İki əsrin, üç nəslin
səsi
Bu günlərdə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında tanınmış tarzən Əliağa
Sədiyevin rəhbərlik etdiyi "Xarı
bülbül" muğam qrupunun "Üç nəslin səsi"
adlı ikigünlük konserti, eləcə də
respublikanın xalq artisti Nəzakət Teymurovanın "Əzizinəm,
Qarabağ" video-diskinin təqdimat mərasimi keçirildi.
Konsertin
aparıcısı, respublikanın əməkdar artisti Azad
Şükürov 10 ildən artıq fəaliyyət göstərən
"Xarı bülbül" muğam qrupunun çoxşaxəli
yaradıcılıq yolundan və bu illər ərzində
qazandığı uğurlarından, konsert fəaliyyətindən
söz açdı, daha çox Nəzakət Teymurova ilə
yaradıcılıq əlaqələri
saxladığını qeyd etdi. Daha sonra o Nəzakət
Teymurovanın yeni işıq üzü görmüş
"Əzizinəm, Qarabağ" videodiskini sənətsevər
tamaşaçılara təqdim etdi. "Gilan-SD" şirkəti
tərəfindən hazırlanmış ikihissəli diskə
müğənninin ötən ilin dekabrında Heydər Əliyev
Sarayında verdiyi solo-konsertdə oxuduğu muğam, təsnif
və xalq mahnıları daxil edilmişdir.
Konsertin ilk günü
Beynəlxalq Muğam Festivalı və televiziya muğam
müsabiqələrindən yaxşı
tanıdığımız gənc ifaçılar İlkin Əhmədov,
Gülnar İsayeva, Nasir Ətapur, Vüsalə Musayeva, Səbuhi
İbayev, eləcə də orta nəsli təmsil edən əməkdar
artistlərdən Cabir Abdullayev, Fehruz Səxavət, Teyyub
Aslanov, müğənnilərdən Rövşən Məmmədov,
Sərdar Əvəzoğlu və Məhərrəm Həsənovun
çıxışları hamının könlünü
oxşadı.
Konsertin sonunda
çıxış edən xalq artisti Nəzakət Teymurova
ürəkləri riqqətə gətirən məlahətli
səsi ilə o gecə sənət nümunəsi göstərdi.
Bunu sənətkara verilən çoxsaylı tər
çiçək dəstələri və
tamaşaçıların sürəkli
alqışlarından da görmək olurdu.
Konsertin ikinci
günü daha yaddaqalan oldu. Ötən əsrin ən populyar, bu
gün də təkcə öz ifaları ilə deyil, yüksək
səhnə mədəniyyətilə gənc
ifaçılara örnək ola biləcək yaşlı
nümayəndələri - xalq artistlərimizdən professor
Arif Babayev, Canəli Əkbərov, Səkinə
İsmayılova, əməkdar artistlər Sabir Mirzəyev,
Süleyman Abdullayev sənətsevərlərin
zövqünü oxşadılar. Vaxtilə
çox sənətçi uğurlarının şahidi
olmuş bu sənət məbədində Arif Babayevin
yanıqlı "Segah"ı, Süleyman Abdullayevin
"Şur"u, Sabir Mirzəyevin "Çahargah"ı,
Səkinə İsmayılovanın "Bayatı
Şiraz"ı o gecə tamaşaçıları bir daha
ötənlərə qaytardı.
İkigünlük konsertdə
tamaşaçılar təkcə müğənnilərin
gözəl ifalarını deyil, eyni zamanda, onları
müşayiət edən əməkdar artistlərdən
Elşən Mansurov - kamança, Mircavad Cəfərov - ud,
ansamblın digər üzvləri Şirzad Fətəliyev - nəfəs
alətləri, Çinarə Mütəllibova - kanon, Qalib Həşimov
- bas tar, Nizami Allahverdiyev - dəm balaban, Kamran Kərimov -
nağara, Eyvaz Həşimov qoşa nağara və Hüsaməddin
Əzizovun bəm nağarada virtuoz ifalarının şahidi
oldular.
Ansamblın rəhbəri
Əliağa Sədiyevin təşəbbüsü ilə
keçirilən bu konsert tamaşaçıları bir daha əmin
etdi ki, ötən əsrlərdən bizlərə ərmağan
qalmış və bu gün də dövlət
başçımızın diqqət və
qayğısı ilə əhatə olunan ulu muğam sənətimizin
gələcəyi də etibarlı əllərdədir. İkigünlük
konsertin xoş təəssüratı yəqin ki, uzun müddət
tamaşaçıların yaddaşından silinməyəcək.
Çünki iki əsrin ən gözəl nəğmələri
bu möhtəşəm sənət ocağında
üç nəslin səsində eşidildi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 11.