Xətai rayonu: uğurlar davamlı inkişafdan xəbər verir

 

 

Dünən Xətai Rayon İcra Hakimiyyətində 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı keçirildi. Yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirəsində qaldırdığı məsələlərə toxunaraq dedi:

- Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyllər davam etmişdir. Bu onu göstərir ki, həqiqətən Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilməsi ölkəmizi nəinki regionda həm də dünyada sürətlə inkişaf edən ölkələr sırasına çıxarmışdır. Bunun parlaq göstəriciləri 2010-cu ilin birinci yarısında da öz əksini tapmışdır. İlin ilk altı ayında iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir ki, bunun 2,4 faizi neft sektorunun, 15,3 faizi isə qeyri-neft sektorunun payına düşür. Bu müddətdə əhalinin pul gəlirləri 9 faiz artmış, inflyasiya 4,9 faiz təşkil etmişdir.

R.Məmmədov dövlət başçısının praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan bir çox regional sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, iqtisadiyyatın idarə edilməsində tətbiq etdiyi çevik mexanizmlər və bu istiqamətdə qəbul etdiyi prisipial və qəti qərarları sayəsində artıq Azərbaycanda milli mənafelərə və sosial rifaha xidmət edən milli iqtisadi inkişaf modelinin formalaşdırdığını bildirərək dedi:

- Bu gün ölkə sənayesinə qoyulan 3,8 milyard dollar sərmayənin 3 milyard dolları daxili sərmayələrdir. Azərbaycanda orta aylıq əmək haqqı 400 dollar, orta pensiyaların həcmi 130 dollardır. Təkcə bu ilin altı ayında ölkəmizdə 36 min yeni iş yeri açılmışdır.

Prezident cənab İlham Əliyev "biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin", deməklə bizim icra strukturları, idarə və müəssisə rəhbərləri qarşısında daha böyük vəzifələr qoyur.

Sonra natiq Xətai rayonunda görülən işlərə toxunaraq dedi:

- 2010-cu ilin birinci yarısında rayonumuzun da iqtisadi göstəriciləri xeyli yaxşılaşmış, görülən abadlıq və quruculuq işlərinin həcmi genişlənmiş, uğurlu nəticələr əldə olunmuşdur. Cari ilin yanvar-iyun aylarında məhsul istehsalı və xidmət sahələri dinamik inkişaf etmiş və sosial məsələlər uğurla həll olunmuşdur. İstehsal edilən məhsulun və göstərilən xidmətin həcmi 130 faiz, pərakəndə əmtəə dövriyyəsi 100 faiz təşkil etmiş, pullu xidmətlərin həcmi isə 8 faiz artmışdır.

Fiziki şəxslərin fəaliyyətinin genişlənməsi istehlak mallarının satışının və göstərilən xidmətlərin həcminin artması ilə nəticələnmiş, rayon əhalisinə ilin eyni dövründəkindən 7,2 faiz çox iaşə xidmətləri göstərilmiş, 2 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Tikintidə istifadə olunan investisiyanın 92,3 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilmiş, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 62,2 faiz çox olmuş, həmin təşkilatlar tərəfindən əsaslı təmirin həcmi 2 dəfə, cari təmirin həcmi isə 7,2 dəfə artırılmışdır.

2003-cü il oktyabrın 1-dən bu il iyulun 1-dək rayonda 17864-ü daimi olmaqla 18070 yeni iş yerləri açılmışdır. Bu ilin 6 ayında isə yeni yaradılan iş yerlərinin sayı 2010 olmuşdur.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, onların sosial müdafiəsi məsələləri gündəlik nəzarətdə saxlanılmış, ünvanlı sosial yardımla əlaqədar komissiyanın işinə nəzarət artırılmışdır. Pensiyaçılara, əlil və şəhid ailələrinə, digər hüququ olanlara pensiya və müavinətlərin vaxtında çatdırılmasına nəzarət artırılmış, bununla bağlı yaranan hər hansı bir problem aidiyyatı dövlət orqanları ilə birgə operativ həll edilmişdir.

Məruzədə qeyd olundu ki, rayonun abadlaşdırılması ilə əlaqədar başlanmış quruculuq işləri ilin I yarısında da davam etdirilmişdir. Yusif Səfərov küçəsindəki yaşayış binalarının fasadlarının üzlük daşla üzlənməsi, eyvanların klassik formada tökmə üsulla hazırlanmış məhəccərlərlə quraşdırılması, Zığ yolu 1b saylı 9 mərtəbəli yaşayış binasının, həmçinin bu yaşayış binalarının dam örtüyündə yerləşən bütün tüstü borularının alkoponla üzlənməsi, M.Hadi və Zığ yolu küçələrində, Gəncə prospektində 9 mərtəbəli 12 yaşayış binasının fasadlarının əsaslı təmiri artıq başa çatdırılmışdır. Nobel və Babək prospektlərində aparılan əsaslı yenidənqurma işləri də tamamlanmış, Xocalı prospektində üzlük daşla üzlənən binada işlər yekunlaşmaq üzrədir.

Bu müddətdə Yusif Səfərov və Zığ yolu küçələrində piyada yollarına plitələr döşənmiş, hər iki yol kənarında yaşıllıqlar yaradılaraq minlərlə müxtəlif növ dekorativ gül kolu və ağac əkilmişdir.

