Goranboy quruculuq yolunda uğurları artırır

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında nitqindən irəli gələn məsələlərlə bağlı Goranboy rayonunda keçirilən müşavirədə ilin əvvəlindən bəri həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial-iqtisadi uğurlar, qarşıda duran vəzifələr diqqət mərkəzində oldu.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi ki, cari ilin 6 ayı ərzində respublikamızda əldə edilmiş uğurlu nəticələr rayonumuzdan da yan keçməmişdir. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilmişdir. Goranboy şəhərinin C.Cabbarlı, R.Bağırov, Ş.Qurbanov, Füzuli, H.Zərdabi, M.Nağıyev, Ü.Hacıbəyov küçələrinə ümumi uzunluğu 1900 metr olmaqla 9500 kvadratmetr asfalt örtüyü salınmışdır. Kəpənəkçi kəndinin daxilində 3 kilometr yol çınqıl örtüklə əsaslı təmir edilmişdir. Goranboy şəhərinə Goran və Qızılhacılı istiqamətindən gələn yolun üzərində giriş qapıları inşa edilmişdir. Yolun sağsol hissəsinə 640 metr məsafəyə 3910 kubmetr torpaq daşınaraq yaşıllıq zolağı salınmışdır.

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yol təxminən 2 metr genişləndirilmiş, 1380 metr yeni səkidaşı qoyulmuş, yol kənarına yaşıl ağaclar əkilmişdir. Vüqar Bayramov küçəsi ilə kəsişmədə şəhərin arxitektur görkəminə xüsusi yaraşıq verən yol dairəsinin tikintisi başa çatmışdır. Həmin yol dairəsindən Goran istiqamətində gedən yolun 450 metr hissəsinə 2600 kubmetr torpaq daşınmışdır. 250 metr yeni kanalizasiya xətti çəkilmiş, yolun kənarında köşk tikilmişdir. Vüqar Bayramov küçəsi müasir üslubda qurularaq ikitərəfli hərəkət təmin edilmiş, yolun mərkəzində yaşıllıq zolağı salınmış, işıqlandırma sistemi qurulmuşdur. Mövcud hasarın üzərinə üzlük daş qoyulur, əlavə 650 metr hasar tikilir.

Şəhərdə ikimərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, suvanaraq rənglənmişdir. Əhalinin sıx məskunlaşdığı Civəzadə küçəsində xeyir-şər evində son tamamlama işləri gedir. Burada süni ot örtüklü yeni mini stadion quraşdırılmışdır. Hazırda Goranboy şəhərindən Səfikürd kəndi istiqamətində 1780 metr piyada yolunun tikintisi, yaşıllıq zolağının salınması istiqamətində aparılır. Bu məqsədlə həmin əraziyə 3600 kubmetrdən artıq torpaq daşınmış, 1000 metr səki daşı, 780 kvadratmetr səki qoyulmuşdur. Cəfər Cabbarlı küçəsi ilə Rövşən Mustafayev küçəsinin kəsişdiyi ərazidə uzun illərdən bəri görkəmsiz şəkildə olan təxminən 2500 kvadratmetr əraziyə torpaq daşınmış, yaşıl ağaclar əkilmişdir.

Goranboy şəhərində və rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında müasir üslubda 10 ədəd dayanacaq qoyulmuşdur.

Bir sıra icra nümayəndəlikləri, bələdiyyələr "bp" sosial sərmayə qoyuluşu proqramında və qeyri- hökumət təşkilatlarının müvafiq proqramlarından kifayət qədər yararlanmışlar. Qaramusalı kəndində 4 otaqdan ibarət ambulatoriya tikilmiş, avadanlıqlarla təchiz edilmişdır. Dəyirmanlar kəndində 4 otaqdan ibarət məktəb binasının tikintisi başa çatdırılmışdır. Bəşirli kənd orta məktəbi üçün əlavə tədris korpusunun tikintisi başa çatmaq üzrədir. Balakürd kəndində 10 kilometr, Gülməmmədli kəndində 4 kilometr, Səfikürd kəndində 15 kilometr daxili yol, habelə Fəxralı və Qurbanzadə kəndlərində 9,5 kilometr yol yenidən tikilmişdir. Qaradağlı kənd orta məktəbinin pəncərə və qapılarının dəyişdirilməsi və fasad hissəsinin suvanaraq rənglənməsi işləri başa çatmaq üzrədir. Qurbanzadə kənd əsas məktəbi üçün yeni binanın tikintisinə başlanmışdır.

