Dövlət söz və məlumat azadlığının inkişafına böyük diqqət göstərir

 

Müstəqil kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında mühüm rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən vacib amillərdən sayılır. Xüsusən də yazılı media cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində zəruri əhəmiyyət daşıyır. Azad mətbuat varsa, deməli, ölkədə siyasi plüralizm təmin olunmuşdur. Siyasi plüralizm təmin olunmuşsa, deməli, cəmiyyətdə demokratik və şəffaf idarəçilikdən söhbət gedə bilər. Təqdirəlayiq haldır ki, bütün bu norma və tələblər məmləkətimizdə ən yüksək səviyyədə gerçəkləşmişdir.

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə gərəkli tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün hansısa maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Yalnız son günlərdə dövlət başçısının iştirakı ilə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin təntənəli şəkildə bütün ölkədə keçirilməsi, 40-dək qəzetə və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da cənab İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısının bariz təcəssümüdür.

Şübhəsiz, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Təəssüf ki, bu gün mətbuatda cəmiyyətdəki proseslərə rasional, düzgün yanaşmanın, obyektiv tənqidin olmaması da özünü ciddi problem kimi göstərir. Danılmaz reallıqdır ki, jurnalistikaya asan qazanc mənbəyi kimi baxan bir çox diletant şəxslər təsis etdikləri "qəzetləri" özlərinin cılız maraq və ambisiyalarının "tribunasına" çevirmişlər. İkrah doğuran fəaliyyətlərini sırf şantajböhtan üzərində quraraq sifarişlə istənilən şəxsin şərəf və ləyaqətinə toxunan yazılara imza atmağa hazır olan "reket" jurnalistlər bu gün cəmiyyətdə ciddi mətbuat orqanlarını da gözdən salır, obrazlı desək, "qurunun oduna yaş da yanır". Sağlam təfəkkürdən, peşəkarlıqdan, savad və məntiqdən uzaq olan belə "cızmaqaraçılar"ın nəinki milli mətbuat, bütövlükdə cəmiyyət üçün başağrısına çevrildiyinietiraf etməliyik.

"Mətbuatı içindən yeyən qurd" - "reket jurnalistika" ilə bağlı cənab Prezidentin kəskin mövqeyi şübhəsiz ki, bu qanunsuz şəbəkəni himayə edən, maliyyələşdirən qüvvələrə də son mesaj oldu. İctimaiyyət isə bir daha anladı ki, siyasətdə, ictimai münasibətlərdə əxlaq və şəffaflıq prinsiplərinə daim əməl edən və bu meyarları hər bir kəsin fəaliyyətində əsas istinadgah kimi görməyi arzulayan Prezident İlham Əliyev medianın da fəaliyyətinin saflaşmasına və təmizlənməsinə böyük önəm verir. Təqdirəlayiq haldır ki, Mətbuat Şurası İdarə Heyətinin iki üzvü məhz "reket jurnalistika"ya qarşı effektiv və qətiyyətli mübarizədə fərqləndiklərinə görə Ali Media Mükafatına layiq görüldülər.

Dövlət başçımız mətbuatın yeni inkişaf prioritetlərini də çox doğru olaraq müəyyənləşdirdi. Prezident jurnalistlərə peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət, obyektivlik, vətənpərvərlik kimi meyarları fəaliyyətlərində əsas tutmağı tövsiyə etdi. Bu tövsiyələr hər birimiz üçün fəaliyyətdə əsas istinad mənbəyinə çevrilməlidir.

Ölkə başçısı İlham Əliyevin Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə mətbuatın bu günü və gələcək perspektivləri ilə bağlı söylədiyi dəyərli fikir və tövsiyələr ümumən bu sahənin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezidentin 92 jurnalisti fəxri admükafatlara layiq görməsi, qəzetlərə birdəfəlik maliyyə yardımları göstərməsi, KİV təmsilçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımlar dövlət başçısının böyük qayğıkeşliyinin və yüksək etimadının bariz təzahürü oldu. Son proseslər göstərdi ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bu mənada, 135-ci ildönümü tamam olan Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr də kifayət qədər ürəkaçan mənzərə yaradır.

Sonda bir məqama da toxunmaq istərdim. Dövlət başçısının milli mətbuatımızın 135 illik yubileyi münasibətilə məni "Tərəqqi" medalına layiq görməyi həyatımın ən sevincli, unudulmaz anlarından birinə çevrildi. Mətbuatdakı fəaliyyətimə belə yüksək qiymət verdiyinə görə Prezidentə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadın məsuliyyətini dərk edir, ulu öndər Heydər Əliyev siyasi irsinin Prezidentin şərəfli missiyasının təbliğini daha fəal aparmağı özümə vətəndaşlıq borcu sayıram. Cənab İlham Əliyev növbəti dəfə sübut etdi ki, bu dövlətin güvənci, hər bir vətəndaşın ümid yeri, biz jurnalistlərin isə qürur iftixar mənbəyidir.

 

 

İxtiyar HÜSEYNLİ

 

Xalq qəzeti.- 2010.- 27 iyul.- S. 3.