Üzlük daşla üzlənmiş bütün yaşayış binalarının fasadlarının işıqlandırılması layihəsi də uğurla başa çatdırılmışdır. İndi şəhərimizin mərkəzi küçələrindən biri olan Yusif Səfərov küçəsində inşa olunan müasir yeraltı keçid burada əlavə gözəllik yaratmaqla yanaşı, çoxsaylı insanların ətrafdakı iki orta ümumtəhsil məktəbinə, dörd xəstəxanaya, bir sıra dövlət təşkilatlarına təhlükəsiz gediş-gəlişinə imkan yaradacaqdır.

Son illər əhalinin asudə vaxtının səmərəli keçməsi üçün ərazilərin abadlaşdırılması ilə əlaqədar Bakı şəhərində və regionlarda müasir parklar, meydanlar və əyləncə mərkəzləri tikilir. Bununla əlaqədar bizim rayonumuzda da gördüyümüz işlər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir. Son 4 ildə tikdiyimiz Xocalı park xiyabanı, Ukrayna dairəsi, Heydər Parkı, Zığ dairəsi yaxınlığındakı park və yaşıl örtülü guşə, Zığ yolundakı park, Y.Səfərov küçəsindəki park və digər nümunəvi həyətlər bu sahədə həyata keçirdiyimiz layihələrdəndir.

Hazırda isə Zığ yolu 38,40 və 42 saylı binaların arxasındakı 2 hektardan artıq ərazidə müasir memarlıq üslubunda yeni tikilən park kompleksi, burada quraşdırılan fəavvarə və park boyu 260 metr uzunluqda olan digər fəvvarə kompleksi, müxtəlif uşaq əyləncə elementləri, rəngarəng işıqlandırıcılar, müasir memarlıq üslubunda tikilmiş və quraşdırılmış oturacaqlar, 10 min kvadratmetrdən artıq sahədə salınmış yaşıllıqlar, xidmət sahələri, əkilmiş minlərlə gül kolu və yaradılan digər şərait nəinki təkcə rayonumuzun sakinlərinin, həm də şəhərimizin digər rayonlarının sakinlərinin də burada normal istirahətini təmin edəcəkdir.

Əhaliyə göstərilən kommunal xidmətin yüksəldilməsi ilə əlaqədar da müəyyən tədbirlər görülmüşdür. Nəticədə qış mövsümündə əhalini ən çox narahat edən istilik, qaz və işıq problemləri, yay mövsümündə isə su problemləri əvvəlki illərlə müqayisədə əsaslı şəkildə həllini tapmışdır.

İcra hakimiyyətinin başçısı küçələrin, piyada yollarının asfaltlanması ilə bağlı narahatlıq doğuran məsələlərə də toxundu və bildirdi ki, yarım il ərzində 92 min kvadratmetr məhəllədaxili yollara və səkilərə asfalt örtüyü döşənmişdir.

Natiq çıxışında Xətai rayon zəhmətkeşlərinin respublikada baş vermiş təbii fəlakət zamanı göstərdikləri vətənpərvərlikdən, rayon ərazisində ekologiya ili ilə bağlı həyata keçirilən tədbirlərdən, bayram xarakterli ictimai-siyasi hadisələrin təntənə ilə qeyd olunmasından, gənclərin hərbi vətənpərvərlik tərbiyəsindən, təhsilə xüsusi diqqət yetirilməsindən, rayon əhalisinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən də geniş və ətraflı məlumat verdi.

R.Məmmədov çıxışının sonunda yığıncaq iştirakçılarını 2010-cu ili daha böyük uğurlarla başa vurmaq üçün səy və bacarıqlarını əsirgəməməyə çağırdı.

Sonra Xətai rayon statistika idarəsinin rəisi Aydın Süleymanov, rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Əvəz İsmayılov, elektrik satışı və təchizatı idarəsinin rəisi Nemət Qasımov, Dövlət Sosial Müdafiə Fondu Xətai Rayon Şöbəsinin müdiri Ehtiram Əliyev və başqaları çıxış edərək rəhbərlik etdikləri sahədə 6 ayda görülən işlərdən danışdılar. İclasın sonunda Milli Məclisin deputatı və YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov 6 ayda görülən işlərə qiymət verərək dedi:

- Rayonda tikinti, quruculuq və abadlıq işlərinin davamlı olaraq inkişaf etdirilməsi, əhaliyə xidmətin səviyyəsinin qaldırılması, sosial rifah halının yaxşılaşdırılması bir daha onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyevin Xətai Rayon İcra Hakimiyyəti qarşısında qoyduğu vəzifə və tapşırıqlar vaxtında və məsuliyyətlə yerinə yetirilir.

Xətai rayonunu ali qanunverici orqanda - Milli Məclisdə təmsil edən bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, üz ağardan, baş ucaldan, şərəf gətirən təkcə burada söylənən nəticələr, rəqəmlər deyil. Onların canlı təsdiqi Xətai rayonunun hər addımında salınmış tikililər, parklar və müxtəlif obyektlərdə öz əksini tapır.

Çıxışımı yekunlaşdırarkən bildirirəm ki, Xətai rayonunun 6 ayda əldə etdiyi uğurlar 2010-cu ilin daha böyük iqtisadi nəticələrlə başa çatmasına zəmin yaradır. Şübhə etmirəm ki, Xətai Rayon İcra Hakimiyyətinin bütün aparatı, rayonun idarə və müəssisələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqların daha böyük uğurlarla yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 4.