Qəbələdə II Beynəlxalq Musiqi
Festivalına start verilmişdir
Heydər Əliyev
Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində
II Beynəlxalq Musiqi Festivalına start verilmişdir.
Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri
ilə başlanmışdır. Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar
Oqtay Zülfüqarovun
"Bayram uvertürası",
Fikrət Əmirovun
"Fortepiano və orkestr
üçün konsert"i,
Qara Qarayevin "İldırımlı yollarla"
baletindən parçalar,
Vasif Adıgözəlovun
"Fortepiano və orkestr
üçün konsert"i
musiqi əsərləri
təqdim olunmuşdur.
Bakı Musiqi Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəyli
və M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının
direktoru Murad Adıgözəlzadə konsertin
solistləri olmuşlar.
Musiqi əsərlərinə Yalçın
Adıgözəlov və
Azad Əliyev dirijorluq
etmişlər.
Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər
və musiqi tədbirləri keçiriləcəkdir. Klassik musiqi həvəskarları
ABŞ, Rusiya, İngiltərə,
Fransa və İtaliyadan gələn istedadlı musiqiçiləri,
o cümlədən Yuri Başmet,
Boris Berezovski kimi dünya şöhrətli
korifeyləri, festivalın
fəxri qonağı
olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə
biləcəklər. Festivalda iştirak
edəcək gənc musiqiçilər üçün
ötən ildəki kimi ustad dərslərinin
keçirilməsi də
planlaşdırılır.
Festivalın rəsmi açılışı
iyulun 30-da olacaqdır.
Əfsanə Bayramqızı
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 8.