Azərbaycan Prezidenti mətbuatımızın təəssübkeşidir

 

"Əməkdar jurnalist" fəxri adı alacağımı gözləmirdim. Mənim üçün bu, sözün həqiqi mənasında sürpriz oldu. Çünki bizim qurumdan başqa adlar təqdim olunmuşdu. Digər tərəfdən, "Əməkdar jurnalist" fəxri adını alanlar arasında ən gənc media nümayəndəsi mən idim. Bu yaşda bu adı alacağımı gözləmirdim. Ona görə də çox təşəkkür edirəm ki, az-çox Azərbaycan mətbuatı üçün göstərdiyim xidmət bu cür yüksək qiymətləndirildi. Digər həmkarlarımla bərabər mənim də təltif olunmağımı, ümumilikdə, biz media nümayəndələrinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirirəm.

Həqiqətən də bu il Azərbaycan mətbuatının 135 illiyi yüksək səviyyədə qeyd olundu. Yubileylə bağlı cənab Prezident İlham Əliyevin sərancam imzalaması, Prezident Administrasiyası tərəfindən tədbirlər planının təsdiqlənməsi və bütün ölkə miqyasında geniş tədbirlərin keçirilməsi, yəni bütün ölkədə mətbuatın keçdiyi yolun müzakirə mövzusu olmasının özü dövlətin mediaya diqqətinin göstəricisidir. Ancaq təəssüf ki, zaman-zaman bəzi beynəlxalq qurumlar və ayrı-ayrı şəxslər, guya, Azərbaycanda mətbuatın nüfuzdan düşdüyünübunun səbəbi kimiona dövlət tərəfindən əhəmiyyət verilmədiyi göstərilirdi. Azərbaycan Prezidentinin mətbuatla bağlı son sərancamları isə göstərdi ki, bu fikrin heç bir əsası yoxdur. Ölkəmizdə mətbuatın demokratiyanın, söz və məlumat azadlığının, ümumilikdə cəmiyyətin inkişafında oynadığı rola dövlət səviyyəsində çox yüksək qiymət verilir. Bu, həm real işdə, həm də ölkə rəhbərliyinin açıqlamalarında özünü göstərir. Məsələn, cənab Prezident Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşündə bir daha bildirdi ki, o, Azərbaycanda müstəqil mətbuatın olmasında maraqlıdır. Bütün bu diqqət və yardımlar ona görədir ki, mətbuat müstəqil olsun, siyasi cinahlardan, siyasi maraqlardan uzaq olsun. İqtisadi cəhətdən heç kimdən asılı olmasın və necə deyərlər, özü öz ayaqları üstündə dayana bilsin. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olmayan mətbuat, siyasi cəhətdən də azad olacaq.

Dövlət başçısının milli mətbuatımızın 135 illiyi ilə bağlı imzaladığı sərəncamlarda son dərəcə önəmli olan iki məqama da toxunmaq istərdim. Birincisi ondan ibarətdir ki, cənab Prezident Azərbaycan mətbuatının çoxdan arzuladığı bir məsələyə aydınlıq gətirdi, daha doğrusu çox mühüm bir problemi həll etdi. Bu, mətbuat işçilərinin evlə təmin olunması məsələsidir. Cənab Prezident milli mətbuatımızın inkişafında davamlı dəstəyin təmin edilməsi, həmçinin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sərəncamla jurnalistlərə yaşayış evlərinin tikilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat həcmində vəsait köçürülməsini təmin etdi. Bu, çox mühüm bir hadisədir. Ona görə ki, bu gün əksər qəzetlərdə jurnalistlərə verilən maaşlarla onların ev alması və ya tikdirməsi çətindir, bəlkə də mümkün deyil. Ancaq Prezidentin sərancamı ilə jurnalistlərin böyük əksəriyyətinin ev problemi həll olunacaq. Ümumiyyətlə, mən hansısa bir ölkədə bu şəkildə jurnalistlərə diqqət yetirildiyi faktı ilə qarşılaşmamışam. Bunu mən müsbət, həm də humanist bir addım kimi dəyərləndirirəm. Çünki dövlətin jurnalistlərə ev tikmək kimi bir vəzifəsi yoxdur. Yenə də deyirəm, bu, jurnalistlərin və jurnalistikanın iqtisadi asılılıqdan xilas olması üçün dövlət səviyyəsində atılan bir addımdır.

Ölkə rəhbərinin imzaladığı sərəncamların müsbət cəhətləri və cəmiyyətə verdiyi müsbət mesajlardan biribundan ibarətdir ki, ənənəyə sadiq olaraq bu il də cənab Prezident mətbuat nümayəndələri arasında siyasi cinah fərqi qoymadı. Təltif olunanlar arasında hökumətə qarşı ən radikal mövqedən çıxış edən, hətta bəzən peşə etikası qaydalarını pozan media qurumlarının nümayəndələri də var. Bundan başqa, birdəfəlik yardım ayrılan media qurumları arasında müstəqil və hökumətə yaxın media olduğu kimi, həm də müxalifət mətbuatı da var. Bununla da cənab Prezident həm də cəmiyyətə o mesajı verdi ki, onun üçün Azərbaycan mətbuatı bir institut kimi mövcuddur, onun siyasi cinahlara ayrılmasını qəbul etmirsiyasi cinahlardan qopmasını, xilas olmasını istəyir. Bu, həm də dövlət başçısının vaxtilə "Mən mövqeyindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşının Prezidenti olacağam" vədinin real həyatda təcəssümüdür.

Həqiqətən də 20 min manat indiki şəraitdə yazılı media üçün bayram töhfəsidir, yüksək məbləğdir. Mən hesab edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycan mətbuatı artıq müstəqil struktur kimi formalaşmağa çalışmalıdır. Biz elə etməliyik ki, artıq bu problemləri özümüz həll edək, reklam bazarı formalaşdıraq, yaradılan imkanlardan faydalanaq və peşəkarlığımızı artıraq. Növbəti mərhələdə Azərbaycanda seçmə üsulu ilə, yəni necə deyərlər, təbii seçmə üsulu ilə elə media qurumları qalmalıdır ki, biz 140 illiyə, 150 illiyə möhkəm təməllər üzərində formalaşan, iqtisadi cəhətdən güclü olan böyük media qurumları ilə irəliləyək. Bu məsələdə Azərbaycan dövləti üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Azərbaycan mediası da təşəbbüskarlığını davam etdirməli və ümumi inkişafımız naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

 

 

Vüsalə MAHİRQIZI

 

Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 2.