Dövlət İdarəçilik Akademiyasında Respublika Günü qeyd edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 28 May - Respublika Gününə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq professor-müəllim, tələbə müdavim heyətini, bütün kollektivi bayram münasibətilə təbrik etdi.

 

Sonra Azərbaycanın dövlət himni səsləndirildi. S. Qəndilov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində ölkəmizdə görülən işlərdən danışmışdır. Rektor tarixi təhlillərlə azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri, müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, ciddi təhlükələri xatırladaraq, ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına bu istiqamətdə apardığı müdrik siyasətdən danışmış, həmçinin bugünkü irəliləyişə nail olmağımızın səbəblərini qeyd etmişdir. S. Qəndilov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətindən söhbət açmışdır.

Akademiyanın beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər namizədi Elçin Əhmədov çıxışında 28 May - Respublika Gününün qeyd olunmasının vacibliyini xatırladaraq, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük əhəmiyyət kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu bildirərək öz ürək sözlərini yığıncaq iştirakçıları ilə bölüşdü. O, tariximizi bir daha vərəqləyərək cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin yaranması və yaşaması üçün gördüyü işlərdən danışmış, müstəqilliyimizin yenidən bərpa olunması və inkişaf etdirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən söz açmışdır.

Bayram tədbirində əməkdar artistlərdən Azərin, Ağalar Bayramov, xalq artisti Flora Kərimova və DİA tələbələrinin ifasında ədəbi-bədii kompozisiya və mahnılar səsləndirilmişdir.

 

 

Ə.BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 6.