Abşeron: inkişaf yeni mərhələyə qədəm qoymuşdur

 

Regionların sosial-iqtisadi inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bu sahədə ardıcıl islahatlar aparılır, dövlət proqramları qəbul edilir, abadlıq və quruculuq tədbirləri geniş vüsət alır, yeni infrastruktur sahələrinin yaradılması və köhnələrinin müasirləşdirilməsi günümüzün reallığına çevrilir. Son nəticədə görülən işlər regionlarımızdakı şəhər, qəsəbə və kəndlərin simasını əhəmiyyətli dərəcədə dəyişdirir, əhalinin sabaha inamını artırır, eyni zamanda, insanların rahatlığının təmin olunmasına gətirib çıxarır.

Azərbaycanın çiçəklənən, sosial-iqtisadi cəhətdən ardıcıl inkişafda olan ölkəyə çevrilməsi ideyası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən reallaşdırılmağa başlayıb. Sonrakı illərdə Prezident İlham Əliyev bu ideyanı dönmədən həyata keçirməkdədir. Hazırda istər paytaxt Bakı şəhərinin, istər rayon mərkəzlərinin, istərsə də qəsəbə və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu fikirləri Masazır bələdiyyəsinin sədri Siyənfər Əliyev söylədi.

Bələdiyyə sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı imzalamaqla buya digər sahəyə rəhbərlik edən, cavabdehlik daşıyan hər kəsə görüləcək işlərin, aparılacaq islahatların konkret istiqamətlərini göstərmişdir. Bu ilin martında Dənizkənarı Milli Parkdakı Bakı Biznes Mərkəzində çıxışı zamanı möhtərəm Prezidentimiz vurğulamışdır ki, birinci dövlət proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir.

- Hər bir insan, hər bir təşkilat vətəndaşlar qarşısında götürdüyü öhdəliyi vicdanla, ləyaqətlə yerinə yetirmək üçün var gücünü-qüvvəsini sərf etməlidir. BizAbşeron rayonu ərazisindəki bələdiyyələrdən biri olaraq öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır, ölkəmizin çiçəklənməsi işinə töhfələrimizi verməyi özümüzə borc bilirik. Bu yaxınlarda Masazır qəsəbəsinin abadlaşdırılması və müasirləşdirilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçirmişik. Artıq Əliağa Vahid küçəsində 5 kilometrə yaxın yolun genişləndirilərək asfalt döşənməsi işini uğurla başa çatdırmışıq. Köhnə yolun enini 3 metr genişləndirərək 10 metrə çatdırmış, bu yola 9 santimetr qalınlığında asfalt döşəmişik. 4 kilometrdən çox yolun kənarlarına bardürlər düzülmüş, yolun bir tərəfi boyunca piyadalar üçün paqonometr səki düzəldilmişdir. Eyni zamanda, yolun ətraflarının müasir dünya standartlarına uyğun şəkildə qurulması işini həyata keçirərək yol kənarlarında 10 min ədəd müxtəlif növ ağac və bəzək kolları əkmişik.

Siyənfər Əliyevin dediyinə görə, abadlıq işləri aparılmış yolun 3 kilometrdən çox hissəsinin hər iki tərəfinə Daşkəsən, Ağstafa, Xaçmaz, Siyəzən, Qəbələ, Qax və Şəki rayonlarından gətirilmiş çayqaya daşları ilə 10000 kvadratmetrə yaxın bəzək vurulmuşdur. Abadlıq işlərinin tam bir panoram yaratması üçün yolların kənarlarındakı mağaza və obyektlər alkopanüzlük daşlarla bəzədilmişdir. Bütün bunlarla bərabər, 95 ədəd elektrik dirəyi təmir olunaraq küçələrin işıqlandırılması təmin edilmişdir. Yol keçidlərində suların ötürülməsi məqsədilə drenajlar qurulmuşdur.

Bələdiyyə sədri bildirdi ki, qəsəbədə görülmüş abadlıq və quruculuq işləri bunlarla tamamlanmır. Son vaxtlar Heydər Əliyev Fondunun dəstəyi ilə yeni yaşayış massivində müasir standartlar səviyyəsində yeni məktəb binası, uşaq bağçası və stadion tikilərək istifadə verilmişdir. Bunlardan əlavə, son zamanlar Masazırda 1680 kilometrdən çox qaz xəttinin çəkilişinə başlanmışdır və bu işlərin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, 2010-cu ilin birinci yarısında Masazırda küçə və dalanların 15880 kilometri asfaltlanmış, 6 min kubmetr çınqıl döşənmişdir. Yaşıllaşdırma işlərinə də xüsusi həssaslıqla yanaşılan kənddə yaz mövsümündə 25 min ədəd müxtəlif növ ağac, 5200 ədəd dekorativ kol əkilmiş və becərilmişdir.

