Bir səfərin təəssüratı (yol qeydləri)

 

(əvvəli ötən sayımızda)

 

"Gəzməyə qürbət ölkə..."

 

Montrö və Lozanna şəhərləri İsveçrənin cənubunda, Cenevrə gölünün sahilində yerləşir. Əhalisi fransızdilli olan bu şəhərlərin sakinləri öz aralarında Cenevrə gölünə "Liman gölü" də deyirlər.

Montrö və Lozanna şəhərləri öz qeyri-adi, əsrarəngiz gözəlliyi ilə bura gələn hər bir insanı valeh edir. Montrö şəhərində, bu ölkəyə səfərimizin ikinci günündə olduq. Cenevrə gölünün söykəndiyi yamaclarda evlər qayaları qucaqlayaraq, pilləkən-pilləkən yüksəlir. Hər yer gül-çiçəkdir. Bura turistlərin ən çox gəldiyi istirahət şəhəridir. Dənizin sahili boyunca uzanan əsas küçənin hər iki tərəfində çoxsaylı otellər sıralanıb gedir. Bir vaxtlar dünya kino sənətinin ulduzu Çarli Çaplinin, böyük ədib Jan Jak Russonun yaşadıqları, çox sevdikləri bu ecazkar şəhərdə hər şey insanın istirahətinə, rahatlığına hesablanıb.

Şəhərin çox böyük tarixə malik, Cenevrə gölünün ləpələri ilə qucaqlaşan Şilon qəsrində olduq. Böyük ingilis şairi Lord Bayron bu əzəmətli, möhtəşəm abidə ilə tanışlıqdan, qəsri gəzib dolaşdıqdan sonra "Şilon məhbusu" poemasını yazmışdır. Hər bir salonu bir memarlıq nümunəsi olan bu qəsr həm də bir vaxt orada yaşayanların həyat eşqindən xəbər verirdi. Qəsrin dənizə açılan birinci qatında yüzilliklərdən üzü bəri Avropanın bir çox nüfuzlu, məşhur ailələrinin nümayəndələrinin müqəssir bilinərək yatdıqları zindan indi də zəhmi ilə adamda bir vahimə, xof yaradır. Yuxarı qatları gəzdikcə təəssürat dəyişir, burada keçən təmtəraqlı həyatın izləri həmin xofu yox edir və qədim zamanlarda da gözəl həyat yaşayanlara rəğbət hissi yaradır.

Lozannaya gedən yolun bir hissəsini iki gün əvvəl, Montröyə gedərkən keçmişdik. Daha 10 km irəli gedib Vo kantonunun paytaxtı, Beynəlxalq Olimpiya oyunlarının mənzil qərargahının yerləşdiyi və paytaxtı olan bu şəhərə çatırıq. 130 min əhalisi olan şəhərdə 85 min iş yeri var. Deməli, bu şəhərdə də işləyənlərin əksəriyyəti ətraf regionlardan, bəzən qonşu ölkələrdən gələnlərdir. Lozanna da Montrö kimi bu ölkəyə gələn turistlərin daha çox ziyarət etdikləri şəhərlərdəndir. Lozannada da, elə Montrödə də qışda suyun hərarəti müsbət 10 dərəcədən aşağı enmir. Buranın çimərliklərində qışda da çimirlər.

 

Tarixə qısa bir səyahət

 

Sankt-Qallendə Şəhər Administrasiyasında tədbirlərin təşkilatçısı xanım Beridən soruşuram:

- Şəhəriniz qədimdir. Nə vaxt salınıb, deyərsinizmi? Cavabında bildirdi ki, şəhərlərinin 1700 yaşı var. IV əsrdə Müqəddəs Qalen tərəfindən salınıb, sonra da əlavə etdi ki, bu gün onun tikdirdiyi müqəddəs kilsədə olacağıq. Xanım Beri gülümsəyə-gülümsəyə məndən xəbər aldı ki, "yəqin sizin gəldiyiniz şəhər də qədimdir"? Xanımın sualına iftixarla cavab verdim ki, bəli, işlədiyim və yaşadığım şəhərin 2300 il yaşı var.

Bu cavabımdan heyrətlənən müsahibim təkrar soruşur:

- Qədim olduğu üçün yəqin ki, həm də çox gözəldir?!

- Bəli, bir vaxtlar çox gözəl olub. Ancaq zamanın sərt sınaqlarına tablaşmayıb, dağıdılıb, viran edilib. İndi bərpa etməyə, yenidən tikməyə çalışırıq, - deyə cavab verdim.

