Azərbaycan beynəlxalq aləmdə:
qlobal dəyişikliklər və transformasiyalar şəraitində
xarici siyasət xətti və prioritetlər
Prezident İlham Əliyevin iqtisadi, siyasi və
hüquqi mühitin liberallaşdırılması sahəsində
uğurlu islahatları Azərbaycanın müstəqil xarici
siyasət yeritməsinin əsas təminatıdır
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirmişdir. Bugünkü və beş il bundan əvvəlki Azərbaycan başqa-başqa ölkələrdir, demək olar. Həm iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun artması - bütün bunlar Azərbaycanı çox yüksək pilləyə qaldırıb və bundan sonra da Azərbaycan xalqının iradəsi, milli maraqları, Azərbaycan dövlətinin milli maraqları, dövlətçilik prinsipləri bizim üçün əsas olacaqdır. Biz bütün sahələrdə əməkdaşlığa hazırıq, bütün ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da münasibətləri davam etdirmək fikrindəyik. Ancaq bu münasibətlər bu gün olduğu kimi, gələcəkdə də dünyada qəbul olunmuş və demokratik prinsipləri əks etdirən əsaslar üzərində qurulacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Yeni dünya nizamının diktə etdiyi geosiyasi
reallıqlara nəzərən sivil, bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərinə söykənən müstəqil xarici siyasət
yeridən, beynəlxalq münasibətlər sistemində
yerini möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyinin
təminatında vacib dövlətə çevrilən Azərbaycanın
bu mövqeyi möhkəm siyasi sabitliklə yanaşı,
iqtisadi və demokratik inkişaf prosesi ilə şərtlənir.
Azərbaycan Prezidenti İlham Əliyev
respublikamızın diplomatik sahədə davamlı
uğurlarının təmini, milli maraqlarının
etibarlı müdafiəsi məqsədilə daxili siyasətdə
müasir dünyanın alternativsiz inkişaf yoluna
çevrilmiş demokratikləşmə xəttinə sadiq
qalmış, eyni zamanda, iqtisadi islahatların işlək
mexanizmlər əsasında gerçəkləşdirilməsinə
nail olmuşdur. Son yeddi ildə iqtisadi inkişaf
və demokratikləşmə xəttini milli inkişafın dəyişməz
formulu kimi önə çəkən dövlət
başçısı respublikamızın qlobal siyasi arenada
müsbət imiclə tanınmasını, regional və beynəlxalq
iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini
təmin etmişdir. Beləliklə, həm də
hücum xətti üzərində qurulan çevik və səmərəli
xarici siyasət yürütmək imkanı qazanan cənab
İlham Əliyev "güclü dövlət - müstəqil
siyasət" devizini praktik olaraq gerçəkləşdirmişdir.
Milli inkişafın sabit və dəyişməz formula
Qloballaşan dünyada bu və
digər dövlətin uğurlu xarici siyasət əsasında
beynəlxalq münasibətlər sisteminə qatılması,
maraq və mənafelərini beynəlxalq hüququn verdiyi
imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış
normaları ilə tənzimlənən dünya siyasətində
iştirakı, ilk növbədə, onun daxili siyasətindən,
demokratik dəyərlərə, insan hüquq və
azadlıqlarına necə əməl etməsindən, iqtisadi
inkişaf səviyyəsindən asılıdır. İqtisadi cəhətdən güclü olmayan
dövlətin nəinki hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesində, eləcə də
xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq
mümkün deyildir. Müasir dövrdə
xarici siyasətin səmərəlilik əmsalı fərdin
iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə
təmin edən liberal mühitin
formalaşdırılmasından, eləcə də xalqla
hakimiyyətin mənəvi birliyindən bilavasitə
asılıdır. Xalq üçün
çalışan, onun mənafeyini mümkün dərəcədə
qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə
malik olduğunu daim hiss edir, bu da öz növbəsində
onun xarici siyasətdə inamlı, qətiyyətli və
prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri
neytrallaşdırmasına əlverişli imkanlar
açır. Başqa sözlə, iqtisadi,
siyasi və hüquqi islahatların uğurlu nəticələri
ümumən səmərəli xarici siyasət
üçün də etibarlı zəminə çevrilir.
