Yüksək fəxri adlar məsuliyyət hissini daha da artıracaq

 

İyulun 22-də səhər tezdən Mətbuat Şurasından zəng çaldılar ki, təcili Bakıya gəlməlisən, axşam "Gülüstan" Sarayında keçiriləcək tədbirə dəvətlisən. Həmin gün Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının da Milli mətbuatın 135 illiyi ilə əlaqədar yerli media orqanlarının əməkdaşları ilə görüşü vardı və orada mənim çıxışım nəzərdə tutulmuşdu. Bu işi şöbə müdirimizə həvalə edib, təcili əyalət şəhərindən paytaxta yollandım.

Yolboyu həyatımın son 30 illik səhifələrini bir daha vərəqlədim. Kasıb bir kişinin oğluydum, buna görə də bir çoxları o dövrün ən sayılıb-seçilən jurnalistika fakültəsinə daxil olmaq istəyimi uşaq sadəlövhlüyü kimi qəbul edirdi. Mən isə inanırdım ki, universitetə qəbul olunmaq mümkündür. Çünki şəhərdə ən yaxşı təhsil verən 3 saylı orta məktəbi bitirmişdim, "qızıl medal" almasam da, əksər fənlərdən və imtahanlardan "əla" qiymətlərim vardı. Amma, içimdə bir təlaş, narahatlıq yaşanırdı. Məktəb yoldaşlarım deyirdilər ki, "bərkgedən fakültələr" vəzifəlilərin, pulluların uşaqları üçündür.

Atamın (o zavodda elektrik montyoru işləyirdi, bir də fotoqraf kimi şəkil çəkməklə qazandığı para ilə ailəmizi dolandırırdı) orta təhsili vardı, gənc yaşında partiyaya qəbul olunmuşdu, ölkənin həyatında baş verən bütün prosesləri diqqətlə izləyirdi. O, bir gün mənə dedi ki, əgər səni imtahanda kəssələr, gedəcəyəm Heydər Əliyevin yanına: "Özü deyib ki, varlıların, imkanlıların uşaqlarının qanunsuz yolla hüquqa, jurnalistikaya qəbul olunmasına imkan verməyəcək".

Atamın ölkə başçısının yanına getməsinə ehtiyac qalmadı. Mən maddi durumumuzun çətinliyini nəzərə alaraq qiyabi təhsili və işləməyi üstün tutdum. 1980-ci il iyul ayının 10-da "Mingəçevir işıqları" qəzetində korrektor kimi əmək fəaliyyətinə başladım. Ta 1991-ci ilə qədər bu qəzetdə çalışdım. Sonrakı illərdə respublika miqyaslı qəzetlərin ("Səda", "Ülfət", "Həyat") müxbiri oldum.

1999-cu ilin əvvəlində qəzet açmaq fikrinə düşdüm. O vaxt Mətbuat və İnformasiya Nazirliyi lisenziya verirdi, Ədliyyə Nazirliyində isə qeydiyyat aparılırdı. Ümumi şöbədə çalışan xanım rəflərə yığılmış saysız-hesabsız qovluqları mənə göstərib: "Bilmirəm, hələ nə qədər, neçə il gözləməli olacaqsan"-dedi. Amma baş idarə rəisi ilə görüşümdə prezidentə müraciət edəcəyimi deyəndən bir neçə gün sonra məni lisenziyanı götürmək üçün nazirin yanına çağırdılar.

Ulu öndərimiz Heydər Əliyevlə görüşüm isə 2002-ci ilin yayında, mətbuat bayramı münasibətilə keçirilən tədbirdə oldu. O zaman başçılıq etdiyim qəzetə yerli icra hakimiyyəti orqanları informasiya almaqda maneçilik törədirdilər. Məsələni ölkə başçısı qarşısında qaldırdım. Ümummilli liderimiz Heydər Əliyev müvafiq qurumlara dərhal tapşırığını verdi. Görüş Azərbaycan televiziyası ilə birbaşa yayımlanırdı. Səhərisi gün Mingəçevirə qayıdanda fərqli mənzərə ilə üzləşdim. Bağlı qapılar artıq üzümüzə açılmışdı.