 

***

 

İsveçrədə təhsil yüksək səviyyədə inkişaf etmişdir. Lozanna şəhərində, yetişdirdiyi mütəxəssislərlə dünyada çox məşhur olan Politexnik Universiteti var. Bu yaxınlarda universitet üçün Cenevrə gölünün sahilində 25 hektar ərazidə yeni, qeyri-adi tədris korpusları tikilib. Geniş bir sahəni əhatə edən yeni tədris korpuslarının görünüşü nəhəng təyyarəni xatırladır. Bina yerdən ayrılmış vəziyyətdə, auditoriyalar isə kosmik gəmilərin salonları üslubunda tikilib. Ərazisi böyük olduğundan biz buranı maşınla gəzdik. Vaxt dar olduğundan proqrama daxil edilmədiyindən içəridəki şəraiti yaxından görə bilməsək də elə bu gördüklərimiz bizdə bu ölkədə elmə, təhsilə olan münasibət haqqında kifayət qədər təəssürat yaratdı.

Bu ölkədə ictimai birgə yaşayış qaydaları hamı üçün həyat normasıdır və onlar hər bir şəxs tərəfindən qorunur, onlara ciddi riayət edilir. Bizim "demaqoqluq" adlandırdığımız əməl burada hər bir vətəndaşın yerinə yetriməli olduğu borc kimi qəbul edilir. Əgər sən bu ölkədə yaşayırsansa, bu ölkənin vətəndaşısansa baş verən pis işə, qarşılaşdığın nöqsana laqeyd qala bilməzsən. Avtomobil yol hərəkət qaydasını pozursa, gül kolu kimsə tərəfindən korlanırsa, küçəyə zibil atılırsa, yaxud yaxın adamın və ya dostun digərinə kobudluq edirsə, onu incidirsə, iradını bildirməli, bunu rəsmiləşdirib aidiyyatı orqana təqdim etməlisən. İsveçrəli özünün bu hərəkətini dövlətinə xidmət, ölkəsinin qanunlarının qorunmasında iştirakına görə şərəf hesab edir. Elə bu yanaşmanın, ölkələrinə sevgi ilə cilalanmış vətəndaşlıq mövqeyinin bu üstün cəhətlərinin nəticəsidir ki, yollarda, küçə və meydanlarda polis görünmür. Bir həftə ərzində yaşadığımız Bern şəhərində gecə vaxtları cəmi bir və ya iki dəfə küçədən polis maşınının ötüb keçdiyini gördük.

 

***

 

İsveçrədə olduğumuz bütün şəhərlər çox qədim keçmişə malikdir. 100-150 il, bəlkə də daha əvvəllər tikilən bir-birindən gözəl binalar olduğu kimi qorunur, mühafizə edilir və həm də onlardan istifadə olunur. Rəsmi tədbirlərdə olduğumuz Sankt-Qallen, Bazel və Baden şəhərlərinin administrasiyaları bir əsrdən çox yaşı olan binalarda yerləşirlər. Baden Şəhər Administrasiyasının binasında XII əsrdə ölkənin ilk parlamentinin olduğu kimi saxlanılan iclas zalından indi yüksək rəsmi bayram mərasimlərinin, xüsusi beynəlxalq tədbirlərin, bəzi hallarda zəruri sayılan təntənəli nikahların qeydiyyatının keçirilməsində istifadə olunur.

 

    Yollar

 

    Ömürlərə çıraq tutub ötən yol,

    Dağa qalxan, dərələrdə itən yol,

    Alt qatında addım səsi, nal səsi,

    Mənzil başı bilinməmiş bitən yol.

 

İsveçrənin magistral avtomobil yolları olduqca rahat və genişdir. Şəhərlərarası magistrallarda yolu ayıran zolaqda ortadan dəmir payalarla çəpərlənmiş hissədə eyni hündürlükdə biçilmiş qarağat kolları əkilmişdir. Sərt döngələr, nəzərə çarpan eniş və yoxuşlar da yoxdur. Yollar, qarşıya çıxan təpələri dörd dolanmır, dağın, təpənin irili-xırdalığına görə qısa, ya da uzun tunellərdən keçir. Gəzərkən keçdiyimiz çoxsaylı tunellərdən biri, uzunluğu beş kilomterdən artıq olan Bern-Surix avtomobil yolundakı nəhəng tunel hələ 19-cu yüzillikdə, əl ilə 36 ilə çəkilib.

İsveçrədə də yollar çox yerdə körpülərdən keçir. Reyn çayının iki hissəyə böldüyü Bazel şəhərini nəhəng körpü birləşdirir. Montro şəhərindən ölkənin cənubuna, Cenevrə gölünün sahili ilə dağların sinəsindən ötüb keçən uzunluğu 20 kilometrdən çox olan, çox heyrətamiz bir körpü asılıb.