Hazırəhmədli kəndində bina bərpa edilərək yeni uşaq bağçası açılmışdır. "bp" sosial sərmayə qoyuluşu proqramı çərçivəsində Qazanbulaq qəsəbəsi, Nadirkənd, Yolpaq və Qurbanzadə kəndlərinin hər birində sahəsi 135 kvadratmetr olan 5 istixananın tikintisi planlaşdırılır.

Goranboy şəhərində inşasına başlanılmış 420 yerlik 3 saylı orta məktəbin və Goranboy şəhər avtovağzalının tikintisində işlər sürətlə davam etdirilir. Rus Borisi kənd orta məktəbinin tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə Tatarlı kəndində 380 yerlik orta məktəbin və Göranboy Rayon Qaz İstismarı İdarəsi üçün inzibati binanın tikintisinə başlanacaqdır. Ağamalıoğlu kənd orta məktəbinin, Xan Qərvənd və Borsunlu kənd uşaq musiqi məktəbinin, Dəliməmmədli şəhər mədəniyyət evinin və Qızılhacılı qəsəbə həkim məntəqəsinin dam örtüyü dəyişdirilmişdir. Bu obyektlərdə, habelə rayon mərkəzi xəstəxanasının uşaq şöbəsində və təcili tibbi yardım stansiyasında əsaslı təmir işləri aparılmışdır.

Tatarlı kəndində Qaraçay üzərində körpü tikilib istifadəyə verilmişdir. Çayın Qarqucaq kəndi ərazisindən keçən hissəsində körpünün yenidən tikintisi üçün "Azəryolservis" ASC ilə aparılır. Yaxın vaxtlarda problem müsbət həllini tapacaqdır.

Qızılhacılı qəsəbəsi, Xan Qərvənd, Rəhimli və Veyisli kəndlərindən keçən magistral yolun kənarında küçə işıqlandırma sistemi quraşdırılmışdır. Qızılhacılı qəsəbəsində 800 metr səki daşı qoyulmuşdur. Goran qəsəbəsində 600 yerlik şadlıq eviisti su müalicə mərkəzi istifadəyə verilmişdir. Goranboy şəhərinin Heydər Əliyev prospektində 2 yerdə svetofor quraşdırılıb.

Bütövlükdə həyata keçirilən tədbirlər nəticəsində 6 ayda 410 yeni yeri açılmışdır ki, bunun da 102-si daimidir.

Başçı daha sonra bildirdi ki, xidmət təşkilatları tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, ödənişlərin tam aparılması da daim diqqət mərkəzində saxlanılmışdır. Yuxarı Ağcakənd qəsəbəsinə Aşağı Ağcakənddən 7 kilometr uzunluğunda fibrooptik kabel çəkilərək 128 nömrəlik elektron ATS qoyulmuşdur. 76 abonentə telefon çəkilməklə telefon istifadəçilərinin sayı 12304-ə çatmışdır.

Cinli Boluslu kəndinə təbii qazın verilməsi təmin edilmişdir. Goranboy şəhərinin 3, Dəliməmmədli şəhərinin 4 küçəsində yeraltı xətlər ləğv edilərək yeni yerüstü qaz xətləri çəkilmişdir. Goranboy şəhərindən Aşağı Ağcakəndədək 38 kilometr uzunluğunda yeni daşıyıcı qaz xəttinin çəkilişi başa çatmışdır. İlin sonunadək Aşağı Ağcakənd, Börü, Yenikənd və Meşəliyə təbii qazın verilməsi təmin ediləcəkdir. Qaz xəttinə Abbasqulular və Səfikürd kəndlərinin də qoşulması nəzərdə tutulur ki, bu da həmin kəndlərin qaz təchizatının daha da yaxşılaşdırılmasına xidmət edicəkdir. Növbəti illərdə Tatarlı, Qarqucaq, Zeyvə, Şəfəq və kəmər boyu digər kəndlərin də həmin qaz xəttinə qoşulması nəzərdə tutulur. Veyisli kəndində qaz xətlərinin çəkilişinə başlanmışdır. İlin sonunadək Veyisli, habelə Baxçakürd və Dəyirmanlar kəndinə təbii qazın verilməsi təmin ediləcəkdir.

