Üzeyir Hacıbəylinin "Molla Nəsrəddin"də çap
olunmuş felyetonu
Bu il Azərbaycan
professional musiqisinin banisi,
dahi bəstəkar, publisist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin anadan olmasının 125 ili tamam olur.
2010-cu il fevral ayının 23-də
Prezident İlham Əliyev bununla bağlı sərəncam
imzalamışdır.
Üzeyir bəy Hacıbəylinin anadan olmasından 125 il
ötür. Amma hələ də
bu dahi sənətkarla
bağlı, onun örnək olan həyat və fəaliyyəti ilə əlaqədar bir çox faktlar layiqincə öz əksini tapmamış, dolğunluğu ilə ictimaiyyətə çatdırılmamışdır.
Zaman-zaman onlar üzə
çıxır.
Bəzi alimlərin israrla Üzeyir bəy Hacıbəyli "Molla Nəsrəddin"lə əməkdaşlıq
etməmişdir fikirləri
özünü doğrultmadı. 2007-ci ildə
"Üzeyir bəy Hacıbəyov və
"Molla Nəsrəddin"
kitabında Üzeyir bəyin
" "Molla Nəsrəddin"də
çap olunmuş yeddi felyetonunu nəşr etdirmişdik. Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaların
nəticəsində M.Hacıbəylinin
"Molla Nəsrəddin"
dərgisində dərc
olunmuş "On il"
adlı yeni bir felyetonu da
üzə çıxdı.
İndiyə qədər heç
yerdə öz əksini tapmayan bu felyetonda Üzeyir
bəyin dönə-dönə
vuğuladığı və
yaradıcılığı boyu mübarizə apardığı qadın
azadlığı məsələsindən
bəhs edilir.
"On il"
felyetonu "Molla Nəsrəddin"in 7 noyabr
1927-ci il tarixli 45-ci sayında "Bir nəfər" imzası ilə çap olunmuşdur. "Bir nəfər"
təxəllüsü Ü.Hacıbəylinin
müxtəlif illərdə
yazdığı mətbu
əsərlərində istifadə
edilmiş 67 imzasından
biridir.
Üzeyir bəyin "On il" felyetonu milli mətbuatımızın tərəqqisində
müstəsna xidmətləri
olan mahir publisistin qələmindən
çıxan dəyərli
yazılardandır. Ona görə
də bu felyetonu hörmətli oxucularımıza təqdim
edirik. Azərbaycan
Milli Kitabxanasının
əməkdaşlarına milli-mənəvi
dəyərlərimizi böyük
məhəbbətlə qoruyaraq
bizlərə çatdırdıqlarına
görə minnətdarlığımızı
bildiririk.
Səadət QARABAĞLI,
üzeyirbəyşünas
On il
İnsan papağını
çıxarıb qabağına
qoyaraq keçən günləri nəzərdən
keçirdikcə öz-özünə
deyir: Bəlkə, bu xiyalatdı (xəyaldı - S.Q.). Nə
on il bundan
qabaq olan işlər doğrudur, nə də indi gördüklərimiz
- bəlkə, bu ikisi də yoxdur.
Ya da bizi qara-qura
basır.
On il bundan qabaq Qafqaz şəhərlərində
arvad məsələsinə
böyük "əhəmiyyət"
verirdilər. Məscid və
minbərlərdə bu
məsələ barəsində
çox danışıq
gedirdi. İndi də bu barədə danışıq
vardır. Qadın məsələsi
iclaslarda danışılır.
Hər yanda qadınlar xatirə salınır.
Ancaq burada bir balaca
giriş vermək lazımdır ki, məsələ aşkar olsun.
Əgər xatirinizdə
qalmışdırsa, on il bundan qabaq bir Göyərçin
xanım var idi. Rəvayətə görə, bu
xanım türk idi. Ancaq özü türk
ola-ola nə Fatimeyi-Zəhradan və nə öz türk olmağından utanmayıb düşürdü
şəhər və
şəhər bığıburma
kişilər ilə bu teatrların canına, nədir-nədir
mən oyun çıxaracağam. Hətta bu
xanım bir dəfə də İrəvana gəlib çıxmışdı, burada
bunun türk xanım olduğunu bilən qeyrətli cavanlarımız cuşə
gəlib onu səhnədə oynadığı
zaman öldürmək
istəmişlərdir, ancaq
arzularına çata
bilməmişlərdir. O zaman eşitdiyimizə görə, Bakı qoçuları da bu fikirdə imiş.
On il bundan irəli bir türk qızı məktəbə gedəndə
hamı barmaq ilə göstərir idi. Mömin Əli şiələri
işqulaya gedən qızların atası, qardaşı və nə də qohum-əqrəbası ilə
dəqsəlam eləməzdilər.
O zaman hicab barədə Molla Nəsrəddin əmi də cızığından çıxdı
və Bakı qazisi ilə Bakı türk qəzetələri haray-dad
qopardılar.
Hər nə isə, o zaman qadınlarımızda
bir həya, ismət vardı. Ərin qulluğunda
itaətdə idi.
Ər on
arvad da alsa idi, arvad
cınqırını da
çəkə bilməzdi.
O zaman qızların ixtiyarları ana-atalarında
idi. Əgər bir qız bir oğlanı sevib getsə idi, onu el içində
daş-qalaq edərdilər.
O zamanlar bizim arvadlarımız ev işi ilə yas yerindən
başqa bir şeyi anlamazdılar. Bunların hamısına səbəb o idi ki: O zaman Gəncədə
Mirbağır ağa,
İrəvanda Hacı
Şıxəli Əkbər,
Qubada Molla Hacıbaba və qeyri şəhərlərdə
bunlar kimi vücudların cid-cəhdləri
sayəsində islam qadınları bu dərəcədə namuslu
və Fatimeyi-Zəhra
kənizinə layiq bir surətdə özlərini aparırdılar.
İndi o rəhmətliklərə
deyən ola
ki, topraqdan bir baş qaldırın
görün dünya nə xarablaşıbdır.
Siz sağlığınızda bir
Göyərçin qadının
dərdin çəkə
bilmirdiniz, indi min göyərçinlər vardır.
Teatrlarda
bunlar üz-gözləri
açıq bütün
camaat içində ortaya düşüb oynayırlar. Onları öldürmək
fikrinə düşən
zat da yoxdur.
Bəlkə, xoşları gələndə
bir əl də çalırlar.
Ey rəhmətliklər, durun
ayağa, sizi aparım Bakı Ünas Pedaqoji Texnikumuna, "Əli Bayramov klubuna və qeyri bu
kimi yerlərə, görün nə qədər türk xanımlar oxuyurlar.
Bakıdan olan fabrika və
sənətxanələrə baxsan, çox payı arvadlardandır.
Əgər keçən ay Bakıda çağrılan qadınların
qurultayında onların
xilafi-həri danışdıqların
görsəydiniz, lap dəli
olardınız. Qadınlar arasında olan
bu yoldan çıxmaqlıq ancaq bu on ilin içində
olubdur.
Ah, bu on il.
"Molla Nəsrəddin",
7 noyabr 1927-ci il, № 45
Xalq qəzeti.- 2010.- 30 iyul.- S. 6.