Azərbaycanın xarici
siyasəti ölkəmizin milli
maraqlarını tamamilə təmin edir
Neft diplomatiyası və geostrateji amillər
mövqeyimizi daha da gücləndirir
Azərbaycanın
bugünkü xarici siyasətinin bütün istiqamətləri
hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimiz
və dövlət başçımız Heydər Əliyev
siyasi kursunu davam etdirərək, bu kursun əsas tərkib hissələrindən
olan xarici siyasətdə konkret mövqe nümayiş etdirir. Həmin
mövqe bundan ibarətdir: ölkənin ərazi
bütövlüyünün bərpa edilməsi, müstəqil
dövlət siyasəti yeridilməsi və nəhayət, təbii
sərvətlərdən respublikanın inkişafı,
xüsusən, milli maraqların təmin edilməsi məqsədiylə
istifadə olunması.
Həm daxili, həm də
xarici ekspertlər qətiyyətlə söyləyirlər ki,
Azərbaycanın xarici siyasəti region ölkələri arasında
ən uğurlu siyasətdir. Çünki bu siyasət
müstəqil Azərbaycana təkcə regionumuzda və
postsovet məkanında deyil, eləcə də bütün
dünyada özünəməxsus nüfuz
qazandırmışdır.
Bu gün dünyada elə
bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan orada konkret
və cəsarətli təkliflərlə
çıxış etməsin və ya rəsmi
Bakının təşəbbüsləri cavabsız
qalsın. Xüsusilə regiondakı beynəlxalq əhəmiyyətli
iqtisadi layihələrin reallaşdırılması məsələsində
Azərbaycan özünəməxsus söz sahibinə
çevrilmişdir. Bunun bir neçə səbəbi
vardır. Əvvəla, Azərbaycan 1993-cü ilin yayından
sonra müstəqil dövlət siyasəti yeritməyin
nümunəsini yaratmışdır. Bəzi gənc müstəqil
dövlətlər xarici siyasətdə "gah nala, gah
mıxa" döydükləri zaman Azərbaycan ortaya konkret
siyasi mövqe qoymuşdu.
Müəllifi ulu öndər Heydər Əliyev olan həmin mövqe ondan ibarət idi ki, biz işğalçı Ermənistan istisna olmaqla (yeri gəlmişkən, həm ulu öndərin özü, həm də Prezident İlham Əliyev dəfələrlə vurğulayıblar ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən və qaçqın-köçkünlər öz yurd-yuvalarına qaytarıldıqdan sonra biz Ermənistanla da bütün sahələrdə əməkdaşlığı bərpa edə bilərik) dünyanın bütün ölkələri və bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu şəkildə, hərtərəfli əməkdaşlığa hazırıq.
Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və heç bir ölkənin bizim daxili işlərimizə müdaxiləsinə imkan verməyəcəkdir. Azərbaycan istənilən ölkə ilə qurduğu siyasi, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı öz xalqının və dövlətinin maraqları çərçivəsində davam etdirəcəkdir. Sadaladığımız bu siyasi istiqamətlərin ardıcıllıqla və qətiyyətlə icra edilməsi gənc müstəqil Azərbaycana beynəlxalq aləmdə yetərincə nüfuz və hörmət qazandırmışdır. Hansısa xarici ölkənin vassalı kimi mövcud olan, kiminsə təbəəliyində yaşamağı şərəf sayan Ermənistan isə nəinki dünya siyasətçilərinin, hətta beynəlxalq aləmdəki erməni diaspor təşkilatlarının da gözündən düşmüş, özü haqqında "oyuncaq dövlət" obrazı formalaşdırmışdır.
İkinci, Azərbaycanın geosiyasi əhəmiyyəti, Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirən tarixi iqtisadi əməkdaşlıq yolunun üstündə yerləşməsi, xüsusən, Orta Asiyadan gələn yolların Xəzər dənizi vasitəsiylə Avropaya çıxışını təmin elə bilməsi bu ölkəyə beynəlxalq əhəmiyyətli subyekt statusu vermişdir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi son 15 ildə Azərbaycanın beynəlxalq əhəmiyyətini birə yüz artırmışdır. Bu layihələr nəinki Azərbaycanı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkələrdən birinə çevirmişdir, hətta min kilometrləri əhatə edən Şanxay- London iqtisadi əməkdaşlıq yolunun reallığa çevrilməsinə də zəmin yaratmışdır.