Bunlara baxdıqca, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamları ilə son illərdə Bakı şəhərində tikilən çoxsaylı yeraltı keçidlər, körpülər, mərtəbəli yollar, elə öz çalışdığım rayondan keçib gedən, betondan tikilmiş yeni, çox geniş Bakı-Rusiya magistral yolu, Şabran şəhərində Dəvəçiçayın üstündə tikilmiş, respublikamızda ən böyük - uzunluğu 565 metr olan nəhəng körpü bir-bir gözlərimin önündə canlanırdı. Həm də bizdəki tikililərin burada gördüklərimdən daha qiymətli inşaat materialları ilə üzlənməsi, daha yaxşı işıqlandırılması, memarlıq elementləri ilə də zəngin olması məndə qürur doğururdu. Bütün bu gördüklərimizi yeri gəldikcə, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevlə, Rafiq Niftəliyevlə, Səbuhi Məmmədovla və digər səfər yoldaşlarımızla müzakirə edir, möhtərəm prezidentimizin rəhbərliyi altında son illərdə respublikamızda görülən işlərlə müqayisə edir, minnətdarlıqla yada salıb, iftixar hissi keçirirdik.

İsveçrədə şəhərlərarası magistral avtomobil yollarında xüsusi hallar üçün əvvəlcədən nəzərdə tutulmuş ehtiyat yol da var. Ancaq kimsə o yola daxil olmur. Yalnız qəza və digər fövqəladə hallar baş verdikdə həmin yoldan istifadə olunur. Ən azından yol getdiyimiz müddətdə bir kimsənin orada hərəkət etdiyini görmədik. Kimliyindən asılı olmayaraq, İsveçrədə yollar üçün müəyyən edilmiş sürəti hamı gözləyir. Bir neçə yerdə yollarda genişləndirmə, tikinti-abadlıq işlərinin aparıldığını da gördük.

Olduğumuz şəhərlərdə yol probleminin, maşın sıxlığının hələ də qaldığını dedilər. Xüsusən, şəhərlərdə velosiped yollarının çatışmazlığını, Bazel, Sankt-Qallen və ölkənin başqa şəhərlərində yeni velosiped yollarının salınması ilə bağlı layihələr üzərində ciddi düşündüklərini, iş apardıqlarını dönə-dönə qeyd edirdilər.

Bu ölkədə nəqliyyat kimi velosipeddən geniş istifadə edilir. Məsələn, Sankt - Qallen şəhərində əhalinin 25 faizi, Bazeldə 20 faizi işə velosipedlə gedib-gəlir. Bunu isə bu ölkədə hələ yaxşı göstərici hesab etmirlər. Digər bir maraqlı fakt: şəhər əhalisinin cəmi 24 faizi şəxsi nəqliyyatdan istifadə edir. Qalan hissə isə piyada hərəkət etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bazeldə şəhər əhalisinin 70 faizi ictimai nəqliyyatdan istifadə üçün daimi bilet, talon alır. Ölkədə ictimai nəqliyyatın bütün növləri var. Tramvay və troleybuslar, elektrik qatarları üstünlük təşkil edir.

Şəhər daxilində avtomaşınların, nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına maksimum səy göstərilir. Gəzdiyimiz şəhərlərin mərkəzi küçələrində çox az hallarda şəxsi minik avtomobili görürdük. Belə yerlərdə daha çox piyada hərəkət edir, velosipeddən istifadə olunur.

Bazel şəhərində son 20 ildə velosiped yollarının uzunluğu 140 kilometrə çatdırılıb. Şəhərin bütün meydanlarının ətrafında velosipedlərin saxlanılması üçün daimi dayanacaqlar var. Şəhər Administrasiyası rəhbərliyinin məsul işçisi böyük iftixarla bu yaxınlarda şəhərdə eyni vaxtda iki min velosipedin saxlanılması mümkün olan nəhəng yeraltı park tikildiyini bildirdi.

Bazel şəhər qəzetlərinin birində səfərimizlə bağlı "Azərbaycanlılar Bazeldə" başlıqlı kiçik bir informasiya və bizim küçələrlə tanışlıq zamanı çəkdirdiyimiz bir fotoşəkil də dərc edilmişdi. Həmin kiçik informasiyada yazılmışdı ki, "Bazelin kanton və şəhər icraçısı Tomas Keslerin məlumatı azərbaycanlıları hər şeydən çox təəccübləndirdi. Belə ki, Bazeldə Velo (velosiped) nəqliyyatını genişləndirmək istəyirlər və orada yeraltı veloparklar var. Bundan başqa, nümayəndə heyəti taarif şurası sistemindən də təsirlənmişdir". Bu informasiyada hər şey həqiqətə uyğun idi. Nəqliyyat məsələləri, sərnişinlərin daşınması, qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı icra başçıları, xüsusən, Rafiq Niftəliyev, Heydər Abbasov, Vilyam Hacıyev (Ağdaş, Sabirabad, Samux rayon icra hakimiyyətlərinin başçıları) xeyli maraqlı suallar verdilər. Çox faydalı məlumatlar ala bildik. Göründüyü kimi, bizim bu marağımız da diqqətdən yayınmamış, onların nəzərini cəlb etmişdi.

