Azərbaycanda idman
xüsusi qayğı ilə əhatə olunmuşdur
Bu gün Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə
rəhbərliyinin 13-cü ildönümü tamam olur
İki fikir ola bilməz:
Azərbaycan idmanının bəxti çox gətirmişdir,
uzun illərdir ki, onun "sükanı" möhkəm əllərdədir.
Hələ ötən əsrdə ümummilli lider Heydər Əliyev
idman ictimaiyyətinin nümayəndələri ilə
görüşlərindən birində qətiyyətlə
bütün ölkəyə bəyan etmişdi: "Azərbaycan
Prezidenti kimi şəxsən mən söz vermişəm və
indi də bunu təsdiq edirəm ki, idmana xüsusi
qayğını öz üzərimə götürürəm.
Azərbaycan gənclərinə xüsusi qayğını
öz üzərimə götürmüşəm və əmin
ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz".
Cəmi bir il əvvəl, 2009-cu ilin finişində isə dövlət başçımız, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmanımıza və Vətənimizə böyük sevgi ilə belə bir fikir ifadə etmişdi: "Bütün idman ictimaiyyətini bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da öz fəaliyyətimdə idmanla bağlı məsələlərə xüsusi diqqət göstərəcəyəm və Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafı üçün səylərimi davam etdirəcəyəm".
Həqiqətən, bu gün həmin qayğını, idmanımıza daimi və hərtərəfli köməyi təkcə hər bir Azərbaycan gənci, idmançısı, hər bir vətəndaşımız yox, hətta xarici ölkələrdə də hamı hiss edir. Dünya gündən-günə möhkəmlənib, çiçəklənən Azərbaycan Respublikasının əsl idman ölkəsinə çevrilməsinə biganə deyil. İndi hər yerdə idman adamları yaxşı bilirlər ki, Azərbaycanda idmançılar dövlətin xüsusi qayğı və diqqəti ilə əhatə olunmuşlar.
Azərbaycana rəhbərliyi dövründə idmançılarımızın özlərinə ən yaxın dost hesab etdikləri ulu öndərdən estafeti qəbul edən və həyatın bütün sahələrində olduğu kimi, idmanda da onun başladığı işləri uğurla davam etdirən dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev də insan həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idmanın əhəmiyyətini çox yüksək qiymətləndirir, onları gündəlik şəxsi nəzarətdə saxlayır. Xüsusən də son 13 ildə.
Bu gün, iyulun 31-də Azərbaycanın idman ictimaiyyəti dövlətimizin və idmanımızın lideri İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 13-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir. İdman adamlarımız on üç il əvvəl məhz bu gün millət vəkili, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında yekdilliklə MOK prezidenti seçilməsinə ürəkdən sevinmişdilər və həmin gündən bu dəqiqələrədək öz liderlərinin arxasınca inamlı addımlarla irəliləyirlər.
Son yeddi ildə - 2003-cü ilin oktyabr ayından bəri MOK-a həm də Azərbaycan Prezidenti kimi rəhbərlik edən cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bu gün istisnasız olaraq bütün idman ictimaiyyətimiz onun ətrafında sıx birləşmiş və vahid komanda şəklində fəaliyyət göstərir. Hamı öz üzərinə düşən işi yüksək keyfiyyətlə yerinə yetirməyə, ondan maksimum fayda götürməyə çalışır. Gücün birlikdə olduğunu, qələbənin birgə səylə qazanıldığını isə həyat çoxdan sübuta yetirmişdir.
Bütün əvvəlki dövrdə olduğu kimi, 2009-cu il iyulun 31-dən bəri, yəni MOK prezidentinin Azərbaycanda Olimpiya hərəkatına rəhbərliyinin 13-cü ilində də bir-birindən əlamətdar hadisələr baş vermişdir. Bölgələrdə istifadəyə verilən növbəti olimpiya idman kompleksləri, o cümlədən təkcə Bakıda və respublikamızda deyil, bütün Cənubi Qafqazda ən böyük idman qurğularından hesab edilən "Sərhədçi" Olimpiya İdman Mərkəzi, istər olimpiya, istərsə də qeyri-olimpiya növləri üzrə beynəlxalq yarışlarda qazanılmış qələbə və medallar Azərbaycan idmanının, Olimpiya hərəkatımızın nüfuzunu daha da artırmışdır.
Ölkədə idmanın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi işini fəal surətdə həyata keçirən Milli Olimpiya Komitəsinin yaxından köməyi ilə artıq bir neçə ildir ki, respublikada çox böyük idman tikintisi aparılır, bunun da nəticəsində məşq və yarışlar, eləcə də əhalinin asudə vaxtının səmərəli təşkili üçün şərait durmadan yaxşılaşdırılır.
