Avropa Şurası Azərbaycanla münasibətlərin daha da genişlənməsinə xüsusi önəm verir

 

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq aləmdə tanınması və əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Qarşıya qoyulan əsas vəzifələrdən biri də beynəlxalq konvensiyalara qoşulmaq, mötəbər nüfuzlu təşkilatlara üzv olmaq və əməkdaşlığı genişləndirmək idi. Bu yolla müstəqil Azərbaycanı beynəlxalq aləmdə daha geniş tanıtmaq, demokratiya yolunda inamla irəliləmək mümkün idi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan tədricən dünyanın ən nüfuzlu qurumları ilə əməkdaşlığı genişləndirdi və həmin beynəlxalq təşkilatların tam hüquqlu üzvü oldu. Belə qurumlardan biri də Avropanın və bütövlükdə dünyanın ən mötəbər təşkilatlarından biri olan Avropa Şurası idi. Bu quruma üzv olmaqla Azərbaycan dünyanın inkişaf etmiş aparıcı demokratik dövlətləri ailəsinin bərabərhüquqlu üzvü oldu. Bu, yalnız müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində atdığı ardıcıl addımların sayəsində mümkün oldu. Məhz ümummilli lider Heydər Əliyevin xidmətidir ki, hazırda Azərbaycan dünyada sivil, demokratik, qanunun hakim olduğu bir dövlət, azad cəmiyyət kimi qəbul olunur.

Azərbaycanın Avropa Şurasına üzv olması ilə ölkəmiz Avropa ilə əlaqələrinin tarixində yeni mərhələyə qədəm qoydu. Bu qurum müstəqil Azərbaycan üçün yeni, habelə daha yüksək tribuna kimi qiymətləndirilirdi. Ən başlıcası isə, ölkəmiz informasiya blokadasından çıxaraq öz milli maraqlarını, əsl həqiqətləri olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində qətiyyətli addımlar atdı.

AŞPA-nın Azərbaycan parlamenti nümayəndə heyətinin iştirak etdiyi ilk sessiyasından başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair reallıqları özündə əks etdirən sənədlər yayıldı. Parlament Assambleyasının müxtəlif dövlətlərdən olan deputatları ilə qarşılıqlı əlaqələr quruldu. Əməkdaşlıq möhkəmləndikcə AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu işğal zamanı bir milyondan artıq soydaşımızın öz doğma ev-eşiklərindən didərgin salınmaları barədə müfəssəl məlumat əldə etdilər. O vaxt cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin fəallığı, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunması istiqamətindəki səyləri artıq öz müsbət nəticəsini göstərirdi. Sanki Avropa Azərbaycanı və Ermənistanı yenidən tanımağa başlamışdı. Məhz bu fəallığın nəticəsi olaraq ilk dəfə Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyasında Ermənistanın təcavüzkar siyasəti rəsmi olaraq pislənildi. Həmin sənəddə birmənalı olaraq bildirilirdi ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. 43 dövlətdən yalnız Ermənistan AŞPA-nın bu sənədinin əleyhinə çıxdı və bununla da beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozdu.

Avropa Şurası Azərbaycan üçün çox yüksək tribuna idi. Düşünülmüş, məntiqli və milli-mənəvi dəyərlərin müdafiəsi istiqamətində hazırlanmış sənədlər, habelə ölkəmizi narahat edən məsələlərlə bağlı çıxışlar müstəqil dövlətimizi beynəlxalq aləmdə daha geniş şəkildə tanıdırdı. Ermənistan isə getdikcə ifşa olunurdu. 2001-ci il aprelin 24-də AŞPA-nın sessiyasında "Avropanın iqtisaditransmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi" mövzusunda keçirilən müzakirələrdə Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı xüsusi qeyd edilməlidir. Nümayəndə heyətimizin rəhbəri həmin çıxışında Ermənistanı təkzibolunmaz faktlarla ifşa etmiş, bu ölkənin təcavüzkar olduğunu, işğal etdikləri əraziləri mütəşəkkil cinayətkarlığın mərkəzinə çevirdiklərini diqqətə çatdıraraq demişdir: "Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. "Dağlıq Qarabağ Respublikası" deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır".