Maraqlıdır ki, İsveçrədə bizim imkanlı şəxslərin sevdiyi, bir-birindən "geri qalmamaq" üçün bəhsə düşüb aldıqları irihəcmli Cip, Range Rover markalı və s. maşınlar az qala yoxdur və ya istifadə edilmir. Kiçikhəcmli, yığcam maşınlar çoxluq təşkil edir. Adambaşına düşən pul gəliri 40 min avro olan ölkədə belə bahalı maşınlara sahib olmaq isə hesab edirəm ki, onlar üçün o qədər də çətin olmazdı...

Sürücülərdən daha çox piyadalar yol hərəkəti qaydalarına son dərəcə ciddi riayət edirlər. Olduğumuz şəhərlərin heç birində, əhalinin sıx hərəkət etdiyi mərkəzi küçələrdə yeraltı yol ötürücüləri, keçidlər yoxdur. Piyadalar yerüstü keçidlərlə yoldan-yola adlayırlar. Bəzən qarşıdakı piyada yoluna çıxmaq üçün üç işıqforu ötüb keçmək lazım gəlir. Yol açıq, maneəsiz olsa belə, kimsə qaydanı pozub yolu adlamır. Səbr, təmkin və nizamla işıqforu, onun siqnallarını gözləyirlər. Hövsələ və dözüm... Kaş bizdə də bir çox başqa millətlərdəki kimi bu keyfiyyət olaydı...

 

Torpağa sevgi

 

Ölkədə kənd təsərrüfatının bütün sahələri intensiv inkişaf edir. Torpaqlar yüksək texnologiya ilə əkilib becərilir. Hər növdən olan kənd təsərrüfatı məhsulları yetişdirilir. Ölkənin ərazisini keçib getdikcə bol məhsul soraqlı taxıl zəmiləri də gördük, dənli, paxlalı bitkilər əkilən sahələr də. Bütün bölgələrdə meyvə yetişdirilir. Cənub tərəfdə, xüsusən, Cenevrə şəhərinin ətrafında gördüyüm bağlar, bağlara verilən görünüş, ağacaların on hektarlarla sahədə eyni hündürlükdəki düzümü heyrətamiz və həsəd aparılasıdır. Burada meyvə ağaclarını da üzüm tingləri kimi dirəklərə bərkidilmiş məftilə bağlayırlar. Eyni hündürlükdə budayıb forma verirlər. Meyvə bağlarında cərgə boyu çəkilmiş borular talvar kimi nəzərdə tutulub. Şaxtalı havalardan, bağların çiçəklənməsi dövründə güclü leysan yağışlarından və doludan məhsulu qorumaq üçün lazım gəldikdə bağlar istixana kimi örtülür. Təəssüf edirəm ki, belə bağları kənardan, ancaq maşınla yoldan ötüb keçərkən seyr edə bildik. Proqramımızda nəzərdə tutulmadığından və vaxt azlığından yaxından tanış olmaq, daha ətraflı görmək, öyrənmək imkanımız olmadı.

Ölkənin şimal-qərbində, konkret olaraq, Sankt-Qallendə olarkən rəsmi tədbirlərdə bizə bu bölgədə heyvandarlığın yüksək səviyyədə inkişaf etdiyini, bütün növdən olan heyvandarlıq məhsullarının emalının yüksək səviyyədə olduğunu bildirdilər. Bunu şəhərdən-şəhərə gedərkən yol kənarlarında gördüyümüz yığcam qara mal naxırlarının çoxluğu da təsdiq edirdi.

Lakin ölkənin cənub hissəsinə yol olanda ətraf kənd və qəsəbələrin ərazisində naxırlarının sayının daha çox olduğuna şahid kəsildik. Qəribəydi, mal-qara naxırları demək olar ki, hər yerdə eyni qaydada, çox yığcam, 15-30 baş arasında idi. Təsadüfü hallarda 50-60 baş təxmin edilə biləcək naxırlar gördük. Və hər yerdə mal-qara otlaq şəraitində saxlanılırdı.

Çox maraqlı bir məqamı da qeyd etmək istəyirəm. Təqribən bir, bəlkə də 0,5-0,6 hektar ərazidə inəklər çox sakit otlayırlar. Səhər vaxtı keçdiyimiz bir neçə yerdə ərazini xüsusi nişan ilə yaddaşımda saxlayıb axşam vaxtı qayıdarkən təkrar oralara diqqət yetirirdim. Mallar elə həmin səhərki yerdəcə, sakit halda otlayırdılar. Bizdə belə yerdə mal-qaranın qabağında gərək azı üç adam dursun ki, onların öhdəsindən gələ bilsin. Biçənək sahəsindən, becərilən əkin yerlərindən isə otlaqları kiçik payalara tarım çəkərək bərkidilmiş adicə sarı rəngdə bir lent ayırır. Qəribədir ki, çox gümrah, nəhəng gövdəli inəklər həmin lentdən o yana keçib getmirlər.