Bədən tərbiyəsi - idman işlərinin günün tələbləri səviyyəsində qurulmasında isə müasir idman qurğularının rolu böyükdür. Yeni inşa olunan hər bir idman kompleksi dövlətin gənclərə qayğısının parlaq təzahürüdür. Bu gün paytaxt Bakı ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, Lənkəran, Quba, Şamaxı, Qazax, Masallı, Şəmkir, Göyçay və s. yerlərdə, hətta cəbhə bölgəsində - Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan idmanına, onun daha da tərəqqisinə xidmət edən 25-dən çox bir-birindən yaraşıqlı kompleks fəaliyyət göstərir. Onlardan sonuncusu bu yaxınlarda, iyulun 8-də Balakən rayonunda istifadəyə verilmişdir. Lakin bu da son hədd deyil. Ölkənin, demək olar, bütün bölgələrinin əhalisi yaxın gələcəkdə öz şəhər və rayonlarında belə komplekslərin sevincini yaşayacaq.
Müasir komplekslər yerlərdə insanlara idmanla arzuladıqları şəraitdə məşğul olmaqla yanaşı şəhər və respublika yarışlarını, beynəlxalq turnirləri, dünya və Avropa çempionatlarını, milli komandalar səviyyəsində yoldaşlıq görüşlərini izləmək , mahir ustaların yüksək ustalığından zövq almaq imkanı verir. Son illər Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Bakı İdman Sarayında, Gəncə, Naxçıvan, Şəki, Quba olimpiya idman komplekslərində keçirilmiş güləş, boks, bədii gimnastika, voleybol, şahmat və digər növlər üzrə yarışlar xatirələrdə hələ təzədir, idman həvəskarlarımız onların hər birinə böyük maraq göstərmişlər.
Azərbaycan Milli Olimpiya Komitəsi öz prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında idman qurğularının tikintisini ardıcıl surətdə davam etdirir. Tezliklə daha bir möhtəşəm kompleksin tikintisinin başa çatmasını bayram edəcəyik. Söhbət ötən il avqustun 26-da Bakıda təməlqoyma mərasimi keçirilmiş Gimnastika Kompleksindən gedir. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan kompleks son illər beynəlxalq meydanda ciddi nailiyyətlər qazanan gimnastlarımız üçün gözəl töhfə olacaqdır.
Bu gün biz son bir ildə MOK-un və bütövlükdə Azərbaycan idmanının keçdiyi yolu, qazanılmış qələbələri qaliblərə minnətdarlıq hissi ilə xatırlayarkən çox şey yada düşür. Məgər ötən ilin sentyabrında İrəvanda keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatında həmvətənlərimizin qəhrəmanlığını unutmaq olarmı?! Tatami ustalarımız üçün psixoloji cəhətdən ağır şəraitdə keçən bu yarışda iştirak etmiş beş idmançımızın beşi də Vətənə medalla qayıtmış, milli bayrağımızı yüksəyə ucaltmağı bacarmış, bir cüdoçumuzun çempionluğu şərəfinə isə dövlət himnimiz səsləndirilmişdir. Bu, tarixi nailiyyət idi!
Bundan bir ay sonra, oktyabrda kişilərdən ibarət yığma şahmat komandamızın Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatından gətirdiyi qızıl medallar da Azərbaycan idmanının xəzinəsində saxlanılan çox qiymətli sərvətdir. Güləş və bədii gimnastika ustalarımızın, avarçəkənlərin, bir il əvvəl Avroliqada iki mərhələ adlayıb mübarizəni qrup yarışlarının yalnız astanasında dayandıran, indiki mövsümdə də bu turnirə uğurla başlayıb Makedoniyanın "Metallurq" və Şimali İrlandiyanın "Portadaun" sədlərini inamla dəf edərək yenə üçüncü təsnifat mərhələsinə yüksələn Ağdamın "Qarabağ" futbol klubunun, habelə futzal üzrə milli komandamızın və Naxçıvanın "Araz" kollektivinin, Moska rinqində Avropa boks çempionatının bürünc medalını qazanmış Elvin Məmişzadənin uğurları, qadınlardan ibarət "Rabitə" klubunun Avropa Voleybol Konfederasiyasının kuboku turnirinin üçüncü mükafatçısı olması, gənc boksçuların Bakıda dünya çempionatında, onların güləşçi dostlarının Bolqarıstanda Avropa və Macarıstanda dünya birinciliklərində parlaq qələbələri yaddaqalan hadisələrdir.
Lap bu yaxınlarda, iyulun 16-18-də Heydər Əliyev adına əzəmətli İdman-Konsert Kompleksində keçirilən və ulu öndərin xatirəsinə həsr edilən güləş üzrə ənənəvi "Qızıl Qran-Pri" turniri, gözlənildiyi kimi, yenə də böyük marağa səbəb oldu. Xatirə yarışlarının mükafatları uğrunda mübarizə aparmaq üçün 35 ölkənin ən yaxşı xalça ustaları paytaxtımıza toplaşmışdılar. Azərbaycan idmançıları sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə yarışlarda üst-üstə 15 medal qazanaraq (5 qızıl, 4 gümüş və 6 bürünc mükafat) ötənilki turnirdə əldə etdikləri müvəffəqiyyətin təsadüfi olmadığını sübuta yetirdilər. Xatırladaq ki, "Qızıl Qran-Pri-2009-da" bizim "sərbəstlərə" 2 qızıl, 2 gümüş, 4 bürünc, "klassiklərə" 2 qızıl, 1 gümüş, 3 bürünc, qadın güləşçilərə isə 1 qızıl, 1 gümüş və 3 bürünc medal təqdim olunmuşdu. İndiki turnir çərçivəsində Azərbaycan və ABŞ-ın sərbəst güləş üzrə yığma komandaları arasında keçirilən yoldaşlıq matçının nəticəsi fərəhli oldu - 5:2!
