Əhalinin
sağlamlığının qorunması sosial-iqtisadi
siyasətin başlıca istiqamətlərindəndir
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş uğurlu dövlətçilik
konsepsiyasının, inkişaf strategiyasının son illərdə
dövrün tələblərinə uyğun olaraq inamla davam
etdirilməsi nəticəsində ölkəmizin həm
regionda, həm də beynəlxalq miqyasda imici sürətlə
yüksəlir. Ulu öndərin layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən geniş islahatlar müsbət
nəticələr verir, əhalinin güzəranı getdikcə
yaxşılaşır.
Ölkəmizdə
sosial yönümlü iqtisadi siyasət
yürüdülür, bütün sahələrdə məhz
insan amilinə üstünlük verilir. Möhtərəm
Prezidentimizin məqsədi odur ki, insanlar sosial rifahlı bir cəmiyyətdə
yaşasınlar. Artıq neçə ildir ki, milli
iqtisadiyyatımızın yüksək inkişafı səhiyyə
sahəsinə də öz təsirini göstərir və bu
sahədə köklü islahatlar aparılır. Yeni tibb
müəssisələri yaradılır, sistemin maddi-texniki
bazası möhkəmləndirilir.
Regional inkişaf üzrə
dövlət proqramlarının uğurlu icrası sayəsində
son yeddi ildə ölkədə onlarla xəstəxana,
poliklinika və diaqnostika mərkəzi tikilərək istifadəyə
verilmiş, tibb ocaqları ən müasir ləvazimat və
avadanlıqla təchiz edilmişdir. Əgər 2003-cü ildə
ölkənin səhiyyə ehtiyaclarına 59 milyon manat
ayrılmışdısa, ötən ildə bu rəqəm
502 milyon manat olmuşdur. Bu, səhiyyənin büdcəsinin səkkiz
dəfə artması deməkdir. 2008-ci ildən Səhiyyə
Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika
müəssisələrində pullu xidmət ləğv
edilmişdir ki, bu da insanların
sağlamlığının qorunması sahəsində
çox əhəmiyyətli addım sayılır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fərmanı
ilə təsdiq edilmiş ikinci dövlət proqramında
göstərilmişdir ki, səhiyyə sahəsində
regional inkişaf siyasətinin başlıca məqsədi əhalinin
sağlamlığının
yaxşılaşdırılmasından, orta ömür
müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin
keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən
ibarətdir. Bu yöndə gerçəkləşdirilən
layihələr fərəh doğurmaya bilməz. Təkcə
ötən il 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi
tikilib istifadəyə verilmişdir. Səhiyyə
islahatları təkcə yeni müəssisələrin
inşası, qabaqcıl tibb avadanlıqlarının
alınması ilə bitmir. Son illərdə bu sahədə
çalışanların əmək haqları bir neçə
dəfə artırılmışdır.
Ölkəmizin cənub
bölgəsində də səhiyyənin inkişafı ilə
bağlı mühüm addımlar atılır. Ölkədə
ilk dəfə məhz Lənkəranda Avropa standartlarına
uyğun müasir müalicə-diaqnostika mərkəzi tikilərək
istifadəyə verilmişdir. Mövcud xəstəxanalar əsaslı
təmir edilmişdir. Yardımlı və Lerik mərkəzi
rayon xəstəxanaları buna gözəl nümunədir.
Masallı MRX-da bu işlər davam edir. Rayonumuzda regional təcili
yardım stansiyasının, Lənkəranda əlillərin
regional bərpa mərkəzinin, uşaq-sağlamlıq mərkəzinin,
perinatal mərkəzin, Biləsuvarda regional ana və uşaq mərkəzinin,
Cəlilabadda bölgə üzrə ikinci müalicə-diaqnostika
mərkəzinin yaradılması əyalət səhiyyəsinin
inkişafına daimi qayğının nəticələridir.
Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun Masallıda yaradılmış filialı
bütün bölgəyə xidmət edir. Ağ ciyər xəstəlikləri
dispanseri regional dispanser statusu ilə işləyir.Tibb
ocaqlarımızda bir çox beynəlxalq proqramlar uğurla
reallaşdırılır.
Bu il aprelin 29-da Cəlilabadda
yeni müalicə-diaqnostika mərkəzinin
açılışında iştirak edən möhtərəm
Prezidentimiz İlham Əliyev dövlət siyasətinin təməlində
insana münasibət və qayğı durduğunu
vurğulamışdır: "Demək olar ki, bütün
bölgələrdə artıq yüksək tibbi xidmət
göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində
belə gözəl şərait olsun. Belə olarsa, onda, biz
demək olar ki, səhiyyə sahəsindəki islahatların
böyük hissəsini həll edə bilərik. Bu, bizim
üçün prioritet məsələdir və son illər
ərzində bu sahədə böyük investisiyalar qoyulub.
Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır".
Ötən ay rayonumuzda
tibb işçilərinin peşə bayramına həsr
olunmuş mərasimdə məruzə ilə
çıxış etdim. Qeyd etdim ki, Masallının 1130 nəfərlik
tibb işçisi heyəti yaradılan şəraitdən səmərəli
istifadə edərək xidmətin səviyyəsini günbəgün
yaxşılaşdırmağa və bununla da əhalinin
ağxalatlılara inamını daha da artırmağa
çalışır. Ümumdünya Səhiyyə Təşkilatının
rayonumuza gəlmiş ekspertləri mərkəzi xəstəxanada
doğuşa yardım xidmətinin təşkilini müsbət
qiymətləndirmişlər. Kollektivimiz QİÇS-ə,
vərəmə qarşı ciddi mübarizə aparır.
Xroniki böyrək çatışmazlığı olan 29 xəstəyə
həftədə iki-üç dəfə olmaqla Lənkəran
Müalicə Diaqnostika Mərkəzində dövlət
hesabına hemodializ aparılır. İmtiyazlı xəstələrə
tibbi xidmət də həkimlərimizin diqqət mərkəzindədir.
Onlara, habelə qaçqın və məcburi
köçkün ailələrinə qayğını ilbəil
artırırıq. Təkcə ötən il bu qruplardan
olanlara rayonumuzda 216 min manatadək müxtəlif dərman
preparatı verilmişdir. İstər Səhiyyə Nazirliyi,
istərsə də rayon rəhbərliyi səviyyəsində
uğurlar qazanmağımıza hər cür dəstək
verilir...
İndiki şəraitdə
tibb işçilərinin qarşısında böyük vəzifələr
durur. Xəstələrə qarşı daha
qayğıkeş və həssas olmalıyıq. Xaricdən
gətirilmiş ən müasir cihaz və avadanlıqlarla
yüksək peşəkar səviyyədə işləməyi
dərindən öyrənməliyik. Biz həmkarlar
ittifaqı təşkilatlarının təmsilçiləri
isə hər bir kollektivdə işçilərin mənafeyini
müdafiə etməklə bərabər, əmək şəraitinin
yaxşılaşdırılması, əmək
intizamının möhkəmləndirilməsi, işçilərin
maddi və mənəvi həvəsləndirilməsi, əmək
və istirahətinin təşkili məsələlərini
lazımınca həll etməliyik. Bundan ötrü həmkarlar
ittifaqı orqanlarının qabaqcıl təcrübəsini
öz işimizdə uğurla tətbiq etməyə
çalışırıq.
Nazir RUFULLAYEV
Xalq qəzeti.- 2010.- 27 iyul.- S. 5.