Söz və mətbuat
azadlığı Azərbaycanda demokratiyanın mühüm göstəricisidir
Mətbuata dövlət qayğısı demokratik
prinsiplərin inkişafının təzahürüdür
Prezident İlham Əliyevin
Azərbaycan milli mətbuatının 135 illik yubileyinin
keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamı
müstəqil mətbuatımızın inkişafına
dövlətin yüksək səviyyədə qayğı
göstərməsindən xəbər verir. Bu sərəncamdan
irəli gələn vəzifələrlə əlaqədar
yerlərdə tədbirlər keçirilmiş, jurnalistlərə
mükafatlar, fəxri adlar verilmiş, bir sıra kütləvi-informasiya
vasitələrinə maliyyə yardımı göstərilmişdir.
"Əməkdar jurnalist" fəxri adına layiq görülmüş jurnalistlər dövlətin mətbuat və söz azadlığının inkişafına yüksək qayğısından məmnunluqla söhbət açdılar.
Dağbəyi İSMAYILOV, AzərTAc-ın
baş direktorunun müavini:
- Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il 21 iyul tarixli sərəncamı ilə sadə jurnalist əməyimə yüksək qiymət vermişdir. Məni "Əməkdar jurnalist" fəxri adına layiq gördüyü üçün dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, fəxri adlara və təltiflərə layiq görülmüş həmkarlarımı təbrik edirəm.
Qırx ilə yaxındır ki, çətin və şərəfli jurnalist peşəsində çalışıram. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandığını qocaman jurnalistlər daha aydın görürlər. İstər-istəməz daha enerjili, lakin senzura təzyiqinə məruz qaldığımız illəri təəssüflə xatırlayırıq. Kaş jurnalistə, mətbuata yaradılmış indiki imkanlar o zaman olaydı! İndi jurnalistlik fəaliyyəti ilə məşğul olmağa nə var ki?! Xüsusilə ulu öndərin vaxtında qəbul olunmuş çoxsaylı qanunlar söz, fikir və mətbuat azadlıqlarının təminatına və hüquq müstəvisində tənzimlənməsinə sivil imkanlar yaratmışdır. Ümummilli lider jurnalist əməyinə böyük hörmətlə yanaşır, həqiqətlərin geniş xalq kütləsinə çatdırılmasında KİV-lərin əvəzsiz vasitə olduğunu nəzərə alır, "dördüncü hakimiyyət" nümayəndələrini cəmiyyətin aparıcı qüvvəsi hesab edir, onların qaldırdıqları problemlərə həssaslıqla yanaşırdı. Təsadüfi deyildir ki, milli mətbuatın inkişafındakı misilsiz xidmətlərinə görə Prezident Heydər Əliyev 2002-ci il martın 22-də "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Ümummilli liderin ölkə mətbuatına göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" mətbuat-dövlət münasibətlərinin tənzimlənməsini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" dövlətimizin başçısının fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımdır. Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 10 iyun tarixli sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.
Həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə qorunduğu tolerant və plüralist ölkə kimi tanınır. Ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Peşə etikasını, mənəvi-əxlaqi dəyərləri aşmayan obyektiv tənqid bütün səviyyələrdə qəbul olunur.
Ölkə rəhbərliyinin KİV-lərin inkişafına göstərdiyi diqqət və qayğı milli mətbuatımızda özünəməxsus yeri olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) də fəaliyyətinə öz əhəmiyyətli təsirini göstərmişdir.
Prezident İlham Əliyevin AzərTAc-ın əməkdaşlarının yüksək fəxri adlara və təltiflərə layiq görülməsi barədə 2010-cu il fevralın 26-da imzaladığı sərəncamlar, eləcə də AzərTAc-ın 90 illik yubileyinin geniş qeyd olunması buna əyani sübutdur. Dövlətimizin başçısının AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında 2010-cu il 22 aprel tarixli sərəncamı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mətbuatın fəaliyyətinin yüksək qiymətləndirilməsinə nümunədir.
Həyata keçirilmiş islahatların nəticəsində bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılmışdır.
Əməyimə verilən yüksək qiymətə görə dövlətimizin başçısına bir daha minnətdarlığımı bildirirəm.
