Masallıda ilin birinci yarısının yekunları müzakirə olundu

 

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin Masallı rayonunda həyata keçirilməsi ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin məruzəsi dinlənilmişdir. Natiq qeyd etmişdir ki, ölkənin iqtisadi gücünün artması hərbi sənaye sahəsində də sürətli inkişafı təmin etmiş, ordumuz modern silahlarla silahlanmış, dövlətimizin hərbi qüdrəti xeyli artmışdır.

Görülmüş tədbirlər nəticəsində Azərbaycan ordusu hərbi qüdrətini durmadan artırır və bu da haqlı olaraq işğalçı dövlətdə qorxu və təşvişə səbəb olmuşdur. Təsadüfi deyildir ki, bu gün respublikamızda dövlət büdcəsindən ordu quruculuğuna ayrılmış vəsaitin həcmi Ermənistanın dövlət büdcəsinin ümumi həcmindən artıqdır. Ölkə Prezidenti qətiyyətlə vurğulamışdır ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqlarının işğal olunması ilə barışmayacaq, ordumuz torpaqlarımızı düşmən işğalından azad etmək ücün hər an hazırdır.

Azərbaycan hökumətinin düşünülmüş iqtisadi siyasəti nəticəsində 2010-cu ilin əvvəllərindən müşahidə olunan artım meyilləri sonrakı aylarda da yüksələn xətlə müşahidə edilmişdir. Belə ki, ÜDM-in artım tempi 3,7 %, qeyri-neft sektorunda artım 15,3% olmuş, inflyasiyanın səviyyəsi 4,9 % təşkil etmiş, əhalinin pul gəlirləri isə 9 % artmışdır. Orta aylıq əmək haqqının artımı isə 5 % təşkil edərək 400 ABŞ dollarına, pensiyanın həcmi isə 130 ABŞ dollarına çatdırılmışdır. Valyuta ehtiyatlarımız 24,7 milyard ABŞ dolları təşkil edir. Cari ilin 6 ayı ərzində respublika üzrə 36 min yeni iş yeri yaradılmışdır ki, bu da son olaraq yoxsulluq səviyyəsinin azaldılmasına sərait yaradıb.

Bütün respublikamızda olduğu kimi, Masallıda da ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur. Belə ki, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 % artaraq 14,6 milyon manat olmuşdur. Ümumi məhsulun tərkibində sənaye məhsulunun həcmi 6,7 %, kənd təsərrüfatı məhsullarının həcmi 27,3 %, ticarət dövriyyəsinin həcmi 56,3 %, nəqliyyat, rabitə və digər xidmət sahələri 9,7 % xüsusi çəkiyə malikdir. Cari ilin 6 ayında sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 %, bütün maliyyə mənbələrindən tikintiyə qoyulan investisiyanın həcmi isə 56,2 % artmışdır. Kənd təsərrüfatı məhsullarının həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 %, nəqliyyat sektorunda göstərilən xidmətlərin səviyyəsi isə 5,3 % artmışdır.

Dövlət Proqramı əsasında Təhsil Nazirliyi tərəfindən rayonun Ərkivan qəsəbəsində (Bədirli məhəlləsi) 480 şagird yerlik, Digah kəndində 640 şagird yerlik orta məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Həmçinin DSMF-nun Masallı Rayon şöbəsinin yeni inzibatı binasının 2010-cu ilin iyul ayında açılışı olmuş və bina müasir avadanlıqlarla təmin olunaraq istismara verilmişdir.

Natiq daha sonra göstərmişdir ki, 2010-cu ilin ölkə Prezidenti tərəfindən "Ekologiya ili" elan olunması və bu məqsədlə ekoloji problemlərin həlli, yaşıllıqların artırılması kampaniyası çərçivəsində hesabat dövründə 14500-dən çox ağac əkilmişdir. Hazırda yeni əkilmiş ağac tingləri mühafizə olunaraq onlara mütəmadi aqrotexniki qulluq göstərilir.

2010-cu ilin 6 ayı ərzində Masallı rayon büdcəsinin gəlirləri 13370747 manata qarşı 12196418 manat və ya 91 % icra olunmuşdur. O cümlədən, yerli gəlirlər üzrə 3901128 manat proqnoza qarşı 2726581 manat və ya 70 % icra olunmuşdur. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlər 9469619 manata qarşı 9469837 manat və ya 100% icra olunmuşdur. Rayonun yerli xərcləri 13370747 manat proqnoza qarşı 10304564 manat və ya 77 % icra olunmuşdur.