Birmənalı olaraq, torpaq mülkiyyətçiləri, kəndlilər öz torpaqlarını çəpərləmir, hasara almırlar. Zərurət olanda qonşu ilə nişangah üçün arada, sərhəddə bir gül və ya qarağat kolu əkirlər. Mal-qaradan, ev təsərrüfatında olan digər heyvanlardan qorunmaq üçün meşələrin kənarlarını hər yerdə eyni qaydada bir metr hündürlükdə dəmir dirəklərə bərkidilmiş əlvan rəngli məftildən hörülmüş torla çəpərləyirlər. Torpaq sahəsi meşə ilə sərhəd olan hər bir şəxs bunu etməlidir.

Meşələrə münasibət bu ölkədə tamamilə başqadır. Mal-qarasını, quzusunu, ya oğlağını, çəpişini meşəyə ötürməyi kimsə ağlına belə gətirmir. Çünki belə hərəkətləri bu ölkənin vətəndaşları yolverilməz hesab edirlər. Təbiəti, təbii sərvətləri, meşəlikləri olduqca əziz və müqəddəs bilirlər.

Yeri gəlmişkən, İsveçrə dövlətində ağac kəsilməsi 1904-cü ildə qəbul olunmuş qanunla qadağan edilmişdir. Hər addımda hiss olunurdu ki, bu qanunun pozulmasına hər hansı xırda cəhdə belə yol verilmir və bu heç mümkün də deyil. Meşədə hər ağac öz ömrünü başa vurmayınca onu kəsmirlər. Yalnız təbii aşınmaya məruz qalan ağaclar kəsilərək götürülür, ondan inşaat materialı, odun kimi istifadə edilir.

Səfərimizin iş qrafikinə əsasən Mantro şəhərinə bitişik Şeksbiro qəsəbəsində üzümçülük və şərabçılıqla məşğul olan bir ailə fermer təsərrüfatına baş çəkdik. Çaya tərəf, yamacla üzü aşağı enən küçənin hər iki tərəfində səliqəli, bir-birinə bənzəyən, hasarsız, çəpərsiz evlər sıralanıb gedir. Evlərin arasında, küçə boyu baxdıqca bircə qarış boş, istifadəsiz torpaq sahəsi görməzsən. İstifadəyə yararlı bütün ərazilərdə ya üzüm tingləri yetişdirilir, ya da çiçək əkilib becərilir. Yerin relyefinə görə çəkilmiş istinad divarlarında bitmiş yabanı kollar səliqə ilə qayçılanaraq daranıb, çox yerdə, elə daş divarda, dibçəklərdə çiçək becərilir.

Qarşıda, yolun kənarında, qapısız, darvazasız həyətlərin birinin tinində, yoldan bir metr hündürdə yarlığı, adı, əmtəə nişanı üstündə olan, uzaqdan diqqət çəkən, reklam məqsədilə iri şərab şüşəsi qoyulub. Məlum olur ki, elə bura proqram üzrə gəldiyimiz ünvandır. Maşınımız birbaşa açıq həyətə dönür. Maşından enirik. Evin sahibəsi, həyətə, qarşımıza çıxan xanım bizi fransız dilində salamladı. O, düşdüyümüz bu yerdə vaxt itirmədən, əlavə söz-söhbətsiz maşın yolunun əks tərəfindəki eyni formalı evə tərəfə yönəlib binanın alt qatındakı böyük qapıdan bizi də içəri dəvət etdi. Bura bölmələrə ayrılmış, ayrı-ayrı məqsədlərə xidmət edən bir neçə otaqdan ibarət istehsal və emal sexləridir. Birinci otaqda divarın bir tərəfində ağac çəlləklər və digər avadanlıqlar səliqə ilə üst-üstə çinlənib. Əks tərəfdə divar boyu açıq şkaflarda şərab istehsalı ilə bağlı lazımi əşyalar, boş qablar, ayrı-ayrı butulka növləri düzülüb. Şkafdakı müxtəlif ölçülü, görünüşlərindən çox qədim olduğu anlaşılan şərab qabları da nəzərdən yayınmır. Hiss olunur ki, onları qayğı ilə qoruyurlar. Xanım bu otaq və onun təyinatı barədə ətraflı məlumat verib bizi ikinci otağa dəvət edir. Divarın içində düzülmüş iri, hündür, üzü par-par parıldayan çənləri göstərərək "şərabı bu qablarda saxlayırıq" - deyir və növbəti otağa adlayır. Müəssisənin bu gördüyümüz hissəsində də qeyri-adi təmizlik və səliqə-səhman vardı.

