Mükafatın məsuliyyəti də
böyükdür
Azərbaycan milli mətbuatının
135 illik yubileyi ilə əlaqədar dövlət
başçısı İlham Əliyevin sərəncamına
əsasən bir qrup mətbuat işçisi fəxri adlara və
"Tərəqqi" medalına layiq
görülmüşdür. Mükafata
layiq görülmüş
həmkarlarımızdan bir neçəsi
ilə həmsöhbət olduq.
Şamil SABİROĞLU, "Xocalı Soyqırımını Tanıtma"
İctimai Birliyinin həmtəsisçisi:
- Cənab Prezident İlham Əliyev
tərəfindən "Tərəqqi" medalına layiq görülməyim məni yaxından
tanıyanların sevincinə səbəb oldu.
Mən bu mükafatı Qarabağ
müharibəsində həyatlarını təhlükəyə
ataraq ali vəzifələrini
yerinə yetirən və Qarabağ həqiqətlərini
dünyaya çatdıran jurnalistlərə
verilən qiymət kimi dəyərləndirirəm.
Mükafatlandırma mərasimində həqiqətən
kövrəldim. Ona görə ki, jurnalistikadakı fəaliyyətimə
dövlət tərəfindən yüksək qiymət verildi. Ulu öndər Heydər
Əliyev mətbuatın və jurnalistlərin dostu
idi, daima jurnalistlərin
suallarına və qayğılarına diqqətlə
yanaşırdı. Onun siyasi
kursunun davamçısı Prezident İlham Əliyev
də mətbuata dövlət dəstəyi siyasətini uğurla davam etdirir. Onun kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının daha
da möhkəmləndirilməsi üçün maliyyə vəsaiti
ayırması, mətbuatın problemlərinin aradan
qaldırılmasındakı göstərdiyi xidmətlər biz jurnalistlərin sevincinə səbəb olur, daha yaxşı və
inamla çalışmağımız üçün bizə stimul
verir. Fürsətdən istifadə edib mətbuata və jurnalistlərə bu cür qayğı
göstərdiyi üçün cənab
Prezident İlham Əliyevə
dərin təşəkkürümü bildirirəm.
Sarvan AĞAYEV, "Qarabağ" qəzetinin
redaktoru:
- "Qarabağ" qəzeti iyirmi ildir ki,
nəşr edilir. Qəzetimizdə mütəmadi olaraq Qarabağ problemi ilə bağlı müxtəlif səpgili materiallar dərc edilir. Prezident İlham Əliyevin
sərəncamı ilə
mükafatlandırılan jurnalistlər
arasında adımı
eşidəndə çox
sevindim. Çünki bu, təkcə mənim əməyimə
deyil, ölkəmizin bir nömrəli problemi olan Qarabağ
problemini gündəmdə
saxlayan "Qarabağ"
qəzetinin kollektivinə
verilən qiymətdir.
Bunun üçün Prezident İlham Əliyevə redaksiyamız adından təşəkkür edirik.
Biz mükafat üçün çalışmırıq,
ancaq əməyimizə
verilən bu qiymət bizi hədsiz sevindirdi. Mətbuat işçisi olaraq, hamımız xalqımıza
xidmət edirik. İnanıram ki, "Qarabağ"
qəzeti bundan sonra da Qarabağ
həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaqda
öz missiyasını
daha əzmlə yerinə yetirəcək.
İradə ƏLİYEVA, "Azərbaycan"
qəzetinin əməkdaşı:
-Ulu öndər Heydər Əliyev jurnalistlərin dostu olub, o, daima mətbuata qayğı ilə yanaşıb, jurnalistlərə
xüsusi diqqət göstərib. 2000-ci ildə ümummilli lider milli mətbuatımızın
yubileyinin keçirilməsi
kimi gözəl ənənənin əsasını
qoydu. Möhtərəm Prezidentimiz İlham
Əliyev bu sahədə də ulu öndərin siyasətini uğurla davam etdirir. Beş il
bundan əvvəl mətbuatımızın 130 illik
yubileyi təntənə
ilə qeyd olundu. Elə həmin il
cənab Prezident "Əməkdar jurnalist"
adını bərpa etdi. Uzun illərdir, mətbuatda
təcrübəsi olan
peşəkar jurnalistlər
bu mükafatı gözləyirdilər. "Əməkdar jurnalist"
adı, məncə, jurnalist üçün ən böyük mükafatdır. Cənab Prezident
həmçinin Mətbuat
Şurasının yeni
binasının açılışında
iştirak etdi, mətbuatın qarşısında
duran vəzifələrdən
söhbət açdı.