Növbəti problemimiz 2006-cı iln sonunda, redaksiyaya məxsus qeyri-yaşayış sahəsinin özəlləşdirilməsiylə bağlı oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciətimizdən sonra anlaşılmazlıq aradan qaldırıldı. Biz həmin sahədə redaksiyanın poliqrafiya sexini, regional media mərkəzini və nəhayət, insanlara pulsuz kompyuter biliklərinə yiyələnmək və internetdən istifadə etmək imkanı verən icma məlumat mərkəzini açdıq.

Bütün bunları ona görə xatırlayıram ki, mənim 30 illik jurnalist həyatımda Heydər Əliyevin və onun siyasi varisi İlham Əliyevin silinməz izləri var. Sadə fəhlə balasının bu gün nəinki şəhər, hətta respublika miqyasında qəbul olunması, iş qurması ölkədəki sabitlik və inkişafla, müstəqil dövlətimizin mətbuatımıza, azad sözə qayğısıyla bağlıdır. Əslində qazanılan uğurları hamı, o cümlədən jurnalistlər qorumağa borcludur. Bu uğurların kökündə isə dünya xəritəsində kiçik görünən Azərbaycanın böyük dövlətçiliyi durur. Mətbuat Şurasının yeni banasının açılışında iştirak edən, mətbuatın problemlərinə toxunan və qarşımızda duran vəzifələri izah edən hörmətli Prezident cənab İlham Əliyev bir daha xatırlatdı ki, Ermənistanla müharibə şəraitində yaşadığımız üçün insanlarda vətənpərvərlik hissinin artırılmasında media daha çox səy göstərməlidir. Bununla bağlı layihələrə Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun kifayət qədər vəsait ayıracağını düşünürəm. Eyni zamanda, bölgələrdə nəşr olunan həftəlik qəzetlərə də bu müsabiqələrdə iştirak etmək imkanı yaradılacağına əminəm.

On bir ildir ki, "Mingəçevir işıqları" müstəqil qəzet kimi fəaliyyət göstərir. İlk aylar hətta bir kompyuteri də olmayan redaksiya hazırda zəngin maddi-texniki bazaya malikdir. Müəyyən çətinliklərimiz olsa da, həvəsdən düşmürük. Milli mətbuatımızın 135 illiyi ilə əlaqədar təltif olunan jurnalistlər içərisində mənim adımın olması, başçılıq etdiyim kollektivdə böyük ruh yüksəkliyi yaradıb, işimizə mənəvi stimul verib. Eyni zamanda, yaşadığım və işlədiyim şəhərə uzun illərdən sonra əməkdar jurnalist adının mənim şəxsimdə qayıtması (Sovetlər dövründə bu mükafata "Mingəçevir işıqları"nın keçmiş redaktoru, mərhum Fidail Abdullayev layiq görülmüşdü) ictimaiyyətin məmnunluğuna səbəb olub. Prezidentin milli jurnalistikamızın inkişafında xidmətləri olan qələm sahiblərini dövlətin yüksək mükafatları və fəxri adlarla təltif etməsi, mətbuat işçilərinin sosial məsələlərinin həlli üçün 5 milyon manat vəsait ayırması, aparıcı qəzetlərə 20 min, informasiya agentliklərinə 10 min manat birdəfəlik maliyyə yardımı göstərməsi mingəçevirlilərdə də dərin razılıq hissi doğurub. Redaksiyamıza daxil olan müraciətlərdə Azərbaycan mətbuatına, o cümlədən bölgə nəşrlərinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə olunur.

 

 

Fərman NƏBİYEV

 

Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 2.