Azərbaycan təhsili gələcəyimizin qarantıdır

 

Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrlə yanaşı, təhsil sürətlə inkişaf etməyə başladı, bu sahədə yeni uğurlar qazanıldı. Söz yox ki, bu uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İkinci dəfə hakimiyyətə qayıdan ümummilli lider yeni təhsil islahatının əsasını qoydu. Ulu öndərin 1999-cu il iyunun 15-də "Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam milli təhsilimizin inkişafında yeni stimul yaratdı.

 

Təhsil sistemində yeniləşmənin uğurla getməsi, yəni sovet təhsil sisteminin ideologiyası buxovlardan ayrılıb bəşəri təhsil sisteminə qovuşması üçün ilk növbədə yeni təhsil islahatı vacib idi. Və bu islahata başlanılması ilə bir sıra problemlərin həllinə rəvac verildi. İlk növbədə təhsilin məzmununu dəyişmək, yeni nəsil dərsliklər yaratmaq, yeni məktəblər inşa etmək, köhnələri əsaslı təmir etmək, məktəblərə informasiya texnologiyaları gətirmək və s. məsələlər qarşıda dururdu.

Problemlər çox idi. Təhsil işçisi kimi mən də bu problemlərin həllini səbirsizliklə gözləyirdim. Dövlətimiz bu islahatı mərhələ-mərhələ həyata keçirirdi. Ulu öndər deyirdi: "Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir".

Əlbəttə, təhsil təkcə məktəb, direktor, müəllim, şagird, valideyn münasibətlərinin cəmi deyil. Təhsildə tarixi təcrübə, milli ənənə, bəşəri dəyərlər cəmləşmişdir. Təhsil sosial piramidanın hər bir təbəqəsinin marağı daxilindədir. Ona görə də mürəkkəb proses olan təhsil islahatının istiqamətləri dəqiq müəyyənləşdirilməli idi.

Beləliklə, ulu öndər Azərbaycanda təhsil islahatının əsasını qoydu və onun hakimiyyəti dövründə ilkin uğurlu addımlar da atıldı. Amma ümummilli liderin çox ləyaqətli davamçısı İlham Əliyev bu islahatları davamlı olaraq reallaşdırmağa başladı. Demək olar ki, 2003-cü ildən etibarən Azərbaycan təhsilində yeni, məsuliyyətli bir dövr başlandı.

Hərdən opponentlərimiz təhsil sahələri ilə bağlı mətbuatda tənqidi fikirlər söyləyirlər. Məgər onlar son illər Azərbaycan təhsilində baş verən bu genişmiqyaslı islahatın nəticələrini görmürlərmi? Bu nailiyyətlərdən bəzilərini diqqətə çatdırmaq istəyirəm.

Hələ, 2004-cü ildə cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər)" təsdiq edilməsi ilə bağlı sərəncamı milli təhsilimizin inkişafına çox əhəmiyyətli töhfə oldu. Əgər 2004-cü ilə kimi bu məktəblərdə hər 1000 şagirdə 1 kompyuter düşürdüsə, artıq 2007-ci ildə hər 29 şagirdə bir kompyuter nisbəti həll olundu.

Ölkənin təhsil tarixində ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırıldı, bir neçə məktəb isə "elektron məktəb" layihəsinə başladı. "Azərbaycan tarixi", "Kimya", "Biologiya", "Fizika" fənləri üzrə "elektron dərsliklər hazırlanıb məktəblərə göndərildi. Əksər məktəblərdə kompyuter kabinetləri yaradıldı. Cənab Prezidentin "Təhsil sisteminin informasiyalaşdırılması Proqramının (2008-2013-cü illər)" təsdiq edilməsi ilə bağlı yeni sərəncamı isə artıq reallaşmaq mərhələsindədir. Bu proqram ümumtəhsil məktəblərinin informasiyalaşdırılmasının həlledici mərhələsi olmaqla, digər təhsil sahələrinin informasiya texnologiyaları ilə təmin edilməsini nəzərdə tutur.