Praqmatik və
rasional baxışlı siyasi lider kimi bu reallıqları
düzgün dəyərləndirən dövlət
başçısı İlham Əliyev Azərbaycanın
sosial-iqtisadi inkişafı ilə paralel surətdə
gerçəkləşdirilən demokratikləşmə
proseslərini bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti respublikanın gələcək
yüksəlişinin, habelə səmərəli xarici siyasətinin
vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Azərbaycan
Prezidentinin dünya siyasi arxitekturasının tələblərinə
maksimum dərəcədə cavab verən bu mütərəqqi
inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə
daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin
təcrübəsindən qaynaqlanır.
Cənab İlham Əliyev
2008-ci il oktyabrın 24-də
keçirilmiş təntənəli andiçmə mərasimində
demişdir ki, iqtisadi, siyasi və hüquqi islahatların
paralelliyi prinsipi Azərbaycanın demokratikləşməsi və
ümumən cəmiyyətin liberal dəyərlərə
adaptasiyası prosesinin fundamental əsasını təşkil
edir: "Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi
islahatlar paralel şəkildə aparılır və hesab edirəm
ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir.
Biz siyasi islahatları artıq yaranmış
çox güclü iqtisadi təməl üzərində
qururuq. Əgər bu iqtisadi təməl
olmasa, siyasi islahatları aparmaq o qədər də asan
olmayacaqdır. Əgər demokratik
inkişaf baxımından ən öndə gedən ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki,
onların tam əksəriyyətində iqtisadi inkişaf
çox yüksək səviyyədədir. O ölkələrin
tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr
kimi tanınır. Bizim də məqsədimiz
ondan ibarətdir ki, - mən bu barədə artıq demişəm,
bəzən bu, təəccüb doğura bilər, amma mən
inanıram, - Azərbaycan gələcəkdə inkişaf
etmiş ölkələrin sırasına daxil
olunmalıdır və daxil olacaqdır".
Azərbaycanda müasir siyasi
sistemin bərqərar olması prosesini səciyyələndirən
görkəmli filosof, akademik Ramiz Mehdiyev "Gələcəyin
strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti" əsərində haqlı
olaraq vurğulayır ki, Azərbaycanın "zəif və
geriləyən iqtisadi sistemli, durğun siyasi institusional
quruluşlu, ictimai şüuru
marginallaşdırılmış sosiumdan iqtisadi strukturun
bazar sistemi üçün səciyyəvi olan yeni
davranış normalarına və stereotiplərə, sabit
siyasi sistemə və mərhələ-mərhələ
formalaşan demokratik təsisatlara malik məkana gələcək
transformasiyasının əsası məhz ötən əsrin
90-cı illərində qoyulmuşdur".
XX əsrin son
onilliyinin əvvəllərində dünyada yaranmış vəziyyəti
yada salsaq, bu sözlərdə heç bir mübaliğənin
olmadığı aydın görünər.
SSRİ və
onun müttəfiqlərinin "soyuq müharibə"də
məğlubiyyəti beynəlxalq münasibətlərdə
böyük dəyişikliklərlə nəticələndi. Qərb cəmiyyəti
çərçivəsində ABŞ alternativsiz və şəksiz
lider dövlətə çevrildi. Birləşmiş
Ştatların maraq və məqsədləri qlobal səciyyə
kəsb etməyə başladı. Qısa bir zaman kəsiyində
mühüm dəyişikliklər baş verdi.
Bütün fəaliyyət sahələri
sıçrayışşəkilli qloballaşdı. Əksəriyyəti genetik və funksional baxımdan
Qərbə bağlı olan dünya siyasətinin transmilli
şirkətlər, transmilli banklar kimi subyektlərinin beynəlxalq
proseslərə təsiri hədsiz dərəcədə
artdı. Beynəlxalq həyatın yeni
subyektləri olan dövlətlərarası və
qeyri-hökumət təşkilatları xüsusi
inadkarlıqla prosesləri istiqamətləndirməyə
girişdilər.