Natiq MƏMMƏDOV, "Kaspi" qəzetinin baş
redaktoru:
- Böyük həvəslə, ruh yüksəkliyi ilə milli mətbuat gününü qeyd edirik. İyulun 22-si yalnız bizim peşə bayramımız yox, ümumiyyətlə, qəzet oxuyan hər bir şəxsin bayramıdır. Elə bir ziyalı, elə bir vətəndaş təsəvvür edə bilmirəm ki, gündəlik mətbuatı izləməsin və yaxud da orada öz fəaliyyətinin inikasını tapmasın. Bu baxımdan mətbuat gününün miqyası böyüyür, başqa sözlə desək, bu gün dövlətimizin mətbuata verdiyi qiymət əslində, bütün cəmiyyətə, geniş ictimaiyyətə göstərilən münasibətdir.
Mətbuat yalnız bir gün yox, həmişə dövlətin diqqət mərkəzindədir. Bu fikri sübut etmək üçün çoxlu fakt sadalamaq olar. Yalnız bir məsələni vurğulayaq ki, Azərbaycan jurnalistinin cəmiyyət qarşısında başının uca olması bir tərəfdən onun vicdanlı əməyinin nəticəsidirsə, digər tərəfdən dövlətin bu vicdanlı əməyi yüksək qiymətləndirməsindən irəli gəlir. Biz jurnalistlərin dostu ümummilli lider Heydər Əliyevin mətbuata münasibəti, bu istiqamətdə həyata keçirdiyi siyasət bu gün hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni keyfiyyət mərhələsinə keçib. Vicdanlı jurnalist, dövlətinin, Vətəninin qədrini bilən, onun tərəqqisi yolunda çalışan mətbuat işçisi həmişə layiqli qiymətini alıb. Amma bir çox parametr baxımından 135 yaşımız daha əhatəli, daha geniş miqyaslı oldu. Onlarla həmkarımız fəxri adlar və medallarla təltif olundu. 30-dan çox qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Dövlətimiz jurnalistlərin sosial problemlərinin həllini də diqqətdən kənarda saxlamadı, cənab Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı bunun bariz nümunədir. Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 5 milyon manat vəsait ayrıldı. "Gülüstan" sarayında bu sərəncamların elan edilməsi həmkarlarımızın alqışları ilə qarşılandı.
Bakımız daim gözəlləşir, ölkənin dinamik inkişafının simvoluna çevrilən paytaxtımızda müasir üslubda tikilmiş göydələnlər göz oxşayır. Bakının axşamlarında göydələnlərdən süzülüb gələn işıqlara baxdıqca istər-istəməz insanın ürəyi riqqətə gəlirdi və həmişə fikirləşirdik ki, kaş bu işıqların arasında biz jurnalistlərin də işığı görünəydi. Mətbuat işçisinin öz məvacibi ilə buna nail olması hətta ən nikbin adama belə inandırıcı görünməzdi. Bunu bizim əvəzimizdən dövlətimiz etdi. Azərbaycan dövləti jurnalistlərin işığını yandırdı. Elə yubileyimiz ərəfəsində mənzil-məişət probleminin həlli istiqamətində müxtəlif fikirlər səslənirdi, amma ən optimal yolu dövlət özü müəyyənləşdirdi. Tam cəsarətlə demək olar ki, nəinki MDB məkanında, heç Avropanın ən inkişaf etmiş dövlətlərində belə jurnalistlərin sosial müdafiəsi bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmayıb. Hətta sosial siyasəti ilə nümunə yaradan Sovet İttifaqında jurnalistlərin mənzil məsələsi bu dərəcədə yüksək səviyyədə öz həllini tapmamışdı. Bir daha vurğulamaq lazımdır ki, bütün vətəndaşlarına olduğu kimi, Azərbaycan dövlətinin jurnalistlərə münasibəti də artıq bir model kimi formalaşıb.
135 illik yubileyimizdən çıxardığımız nəticə ondan ibarətdir ki, dövlət jurnalistlərin dostu olduğunu bir daha sübut etdi. İndi növbə bizdədir. Bu diqqət bizim üzərimizə böyük məsuliyyət qoyur, bundan sonra biz bu dostluğa sədaqətli olduğumuzu öz işimizlə sübut etməliyik.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 3.