Azərbaycan mətbuatı yeni inkişaf dövrünü yaşayır
Bünövrəsi
1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzetinin nəşri
ilə qoyulan Azərbaycan milli mətbuatının
keçdiyi tarixi yol xalqımızın şərəf salnaməsidir.
Məhz buna görədir ki, bütün Azərbaycan xalqı
Azərbaycan milli mətbuatının 135 illiyini çox
böyük təntənə ilə qeyd etdi. Ölkə
Prezidenti İlham Əliyevin sərəncamına uyğun
olaraq bütün şəhər və rayonlarımızda, əmək
kollektivimizdə keçirilən genişmiqyaslı tədbirlər,
nəhayət ki, "Gülüstan" Sarayında
böyük təntənəli ilə yekunlaşdı.
Azərbaycan milli mətbuatının yubileylərinin böyük təntənə ilə qeyd edilməsi artıq ənənəyə çevrilmişdir. Çox böyük sevinc və fərəh hissi ilə deyilməlidir ki, bu ənənənin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi haqqında prezident sərəncamları çətin jurnalist əməyinə layiqli qiymətin təzahürü Ulu öndər tərəfindən əsası qoyulan bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. 2005-ci ildə milli mətbuatın 130 illiyi, bu il isə 135 illiyi daha böyük təntənə ilə qeyd edildi.
***
Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol olduqca zəngin bir inkişaf yoludur. 1875-ci ildə maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən "Ziya", "Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin" və s. nəşrlər məhz "Əkinçi" ənənələrini davam etdirmiş, Azərbaycanın milli dirçəliş tarixində önəmli rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də mətbuat müstəqillik və azadlıq ideyalarının irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin iki illik həyatında söz və mətbuat azadlığını qanuniləşdirən çox ciddi hüquqi sənədlər qəbul edildi. Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin nəşr etdikləri "Azərbaycan" qəzetinin, eləcə də ölkədə çıxan 130-a qədər qəzet və jurnalın nəşri də həmin dövrə təsadüf edir.
Sovet hakimiyyəti illərində mətbuat kommunist ideyalarının təbliği ilə məşğul olmaqla yanaşı, xalqın zəngin milli adət-ənənələrin təbliğində də çox böyük rolunu saxlaya bilmişdir. Baxmayaraq ki, o dövr çox sərt və amansız ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmuşdu, amma mətbuat milli dəyərlərin qorunmasında çox böyük missiyanın öhdəsindən layiqincə gələ bilmişdir.
Dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının yeni inkişaf tarixidir. Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. "Gülüstan" Sarayında Azərbaycan mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu tarixi dövrü bu cür qiymətləndirir:
- 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası, 1999-cu ilin dekabrında qəbul olunmuş və sonrakı illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində təkmilləşdirilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanun, 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Qanun söz və mətbuat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə tam təminat verir.
Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti
və ənənələri uğurla davam etdirilir. Ölkədə
güclü, müstəqil, obyektiv informasiya
daşıyıcısı olan, eyni zamanda dövlətçilik
prinsiplərinə sədaqət nümayiş
etdirən, milli maraqların təəssübkeşi
olan mətbuatın formalaşması
və inkişafı dövlətin mətbuat siyasətinin əsas
xəttini təşkil edir.
***
Prezident İlham
Əliyev Mətbuat Şurasının yeni binasının açılışı
mərasimində etdiyi
çıxışında dedi:
"Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da buna böyük ehtiyac vardır. Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməldir. Bu gün bütün sahələrdə - iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır".
Heç şübhəsiz ki, cənab Prezidentin söylədikləri jurnalistikaya təkcə hörmət kimi yox, eyni zamanda Azərbaycanda jurnalistikanın gələcəyinə çox nikbin baxışdan və əməli fəaliyyətdən gedir. Təsadüfi deyil ki, məhz cənab İlham Əliyevin prezidentliyi dövründə mətbu orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız işlər görülmüş, jurnalist əməyinin qiymətləndirilməsi dövlətin çox paritet vəzifələrindən olmuşdur. Böyük qətiyyətlə demək olar ki, bu dövr həm də olduqca novator sayıla bilən bir mərhələ kimi də çox təqdirəlayiqdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görüldü, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çox əhatəli və genişmiqyaslı tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır.
Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüş, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur.