Onların fəaliyyəti
nəticəsində qlobal təşkilati-siyasi infrastruktur
meydana gəldi ki, həmin infrastrukturun əsasında da
dövlətüstü iqtisadi tənzimləməni, hərbi-siyasi
əlaqələndirməni və hətta siyasi idarəetməni
həyata keçirən inteqrasiya strukturları həddindən
artıq fəallaşdı. NATO, Avropa
Şurası, ATƏT, Avropa İttifaqı və digər təşkilatlar
beynəlxalq münasibətlərin aparıcı və istiqamətverici
qüvvəsinə çevrildilər. Yeni
dünya nizamının formalaşması prosesi
başladı.
1990-cı ildə
Vaşinqton Beynəlxalq İqtisadiyyat İnstitutunun
aparıcı elmi əməkdaşı C.Uilyamson milli dövlətin
ənənəvi rolunun zəiflədilməsi hesabına
iqtisadiyyatın liberallaşdırılmasını nəzərdə
tutan "Vaşinqton konsensusu" terminini dövriyyəyə
daxil etdi. Dünya Bankı və Beynəlxalq
Valyuta Fondu yeni dövlətlərə "Vaşinqton
konsensusu"nu qəbul etməsi əsasında borc
ayrılması barədə razılığa gəldilər.
Qeyri-qərb cəmiyyətləri
sırasına daxil olmayan dövlətlər - "ikinci
dünya" ölkələri fövqəldövlətlərin
maraqlarına uyğun olaraq beynəlxalq təşkilatların
müəyyənləşdirdiyi qaydalar əsasında
neoliberal islahatlar aparmaq zərurəti qarşısında
qaldılar.
Öz ruhuna və məzmununa
görə beynəlxalq sistem tamam dəyişdi: dövlətlərarası
münasibətlərdə ilk dəfə olaraq konstruktiv əməkdaşlıq
elementləri üstünlük təşkil etməyə
başladı, amma bu əməkdaşlıq birbaşa və
ya dolayı təsirdən azad hesab edilə bilmədi. İkiqütblü planetin səciyyəvi xüsusiyyətlərindən
ən başlıcası o idi ki, bütün beynəlxalq
proseslər tərəflərin maraqları müstəvisində
gedən mübarizənin girovuna çevrilir və sonda ya o,
ya bu tərəfin iradəsinə uyğun həll olunurdu.
Sosialist düşərgəsi, Varşava
Müqaviləsi Təşkilatı dağılandan sonra bu
problemin nəhayət aradan qalxacağına ümidlər
böyük olsa da, belə olmadı. Maraqlar
uğrunda mübarizə davam etdi, lakin bu mübarizə, demək
olar ki, opponentsiz getməyə başladı. Proseslərin bu cür inkişafı isə beynəlxalq
hüququn praktikadan daha çox söz səviyyəsində qərar
tapmasına gətirib çıxardı. Beləliklə
də maraqlar uğrunda gedən mübarizədə öz
problemlərini həll etmək istiqamətində beynəlxalq
hüquqa riayət edilməməsindən əziyyət
çəkən subyektlərin artıq müqavimət
göstərməyə gücü qalmadı, beynəlxalq
münasibətlərin demokratik təşkili məsələsi
bir tərəfin iradəsindən asılı vəziyyətə
düşdü. Beynəlxalq münasibətlərdə
bərabərhüquqluluq, beynəlxalq demokratiya, yəni qərarların
beynəlxalq hüquq əsasında qəbul edilməsi isə
müasir dövrün mübahisəsiz faktına çevrilmədi.
İki fövqəldövlətin mübarizəsi
ilə müəyyən proseslərin və çəkişmələrin
nəticəsi olaraq təmin edilən nisbi obyektivlik mühiti
təhlükəli həddə qədər daraldı. Bu dəyişikliklərin nəticəsində
"izqoy ölkə" və "tranzit ölkə"
ifadələri dövriyyəyə daxil edildi. 90-cı illərin əvvəllərində
"ikinci dünya" ölkələri (Second World)
"countries in transition" və ya CİTS - keçid
iqtisadiyyatlı ölkələr termini ilə əvəzləndi.
