Türk ədəbiyyatına töhfələrinə görə "Ali xidmət medalı"

 

Ötən ay - iyunun 3-də Türkiyədə fəaliyyət göstərən Dünya Azərbaycanlı Yazarlar Qurumunun internet səhifəsində tanınmış ədəbiyyatçı və şair, "Təşəbbüskar Ədəbiyyat və Sənət Adamları Cəmiyyəti"nin baş katibi Əminə Sevinc Öksüzoğlunun "Azərbaycan ədəbiyyatı" adlı mükəmməl bir təhlili yazısını oxumuşdum. Sonra bu silsilədən olan yazılar davam etdi. Ünlü sənət adamı Sayman Aruzun rəhbərliyi və təşkilatçılığı ilə ərsəyə gələn bu internet saytı təkcə azərbaycan ədəbiyyatına deyil, ümumilikdə türk dünyası mədəniyyətinə özünəməxsus töhfələr verir.

Bu günlərdə Əminə Sevinc Öksüzoğlunun imzası ilə Bakıya göndərilən məktub və onun rəhbərlik etdiyi cəmiyyətin azərbaycanlı ziyalı, filosof-mütəkəllim Hacı Fərhad Mirzəni "Ali xidmət medalı"na layiq görməsi barədə sənədlərlə tanış olanda isə bir daha hiss etdim ki, bu xanım Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə çox dərindən tanışdır. Məhz onun təşəbbüsü ilə ötən ilin yanvar ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Türk ədəbiyyatına xidmət" mükafatına layiq görülmüşdü. Həmin ilin may ayında isə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Əminə Sevinc Öksüzoğlunun rəhbərlik etdiyi təşkilatın "Türk Dünyası Ədəbiyyatı Şərəf Ödülü"nə layiq görülmüşdü. Bu dəyərli mükafatın laureatı olan növbəti soydaşımız isə yazıçı-filosof, tanınmış mütəkəllim Hacı Fərhad Mirzədir. Soydaşımız "Şərəf Ödülü" ilə yanaşı "Ali xidmət medalı"na da layiq görülür.

Ankaradan Hacı Fərhad Mirzənin adına göndərilən məktubda göstərilir: "Türk dünyası ədəbiyyatına göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfələrə görə Sizə ən səmimi təşəkkürlərimi və ehtiramımı çatdırıram. Fəaliyyətinizin və kəlamlarınızın əhatəsinin daim genişlənməsini arzulayıram. Təşəbbüskar Ədəbiyyat və Sənət Adamları Cəmiyyətinin baş katibi Əminə Sevinc Öksüzoğlu. Ankara, 2010". "Ali Xidmət medalı"nin təqdimatında isə göstərilir ki, azərbaycanlı müəllif Hacı Fərhad Mirzə Türk ədəbiyyatına verdiyi töhfələrə görə belə ali mükafata layiq görülür.

Qeyd edək ki, Hacı Fərhad Mirzənin Ankarada Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının xətti ilə nəşr edilən "Kəlamlar" kitabı Türkiyədən başqa bir çox ölkələrdə geniş əks-səda vermişdir. Orta Asiya ölkələri, Balkanlar, Şimali Kipr, İran, İraq və Çində yaşayan türk xalqları tərəfindən maraqla qarşılanan bu kitab sonradan ingilisrus dillərinə də tərcümə edilmişdir.

 

 

Natəvan İSMAYILLI

 

Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 5.