Elektrik enerjisi itkisinin qarşısının alınması və əhalinin enerji ilə davamlı təmin edilməsi üçün mövcud xətlərin SİB kabellə əvəz edilməsi və SMART kart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Hazırda Meşəli və Börüdə bu işlər başa çatıb, Aşağı Ağcakənddə isə davam edir. Bu günədək 587 ədəd "SMART" kart tipli sayğac quraşdırılmışdır. Bu məqsədlə 15 kilometr uzunluğunda SİB kabellə xətlər çəkilmiş, 112 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Goranboy və Dəliməmmədli şəhərlərində, Yuxarı Ağcakənd, Qaraçinar, Şəfəq və digər kəndlərdə də bu tədbirlər görüləcəkdir.

Qarşıda duran işlərdən söz açan natiq qeyd etdi ki, rayonda yerli istehsalın artırılması, turizmin inkişafı üçün real imkanlar vardır. Lakin bu məsələlərlə bağlı müraciətlər, irihəcmli layihələr təqdim edən yoxdur. Belə layihələr olarsa Sahibkarlığa Kömək Milli Fondu kifayət qədər kredit ayırar. Elə hallar da var ki, böyük torpaq sahələri götürülüb, ancaq uzun illərdir orada heç bir tikinti aparılmır, torpaq sahəsi boş saxlanılır. Son 6 ayda rayonda 3,3 milyon manat müxtəlif təyinatlı kredit verilmişdir. Bu vəsaitin xeyli hissəsi ancaq kiçik sahibkarlığın inkişafına yönəlmişdir. Dövlət fonduna aid torpaqların icarəyə verilməsindən büdcəyə vəsait daxil olması vəziyyəti də qaneedici deyildir.

Toplantıda göstərildi ki, 6 ayda 13 min 798 nəfərə əkin sahələrinə görə 1 milyon 326 min 708 manat dövlət yardımı edilmişdir. Lakin məhsuldar toxum sortlarından istifadə edilmədiyi, habelə aqrotexniki tədbirlər düzgün aparılmadığı üçün aqrar bölmədə əldə edilən göstəricilər verilən dövlət yardımı ilə uyğunlaşmır. Hər il rayonda 20 min tondan artıq meyvə istehsal edilir. Lakin dayanıqlı bazar olmadığından onun xeyli hissəsi itkiyə gedir. Problemin həlli məqsədilə yaxın günlərdə "ANTİM" MMC tərəfindən Bakı-Qazax şose yolunun kənarında tutumu 2 min ton olan soyuducu anbarın tikintisinə başlanacaqdır. İkinci soyuducu anbarın tikintisi üçün isə aparılır. Lakin rayonda emal və konservləşdirmə müəssisələrinin tikintisinə də ciddi ehtiyac vardır.

Məhsuldar toxumların, gübrələrin, ziyanvericilərə və alaq otlarına qarşı dərmanların tətbiqinə diqqət artırılmalıdır. Xüsusilə mexaniki suvarma qurğularına ayrılmış enerji limitinin düzgün bölünməsi və istifadəsi, suvarmada növbəliliyə əməl olunması təmin edilməli, kənd təsərrüfatı texnikaları ilə işlərin aparılmasında müəyyən edilmiş normativ qiymətlərə əməl olunmalı, dövlət fonduna və bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadədə qayda-qanun yaradılmalıdır.

Müvafiq təhlillər aparılmalı, daha çox gəlir gətirən sahələrin inkişafına diqqət artırılmalıdır. Bir sözlə, dövlətin ayırdığı maliyyə dəstəyi real nəticə verməlidir.

Goranboy şəhərinin sukanalizasiya sistemi yenidən qurulmalıdır. Bu məqsədlə bütün sənədlər hazırlanmış, torpaqayırma işləri aparılmışdır. Dünya Bankının, "Azərsu" Səhmdar Cəmiyyətinin və aidiyyatı 11 təşkilatın nümayəndələri yerdə vəziyyətlə tanış olmuş, icraçı təşkilatın müəyyən olunması üçün tender keçirilmişdir.

Müzakirələrdə çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri ayrı-ayrı sahələrdə qazanılan uğurlardan söz açdılar, həlli vacib məsələləri təhlil etdilər, təkliflərini bildirdilər. Toplantıya yekun vuran rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirdi ki, biz növbəti aylarda rayonda aparılan işlərin ahəngini daha da artırmalıyıq. Çalışmalıyıq ki, hər bir kəndimiz gözəl olsun, abad olsun. Bunun üçündaha gərgin işləməliyik.

Rayon fəallarının köməyi ilə biz bu işlərin öhdəsindən gələcək, ili uğurlu nəticələrlə başa vuracağıq.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2010.- 27 iyul.- S. 4.