S.Əliyevin sözlərinə görə, görülmüş bütün işlər rayonun daxili imkanları və Masazır bələdiyyəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Abşeron rayon rəhbərliyi, xüsusilə RİH başçısı Zakir Fərəcov bu tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni etmişdir. Masazır bələdiyyəsi bundan sonra da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində öz töhfələrini verməkdə davam edəcək.

Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Mehdiabad qəsəbəsində də ilin birinci yarısında bütövlükdə rayonda hakim olan işgüzarlıq mühitinə uyğun olaraq abadlıq-quruculuq işləri aparılmışdır. Burada görülən işlər sırasında işlək yolun "sərhədlərini" zəbt eləyən" qeyri-qanuni obyektlərin sökülərək, qanunauyğun şəkildə yenilərinin, həm də daha baxımlı, yaraşıqlı, necə deyərlər, göz oxşayan səviyyədə tikilməsinə başlanıldığını xüsusi vurğulamağa dəyər. Artıq bu istiqamətdə qətiyyətli addımlar atılmışdır. Bəziləri "bulanıq suda balıq tutmaq asan olar" prinsipinə söykənərək bu proseslərə qara yaxmaq, ləkə salmaq niyyətinə düşsələr də, qəsəbə sakinlərinin böyük əksəriyyəti bu addımları ürəkdən alqışlayır və regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verən ölkə rəhbərinə, eləcə də cəsarətli addımlara görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq etməyi unutmur.

Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev məlumat üçün bildirdi ki, 1994-96-cı illərdə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 20, 30, 40 kvadratmetr həcmində obyekt tikmək üçün yerlər satılıb və kortəbii, plansız şəkildə tikintilər aparılıb. Hətta, o yerə çatıb ki, yolun qorunma zolağında da obyektlər tikilirdi. Məhz bu cür qanunsuzluğun nəticəsidir ki, tikilmiş ticarət obyektlərinin çoxunun heç düz-əməlli giriş-çıxışı də yoxdur. Bütün bunların haqlı olaraq qəsəbə sakinlərinin narazılığına səbəb olduğunu, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq hər bir yaşayış massivinin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq iyun ayının ortalarından əsas yolun genişlənməsinə və qəsəbənin abadlaşdırılmasının yeni mərhələsinə başlanıldı.

Qəsəbə bələdiyyəsinin sədri Ə. Nuriyev qeyd etdi ki, bu işlərin, demək olar ki, artıq yetmiş faizindən çoxu yerinə yetirilib, bəzi obyektlərdə tamamlama işləri aparılır. Qanunla müəyyənləşdirilmiş ərazilərdə tikilən obyektlər tam müasir səviyyəyə salınıb, üzlük, alkapon və bəzək daşları ilə milli ornamentlərlə bəzədilib.

Bu işlər qəsəbənin mərkəzi küçəsinin hər iki tərəfində aparılır. Bələdiyyə sədrinin məlumatına əsasən yüzə yaxın ticarət obyektində yenidənqurma işləri aparılır, iyirmiyədək obyekt isə sökülərək - qanunaarxitektura qaydalarına müvafiq olaraq yenidən tikilir.

Sözsuz ki, bu işlərin mehdiabadlıların mütləq əksəriyyətinin ürəyincə olduğunu bildirən sədr maraqlı bir məqama da toxunaraq dedi ki, daha çox razılıq eləyənlərin sırasında elə obyektləri sökülərək yenidən tikilən qəsəbə sakinləri də var.

Onlardan bəziləri ilə görüşüb söhbət edərkən deyilənlərin doğru olduğunun şahidi olduq.