Pəhləvanlarımızın ötən ilin sentyabrında Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatından və bu ilin aprelində doğma Bakıda təşkil olunan Avropa çempionatından da "bol məhsul" götürdüklərini yada salsaq, cəsarətlə bu qənaətə gələ bilərik ki, onların 2012-ci il London Olimpiadasına hazırlığı düzgün yoldadır və məşqçilərin, eləcə də Azərbaycan Güləş Felerasiyası rəhbərliyinin ciddi nəzarəti altındadır. Sentyabrda Moskvada keçiriləcək növbəti dünya çempionatı ərəfəsində qüvvələrə ciddi baxışa çevrilən "Qızıl Qran-Pri" turnirinin təntənəli açılış mərasimində Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti də Azərbaycanda güləşin inkişafına böyük qayğı göstərildiyini bir daha qeyd edərək bildirdi ki, sizin ölkəniz güləşin dünya miqyasında irəli aparılması üçün çox iş görmüşdür və bu böyük töhfədir.
Bütün dünya kimi, Azərbaycanın da böyük həyəcanla izlədiyi XXIX Yay Olimpiya Oyunlarından artıq iki il keçir. Londonda XXX Olimpiadaya isə cəmi iki il qalır. İndi planetin hər yerində, iki yüzdən çox ölkədə dünya idmançılarının növbəti ali məclisinə hazırlığın qızğın çağıdır.
İngiltərə paytaxtında Olimpiya Oyunları Azərbaycan idmanının ən yaxşı nümayəndələri üçün MOK prezidenti İlham Əliyevin rəhbərliyi altında sayca dördüncü Olimpiada olacaq. Ümumiyyətlə, növbəti olimpiya startlarının keçiriləcəyi 2012-ci il idmanımızın tarixində xüsusi yer tutacaq. Əvvəla, iki ildən sonra möhtərəm Prezident İlham Əliyevin Azərbaycan MOK-una rəhbərliyinin 15-ci ildönümü tamam olacaq. İkincisi, respublika Milli Olimpiya Komitəsi yaradılmasının 20-ci ildönümü də 2012-ci ilə təsadüf edəcək. Nəhayət, iki ildən sonra ölkəmizin idman təşkilatları yetirmələrinin Olimpiya oyunlarında ilk medal qazanmalarının 60 illik yubileyini qeyd edəcəyik (xatırladaq ki, SSRİ idmançılarının ilk dəfə iştirak etdikləri Helsinki Olimpiadası - 52-də azərbaycanlı sərbəst güləş üstası Rəşid Məmmədbəyov sovet nümayəndə heyətinə gümüş mükafat qazandırmışdır).
Yəqin bu da dərin bir rəmzi məna daşıyır ki, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ilində onun komandası özünün sayca dördüncü Yay Olimpiadasına 15 medalla başlayacaq. Sidney-2000-də sərbəst güləşmə yarışlarının qalibi Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftahətdinovanın qazandıqları qızıl medallar, boksçu Vüqar Ələkbərovun bürünc mükafatı, dörd il sonra Afinada yunan-Roma üsulu ilə güləşən Fərid Mansurovun sinəsini bəzəyən qızıl, həmin Meftahətdinova ilə güllə atıcısı İradə Aşumovanın, eləcə də boksçular Ağası Məmmədovla Fuad Aslanovun bürünc, 2008-ci ildə Pekində cüdoçu Elnur Məmmədliyə təqdim olunan qızıl, "klassiklər" Rövşən Bayramovla Vitali Rəhimovun gümüş, sərbəst üsulla güləşən Xetaq Qazyumovun, qadın güləşçi Mariya Stadnikin, boksçu Şahin İmranovun və tatami ustası Mövlud Mirəliyevin bürünc medalları Azərbaycan idmanı xəzinəsində ən layiqli, əvəzolunmaz sərvətlərdir. İndi qarşıda duran əsas vəzifə bu sərvətləri daha da artırmaq, Azərbaycanın olimpiya medalları kolleksiyasını bir qədər də zənginləşdirməkdir.
Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" 22 iyun 2010-cu il tarixli sərəncamı da məhz bu məqsədə - Londonda hələlik ən çox medal qazandığımız Pekin Olimpiadasındakından da yaxşı nəticə göstərmək məqsədinə yönəldilmişdir. Sərəncamda qeyd olunduğu kimi, müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın son dövrlərdəki qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları bu Olimpiya Oyunlarında yüksək nəticələr göstərərək, əvvəlki mövqelərin daha da yaxşılaşdırılacağına inam yaradır.
Oqtay Bayramov
Xalq qəzeti.- 2010.- 31 iyul.- S. 4.