Hesabat ilinin 6 ayı ərzində rayon ərazisindən keçən respublika və yerli əhəmiyyətli avtomibil yollarında cari təmir işləri yerinə yetirilmiş və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

2010-cu ilin may və iyun aylarında əsən güclü küləklər nəticəsində rayonun elektrik xətt təsərrüfatına ciddi ziyan dəymişdir. Lakin çətinliklərə baxmayaraq qısa vaxt ərzində qəzalar aradan qaldırılaraq enerji verilişi bərpa olunmuşdur. Belə ki, rayonun elektrik təchizatı sistemində 2010-cu ilin 6 ayı ərzində xətt təsərrüfatının, transformatorların təmiri və bərpası məqsədi ilə 6 ədəd yanmış transformator yenisi ilə əvəz olunmuş, 24 ədəd zədələnmiş transformatorlar təmir olunaraq yerlərində bərpa olunmuşdur.

2010-cu il rayonda qazlaşdırılmanın həyata keçirilməsi baxımından uğurlu il olmuş, Masallı şəhərinə Ərkivan QPS-dən başlayaraq 4 km uzunluğunda yeni magistral qaz kəmərinin və ümumi uzunluğu 51 km olan şəhərdaxili xətlərin çəkilişinə başlanılmışdır. Bu prosesin davamı olaraq Dövlət Proqramı çərçivəsində 2010-cu ildə rayonun Muğan zonasında yerləşən Təklə, Həsənli, Xırmandalı, Qarğalıq, Kalinovka, Qızılağac, Yeddioymaq və Şıxlar ərazilərinə qaz xətlərinin çəkilməsinə başlanılacaqdır. Bu istiqamətdə artıq layihələndirmə işləri başa çatdırılmış və qeyd olunan ərazilərdə istifadə olunacaq mal-materiallar rayona gətirilmişdir.

Hesabat dövrü ərzində şəhər mərkəzi ilə yanaşı, rayonun Muğan zonası kəndlərinin bir hissəsi də içməli su ilə təmin olunmuşdur. Yusifli su mənbəyindən Qızılağac kəndi istiqamətində kəndlərə suyun verilməsi üçün Gəyəçöl kəndindəki 500 kubmetr su tutumu olan anbarda təmir işləri başa çatdırılmışdır. Gəyəçöl və Qızılağac kəndlərini fasiləsiz su ilə təmin etmək üçün 1 ədəd nasos su mənbəsində birbaşa quyunun üzərində, digər nasos isə Gəyəçöl su anbarında quraşdırılmışdır.

RİH-in başçısı çıxışında daha sonra bildirmişdir ki, Hesabat dövründə rayonun təhsil sahəsində də islahatlar davam etdirilmiş və işində yol verdiyi ciddi nöqsanlara görə 20-yə yaxın məktəbin direktoru və təhsil şöbəsinin bir cox məsul işciləri tutduqları vəzifələrdən azad edilmişlər. Ümumtəhsil məktəblərimizdə davamiyyətin və ciddi nizam-intizamın bərpa edilməsi ücün lazımi tədbirlər bundan sonra da qətiyyətlə həyata keciriləcəkdir....

2010-cu ilin birinci yarısında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi-texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür. Rayon Mərkəzi Xəstəxanasında Doğuş şöbəsi müasir tələblər səviyyəsində əsaslı təmir edilmişdir. Şöbə müasir tibbi və digər avadanlıqlarla təmin edilmiş, perinotal xidmət tamamilə yenidən yaradılmışdır. Hazırda Təzəkənd kəndində həkim məntəqəsi üçün yeni binanın tikintisi davam etdirilir. Cari ildə Həsənli kəndində həkim məntəqəsinin əsaslı təmirinə başlanılacaqdır.

Natiq çıxışının sonunda qeyd etmişdir ki, hesabat dövrü ərzində rayon icra hakimiyyətinə 763 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 180-i vətəndaşların, 583 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində icra hakimiyyətində keçirilən qəbullar zamanı 355 nəfər şikayətçi qəbul edilmişdir, həmçinin səyyar qəbullar zamanı 50 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə təkliflər vermişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizlərin sayının artmasının əsas səbəbi 2009-cu ilin sonlarında və cari ildə baş vermiş təbii fəlakətlər (subasma və güclü küləklər) zamanı vətəndaşların fərdi təsərrüfatlarının ziyan çəkməsidir. Bu istiqamətdə də müvafiq işlər görülmüşdur. Belə ki, Masallı səhərində olan kommunal binaların dam örtuklərində cari təmir işlərinə başlanılmışdır.

Tədbirdə rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev, Masallı rayonu üzrə Maliyyə İdarəsinin müdiri Səməd Abıyev, rayon hərbi komissar əvəzi Emin Bağırov çıxış etmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 5.