Azərbaycan iqtisadi inkişaf yolunda sürətlə irəlilədikcə, bütün sahələr üzrə demokratik islahatlar aparıldıqca, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası yaradıldıqca Avropanın əhəmiyyətli dövlətlərindən birinə çevrilirdi. Artıq ölkəmizin AŞPA-dakı nüfuzu da yüksəlirdi. Bir tərəfdən də cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin bir-birinin ardınca əhəmiyyətli sənədlər hazırlayıb deputatlar arasında yayması ölkəmizin sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən dövlət olması, Ermənistanın təcavüzünə məruz qalması barədə tam təəssürat formalaşdırırdı. Ümumiyyətlə, cənab İlham Əliyevin nümayəndə heyətimizə rəhbərlik etdiyi müddətdə Azərbaycan həqiqətlərini və reallıqlarını özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və AŞPA-da rəsmi sənəd kimi yayılmışdır. Bu sənədlərlə Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə beynəlxalq ictimaiyyətə tam dolğun məlumat çatdırılmış, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması tarixi faktlarla bir daha sübuta yetirilmişdir. Bundan başqa qaçqın və məcburi köçkün halında yaşayan azərbaycanlı uşaqların təhsil hüququnun pozulması, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar hazırlanmış sənədin Ermənistan tərəfindən imzalanması və tanınması, işğal altında olan Azərbaycan ərazilərində tarixi-mədəni abidələrin viran edilməsi, ekoloji vəziyyətin pozulması faktlarının AŞPA-da müzakirə olunması da nümayəndə heyətimizin uğurlarındandır. Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı və bu yolda hər cür kömək etməyə hazır olduğunu bəyan edən cənab İlham Əliyev Avropa Şurasının yüksək tribunasından çıxış edərək minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnmiş terror aktı ilə bağlı Birləşmiş Ştatların hökumətinə və Amerika xalqına başsağlığı vermiş, Azərbaycan hökuməti adından ABŞ-a tam dəstəyimizi bildirmişdir. AŞPA üzvlərinə Ermənistanın Azərbaycanda törətdikləri terror aktları barədə də ətraflı məlumat verilmişbunun da nəticəsində çoxlu sayda insanın tələf olması, yaralanması, həmçinin ömürlük şikəst olması AŞPA üzvlərinin diqqətinə çatdırılmışdır.

Azərbaycan AŞPA-nın tam hüquqlu üzv dövlətlərindən birinə çevrilirdi. Biz 2003-cü ilin yanvarında bunun bir daha şahidi olduq. Həmin vaxt nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev AŞPA-nın sədr müavinibüro üzvü seçildi. Bu, Azərbaycana, onun nümayəndə heyətinin rəhbərinə beynəlxalq aləmdə göstərilən çox böyük inametimad idi. Eyni zamanda bu etimad AŞPA kimi nüfuzlu bir qurumda daha yüksək tribuna qazanmaq kimi də qiymətləndirilirdi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana xüsusi diqqət yetirməsi və ölkəmizlə əməkdaşlığı genişləndirmək istəyi 2004-cü ildə özünü daha qabarıq şəkildə büruzə verdi. Həmin il aprelin 29-da AŞPA sədrinin dəvəti ilə Avropa Şurasının iqamətgahına gələn Azərbaycan Prezidenti İlham Əliyev qurumun yüksək vəzifəli şəxsləri tərəfindən böyük ehtiramla qarşılanmışdır. AŞPA-nın sədri Piter Şider Azərbaycanda gedən proseslərdən, ölkəmizin qazandığı uğurlardan, aparılan islahatlardan hədsiz dərəcədə məmnun qaldığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin vaxtı ilə AŞPA-dakı fəaliyyətini, indi isə ölkənin rəhbəri kimi Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin qurulması sahəsində səylərini yüksək qiymətləndirmişdi. Qeyd olunmuşdur ki, Azərbaycan nümayəndə heyəti əsası cənab İlham Əliyev tərəfindən qoyulmuş fəal, prinsipial, inadkar mövqeyini indidavam etdirir. P. Şider sözünə davam edərək demişdir: "İndi çox xoş və Assambleyanın tarixində nadir hallarda baş verən məqam yetişmişdir. Bizim 1988-ci ildən mövcud olan qaydalarımıza əsasən, Assambleyanın işində xüsusi fəallığı ilə seçilən şəxsiyyətlər xüsusi medalla təltif olunurlar. Bu vaxta qədər yalnız bir ölkənin - Finlandiyanın Prezidenti xanım Halonen bu fəxri ada layiq görülmüşdür. İndi isə mən bu medalı Sizə təqdim etmək istəyirəm. Bu medal o deməkdir ki, Assambleyada, bu binada, iclas salonunda Sizin müstəsna hüquqlarınız vardır. Bu, Sizə ömürlük verilən hüquqlardır. Prezident kimi Siz bura həmişə gələ bilərsiniz. Amma bundan əlavə, gizli gəlmək istəsəniz, sadəcə bu medalı taxmaq kifayət edər. Xüsusi vurğulayıram ki, bu mükafat Sizə üzv ölkənin Prezidenti olduğunuza görə deyil, Avropa Şurası ailəsində xüsusi fəallıqla seçilməyinizə görə verilir".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim olunan sənədlərin yayılması və qaldırılan məsələlərə obyektiv yanaşılmanın nəticəsi olaraq bu nüfuzlu qurum 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 1416 saylı qətnamə qəbul etdi. Qətnamədə qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Sənəddə bildirilir ki, Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. AŞPA prezidenti Mövlud Çavuşoğlu da münaqişənin nizamlanmasına münasibət bildirərkən həmin qətnaməyə böyük üstünlük verdiyini deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli və Avropa Şurasının bu məsələdəki roluna gəldikdə, onu deyə bilərəm ki, məsələnin ən yaxşı həll variantlarından biri odur ki, AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməyə hörmətlə yanaşılsın. Bu, çox yaxşı hazırlanmış bir sənəddir və hər iki tərəfin bu qətnaməni həyata keçirməsi Azərbaycanla Ermənistana, eləcə də bütün regiona sülhsabitlik gətirə bilər".