Xanımın ardınca bir neçə pilləkən qalxaraq qapıdan keçib eyni hündürlükdən yığcam, nəfis tərtibatlı kiçik zala enirik. Solda, iki qapının arasında, divarın dibində qədim pianino qoyulub. Səfər yoldaşlarımızdan biri piano arxasına keçərək dərhal bizim məşhur "Cücələrim"i çalmağa başladı. Ev yiyəsi qonaqları, yəqin ki, yaşı yüzü ötmüş, arxasında iyirmi nəfərin yerləşə biləcəyi qədim stolun ətrafında, elə o stol yaşda da olan kürsülərdə oturmağa dəvət edir. Hiss olunur ki, bu sadə, müasirliklə klassik üslubun qorunub saxlandığı salonda yığcam ailə, yaxın dost ziyafətləri də keçirilir. Xanım gülümsəyə-gülümsəyə fortepianoya işarə edib:- Babamdan qalıb, əziz yadigar kimi çox sevirik, - deyə məlumat verir. Şərab süzmək üçün hər birimizin qarşısına əvvəlcədən düzülmüş dəstərxanın üstünə əlvan süşə qədəhləri düzür. Qonaqlar öz suallarını yağdırırlar. Bizə həm bələdçilik, həm də tərcüməçilik edən Emil hər bir sualı və xanımın cavablarını dəqiqliyi ilə dilimizə çevirir.

"Nə vaxtdan bu işlə məşğulsunuz?" sualına xanım: - Mən və ərim üçüncü nəsilik ki, şərabçılıqla məşğul oluruq, - deyə cavab verir. - Bu gördükləriniz də dədə-babalarımızdan bizə qalıb. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov soruşur:

- Bu əmlak sizin atanızdan qalmadır, ya ərinizin valideynlərindən?

Xanım da gülə-gülə: - Ərimin valideynlərindən qalıbdır, - deyir və əlindəki şərab şüşəsini peşəkarlıqla açır. Əvvəlcə öz qədəhinə azca şərab süzüb qoxlayır. Bir qurtum alaraq ağzında bir az saxlayır. Keyfiyyətinə arxayın olduqdan sonra danışa-danışa, sualları cavablandıra-cavablandıra sıra ilə qonaqların da qədəhlərinə şərab süzür. Yalnız bundan sonra özününkünü də doldurub təkrar "xoş gəlmisiniz" deyib qədəhini yuxarı qaldırır. Diqqətlə baxıram, yoldaşlarım şərabı könülsüz içirlər... "Əladır, yaxşıdır" deyib tərifləyən olmur. Özüm içməsəm də, ətrini qoxlayıram. Gözəl rayihəsi var idi.

Xanım oturduğumuz zaldan binanın yuxarı qatına qalxan pilləkənlərlə gedib bir neçə dəqiqədən sonra əlində iki qabda dadı bizim şirin qoğala oxşayan çubuq formasında bişmiş çörəklər gətirib stola düzdü. Qonaqlardan "qırmızı şərab içirsinizmi?" - deyə soruşdu. Heç kimin qırmızı şərab içmək arzusunda olmadığını biləndən sonra yenə bayaqkı yolla evə qalxdı və əlində hər iki tərəfi kasaya oxşayan qabla qayıtdı. Bu nə üçündür? - soruşduq. O, qabı stolun üstünə qoyub yarımçıq qədəhləri göstərdi:- Bunları boşaltmaq üçün, - deyib o qədəhləri bir-bir qaba tökməyə başladı və bu dəfə başqa növ bir şərab şüşəsini götürüb açdı. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq müəllim şərabı yoxladı və "elə bir şey deyil" - deyə rəyini verdi. Emilə xanımdan üzümün şəkərliliyini soruşmağı xahiş etdi. Xanım şərabın spirtlik dərəcəsinin 11, 12 faiz olduğunu desə də üzümün şəkərliliyini açıb söyləməkdən vaz keçdi. Tofiq müəllim nə qədər cəhd etsə də, istədiyi cavabı ala bilmədi. Ev sahibindən öyrəndik ki, ailənin 4 hektar üzüm plantasiyası var. Bağlardan ildə 40 ton məhsul götürürlər. Yalnız öz bağlarından topladıqları məhsulu emal edirlər.

Məşğul olduqları bu işdən illik gəlirləri də təxminən 500 min avro civarındadır. Birinci qatında, yarımzirzəmidə şərab sexi yerləşən, üstündə isə iki mərtəbəli geniş yaşayış evi olan bu imarət və yolun digər tərəfində, buraya gələrkən qarşısında düşdüyümüz o böyük ev də bu ailəyə məxsusdur. Bayaq velosipedlə böyrümüzdən şütüyüb keçən oğlan uşağı ilə birgə bu malikanələr yəqin ki, üç nəfərdən ibarət bu ailəyə azlıq eləməz...

Yeri gəlmişkən, ölkəmizdə də vaxtı ilə üzümçülüyün və şərabçılığın çox şöhrətli inkişaf dövrləri olmuş, faydalı ənənələri yaranmışdı. Arxeoloji qazıntılar zamanı qədim Şabranda şərab emalı ilə bağlı müxtəlif ölçülü küplər, qablar aşkar edilərək üzə çıxmış, hələ ilk orta əsrlər dövründə bu torpaqlarda üzümçülüyün bir təsərrüfat sahəsi kimi inkişaf etdiyi məlum olmuşdur.