Keçid
dövrünü yaşayan milli dövlətlər
üçün dünyanın yeni siyasi vəziyyəti
prioritetlərin dəyişməsi mənasını kəsb
etdi. Beynəlxalq strukturlar iqtisadi inkişaf və siyasi
quruculuq məsələləri ilə məşğul
olmağı tələb etməyə başladılar. Onsuz da həm mühüm geosiyasi məkanda yerləşməsi,
həm təbii resurslarla zənginliyi ilə transmilli qüvvələri
cəlb edən Cənubi Qafqaz regionu dövlətlərin təsir
dairəsi uğrunda apardıqları mübarizəni daha da
gücləndirdi. Eyni zamanda, milli dövlətlərin
öz xarici təhlükəsizliklərini təmin etməklə
bağlı problemləri və məqsədləri kifayət
qədər biganə yanaşma ilə qarşılaşaraq
böyük maraqlar burulğanında kiçildilər,
deklarativ bəyanatlardan başqa münasibətə layiq
görülmədilər.
Burada beynəlxalq
münasibətlərdə ideoloji özünüdərkin
xüsusi rolunu qeyd etmək lazımdır. İdeoloji
sistemlər dövlətdaxili, beynəlxalq, transmilli, qlobal səviyyələrdə
bir-biri ilə toqquşurlar. Bir neçə
onillik ərzində ikinci fövqəldövlətin
mövcudluğu Qərbə əks güc mərkəzi
olmuşdur. SSRİ təkcə
ABŞ-ın hərbi və siyasi rəqibi deyil, həm də
alternativ siyasi-ideoloji modelin daşıyıcısı idi.
O, həm sosialist ölkələri, həm də Qərbin
siyasi sistemi daxilində fəaliyyət göstərən subyektlər
sırasında çoxsaylı siyasi və hərbi müttəfiqlərinin
dəstəyindən faydalanırdı.
Yeni şəraitdə
ideoloji özünüdərkin, yəni milli təcrübənin
dərk edilməsinin Azərbaycan üçün rolu hədsiz
dərəcədə əhəmiyyətli idi, çünki
məhz 90-cı illər gələcək yolun riskli yeniliyini
üzə çıxardı. 90-cı illərin əvvəllərində
Heydər Əliyev və onun silahdaşları
qarşısında ciddi ideoloji problem dayanmışdı.
Həmin problemi sadə yolla bu cür ifadə etmək olar: Qərb
dünyasının əsas ideoloji məhsulu olan liberalizmi
keçmiş sovet cəmiyyətinin qeyri-qərb
mentallığı ilə necə
uyğunlaşdırmalı?
Sonrakı təcrübə
bu problemi bütün çılpaqlığı ilə
göstərdi. Postsovet ölkələrində
islahatlarla bağlı ideoloji özünüdərk, aradan tez
bir zamanda qaldırılması mümkün olmayan bir ziddiyyəti
ortaya çıxardı. İslahatların
əsas mənasına görə keçidin, yəni liberal
demokratiya və bazar iqtisadiyyatı institutlarının
yaradılmasının əsas subyekti milli dövlətdir,
lakin həmin ölkələrdə biznes-struktur mövcud
deyildi. Şəxsi kapital və burjua sinfi
ötən əsrin əvvəlindəki inqilabi
çevriliş dövründə məhv edilmişdi. Bu səbəbdən də milli dövlət tərəfindən
həyata keçirilən liberal islahatların obyektiv nəticəsi
islahatların aparıcı qüvvəsi kimi məhz milli
dövlətin rolunun artması olmuşdur.
İslahatların keçirilməsi zamanı postsovet ölkələrində
iki fərqli fəaliyyət məntiqi yaranmışdı:
dövlətin simasında "hakimiyyət məntiqi" və
biznes-strukturların simasında "qazanc məntiqi".
Beləliklə,
liberal islahatların əsas yekunlarından birinin həyata
keçirilməsi mümkün olmadı, yəni, milli
dövlət dərhal liberal dövlətə çevrilə
bilmədi; o, öz səlahiyyətlərini məhdudlaşdırmadı,
iqtisadiyyat və mədəniyyət sahələrindən
çəkilmədi.