Bir daha qeyd edək ki, AŞPA qəbul etdiyi bu qətnamə ilə Ermənistanı rəsmən işğalçı dövlət kimi tanımışdır.

Hazırda Azərbaycan AŞPA-da özünəməxsus layiqli yer tutan dövlətlərdəndir. Bu qurumun Azərbaycanla əlaqələrini daha da genişləndirməsinin başlıca səbəbi ölkəmizdə demokratik, şəffaf seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi tədbirlərin həyata keçirilməsi, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi və digər amillərdir. İndi AŞPA rəhbərliyi azərbaycanlı deputatlara daha böyük etimad göstərir. Son vaxtlar nümayəndə heyətimizin üzvlərinin Avropa Şurasında aktual məsələlər üzrə məruzəçi təyin edilmələri də Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın yüksək səviyyədə inkişafından xəbər verir.

AŞPA-nın üzvü olan deputatların ölkəmizdə gedən prosesləri yüksək qiymətləndirmələri də Azərbaycanın Avropa Şurası ailəsində nüfuz sahibi olmasından xəbər verir. Britaniyalı deputat Maykl Henkokun dediklərindən: "Azərbaycanda demokratiya var, məhz buna görə Azərbaycan xalqı indiki hökumətə səs verir. Çünki bu ölkədəki müxalifət güclü deyil və seçkilərdə iştirakdan imtina edir. Azərbaycan bundan sonra da Avropa Şurası ilə sıx əməkdaşlıq edəcək, çünki hökumətin buna hazır olduğu görünürbuna siyasi iradəsi var. Ümumiyyətlə, Azərbaycanda gedən prosesləri nəzərə almamaq mümkün deyil. Azərbaycan düz yoldadır və Avropa Şurası ilə münasibətləri normal təşkil olunub".

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olmuş Andres Herkel ölkəmizdə apardığı uzunmüddətli müşahidələrinə əsaslanaraq demişdir: "Sadəcə Bakıya baxın, bu bir neçə ildə nə qədər dəyişib. Azərbaycanda böyük iqtisadi canlanma, böyük iqtisadi bum yaşanır. Azərbaycan Respublikasının Avropa Şurası ilə davamlı dialoqu müsbət haldır. Bu illər ərzində Azərbaycan hökuməti Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox işlər görüb. Çoxlu sayda insanların azadlığa buraxılması müsbət haldır. Ölkədə prezident sərəncamı ilə həyata keçirilmiş amnistiya aktları, əfv fərmanları, seçkilərin düzgün keçirilməsi istiqamətindəki irəliləyişlər, Venesiya Komissiyasının yardımı ilə Seçki Məcəlləsinə edilən dəyişiklikləri müsbət qiymətləndirmək lazımdır".

Göründüyü kimi, Avropa Şurasına üzv olmaq Azərbaycana nə qədər çox vacibdirsə, Azərbaycan da Avropa üçün bir o qədər gərəklidir. Çünki hazırda Azərbaycan Avropanın ən əhəmiyyətli dövlətlərindən biridir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyi təminatında böyük rol oynayan ölkədir. Digər sahələrdəki sürətli inkişaf da Azərbaycan-Avropa Şurası əlaqələrini daha da möhkəmləndirir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 2.