Üçüncü, Ermənistan başda olmaqla bir çox gənc müstəqil dövlətlərdə (yeri gəlmişkən, müstəqilliyin ilk illərində Azərbaycan da o sırada idi) ölkəyə beynəlxalq siyasətdən və dünya idarəçilik prinsiplərindən bixəbər olan siyasətçilər rəhbərlik ediblər. Çox təəssüf ki, Ermənistanda həmin tendensiya hələ də davam edir. Azərbaycanda isə 1993-cü ilin yayından sonra ölkəyə ən ali bəşəri dəyərlər səviyyəsində siyasi kurs yeridən Heydər Əliyev və onun siyasətini ardıcıllıqla davam etdirən İlham Əliyev rəhbərlik ediblər.
Bu, çox önəmli məsələdir. Çünki bu gün dünya ictimaiyyəti separatçılığı, dini, etnik ayrı-seçkiliyi, şovinizmi, militarizmi, terrorçuluğu qəbul etmir.
Ermənistanda bu gün həmin
halların hamısı
mövcuddur. Azərbaycan isə tolerantlığın,
dini dözümlülüyün,
milli azlıqların ölkədə bərabərhüquqlu
vətəndaş kimi
yaşamasının, qarşılıqlı
etimadın, mehriban qonşuluğun, daxili siyasətdə ədalətin,
xarici siyasətdə isə qətiyyətin bariz nümunəsini yaratmışdır. Bütün bunlar
beynəlxalq aləmdə
hamının xüsusi
əhəmiyyət verdiyi
məqamlardır.
Məhz bu məqamlara görə Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir. Çünki bu ölkənin
konkret siyasi mövqeyi, kəsərli lideri və zəngin təbii sərvətləri vardır.
Məhz bu səbəbləri əsas
götürən istənilən
dövlət Azərbaycanla
siyasi-iqtisadi əməkdaşlığın
genişləndirilməsinə can atır və buna nail olur.
Dünyanın əksər ölkələrinin
Azərbaycanla hərtərəfli
əməkdaşlığa xüsusi önəm verməsinin daha bir səbəbi isə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Heydər Əliyev siyasi dühasının məhsulu
olan "Əsrin müqaviləsi", həmin
müqavilədən sonra
imzalanan 30-a qədər
digər sazişlər,
əsas ixrac neft və qaz
kəmərləri, neft-qaz
ixracatının şaxələndirilməsi,
Avropanın bütün
ölkələrinin bu
məsələyə böyük
maraq göstərməsi
və bu qəbildən olan bir çox məsələlər barədə
ətraflı söz açmağa ehtiyac yoxdur. Önəmlisi odur ki, ölkəmizin neftinə və qazına maraq gündən-günə
artır. Hələ ötən
ilin dekabrında dünyanın kütləvi
informasiya vasitələri
yazırdılar ki, Hindistan şirkətlərinə
aid gəmilər Bakı-Ceyhan
kəməri ilə nəql olunan neftlə doldurularaq Aralıq dənizindən yola düşmüşlər.
Bu gün isə
artıq Hindistanın
şirkətləri deyil,
dövlətin özü
Azərbaycanla neft sektorunda müəyyən
sazişlər imzalamaq
təklifi ilə çıxış edir.
Kütləvi informasiya
vasitələri xəbər
verirlər ki, Hindistanın Azərbaycandakı
səfiri Debnat Şou iyulun 28-də azərbaycanlı mətbuat
təmsilçiləri ilə
görüşərkən deyib ki, Dehli
Azərbaycanla ticarət,
iqtisadiyyat, kənd təsərrüfatı, təhsil
və digər sahələrdə əməkdaşlıq
etməkdə maraqlıdır:
"Ancaq bizi daha çox Azərbaycanla neft-qaz sahəsində müəyyən
müqavilələrin imzalanması
maraqlandırır".
Bir sözlə, Azərbaycanın
xarici siyasəti gənc müstəqil dövlətimizə beynəlxalq
aləmdə böyük
nüfuz qazandırır. Neft diplomatiyamız
isə bu nüfuzun coğrafiyasını
genişləndirir. Yəni Azərbaycanın
sözünü deyən,
istənilən problemin
müzakirəsi zamanı
Bakının mövqelərini
dəstəkləyən ölkələrin
siyahısı gündən-günə
genişlənir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 1.