 

Ülkər ORDUXANOVA:

- Bir oğlum Ağdərə uğrunda gedən döyüşlərdə 19 yaşında şəhid olub, o biri oğlum da Qarabağ müharibəsinin veteranıdır, zabitdir. Özüm də 1994-cü ilin 4 oktyabrında ulu öndərimiz Heydər Əliyevin çağırışına ilk səs verənlərdən olmuşam. Bunları ona görə deyirəm ki, biz bütün imtiyazlara malik olsaq da, qayda-qanuna əməl etməyi də özümüzə borc bilirik. O vaxtkı boşluqdan istifadə edərək kim harda nə gəldi tikirdi, indi isə dövran başqadır. Ölkəmiz güclənir, gücləndikcə də inkişaf edir. Bu inkişafa mane olmaq yox, ona yardımçı olmaq lazımdır. Belə baxanda, yolun genişlənməsinin nəyi pisdir ki? Axı hamımız bu yoldan istifadə edirik. Oturduğu budağı kəsmək heç kimə xeyir gətirməz. Mənim də mərkəzi yolun kənarında ticarət obyektim var. Onun müəyyən hissəsi sökülərək yenidən tikildi, həm də daha yaraşıqlı formada. Müqayisə aparanda fərq açıq-aşkar görünür. Buna görə də narazılıq salmaq nədi, əksinə alqışlayıram və bu işlərin axıradək yerinə yetirilməsini arzulayıram.

 

Çingiz HACIYEV:

- Qardaş, mənim də mərkəzi yolun kənarında mağazam var. Qabaq hissədən çıxıntısı var idi. O hissəni söküb lazımi ölçüdə tikdilər. Əgər bu qəsəbənin sakinləriyiksə, gərək ümumi təəssübünü də çəkməyi bacaraq, hər şeyi şəxsi maraqlarımıza qurban verməyək. İllərlə bu cür vəziyyətdə işləmişdik. Bizə bir söz deyən olmamışdı. İndi isə hamıdan qanunlara uyğun şəkildə hərəkət etməsi tələb olunur. Hər şeyə vətəndaşlıq məsuliyyəti ilə yanaşanda problemlərin öhdəsindən gəlmək də asan olur. Mehdiabadlılar qəsəbəmizin dünənini də, bu gününü də yaxşı bilirlər. Hansı vəziyyətdən bu günə gəldiyimizi də heç kim unutmayıb. Bütövlükdə Abşeron rayonunda, onun bir parçası olan Mehdiabadda tərəqqi, inkişaf göz qabağındadır, bunları görməmək mümkün deyil. Bir məsələni də deyim, bütün qəsəbə camaatı dediklərimi təsdiq edə bilər: bu yolda bəlkə də on-on beş nəfər maşın altında qalaraq dünyasını dəyişib. Yolun genişləndirilməsi həm də bu cür xoşagəlməz halların qarşısını alır. Doğma Mehdiabadı yaraşıqlı, günbəgün dəyişən, çiçəklənən şəkildə görmək hər bir mehdiabadlı kimi mənim də arzumdur, istəyimdir. Buna görə də bu istiqamətdə həyata keçirilən bütün tədbirləri dəstəkləyirəm.

 

Kərim RƏHİMOV:

- Mehdiabad qəsəbəsi son illər xeyli inkişaf edib. Bu inkişaf nəticəsində bura üz tutan, yaşamaq istəyində olan insanların sayı xeyli artıb. Əlbəttə, bu da öz növbəsində əlavə çətinliklər, problemlər yaradır, yolların, küçələrin genişlənməsini, baxımlı olmasını labüd edir. Son illər Abşeron rayonu o qədər inkişaf edib ki, baş verən dəyişiklikləri görməmək mümkün deyil. Belə bir deyim var: soruşma ki, Vətən mənim üçün edib; soruş ki, mən Vətən üçün etmişəm. Bu mənada biz hər birimiz özümüzə bu sualı ünvanlasaq, dəqiq cavabını tapmaq istəyində olsaq, o zaman vətəndaşlıq hisslərinin necə ülvi bir duyğu olduğunu anlamış olarıq. Oğullar Vətən uğrunda canlarını fəda edirlər. Beş-üç kvadratmetr yer uğrunda hay-həşir salmaq heç kimə başucalığı gətirməz. Bir ki, söhbət qanun pozuntusundan gedirsə, heç bu barədə danışmağa dəyməz. Mehdiabadın bir əsas küçəsi var. Təbii ki, orada mağazası, yaxud digər bir obyekti olmaq istəyənlər çoxdur. Mənim həmin küçədə ticarət obyektim var. Düzünü deyim ki, əlavə çıxıntılar etmişdim. İndi onlar sökülüb. Buna görə inciməyə dəyməz, qanunlara hörmət etməyi nəhayət, öyrənməliyik.

