaqları
üçün "rus-tatar" məktəbləri şəbəkəsinin
yaradılması kimi mühüm layihələrin həyata
keçirilməsinin təşəbbüskarı oldu.
"Əkinçi"nin son nömrəsində Həsən bəy
oxuculara müraciətlə yazmışdı: "Biz
naxoş olduğumuza görə bu ilin axırıncı
nömrələri öz vaxtında çıxmayacaq və
onların haçan çıxması məlum deyil".
Burada Həsən bəy "biz" deyərkən şəxsən
özünü nəzərdə tutmuşdu, amma bu gün
tarixin yüksəkliyindən baxanda bu "biz" kəlməsinin
həqiqətən bizim hamımıza, bütün cəmiyyətə
aid olduğunun simvolikliyi aydın görünür. ... Və aradan ötən 135 illik zaman müddəti
heç də hər şeyi dəyişə bilməyib.
Sanki mətbuatın maarifçilik missiyası
tamam unudulub. Söz azadlığından sui-istifadə
edilərək siyasi, iqtisadi, sosial, mədəni, dil və s.
baxımdan nə qədər savadsız və qərəzli
yazılar çap olunur! Dini dəyərlərə
qayıtmaq adı altında yenə də çox zaman
mövhumatçılıq, təriqətçilik təbliğ
edilir.
Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamında
deyilir: "Azərbaycan milli mətbuatı bütün
dövrlərdə həqiqət çarcısı olmuş,
cəmiyyəti düşündürən problemləri,
dövrün qabaqcıl ideyalarını və mütərəqqi
fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərləin təbliğində
mühüm rol oynamışdır.
Mürəkkəb,
lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız
həmişə xalqımızın şanlı tarixinin
güzgüsü olmuşdur".
Bu sözlər
müasir Azərbaycan jurnalistikasının
qarşısına böyük vəzifələr qoymaqla onun
məsuliyyətini daha da artırır.
H. B. Zərdabi
yazırdı: "Üç ildir "Əkinçi" qəzeti
fəryad edir ki, ay qardaşlar, elm öyrənin, yoxsa zindəganlıq
cəngində özünüz, millətiniz, məzhəbiniz
bərbad olacaqdır. İndiki bəzi qəzetləri oxuyanda
görürsən ki, nəinki üç, hətta yüz
otuz beş ildən sonra da bu həqiqətləri
başa düşməyənlər var.
Sadəcə qəzet buraxmaq
yox, avamlığı, mövhumatçılığı,
xurafatı, yalançılığı, elmsizliyi ifşa edən
"Əkinçi"nin ideya ənənələrini
davam etdirmək lazımdır. "Əkinçi"dən
yüksək insani ləyaqət və yazı mədəniyyəti
öyrənərək mətbuatı şər, böhtan,
söyüş, təhqir və iftira məzmunlu
cızma-qaralardan xilas etmək gərəkdir.
Həyatı
boyu çəkdiyi bütün məşəqqətlərə
baxmayaraq, tale Həsən bəyə "Əkinçi"
ilə səpdiyi maarif və mədəniyyət
toxumlarının ilk cücərtilərini görmək
xoşbəxtliyi bəxş etmişdi. Tale ona Azərbaycanda
peşəkar teatrın və peşəkar mətbuatın
formalaşmasının, məktəb şəbəkəsinin,
xeyriyyə cəmiyyətlərinin yaranmasının canlı
şahidi olmaq, yeni meydana çıxan milli ziyalı təbəqəsi
üçün ağsaqqal və məsləhətçi
missiyasını yerinə yetirmək səadəti
vermişdi.
1901-ci ildə Bakıda H. B.
Zərdabinin təşəbbüsü, H. Z. Tağıyevin vəsaiti
ilə ilk müsəlman qız məktəbi
açılmış, Həsən bəyin
ömür-gün yoldaşı Hənifə xanım onun ilk
müdirəsi olmuşdu.
1906-cı ildə
H. B. Zərdabinin təşəbbüsü və sədrliyi
ilə Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı
keçirilmişdi.
Həsən bəyin
qızı Qəribsoltan xanım atası haqqında xatirələrində
yazırdı: "Ömrünün qüruba
yaxınlaşdığı günlərdə atam
üçün ən böyük təsəlli və
yüngüllük fəaliyyətinin
başlanğıcında olduğu kimi təklikdə
qalmaması idi. Onu tək- tənha başladığı
işə və vəsiyyətlərinə sadiq olan sevimli
şagirdləri əhatə etmişdi. O, artıq
xalqın çoxəsrlik cəhalət yuxusundan
ayıldığını, öz müdafiəsinə
qalxdığını görürdü".
H. B. Zərdabi həmin
"sevimli şagirdlərinə" - dövrünün gənc
ziyalılarına müraciətlə yazırdı: "Ey
elm təhsil edən cavanlarımız! Doğrudur,
bizim vətən qardaşlarımız ilə üns tutmaq
çətindir, siz danışığınızı onlar
başa düşməyib, ətfalınızı şəriətə
namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər.
Pəs ləzzəti-dünyaya tamah etməyib, öz
qardaşlarımızı əməli-xeyrə vadar edin, qoy
şuəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas
daşa bassın, siz millət üçün zəhmət
çəkirsiniz və beşəkk, gələcəkdə
millətin gözü açılanda sizi şəhid hesab
edib, sizə rəhmət oxuyacaq".
Əlbəttə,
bu rəhmətdən ən böyük pay elə Həsən
bəyin öz ruhuna düşür.
İlham ABBASOV
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 7.