Səhiyyə sistemində
aparılan islahatlar insanların
sağlamlığına etibarlı təminat yaradır
Ümummilli lider Heydər
Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən
sonra ölkədə bütün sahələr üzrə əsaslı
dönüş yarandı. Müdrik şəxsiyyətin
uzaqgörənliyinin və titanik əməyinin bəhrəsi
kimi genişmiqyaslı işlərin nəticəsi olaraq səhiyyənin
inkişafı da möhkəm təməllər üzərində
quruldu. Xalqımızın sağlamlığının
qorunmasını prioritet vəzifə kimi qarşıya qoyan
ulu öndər yüksək ixtisaslı tibb kadrlarının
yetişdirilməsinə, səhiyyə müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsinə,
ən müasir tibbi cihaz və avadanlıqların gətirilməsinə
xüsusi diqqət yetirdi.
Sovet
İttifaqının süqutundan sonra müttəfiq
respublikalar arasında əlaqələr kəsilmiş, bunun nəticəsində
isə səhiyyə sahəsində də böhran
yaranmışdı. Müstəqilliyimizin ilk illərində
hakimiyyətə rəhbərlik edənlərin
naşılığı və dövlət idarəçiliyindəki
təcrübəsizliyi əhalinin
sağlamlığının qorunması sahəsində ciddi
geriliyə səbəb olmuşdu. Əhaliyə pulsuz tibbi yardım
göstərilməsi sistemi tədricən
dağılmışdı. Xalqın təkidli xahişindən
sonra ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə
gəldiyi ilk vaxtlardan ölkənin sosial-iqtisadi, elmi-mədəni
həyatında böyük canlanma yarandı. Bütün sahələrdə,
o cümlədən səhiyyədə də
sıçrayışlı inkişaf dövrü
başlandı. Yeni, müasir standartlara uyğun səhiyyə
obyektlərinin inşası start götürdü.
Respublikamızdakı tibb müəssisələrinin
çoxu yenidən quruldu, ambulator-poliklinika şəbəkələri
genişləndirildi. Kənd səhiyyə xidmətləri
yüksək inkişaf səviyyəsinə
çatdırıldı. Mərkəzdə və
respublikanın digər yerlərində yüksək
ixtisaslaşmış müasir səhiyyə mərkəzləri
istifadəyə verildi. Bütün bunlar əhalinin
sağlamlığının qorunması istiqamətində
ulu öndərimizin xalqımıza bəxş etdiyi əvəzsiz
töhfələr idi.
Səhiyyənin
mövcud potensialından maksimum səmərəli istifadə
etməklə əhalinin sağlamlığının
qorunması işini daha da yaxşılaşdırmaq məqsədi
ilə ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi tədbirlər hesabına səhiyyədə
geniş islahatlar proqramı hazırlandı. Səhiyyədə
mütərəqqi dəyişikliklərin aparılması və
yeni səhiyyə sisteminin qurulması məqsədilə
1994-cü ilin sonunda Azərbaycan Prezidenti Heydər Əliyevlə
BMT-nin YUNİSEF təşkilatının rəhbərliyi
"Əməkdaşlıq proqramı" imzaladılar. Bir
neçə il sonra - 1998-ci il martın 13-də müdrik
şəxsiyyət "Səhiyyə sahəsində islahatlar
üzrə Dövlət Komissiyasının yaradılması
barədə" sərəncam imzaladı. Aparılan
islahatlar nəticəsində əhaliyə göstərilən
tibbi xidmət keyfiyyətcə yeni mərhələyə qədəm
qoydu və getdikcə yaxşılaşdırıldı.
Bunların nəticəsi olaraq tibb müəssisələrinin
strukturu daha da yeniləşdirildi və maddi-texniki bazası
möhkəmləndirildi. Sağlamlıq və səhiyyə
göstəriciləri xeyli yaxşılaşdı, bu sahədə
maddi-texniki bazanın gücləndirilməsi ilə əlaqədar
əlavə maliyyə vəsaiti ayrıldı.
Ulu öndərin siyasi
kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz
İlham Əliyev əhalinin sağlamlığının
qorunması istiqamətində bir-birinin ardınca mühüm
əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə
nail oldu. Səhiyyənin beynəlxalq standartlar səviyyəsində
qurulması məqsədi ilə doqquz Dövlət Proqramı
təsdiq olundu və bu proqramların həyata keçirilməsinə
ciddi nəzarət olundu. Müasir dövrdə səhiyyənin
inkişafına və ən müasir ləvazimatlarla təchiz
olunması məqsədilə bu sahəyə ayrılan
büdcə vəsaitinin ildən-ilə artırılması,
tibb müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi
formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat
mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar
görülən işlər öz nəticəsini vermişdir.