Bunun səbəblərini
axtarsaq müstəqilliyin ilk illərində Azərbaycanın
yaşadığı proseslərə nəzər salmaq kifayətdir. Liberal cəmiyyətə
dərhal keçidin xoşbəxtlik gətirəcəyinə
sadəlövhcəsinə və məsuliyyətsizliklə
inanan odövrkü rəhbərlik Azərbaycanı
siyasi-iqtisadi böhran, hərc-mərclik qarşısında
qoydu. Erməni
separatçılarının azğınlığı ərazilərin
işğalı prosesini daha da gücləndirdi. Daxildə hakimiyyətə gəlmək
üçün mübarizə aparan müxtəlif dairələr
və qruplar vətəndaş müharibəsindən belə
çəkinmədilər. Nəticədə
dövlətin müstəqilliyi təhlükə
qarşısında qaldı. Xaricdə
müxtəlif qüvvələr öz planlarını həyata
keçirmək imkanı qazandılar.
Ölkənin
strateji əhəmiyyət daşıyan müəssisə və
sahələrinin məhz Azərbaycan kimi müstəqilliyini
yenicə qazanmış və çox mürəkkəb
geosiyasi məkanda yerləşən zəngin ölkədə
dövlətin nəzarətində qalmasının zəruriliyi
uzaqgörən və müdrik mövqe olaraq öz yaşarılığını
sübut etdi.
Nəticədə, özəl kapital Azərbaycanda
dövləti ələ keçirə bilmədi. Liberal islahatlara xas olan bu ziddiyyət Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin təməlində
qalmaqdadır.
Qərb
analitikləri tərəfindən dərk olunan bu təzad
qeyri-qərb cəmiyyətlərində islahatların
perspektivi ilə bağlı müəyyən şübhə
yaratmışdı. Tanınmış Amerika filosofu, sosioloq və
futuroloqu Frensis Fukuyama 1989-cu ildə bildirirdi ki, "Qərbin,
Qərb ideyasının qələbəsi aşkardır...,
liberalizmin heç bir həyatqabiliyyətli alternativi
qalmamışdır". Amma 2001-ci ildə
o, etiraf edirdi ki, "müasirləşmə nəzəriyyəsi
Avropa təmayüllüdür və məqsədlərin
müxtəlifliyini nəzərə almır". Bəlli oldu ki, "belə müasirləşmənin
əleyhdarlarının ideyaları öz güc və
inandırıcılığını saxlayır, nəticədə
bir çox insanlar azad bazar iqtisadiyyatına əsaslanmış
demokratik cəmiyyətə aparan bəşəriyyət
üçün yeganə inkişaf yolunun müdafiəsindən
çəkindilər".
Əgər Fukuyamanın
etiraflarını Azərbaycan reallığına tətbiq
etsək, belə bir nəticəyə gəlmək olar: Heydər
Əliyev kursu özünün böyük nailiyyətləri
ilə bərabər, bir sıra mühüm xüsusiyyətləri
ilə fərqlənir. Belə ki, Fukuyamanın
qeyd etdiyi liberal müasirləşmənin çətinliklərinə
baxmayaraq, məhz Heydər Əliyevin 1993-cü ildə ölkə
rəhbərliyinə qayıdışı ilə Azərbaycan
səmərəli dövlətçilik konsepsiyasına,
iqtisadiyyatın dirçəldilməsi strategiyasına
uyğun olaraq və xalqın sosiomədəni irsinə əsaslanaraq,
liberal demokratiya yoluna qədəm qoydu. Ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq
əlaqələrində dönüş yarandı, elmi əsaslara,
beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi
başlandı, vətəndaşların və dövlətin
qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan
dövlətçiliyin və sosial sabitliyin təməli
qoyuldu. Dövlət cəmiyyətin
bütövlüyünün etibarlı təminatçısına
çevrildi. Azərbaycanın gələcəyi
üçün məsuliyyəti öz üzərinə
götürmüş Heydər Əliyev hədsiz gərgin zəhmət
bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf
strategiyası formalaşdırmağa müvəffəq oldu.
Bu strategiya mədəniyyəttutumlu suverenlik
ideyasına əsaslanırdı.