Jurnalist məsuliyyəti, jurnalist obyektivliyinin vacibliyini vurğuladı. Bizim üçün
sevindirici hallardan biri o oldu ki,
Prezident jurnalistlərin
sosial-məişət problemlərinin
həlli ilə bağlı qərar qəbul etdi və mənzilə ehtiyacı olan jurnalistlərin problemlərinin
həlli üçün
5 milyon manat vəsait ayırdı.
Bu gün ölkəmiz
sürətlə inkişaf
etməkdədir, iqtisadiyyatımız
yüksəlir və
biz çox şadıq
ki, bu inkişafdan
jurnalistlərə də
pay düşür. 1977-ci
ildən qəzetdə
çalışıram. Ancaq tələbəlik illərindən
daima yazılarım çap edilib. Artıq otuz üç ildir ki, mətbuatda
fəaliyyət göstərirəm.
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Gülüstan"
sarayında keçirilən
tədbirdə mükafatlandırılanlar
arasında adımı
eşidəndə böyük
sevinc hissi keçirdim. Jurnalist əməyinə
verilən qiymətə
görə Prezident İlham Əliyevə təşəkkür edirik.
Biz əmin edirik
ki, "Əməkdar
jurnalist" adını
doğruldacaq və peşəkar fəaliyyətimizlə
dövlətçiliyimizə, xalqımıza xidmət etməyə çalışacağıq.
Əyyub MEHDİYEV, Masallı rayonunda nəşr edilən "Yeni həyat" qəzetinin baş redaktoru:
-Azərbaycan
milli mətbuatının
135 illiyi münasibəti
ilə əlaqədar
dövlət təltiflərinə
layiq görülən
jurnalistlər arasında
mənim də adımın olmasından hədsiz qürur duyuram. Möhtərəm Prezidentimiz İlham
Əliyevin imzaladığı
sərəncamla "Tərəqqi"
medalına layiq görülmüşəm. Bildiyimiz kimi, Azərbaycanın sosial-iqtisadi inkişafı
üzrə dövlət
proqramları uğurla
həyata keçirilir.
Bizim Masallı rayonunda da müxtəlif sahələrdə inkişaf
nəzərə çarpır.
Rayonumuzda böyük infrastruktur
layihələr həyata
keçirilir, aqrar sahə, turizm inkişaf edir. Əhalinin həyat səviyyəsi ilbəil yaxşılaşır.
Fəxr edirəm ki, bu dinamika "Yeni həyat" qəzetinin səhifələrində
dolğun əksini tapır. Uğurların, qələbələrin müjdəçisi mətbuatdır.
Bu baxımdan dövlət səviyyəsində
mətbuata, mətbuat
işçilərinə diqqət
və qayğı göstərilməsi, jurnalist
əməyinin qiymətləndirilməsi
fərəh doğuran
amildir. Möhtərəm Prezidentimizə ürəkdən
minnətdarlıq edirik,
bundan sonra da cəmiyyətimizdə baş verən ictimai proseslərin mətbuatda doğru-düzgün,
operativ və dolğun işıqlandırılması
üçün əlimizdən
gələni edəcəyik.
İdris ŞÜKÜRLÜ, "Lerik"
qəzetinin baş redaktoru:
-Artıq Azərbaycanda mərkəz və əyalət qəzetləri
arasında fərq, demək olar ki, aradan qaldırılıb. İndi bizim
rayon qəzetləri ən
yüksək poliqrafik
tərtibatla nəşr
olunur. Ölkənin sosial-iqtisadi sahədəki
uğurlarını, yenilikləri
ətraflı işıqlandırır.
Mərkəz qəzetləri ilə
yanaşı, rayon qəzetlərinin
də maraqla oxunması, qaldırdığımız
problemlərə diqqət
göstərilməsi və
reaksiya verilməsi çağdaş jurnalistikanın
uğuru sayılır.
Zəhmətimizin dövlət səviyyəsində
yüksək qiymətləndirilməsindən
məmnunuq və buna görə də Prezident İlham Əliyevə təşəkkür edirik.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 3.