Möhtərəm Prezidentimizin diqqət və
qayğısı, tövsiyələri, göstərişləri
nəticəsində səhiyyə sahəsində əldə
olunan uğurlu nəticələr Azərbaycanın
ictimai-siyasi , mədəni sosial həyatında baş verən
dəyişikliklərlə əlaqədardır. Dövlət
başçımızın məqsədyönlü fəaliyyəti
bu və ya digər dəyişikliklərin həyata
keçirilməsinə səbəb olmuşdur. Hazırda səhiyyə
ocaqlarında elə bir şərait yaradılıb ki, insanlar
xəstəxanalara böyük inamla gəlib müalicə
olunurlar. Onların sağlamlığının qorunması,
yeni səhiyyə müəssisələrinin beynəlxalq
standartlar səviyyəsində qurulmasında Heydər Əliyev
Fondunun da əvəzsiz xidmətləri xüsusi qeyd
olunmalıdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü və
bilavasitə dəstəyi ilə tikilmiş tibb mərkəzlərinin
ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə
verilməsi səhiyyəyə göstərilən
qayğının bariz nümunəsidir. Mehriban xanım Əliyevanın
səyi nəticəsində tikilmiş Tallassemiya Mərkəzi
və digər mühüm əhəmiyyətli tibb
ocaqları məhz bu bu kompleks tədbirlər sisteminə
aiddir.
Möhtərəm
Prezidentimizin diqqət və qayğısı nəticəsində
əhalinin sağlamlığının qorunması istiqamətində
bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşən
müalicə-profilaktika müəssisələrində pullu
tibbi xidmətin ləğv edilməsi də məhz bu tədbirlərdəndir.
Son illər aparılan islahatlar çərçivəsində
əldə olunan əsas nailiyyətlərdən biri də
özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu
istiqamətdə müvafiq hüquqi-normativ baza
yaradılıb. Bu, həm səhiyyənin keyfiyyətli xidmətinə,
həm də yeni iş yerlərinin yaradılmasına
böyük təsir göstərmişdir.
Xəstəxanalarda təcili
və təxirəsalınmaz cərrahiyyə xidmətinin
optimal təşkili və işinin
yaxşılaşdırılması səhiyyə
qarşısında duran ən mürəkkəb problemlərdəndir.
Aparılan islahatlar nəticəsində bu sahədə də
əsaslı dönüş yaranıb. Möhtərəm
Prezidentimiz bölgələrdə yeni tibb müəssisələrinin
inkişafına xüsusi diqqət yetirərək demişdir:
"Uzun illər idi ki, bu, çox geridə qalmış sahə
idi. 2005-ci ildən başlayaraq Azərbaycanın müxtəlif
bölgələrində ən müasir standartlara cavab verən
diaqnostika-müalicə mərkəzlərinin təməl
daşı qoyulubdur. Bir il ərzində demək olar ki, Azərbaycanın
bütün bölgələrində ən müasir
avadanlıqla təchiz edilmiş yeni tibb ocaqları
yaradılacaqdır. Bütün bunlar regionların
inkişafı deməkdir. Bütün bunlar xalqın daha da
yaxşı yaşaması deməkdir. Bu gün
respublikamızın 10-dan çox bölgəsində beynəlxalq
standartlara cavab verən müasir diaqnostika mərkəzləri
inşa edilmişdir. Tibb müəssisələrinin tikinti və
yenidənqurma işləri ilə yanaşı onların təchizat
məsələlərinə də böyük önəm
verilir. Son illər istifadəyə verilmiş müalicə
müəssisələrinin əksəriyyətində unikal cərrahiyyə
əməliyyatlarının aparılması üçün
hər cür şərait yaradılmış, Avropa, Amerika və
Yaponiya şirkətlərinin istehsalı olan müasir tibbi
avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət
göstərən tibb müəssisələrinin maddi-texniki
bazasının və təchizatının
yaxşılaşdırılması nəticəsində
rayonlardan Bakıya gələn xəstələrin sayı
ötən illə müqayisədə 30 faiz
azalmışdır..."
Dövlət
başçımızın 30 mart 2010-cu il tarixdə
imzaladığı "Ağcabədi, Beyləqan,
İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə
xidməti ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında" sərəncamının icrası ilə əlaqədar
ciddi işlər gedir, xəstəxanalarda əsaslı təmir
işləri aparılır. Əminik ki, səhiyyə müəssisələrində
aparılan əsaslı təmirdən, yenidənqurmadan sonra əhaliyə
daha yüksək səviyyədə tibbi xidmət göstəriləcək.
Biz həkimlər dövlət başçımızın səhiyyəyə
göstərdiyi yüksək diqqət və qayğıdan
daha da ruhlanaraq, əhaliyə daha yaxşı tibbi xidmət
göstərmək üçün bütün imkanlardan
istifadə edəcəyik.
Əhədağa SOLTANOV
Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 5.