 

Kamal NAMAZOV:

- Mən də o vaxt, necə deyərlər, hamı kimi necə gəldi tikmişdim. Elə hesab edirdim ki, əsas yolun kənarındadırsa, deməli, müəssisənin nə cür olmasının o qədər də əhəmiyyəti yoxdur. Ancaq son vaxtlar mənə məxsus obyektin daha yaraşıqlı formaya salınması - təbii çay daşlarından milli ornamentlərlə bəzədilməsi əhalinin diqqətini cəlb etmək baxımından da çox effektli oldu və məndə bu qənaəti yaratdı ki, doğrudan da, hər bir yeniliyi alqışlamaq, təkan vermək lazımdır.

Ümumiyyətlə, bu barədə mehdiabadlıların əksəriyyətinin fikri məlumdur. Onlar sözün əsl mənasında qəsəbələrinin görkəminə xüsusi yaraşıq verən, hərtərəfli tərəqqisi üçün geniş imkanlar yaradan abadlıq-quruculuq tədbirlərini alqışlayırlar və inanırlar ki, ulu öndər Heydər Əliyevin xüsusi hörmətlə yanaşdığı mehdiabadlılar, Prezident İlham Əliyevin baş çəkdiyi Mehdiabad məhz buna layiqdir.

Mehdiabadla qonşuluqda yerləşən Digah kəndi haqqında da eyni xoş sözləri demək olar. Son illər burada da bir sıra işlər görülmüş, kəndarası yollar, məktəb və uşaq bağçaları təmir olunmuş, xüsusilə də bu işlərin kənd bələdiyyəsinin və icra nümayəndəliyinin birgə fəaliyyəti sayəsində gerçəkləşməsi sakinlərin razılığına səbəb olmuşdur.

Abşeron rayonunun ən get-gəlli yaşayış massivlərindən biri olan Novxanının inkişafı, günü-gündən dəyişməsi, yeniləşməsi bütün ölkə vətəndaşlarının gözləri önündə baş vermişdir desək, yəqin ki, yalan olmaz. Çünki az qala hamının yolu ildə bir neçə dəfə olsa da buradan düşür. Qeyd etmək lazımdır ki, rayonun digər kənd və qəsəbələrində olduğu kimi, Novxanının da tərəqqisi rayon rəhbərliyinin xüsusi diqqətindədir. Bununla bərabər, Novxanının abadlaşdırılmasında bələdiyyənin də xüsusi zəhməti var. Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev deyir ki, son illər müxtəlif istiqamətlərdə layihələrin gerçəkləşməsinə müvəffəq olan bələdiyyə 2010-cu ilin birinci yarısında da bu yöndəki fəaliyyətini davam etdirmişdir. Novxanıdan "bağlar" istiqamətinə gedən yol ensiz olduğuna görə 3200 metr uzunluğunda, 4 metr enində genişləndirilərək asfalt döşənmişdir.

Mərkəzi yolun ətrafında abadlıq işləri aparmaq üçün hasarların qaya daşı ilə üzlənməsinə başlanmışdır. İndiyədək 2200 kvadratmetr hasar üzlənsə də, ümumilikdə 5000 kvadratmetrin üzlənməsi nəzərdə tutulubbu davam etdirilir.

Bələdiyyə sədri bildirdi ki, "duz gölü"nün ətrafındakı yol ensiz olduğuna görə oradan keçən 2500 metr uzunluğunda dəmir boru plasmas borularla əvəz edilmiş, yolun enlənməsi üçün hazırlıq işləri aparılmışdır. Bundan əlavə, kəndarası yolların da asfaltlaşması üçün tədbirlər planı hazırlanmışdır. Bütün bu işlərin rayon rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında formalaşdırıldığını deyən Ş. Tağıyev əlavə etdi ki, 2005-ci ilin ikinci yarısından başlayaraq Abşeron rayonunda geniş vüsət almış dinamik inkişaf keyfiyyətcə mərhələyə qədəm qoymuşdur. Çünki Prezident İlham Əliyevin imzaladığı, müddəalları bir-biruğurla gerçəkləşdirilən dövlət proqramları xüsusilə regionların, paytaxtdankənar yaşayış massivlərinin dirçəlişini nəzərdə tutur. Abşeron rayonunun bütün kənd və qəsəbələri, eləcə də Xırdalan şəhəri 2010-cu ilin birinci yarısını da ötən illərin eyni tempi ilə başa vurmuşdur. Biz yalnız bu gün üçünün - Masazırın, Mehdiabadın və Novxanının timsalında qısa da olsa görülmüş işlərə nəzər salmağa çalışdıq. Bu isə bir şeyi dəqiqləşdirməyə imkan verdi: dövlət başçısının diqqət və qayğısından ruhlanan abşeronlular ölkəmizin daha firavan sabahı üçün yenə də birincilər sırasındadır.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 5.