Ümumiyyətlə, Azərbaycanda həmişə məişətimizdə, milli mətbəximizdə üzüm və üzüm məhsullarından geniş istifadə olunub. Löyün-löyün kişmiş, mövüc, doşab, bəhməz, abqora, sirkə dost üzünə açıq, bərəkətli süfrələrimizin əziz nemətlərindən olub.

Bu istiqamətdə təbiətşünas alim, akademik Həsən Əliyevin xidmətləri danılmazdır. Ötən əsrin 70-80-ci illərində rayonlarımızın bir çoxunda, xüsusən də, dağlıq rayonlarda üzümçülüyün təsərrüfatlarda əsas sahəyə çevrilməsi və tətbiqi, inkişaf etdirilməsi sayəsində yüksək sosial-iqtisadi inkişafa nail olunmuşdu. Bu gəlirli sahənin inkişafı nəticəsində yeni yollar çəkilmiş, insanların həyat və məişət şəraiti yaxşılaşmışdı. Keçmiş Dəvəçi, indiki Şabran rayonunda 70-ci illərin sonunda 12 min tona qədər üzüm istehsal edilirdi. Rayonda iki üzüm emalı zavodu var idi. Təəssüf ki, 80-ci illərin sonunda o bağlar ucdantutma məhv edildi. O vaxtkı üzüm emalı zavodlarından da artıq biri yerli-dibli yoxdur. Digəri, Gəndov şərab emalı zavodu isə ötən il - 2009-cu ildə əsaslı bərpa edilərək işlək, emala hazır vəziyyətə gətirilib. Son illərdə rayonda yeni üzüm bağlarının salınmasına diqqət artıb. Bu il Şabranda üzüm bağlarının sahəsi 160 hektara çatıb. Rayonun torpaq fondunu, imkanlarını nəzərə alsaq, bu rəqəm çox kiçik, rəmzidir. Ancaq bu bağlar vur-tut son bir neçə ildə salınıb və rayonda bu istiqamətdə müsbət dinamika var. Üzüm plantasiyaları üçün beton dirəklər hazırlayan sexlər yaranıb. Yeni salınan bağlarda xaricdən alınmış tinglər əkilir. Bütün bunlar, bu gəlirli sahənin gələcək inkişafına inam yaradır. Xalqımız içkiyə, xüsusən və ya qırmızı şəraba meyilli olmasa da bu məhsullara dünyada həmişə tələbat böyükdür. Çünki bu məhsulların bazarları var. Daha doğrusu, alıcısı həmişə qapının ağzındadır. Çalışmalıyıq ki, bizdə də kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı, İsveçrədə yaxşı ənənələri olan belə mobil istehsal müəssisələri çox olsun. Şübhəsiz, onların sırasında üzümçülük də olmaq şərti ilə. İlin 250 günü günəşli olan Şabranda bu sahənin daha da inkişaf etdirilməsinə gözəl imkan var.

Yerimizdən qalxıb əvvəl düşdüyümüz həyətə, maşınımızın durduğu yerə yollandıq. Evin sahibəsi ilə sağollaşırdıq ki, oralar üçün babat sayıla biləcək maşınla xanımın əri yolu dönüb həyətə girdi. Qadın, gülə-gülə, şadyanalıqla "ərim gəldi, indi o, sizin suallarınıza daha ətraflı cavab verər", - deyə maşını saxlayıb yerə düşən həyat yoldaşına öz dilində, yəqin ki, haqqımızda tələsə-tələsə məlumat verdi.

Ər və xanımına qonaqpərvərliklərinə görə təşəkkür edib xudahafizləşdik. Maşına əyləşib Cenevrə gölünün sahili boyu, evlərin və üzüm bağlarının arasından keçib gedən şüşə kimi düz yolla səhər tanış olduğumuz gözəl Montrö şəhərinin mərkəzinə qayıtdıq.

 

"Əzizim Vətən yaxşı..."

 

Səfərimizin sonuncu günü dünyanın çoxsaylı beynəlxalq təşkilatlarının yerləşdiyi Cenevrə şəhərinə gəldik. Gün ərzində bu qədim, gözəl Avropa şəhərinin meydan və xiyabanlarını gəzdik. Sahildən Cenevrə gölünün üstündə qurulmuş nəhəng fontanı seyr etdik. Günorta vaxtlarında şəhərin mərkəzi küçələrindən birində 1 may nümayişçilərinin nizamla ötüb keçmələrinə tamaşa etdik. Bu ölkədə bütün gördüklərimizin zirvəsi isə doğma Vətənimizin, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki daimi nümayəndəliyimizdə, İsveçrədə Azərbaycanımızın kiçik bir torpaq parçasında tikilmiş, səliqəli, qarşısında müqəddəs bayrağımızın ucaldığı iqamətgahına gedərək onu ziyarət etməyimiz oldu.