Orta ümumtəhsil sistemi üçün yeni məktəblərin tikintisi məsələsi üzrə 2003-cü ildə qəbul olunmuş Dövlət Proqramı da cənab İlham Əliyevin hakimiyyəti illərində sürətlə həyata keçirildi. Son illərdə 350 min şagird yerlik 1300-dən artıq yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri , Milli Məclisin deputatı Mehriban xanımın xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" "Uşaq evləri internat məktəbləri" proqramları çərçivəsində son illər 226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir edilmişdir.

Məktəb tikintisi bu gün sürətlə davam etdirilir. Artıq uşaqlar yeni üslubda inşa edilmiş müasir avadanlıqlarla təchiz olunan yeni məktəblərdə dərs keçirlər.

Son illər təhsil məsələləri ilə bağlı 16 dövlət proqramı qəbul edilmişdir.Bu proqramlar təhsilin bütün problemlərini əhatə edir. Burada məktəblərin dərsliklərlə, məktəblərin istilik sistemləri ilə, pedaqoji kadrlarla təminatı, texniki peşə təhsili, ali təhsillə bağlı proqramlar var ki, onların da həyata keçirilməsi istiqamətində davamlı aparılır.

Təhsilin keyfiyyəti, onun yüksək səviyyədə təşkili məsələsi bu gün Təhsil Nazirliyinin fəaliyyətində əhəmiyyətli yer tutur. Müxtəlif müsabiqələrin, olimpiadaların keçirilməsi artıq ənənə şəklini almışdır. Üçüncü ildir ki, cənab Prezidentin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. 50 məktəb, 100 müəllim hər il qalib seçilir dövlət tərəfindən ayrılmış mükafata layiq görülür.

Orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması da təhsil sistemimizdə son illərdəki yeniliklərdəndir. Biz müstəqil Azərbaycanın yeni təhsil sisteminin formalaşdığı dövrü yaşayırıq. Cəmiyyətin öz inkişafı təhsildə yeni yanaşmaları tələb edir. Ona görə müəllimlərimiz daha çevik daha mükəmməl bilik sahibləri olmalıdırlar. Bu gün müəllim əməyinə böyük qayğı var. qədər müəllimlərimiz "Əməkdar müəllim" fəxri adına, "Tərəqqi" medalına, Prezident təqaüdünə layiq görülmüşlər. Ucqar rayonlara göndərilən müəllimlər üçün xüsusi təzminatlar verilir.

Doğrudan da təhsil ölkənin inkişafında prioritet sahəyə çevrilmişdir. Biz Azərbaycanın gələcəyi üçün cavabdeh olan yeni nəsil yetişdirməklə məşğuluq. Bu çox məsuliyyətli bir işdir.

Təhsil Nazirliyinin həyata keçirdiyi düzgün siyasət artıq yeni, mühüm dövrə qədəm qoymuşdur. Təhsil naziri Misir Mərdanov qazanılmış nailiyyətləri belə xarakterizə etmişdir: "Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun reallığa çevrilməsi təhsil tariximizdə yadda qalacaq mühüm nailiyyətdir".

Bu nailiyyətlərin qazanılması üçün böyük əmək sərf olunmuşdur. Təhsil sahəsində təcrübəli, öz işinə böyük məsuliyyətlə yanaşan insanlar çalışır. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Əlbəttə, təhsillə bağlı ən çox Bakı şəhərində görülən işlər diqqəti cəlb edir. Son illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi rəhbərliyin yeniləşməsi Bakı şəhərində təhsil problemlərinin həllində əhəmiyyətli rol oynamışdır. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi çevik tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə olunmuşdur.

Bütün dövrlərdə dövlətin millətin inkişafında təhsilin müstəsna xidməti olub. Bu gün isə biz müstəqil Azərbaycanımızın yeni təhsil sistemini formalaşdırırıq. Bunun üçün kifayət qədər potensialımız imkanlarımız var. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev təhsili "millətin gələcəyi" adlandırırdı.

Heç şübhəsiz ki, əldə edilmiş bu inkişaf davamlı olacaq, xalqımızın xoşbəxt gələcəyi təmin ediləcəkdir.

 

 

Rəna NAİBOVA,

Bakı şəhəri Nəsimi rayonu

35 nömrəli məktəbin direktoru

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 6.