"Səs" qəzetində milli mətbuatın 135-ci ildönümü ilə əlaqədar Prezident tərəfindən imzalanmış sərəncamlardan irəli gələn vəzifələrə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir

 

İyulun 28-də "Səs" qəzetinin redaksiyasında milli mətbuatın 135-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan irəli gələn vəzifələrə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirmişdir ki, milli mətbuatın 135 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması mühüm əhəmiyyətə malikdir. Yubiley günlərində dövlətimizin başçısının imzaladığı sərəncamlarla bir çox KİV-lərə maliyyə yardımı ayrılmış, 100-dək jurnalist müxtəlif dövlət mükafatlarına layiq görülmüş, mətbuat işçilərinin mənzil-məişət probleminin həlli məqsədilə ilk dəfə olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.

İyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında şuranın idarə heyətinin üzvləri ilə görüşən Prezident İlham Əliyev onların qarşısında proqram xarakterli çıxış etmişdir. Bu çıxışda dövlətimizin başçısı milli mətbuatımızın bugünkü vəziyyətini təhlil etməklə bərabər, KİV-lərin qarşısında duran vəzifələrə də ətraflı toxunmuşdur. Azərbaycan mətbuatının bu gün ən böyük dinamika ilə inkişaf edən sahələrdən biri olduğunu diqqətə çatdıran baş redaktor bugünkü "dəyirmi masa"nın məqsədinin yubileylə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan və həmin çıxışdan irəli gələn vəzifələrin müzakirəsindən ibarət olduğunu bildirmişdir.

"Dəyirmi masa"da "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) baş direktorunun müavini Dağbəyi İsmayılov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, "Azərbaycan" qəzetinin şöbə redaktoru Xalid Niyazov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları bildirmişlər ki, "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bu gün sürətli inkişaf dövrünü yaşayır.

Azərbaycan mətbuatının xalqımızın azadlıq arzularının gerçəkləşməsinə əvəzsiz töhfələr verdiyini vurğulayan natiqlər məhz müstəqillik illərində söz və mətbuat azadlığı sahəsində mühüm nailiyyətlərin əldə edildiyini vurğulamışlar.

Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasi xətti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda mətbuat və söz azadlığına dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin iyulun 21-22-də imzaladığı sərəncamlar mətbuat kimi çətin və şərəfli sahədə çalışanların əməyinə verilən ən yüksək qiymətdir. Məhz bu sərəncamlar bütünlüklə həm redaksiyaların, həm də jurnalistlərin daha səmərəli və məhsuldar, eyni zamanda, milli-mənəvi dəyərləri yüksək tutaraq vətənpərvərlik ruhunda çalışmaları üçün geniş imkanlar açmışdır.

Qeyd edilmişdir ki, dövlətimizin başçısının bu qayğı və diqqəti böyük tarixi ənənələrə malik Azərbaycan jurnalistikasının qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılacağına, ölkəmizdə müasir, müstəqil medianın inkişafına geniş imkanlar açmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 3.