Azərbaycanda mətbuatın inkişafına dövlət qayğısı vətəndaş cəmiyyəti quruculuğuna və demokratikləşmə prosesinə mühüm töhfədir

 

Prezident İlham Əliyev: Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik

 

Milli mətbuatımızın 135 illiyi münasibətilə keçirilən silsilə tədbirlər həm dostlarımız, həm də bədxahlarımız tərəfindən böyük maraqla izlənildi. Dostlarımız böyük fəxr və iftixarla yazdılar ki, Azərbaycan dövləti inkişaf etdikcə bu ölkənin mətbuatı da böyük tərəqqi yolu keçir. Hətta, milli mətbuatımızın müxtəlif dövrlərini müqayisə edib konkret nəticələr söyləyənlər də az olmadı. Bədxahlarımız isə növbəti qarayaxmalara başladılar ki, guya Prezident İlham Əliyev Dağlıq Qarabağda ermənilərin insan hüququnun daha çox pozulması üçün Azərbaycan mətbuatından istifadə edir. Guya Azərbaycan dövləti mətbuatı Ermənistana qarşı informasiya hücumuna səfərbər edir və sairə. Əlbəttə, bütün bunlar tarixin müxtəlif dövrlərində olduğu kimi indi də dövriyyəyə buraxılan növbəti erməni uydurmalarıdır.

Əvvəla, Azərbaycanda mətbuata dövlət qayğısı hələ 1970-80-ci illərdə öz yüksək səviyyəsinə çatmışdı və o zaman ermənilər Azərbaycanın bir çox şəhər və kəndlərində, azərbaycanlılar isə İrəvan da daxil olmaqla Ermənistanın hər yerində yaşayırdılar. Yəni Azərbaycanda mətbuata dövlət qayğısı sırf bir siyasi məqsədə xidmət etmir, bütövlükdə cəmiyyət həyatının bütün sahələri ilə birlikdə mətbuat da inkişaf etdirilir. Hələ 90-cı illərin ortalarında - müstəqil dövlətimiz öz ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra Prezident Heydər Əliyev ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına nail olmuşdu. Qafqazda ilk olaraq Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirilmişdi. Yəni mətbuatın bu sahəsi ilk olaraq bizdə öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdu. Yazılı mətbuatın da bütün problemlərini daim diqqət mərkəzində saxlayan ulu öndər 1998-ci ildə qəzetlər üzərindən senzuranın götürülməsini reallaşdırmışdı. Bu gün həmin ənənələr davam etdirilir və indiki proseslərin ermənilərə qarşı informasiya hücumunun genişləndirilməsi ilə heç bir bağlılığı yoxdur. Ermənilər sadəcə Ermənistan mətbuatının indiki vəziyyətini malalamaq üçün (dünya ölkələrindəki erməni diasporunun İrəvan mətbuatını maliyyələşdirdiyi illərdə ermənilər qəzet bolluğundan, jurnalistikanın inkişafından söz açılanda utanmadan danışa bilirdilərsə, indi - maliyyədən əsər-əlamət qalmayanda danışa bilmirlər) Azərbaycan dövlətinin üzərinə qara yaxmaqla məşğuldurlar.

İkinci, əgər Azərbaycan dövləti işğal altında qalan torpaqlarını qaniçən düşməndən azad etmək üçün ordu ilə birlikdə mətbuatı da inkişaf etdirirsə, bu, tam ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir haldır. İşğalçı dövlətə qarşı informasiya hücumuna gəlincə isə Prezident İlham Əliyev təkcə mətbuat təmsilçiləri ilə deyil, bütün sahələri təmsil edən mütəxəssislərlə görüşərkən bu məsələnin vacibliyindən söz açır. Bu isə Azərbaycan dövlətinin daha sivil, daha mütərəqqi siyasi kurs götürdüyünün təzahürüdür.

Üçüncü, İlham Əliyev hələ Milli Olimpiya Komitəsinin prezidenti və Baş nazir olduğu vaxt Azərbaycandan kənarda yaşayan idmançılarımızın ölkəyə çağırılmasını təmin etmişdi. Erməni idmançıları isə indi də başqa ölkələrin bayrağı altında yarışırlar. Prezident İlham Əliyev eləcə də azərbaycanlı peşəkar jurnalistlərin Vətəndə çalışması, milli mətbuatımıza və milli dövlətçiliyimizə xidmət etməsi üçün lazım olan bütün addımları atır. Erməni jurnalistlər isə bu gün Rusiya, Türkiyə, İran və digər ölkələrdə bir tikə çörək qazanmaq məcburiyyətindədirlər.

Dördüncü, Azərbaycan mətbuatı ona görə mövcud iqtidarın və şəxsən Prezident İlham Əliyevin ətrafında sıx birləşib ki, bu dövlətin daimi qayğısını görür. Üstəlik, xalqın bütün təbəqələri kimi mətbuat da legitim liderin yeritdiyi siyasəti, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün dövlətin tutduğu mövqeni bəyənir və dəstəkləyir. Ermənistanda isə mətbuat təmsilçiləri dövlət rəhbərlərinin qaçaq-quldur, işğalçı və qaniçən olduğunu yaxşı bildiklərinə görə bir növ indiki dövlətdən qaçırlar. Üstəlik bu dövlətin Türkiyə, Gürcüstan və Azərbaycan kimi qonşuları ilə münasibətdəki qeyri-səmimiliyi, ərazi iddiaları, milli ayrı-seçkilik, separatizm və terrorçuluq halları erməni mətbuatı tərəfindən təqdir edilmir. Ona görə də bir çox mətbuat orqanları ilə Ermənistan dövləti arasında açıq qarşıdurma, dərin uçurum mövcuddur. Azərbaycanda isə dövlətin mətbuata qayğısının özünəməxsus nümunəsi formalaşdırılmışdır. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, bu məsələdə Azərbaycan bütün dünyada lider ölkədir. Milli mətbuatın 135 illiyi münasibəti ilə jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsi və redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər həmin məntiqi bir daha sübut etdi.

Son illər mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənmişdir. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən mətbuatın 135 illik yubileyinə qədər 300-dək KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, 2005, 2008 və 2009-cu illərdə qəzet redaksiyalarına birdəfəlik dövlət yardımı edilmişdir. Dövlət başçısının 2008-ci ilin iyulunda imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası" böyük uğurla icra edilir. Həmin konsepsiyanın icrasında 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu böyük nailiyyətlərə imza atır.

Bir sözlə, Azərbaycanda dövlət də, onun mətbuatı da bütün məsələlərdə eyni mövqedən çıxış edir. Bu mövqe isə ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli, sivil, hüquqi, demokratik dövlət quruculuğu kursu qətiyyətlə davam etdirilməli, ölkədə əsas insan hüquq və azadlıqları yüksək səviyyədə qorunmalıdır. Bütün bunlar isə yüksək səviyyəli vətəndaş cəmiyyəti, çiçəklənən Azərbaycan deməkdir. Dövlətimiz də, mətbuatımız da bu yoldadır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 27 iyul.- S. 3.