Güclü ordu güclü dövlət deməkdir

 

Biz əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki biz müharibə şəraitində yaşayırıq.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Ona görə də artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini qəbul edir.

Ölkəmizin bu səviyyəyə yüksəlməsi heçasan olmamışdır. 90-cı illərin əvvəllərində Azərbaycanda anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. Həmin dövrdə himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən xaricidaxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin konyunktur maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirirdi. Çıxılmaz vəziyyətdə qalan AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi.

Böyük siyasi xadim hakimiyyət sükanının arxasına keçdikdən az sonra mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ciddi strukturkadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması təmin olundu. Bununla ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. 1993-cü il noyabrın 2-də ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollandı. Fərarilik etmiş əsgərlər hərbi hissələrə geri döndülər.

Ulu öndər Heydər Əliyev 1994-cü ilin yanvar ayında cəbhəyə göndərilən yeni hərbi hissənin şəxsi heyətinə müraciətində deyirdi: "Bilin ki, sizin hər birinizin arxasında böyuk Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır".

Ümummilli liderin orduya diqqəti əsgərlərin döyüş əzmini artırırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən təmizlədi. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirildi.

1994-cü il mayın 12-də atəşkəsin əldə olunması ordu quruculuğunda böyük işlər görülməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi genişləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.

Ordu quruculuğu üçün zəruri olan qanunvericilik bazası da yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet "Azərbaycan Silahlı Qüvvələri haqqında" Qanun qəbul etsə də, bu sahədə heç bir əməli görülməmişdi. 1993-cü il noyabrın 18-də Milli Məclisin tarixi iclasında müdafiə və təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək müəyyən qanunlar qəbul olundu. "Silahlı Qüvvələr haqqında", "Müdafiə haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu" haqqında qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynadı. Bu baxımdan Milli Məclisin bu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hərbi doktrinası" xüsusi qeyd olunmalıdır. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Ümummilli liderimiz ordu quruculuğu istiqamətində aparılan islahatları və əldə edilən uğurlu nəticələri belə ifadə edirdi: "Biz 1993-cü ilin payızından başlayaraq Azərbaycanda müstəqil dövlətin bütün atributlarının yüksək səviyyədə qurulması, bərpa edilməsinə başladıq. O cümlədən ordu quruculuğuna böyük önəm verdik, diqqət ayırdıq, bu işə məsuliyyətlə yanaşmağı təmin etdik. Odur ki, bu gün Azərbaycan Ordusu yeni əsrin tələbləri səviyyəsində, yeni standartlara uyğun qurulubdur, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iqtidarında olan səviyyəyə qaldırılıbdır".

Ulu öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu günuğurla davam etdirilir. Ötən müddət ərzində ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi fəaliyyətinin prioritet məsələsidir. Təsadüfi deyil ki, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılacaqdır. Ötən müddətdə bu sahədə xeyli işlər görülmüşdür. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar ayrılmışdısa, 2010-cu ildə bu rəqəm 13 dəfə artaraq 2 milyard 150 milyon dollara çatıb. Bu isə Ermənistanın dövlət büdcəsindən çoxdur. Ordumuzun silah təminatı da yüksək səviyyəyə çatdırılmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqlı olaraq qeyd etmişdir: "Bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensialgüclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq".

Beynəlxalq ekspertlər də bu gün Azərbaycan Ordusunu regionun ən güclü ordusu kimi dəyərləndirirlər. Bu işdə ölkə başçısının həyata keçirdiyi tədbirlər, tez-tez ön cəbhədə zabit və əsgərlərlə görüşməsi, onların hazırlıq səviyyəsi, döyüş bacarıqları, sosial təminat məsələləri ilə maraqlanması, bu sahəyə qayğı və diqqətlə yanaşması öz sözünü deyir. Bu gün Silahlı Qüvvələrimizin dünyanın müasir ordularının sahib olduğu ən son hərbi texnika ilə təmin edilməsi də Azərbaycan Prezidentinin diqqəti sayəsində mümkün olmuşdur. Modernləşdirmə çərçivəsində xeyli sayda hərbi texnika, döyüş təyyarələri, silah-sursat alınmışdır. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycanın hərbi gücünün artırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. "Biz əlbəttə ki, bu ilbundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir".

Ölkəmizdə müxtəlif hərbi texnika, döyüş sursatları istehsal edən çox güclü hərbi sənaye kompleksinin yaradılması ümidlərimizi daha da artırır. Təkcə onu demək kifayətdir ki, əgər bu gün müharibə başlasa, Azərbaycanın xaricdən əlavə heç bir silah-sursat almasına ehtiyac olmayacaq. Bu gün hərbi sənaye kompleksimiz buna hazır vəziyyətə gətirilib. Bununla belə proses davam etdirilir və Azərbaycan Prezidentinin tapşırığına əsasən, müdafiə sənayemiz və zəruri infrastruktur müasir tələblər səviyyəsində inkişaf etdirilir.

Bu il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü ərəfəsində Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Daxili Qoşunları birləşmə və hissələrinin növbəti irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirildi. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini qiymətləndirmək və yeni tapşırıqlar vermək üçün təlimin əsas mərhələsini izləmişdir. Birgə əməliyyat-taktiki təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artileriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir. Təlimdə bütün şəxsi heyyət yüksək döyüş hazırlığı nümayiş etdirmişdir, qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.

Azərbaycan Prezidenti, Ali Baş Komandan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən demişdir: "Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur , beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir ".

Azərbaycan Respublikasının beynəlxalq əlaqələri gücləndikcə, yüksək döyüş hazırlığına malik ordumuzun da əlaqələri genişlənir. Bu mənada ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil oldu. Daha sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşuldu. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə olmuşdur. Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir.

Yuxarıda qeyd olunan planların icrasında əsas hüquqi çərçivəni Prezident cənab İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" təşkil edir. Sənədin qəbul edilməsi ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli olmuşdur.

Ordumuz sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirak və təcrübə mübadiləsini davam etdirir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları təşkil edilir və Silahlı Qüvvələrimizin dünya standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.

Azərbaycan Ordusu beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında da yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2002-ci ildən Əfqanıstanda 2003-cü ildən İraqda, bir sülməramlı bölüyümüz sülhayaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri isə diqqətdən yayınmır. Məsələn, sülhməramlılarımız Kosovoda xidmət keçərkən alman generalı əsgərlərimizin öz vəzifə borclarına necə hünər və məsuliyyətlə yanaşdığını gördükdən sonra demişdir: "Azərbaycan əsgəri olan yerdə quş da səkə bilməz". Və yaxud Azərbaycan Milli Ordusunun ilk yarandığı günlərdə təlimləri izləyən türk generalının "Azərbaycan əsgəri çox hünərpərvərdir" qənaəti bizim də dediklərimizin sübutudur. Məhz buna görə də sülhməramlılarımızın xidməti Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 4.