Heç şübhəsiz ki, bunlar sadə statistika kimi yox, eyni zamanda ölkədə söz və mətbuat azadlığına Azərbaycan dövlətinin və Prezidentin qayğısı kimi dəyərləndirilməlidir. Özlüyündə ölkə Prezidenti də mətbuat və söz azadlığına, mətbuatın bu sahədə keçdiyi yola çox böyük qiymət verir. Azərbaycanın MDB məkanında senzuranın ləğvini irəli surən ilk ölkə olduğunu vurğulayan Prezident mətbuatın inkişafını, onun indiki vəziyyətini müsbət qiymətləndirərək deyir: "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər. Azərbaycanda internet istifadəçilərinin sayı 40 faizdən yuxarıdır. Biz bütün məktəblərdə kompyuterləşmə proqramını tətbiq edirik, internetə qoşuruq. Yəni, Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edlibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür, dövlət konsepsiyası qəbul edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir. Bir sözlə, medianın bugünkü vəziyyətini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir".
Azərbaycan milli mətbuatının 135 illik yubileyi bütün ölkədə bayram təntənəsi ilə qeyd edildi. Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiq etdiyi planla Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda, eləcə də Bakı Dövlət Universitetində... konfranslar keçirildi.
Dövlət başçısının sərəncamı ilə ölkədə fəaliyyət göstərən 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maddi yardım ayrıldı. 92 nəfər mətbuat işçisi isə fəxri adlara layiq görüldü və "Tərəqqi" medalı ilə təltif edildi. Bayram həm də daha bir mühüm və tarixi məsələ ilə - bunu hadisə də adlandırmaq olar - daha ciddi şəkildə yaddaqalan oldu: Prezident "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncam imzaladı. Prezidentin ehtiyat fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat pul ayrıldı. Fondun icraçı direktoru Vüqar Səfərli bildirir ki, nəinki MDB məkanında, heç Avropanın ən inkişaf etmiş dövlətlərində belə jurnalistlərin sosial müdafiəsi bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmayıb. Bu, ilkin addımdır bu günə qədər mətbuat tarixində belə şey olmayıb. Digər ölkələrin təcrübəsində də bu cür fakt yoxdur. 5 milyon manat bina tikintisində böyük məbləğdir. Heç şübhəsiz ki, bu addımın davamı da gəlir.
Ölkənin hər yerində, o cümlədən Naxçıvanda da milli mətbuat günü "Şərq qapısı" qəzetinin redaksiyası, "Əcəmi" nəşriyyat-poliqrafiya birliyinin yeni binasının və mətbənin açılışı ilə qeyd edildi. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsiplərinin Naxçıvan muxtar respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, hazırda muxtar respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın işçi çalışır. Onların fəaliyyəti gündəlik həyatımızda hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin və məsuliyyətli iş sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq sənətidir. Bu yolda fərqlənənlərin əməyi layiqincə qiymətləndirilmiş, muxtar respublika jurnalistlərindən 2 nəfəri Prezidentin fərdi təqaüdünə layiq görülmüş, 7 nəfər müxtəlif orden və medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
Azərbaycan mətbuatının və Azərbaycan jurnalistinin qazandığı tarixi uğurlar tərəqqi yolunda böyük və nəzərəçarpan addımlardır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Təsadüfi deyil ki, "Xalq qəzeti" kollektivinin milli mətbuatımızın 135 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinə müraciətində deyilir:
"Milli jurnalistikamızın tarixinə, azad sözün və müstəqil medianın inkişafına yüksək diqqətə, mətbuat işçilərinə göstərdiyiniz qayğı və himayədarlığa görə qəlbimizin dərinliyindən gələn minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Bütün bunlar digər media qurumları kimi, qəzetimizin kollektivini də ümummilli lider Heydər Əliyevin və sizin KİV qarşısında qoyduğunuz vəzifələri uğurla yerinə yetirməyə daha da ruhlandırır, qüvvə və bacarığınızı artırır".
Heç şübhə etmirik ki, bu tarixi müraciət bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi olacaqdır.
Ölkə Prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülənlər sırasında mənim də adım var. Sadə əməyimə verilən böyük qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm və təltif olunan bütün həmkarlarımı təbrik edirəm.
Namiq Əhmədov,
əməkdar jurnalist
Xalq qəzeti.- 2010.- 31 iyul.- S. 6.