Mədəniyyəttutumlu
suverenlik Azərbaycanın daxili və xarici siyasətinin
özəyi olmuşdur. Bu, xarici siyasət sisteminin prioritetlərinin
milli mədəniyyət əsasında, o cümlədən
dövlət quruculuğu mədəniyyəti zəminində
qurulması deməkdir. Bu gün, 17 il
keçdikdən sonra biz deyə bilərik ki, 1993-cü il
iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı məhdud suverenliyə malik ölkə
taleyindən azad olan yeni milli tarixin başlanğıcı
oldu.
2003-cü ildə Azərbaycanın
rəhbərliyinə İlham Əliyevin gəlişi isə
ölkənin modernləşdirmə yolu ilə
inkişafına, daha mükəmməl strukturlu səmərəli
dövlətçiliyin bərqərar olmasına təkan verdi, Azərbaycanın regional proseslərdə
rəqabətədavamlılığını və buna
müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz iqtisadi
liderliyini təmin etdi. Akademik Ramiz Mehdiyev çox dəqiq qeyd
edir: "Məhz 2003-cü il milli transformasiyanın yeni mərhələsinin
başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi
sistemi inkişafda olan iqtisadi strukturun intensiv formalaşması
məkanına yönəltdi. İlham Əliyevin
prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın
formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin
sosial-mədəni bazisinin postindustrial dəyərlər və
demokratik ənənələr məcrasına mərhələ-mərhələ
transformasiyasına imkan yaratmalıdır. Bununla
yanaşı, geostrateji və geoiqtisadi məsələlər
kompleksini həll etmək, milli artımın sabitliyini və
davamlılığını təmin etmək, ölkəni
beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə
çevirmək lazım idi, çünki yeni dünya
nizamını formalaşdıran ümumdünya
transformasiyaları dövründə Azərbaycanın qlobal
proseslərdə iştirakının təmin edilməsi son dərəcə
zəruridir".
Öz əsərlərində
Azərbaycan cəmiyyətinin və ölkənin demokratik
modernləşməyə, liberallaşmaya, milli ideyaya - azərbaycançılığa,
cəmiyyətin intellektuallaşdırılmasına, fəal
və çoxşaxəli diplomatiyaya, ölkənin müdafiə
qabiliyyətinin artırılmasına, regional liderliyin təmin
olunmasına əsaslanan müasir inkişafının əsas
istiqamətlərinin fundamental prinsiplərini elmi cəhətdən
əsaslandırmış akademik Ramiz Mehdiyevin belə bir qənaəti
tamamilə ədalətlidir ki, Azərbaycanın "bir tərəfdən
güclü dövlət hakimiyyətini və hüquq
qaydalarını, digər tərəfdən
azadlığı və iqtisadi fəaliyyəti dəstəkləyən
mühafizəkar-liberal sistemi tarazlığı saxlaya bildi. Məhz bu sistemdə prodövlət və dövlət
başlanğıclarının, milli və
universalçı elementlərin simbiozu əldə edildi.
Liberalizm dinamik bir ruh verdi, mühafizəkarlıq
isə bu ruhu radikal qəsdlərdən qorudu".
Ötən əsrin
90-cı illərinin keçid çətinliklərindən
sonra özünə gələn ölkə, yeni yüzilliyin
ilk on ilinin sonunda çox mürəkkəb keçid
dövrünü uğurla geridə qoyaraq öz dinamik
inkişafının yeni mərhələsinə qədəm
qoydu. Prezident İlham Əliyev keçid
dövrünün bütün çətinliklərini aradan
qaldıraraq ölkəni iqtisadi yüksəlişin səviyyəsinə
görə dünyanın lider dövlətləri arasına
çıxardı. İqtisadiyyatın
liberallaşdırılması, ölkənin geosiyasi və
geoiqtisadi çəkisinin artması, vətəndaş ilə
dövlət arasında vahid birliyin, ahəngdarlığın
bərqərar olması Azərbaycanın intensiv
inkişafını təmin etmiş oldu. Qlobal
transformasiyaların indiki mürəkkəb şəraitində
Azərbaycanın daxili və xarici siyasəti modernləşmiş
iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal
ənənələri olan ölkə qurmaq istəyini nəzərdə
tutur. Bu isə postindustrial cəmiyyətə,
informasiya cəmiyyətinə aparan yoldur.
