Dövlət
başçısı mətbuatımızın himayəçisidir
Azərbaycan milli mətbuatının
135 illik yubileyinin ölkəmizdə ümumxalq bayramı kimi
qeyd olunması müstəqil dövlətimizin anadilli
jurnalistikamıza yüksək himayədarlığının,
azad sözə ehtiramının daha bir təzahürünə
çevrildi. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə
milli mətbuatımızın 125 illik yubileyinin keçirilməsi
barədə sərəncamı ilə əsası
qoyulmuş ənənəni davam etdirən Prezident İlham Əliyev
2005-ci ildə 130, bu il isə 135 illik yubileylərin dövlət
səviyyəsində qeyd olunmasını təmin etdi.
Milli mətbuatımızın
budəfəki bayramı bir çox məzmunlu, unudulmaz hadisələrlə
yadda qaldı. Ölkənin bütün bölgələrində,
kollektivlərində xalqımız 135 il əvvəl Azərbaycanda
ana dilində ilk qəzet yaradılmasını önəmli
tarixi hadisə kimi xatırladı, dəyərləndirdi.
Yubiley tədbirlərində jurnalistlərin çətin, məsuliyyətli
və şərəfli zəhməti adi vətəndaşdan
tutmuş dövlət başçısınadək yüksək
qədirbilənliklə qiymətləndirildi.
Prezident İlham Əliyevin
milli jurnalistikamızın inkişafında xidmətləri
olan qələm sahiblərini dövlətin yüksək
mükafatları və fəxri adlarla təltif etməsi, mətbuat
işçilərinin sosial məsələlərinin həlli
üçün 5 milyon manat dövlət vəsaiti
ayırması, aparıcı qəzetlərin və informasiya
agentliklərinin redaksiyalarına birdəfəlik 20 min manat
maliyyə yardımı göstərməsi yubiley təntənələrinə
xoş əhval, bol sevinc gətirdi.
Təltif olunan jurnalistlər
içərisində mənim də adımın olması, əməkdar
jurnalist adına layiq görülməyim, əlbəttə,
70 yaşlı yazıçı-publisist, veteran ziyalı kimi
məni də ürəkdən sevindirdi. Təltif olunanlar
arasında xeyli yaşlı jurnalistin olması onu göstərir
ki, media təşkilatları, dövlətimiz, şəxsən
Prezident İlham Əliyev bizi də unutmayıb, illər boyu
xalqımıza sözümüzlə, qələmimizlə
xidmətimiz qədirbilənliklə qeyd olunur.
Mətbuatımıza,
jurnalistlərə göstərilən bu yüksək diqqət
və qayğı, istər-istəməz ötən onillikləri
yada saldı. Kütləvi informasiya vasitələrinin partiya,
sovet orqanları tərəfindən idarə olunduğu illərdə,
qəzet-jurnalların maddi-texniki problemləri yoluna qoyulsa da,
jurnalistlərin gərgin, çətin əməyi bir qayda
olaraq layiqincə qiymətləndirilmirdi. O vaxt zarafatla
jurnalistlər "hamını bəzəyib, özü
lüt gəzən" zümrə
adlandırılırdı. Bu praktikaya baxmayaraq, ümummilli
lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən
sonra respublika jurnalistlərinin, media kollektivlərinin bir
sıra problemlərini qısa müddətdə həll etdi.
O vaxtdan başlayaraq
jurnalistlərin mənzil-məişət şəraiti ildən-ilə
yaxşılaşdı. Qəzet-jurnallar üçün
"Azərbaycan" nəşriyyatının indiki
binası və müasir ofset mətbəə korpusu istifadəyə
verildi. Həmin dövrdə bacarıqlı jurnalistlər mətbuatda
rəhbər vəzifələrə irəli çəkildi.
Mən də o illərdə gənc jurnalist kimi dövlət
televiziyasının gənclik baş redaksiyasına və
"Azərbaycan gəncləri" kimi populyar qəzetə
ulu öndərin xeyir-duası ilə rəhbərlik etdim.
Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi,
müstəqil dövlətimizə rəhbərlik etməsi
milli jurnalistikamızda söz azadlığı prinsiplərinin
bərqərar olmasını sürətləndirdi, bir
sıra mühüm yönləri və hadisələri ilə
mətbuat tariximizin öyünclü səhifələrinə
çevrildi. Dünya miqyasında böyük siyasətçi,
nəhəng tarixi şəxsiyyət kimi tanınan Heydər Əliyev
Şərqdə ilk dəfə ölüm hökmünü
ləğv etdiyi kimi, gənc dövlətdə də KİV
üzərində senzuraya xitam verdi. Ümummilli lider
medianın bir sıra problemlərini aradan qaldırmaqla ,bəzi
jurnalistlərin arzuolunmaz hərəkətlərinə
dözümlük göstərməklə bütün
dövlət orqanlarına və məmurlara nümunə
göstərdi.
Müstəqil dövlətimizin
memarı Heydər Əliyevin jurnalistlərin dostu olması,
KİV-i himayə etməsi ənənəsini son 7 ildə
Prezident İlham Əliyev yüksək səviyyədə,
geniş miqyasda davam etdirir. Bununla, dövlət
başçısı ölkəmizdə demokratik mətbuatın
möhkəmlənməsinə dəyərli töhfələr
verir. Bunlar Azərbaycan xalqının suveren haqlarına
qovuşmasının tarixi bəhrələridir. Xoş
münasibət, ehtiram, qayğı sevinc, rəğbət
hissləri doğurmaqla yanaşı, həm də
qarşılıqlı ehtirama, borc hissinin artmasına səbəb
olur. Yubiley şənlikləri arxada qalsa da onun
yaratdığı yüksək mənəvi ab-hava, məmnunluq
və minnətdarlıq duyğuları bizi tərk etmir.
Ölkə jurnalistləri bütün bunlara görə ulu
öndər Heydər Əliyevin ölməz ruhuna rəhmət
diləyir, Prezident İlham Əliyevə dönə-dönə
təşəkkür edir.
Milli mətbuatımızın
növbəti yubileyinin misilsiz təntənələrlə
qeyd olunması jurnalistikamızın inkişafına növbəti
dəstək və təkan kimi əlamətdar oldu.
Şübhəsiz, bunlar yüksək mənəvi enerjiyə
çevrilərək jurnalistlərin söz və qələmlə
ölkəmizin tərəqqisinə xidmətini artıracaq.
Yusif KƏRİMOV
Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 3.