Həmin gün axşam respublikamızın İsveçrədəki səfiri və BMT-nin Cenevrə filialındakı daimi nümayəndəsi Murad Nəcəfzadə bizim şərəfimizə ziyafət verdi. Həqiqətən, səfirlik bir həftə ərzində bizim daha çox şey görüb, vaxtı səmərəli keçirməyimiz üçün çox ciddi təşkilatçılıq işi aparmışdı. Səfirliyin iki əməkdaşı da bütün bu vaxtı bizimlə oldu. Səfirlə görüşümüzdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev bu səfərin proqramının hazırlanmasında göstərdikləri təşkilatçılıq işlərinə və proqramın çox məhsuldar keçirilməsindəki əməli köməkliyə görə səfir Murad Nəcəfbəyliyə rayon icra hakimiyyəti başçıları adından təşəkkür etdi. İsveçrədə gördüklərimizdən hər birimizin kifayət qədər faydanlandığını, böyük təəssürat aldığımızı bildirdi.

Axşamdan xeyli keçmişdi. Yekdilliklə nümayəndəliyimizin iqamətgahında olmaq istədiyimizi bildirdik. Hörmətli səfirimiz də çox böyük səmimiyyətlə bu istəyimizə əməl etdi. Bizi nümayəndəliyin bir neçə ay əvvəl istifadəyə verilmiş binasına gətirdilər. Avropanın mərkəzində, İsveçrədəki Azərbaycan torpağında olduq. Sevə-sevə, qürur hissi ilə Murad müəllimin bələdçiliyi ilə 3 mərtəbəli binanı gəzdik. İsveçrə ilə elə Azərbaycan nümayəndəliyində sağollaşıb ayrıldıq.

 

Son söz əvəzi

 

Səfər öncəsi o taylı-bu taylı Azərbaycanımızın ustad şairi Şəhriyarın məşhur misrasını tez-tez xatırladığımı qeyd etmişdim: "Bizdən irəlidədir avropalılar..."

İsveçrəyə bir həftəlik səfərdən sonra isə belə bir qənaətə gəldim ki, ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşan Azərbaycanımız dövlət müstəqilliyinin təxminən 20 ili ərzində ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən, ölçülü-biçili, müdrik siyasəti nəticəsində çox böyük uğurlara imza ataraq respublikamızı böyük şairimiz Şəhriyarın bir vaxt qibtə etdiyi Avropanın, eləcə də dünyanın yalnız uzun bir zaman kəsiyindən sonra əldə etdiyi inkişaf yoluna çatdırıblar. Qəti əminəm ki, avropalıların özlərinin də bizə həsəd, qibtə edəcəyi gün uzaqda deyil...

Dünya gör-götür dünyasıdır. Avropadan, bu qitənin inkişaf etmiş ölkələrindən öyrəniləsi şeylər az deyil. Azərbaycan Republikasının tərəqqisi, ölkəmizin inamlı inkişafı, vətəndaşlarımızın sosial rifahı əsas fəaliyyət prinsipi olan, möhtərəm prezidentimiz İlham Əliyevin yaratdığı imkandan yararlanıb İsveçrədə gördüklərimizin arasında təqdir ediləsi və işin xeyrinə götürüləsi işlər az olmadı. Biz, doqquz rayon rəhbəri, Prezident Administrasiyasının bu səfərdə iştirak edən məsul işçiləri ölkə rəhbərliyinin bizim üçün yaratdığı bu şəraitdən mümkün qədər çox faydalanmağa çalışdıq.

Gördüyümüz, götürdüyümüz yaxşı nümunələrin rəhbərlik etdiyimiz rayonlarda tətbiqi ilə bağlı arzu-istəklərimzi öz aramızda müzakirələrdə dilə gətirdik. Rəhbərliyin diqqət və qayğısından, etimaddan irəli gələn məhsuliyyətimizi də dönə-dönə yada saldıq. Hər birimiz bu inamla da Heydər Əliyev adına Bakı Hava Limanında təyyarədən endik və vidalaşıb çalışdığımız rayonlara qayıtdıq.

Bu bir həftəlik səfər yoldaşlığından sonra bir-birimizdən ayrılarkən onu da hiss etdim ki, dünyada heç millətin nümayəndələri bir-birindən ayrılanda biz azərbaycanlılar qədər duyğusal, kövrək olmur. Kaş bu xüsusiyyət təkcə ayrılıq anlarında deyil, həmişə, bütün məqamlarda bizimlə olsun :kövrək, həssas, səmimi...

 

 

Novruz NOVRUZOV,

Şabran Rayon İcra Hakimiyyətinin

Başçısı

 

Bakı - İstanbul - Bern - Şabran

25 aprel - 3 may 2010-cu il

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 8.