Akademik Ramiz
Mehdiyev tamamilə haqlı olaraq yazır ki, sabit
iqtisadiyyatı olmayan məkanda demokratiya da olmaz, bu, aksiomdur. Görkəmli
alim-filosof qeyd edir ki, hazırda ölkəmiz "Azərbaycan
cəmiyyətinin total transformasiyası" şəraitindədir.
Sabitlik modernləşmənin, dövlətin və
cəmiyyətin transformasiyasının əsas şərtidir.
Bu baxımdan, Prezident İlham Əliyevin əsas
məqsədi Azərbaycanı sabit və güclü
iqtisadiyyatı olan, demokratik təsisatları səmərəli
şəkildə fəaliyyət göstərən, hər
bir vətəndaşının sabahına inamı olan bir
dövlətə çevirməkdir. Bu, Azərbaycan
Prezidentinin ali amalı və məqsədidir.
Bu ideoloji və inkişaf xətti Azərbaycanın
bu gününü və sabahını müəyyənləşdirmiş
dühanın - Heydər Əliyev şəxsiyyətinin bizə
qoyduğu irsdir.
Akademik Ramiz
Mehdiyevin bu fikri ilə tam razılaşmaq lazımdır ki,
hazırda həyata keçirilən siyasi və iqtisadi
islahatlar bir qədər başqa çalar alır və
ölkənin inkişafında artıq yeni mərhələ
başlanmışdır. Eyni zamanda, Azərbaycan
dövləti iqtisadi yüksəlişlə yanaşı,
açıq və demokratik cəmiyyət qurulmasını
inkişafın prioriteti kimi müəyyən etmişdir.
Bu, Azərbaycan xalqının strateji
seçimi, dövlət siyasətinin ən mühüm
vektorudur. Müasir Azərbaycan cəmiyyəti
demokratikləşməni milli inkişafın ən
mühüm sosial amili kimi qəbul edir. Son
illərdə ölkədə milli demokratikləşmənin
aydın bazisi formalaşmışdır. Geniş
səpkidə yanaşdıqda, demokratikləşmənin təkamül
və suveren xarakteri siyasi sistemin səmərəli inkişafını,
rəqabətədavamlı bazar iqtisadiyyatının
formalaşdırılmasını və vətəndaş cəmiyyətinin
sabit inkişafını təmin etməyə imkan verir,
insanların sosiomədəni həyatına yeni seqmentlər
daxil edir, yeni davranış normaları və stereotipləri
aşılayır.
Qeyd etmək
lazımdır ki, davamlı iqtisadi sistem labüd olaraq ictimai
şüurun daha çox demokratikləşməsinə
doğru aparır. Bu anlamda, demokratik inkişaf iqtisadi təkamüllə
sıx bağlıdır. Azad vətəndaş,
ilk növbədə, maddi və maliyyə baxımından
azaddır, bu da ona siyasi azadlıq verir. Adətən,
varlı cəmiyyət və müstəqil qərarlar qəbul
etməyə qadir olan imkanlı vətəndaşlar kütləvi
şüurun və cəmiyyətin sosial-mədəni bazisinin
postindustrial dəyərlər və demokratik ənənələr
məcrasına mərhələli transformasiyasının əsası
kimi çıxış edir. Məhz
iqtisadi rifah milli demokratik tranzitin mahiyyətini və uğurunu
irəlicədən müəyyənləşdirir. Bu tranzit Azərbaycan cəmiyyətində qlobal
transformasiyanın tələbləri və şərtləri
əsasında institusional islahatlar aparmağa imkan vermişdir.
İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, təmsilçi siyasi demokratiyanın əsasını
sərbəst bazarın təşəkkülündə ifadə
olunmuş iqtisadi demokratiya təşkil edir. Məhz bu səbəblərə görə Prezident
İlham Əliyev belə bir məntiqi əsas
götürür ki, demokratiyanı möhkəmlətməyin
ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin
təşviq edilməsidir. Yalnız sərbəst
bazar fəaliyyət qabiliyyətli demokratik rejim, ictimai
inkişafın bəhsləşməyə və alternativliyə
əsaslanmasını şərtləndirən açıq
vətəndaş cəmiyyəti və ənənələr
formalaşdırmağa imkan verə bilər. Amerikada çıxan nüfuzlu "Foreign
Affairs" jurnalında dərc edilmiş məqalənin
müəllifinin təbirincə desək, "İşlək
demokratiyanın qurulması və xüsusən, azadlıq təsisatının
yaradılması üçün vasitə həmişə sərbəst
bazar iqtisadiyyatı olmuşdur. Bu cür
iqtisadiyyatın fəaliyyətinin təmin edilməsi
üçün zəruri təsisatlar, vərdişlər və
dəyərlər siyasi sahədə demokratiyanı təşkil
edənlərlə eynidir".
Bu gün
ölkəmizin intensiv iqtisadi inkişafı siyasi modernləşmənin
yeni mərhələsinə keçməyə imkan
vermişdir. Modernləşmə sahəsində qarşıya
qoyulmuş vəzifələrin icrasına keçən əsrin
90-cı illərinin ortalarından başlanılmış,
indi isə Azərbaycanda rəqabətədavamlı cəmiyyət
formalaşır, modernləşmə xətti sürətlə
həyata keçirilir. Prezident İlham Əliyev
Azərbaycanın modernləşməsi xəttini yeritməklə
ilk növbədə Heydər Əliyev ideyalarını,
xalqın arzu və istəklərini gerçəkləşdirir.
Dövlət başçısı
çıxışlarının birində demişdir:
"... İnsan tarixə öz əməlləri
ilə düşür. Heydər Əliyev
tarixin böyük bir hissəsidir. Onun əməlləri,
bütün təşəbbüsləri bir məqsəd
daşıyırdı - Azərbaycan xalqına xidmət etmək,
ölkəmizi gücləndirmək, müstəqilliyimizi
möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət
qurmaq. Hamımız, Azərbaycan xalqı
bu siyasətə sadiqdir. Biz bu siyasəti
davam etdirəcəyik. Azərbaycanda bu
siyasətin alternativi yoxdur. Xalqımız
da, beynəlxalq ictimaiyyət də bunu çox yaxşı
bilir".
Modernləşmənin
əsas məqsədi həm Azərbaycanın, həm də hər
bir vətəndaşın arzu və istəyinin
reallaşmasına xidmət etdiyindən bu istiqamətdə
ciddi tədbirlər görülür. Azərbaycanın
modernləşməsi cəmiyyətin yeniləşməsi,
yetərli ictimai və siyasi təsisatlar yaradılması, vətəndaş
təşəbbüskarlığının artması,
innovasiya sıçrayışı və XXI əsr
üçün çox zəruri olan inzibati reaksiyanın
sürətinin artırılması üçün
güclü kadr ehtiyatları yaradılması formasında
inkişaf edir. Azərbaycan cəmiyyəti
üçün modernləşmə müasir
inkişafın əsas amili olmaqla, özündə milli ənənələri,
qaynaqları və kökləri, əsrlər boyu
keçdiyimiz tarixi yolu təcəssüm etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi
modernləşmə qərarlarının bütöv
kompleksi Azərbaycanı yeni davranış normaları və
stereotipləri, davamlı siyasi sistemə malik və mərhələlər
üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar
sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə
imkan vermişdir. Səmərəli
dövlətçilik strukturunun təşəkkülünün
əsasını təşkil edən başlıca tezis Azərbaycanın
regional proseslərdə rəqabətədavamlılı`ğını
və buna müvafiq olaraq Cənubi Qafqazda tam mənada iqtisadi
liderliyini təmin etmək səylərindən ibarət
olmuşdur.
(ardı var)
Kamal Adıgözəlov,
Bakı Dövlət Universitetinin diplomatiya
və müasir
inteqrasiya prosesləri kafedrasının
dissertantı
Xalq qəzeti.- 2010.- 31 iyul.- S. 3.