Qaxda "Dünyamızı
qoruyaq" adlı tədbir keçirilir
Respublikamızın hər yerində olduğu kimi Qax rayonunda
da "Ekologiya ili" çərçivəsində
tədbirlər davam edir. Xüsusilə
son vaxtlar bu istiqamətdə daha böyük işlər görülür.
Bu günlərdə şəhər 4 saylı
orta məktəbdə
"Biomüxtəlifliyin mühafizəsi
günü"nə həsr
olunan "Dünyamızı
qoruyaq" devizi altında keçirilən
tədbir isə daha xüsusi əhəmiyyət kəsb
edir.
Rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev və tədbirə
dəvət olunan digər qonaqlar əvvəlcə məktəbin
şagirdlərinin foyedə təşkil etdikləri
"Dünyamızı qoruyaq" mövzusunda əl işləri,
maketlər, stendlərlə zəngin sərgi ilə
tanış oldular. Şagirdlərin hazırladıqları
eksponatlar onu göstərirdi ki, bu məsələnin mahiyyətini
onlar dərindən dərk edir, ekologiyanın mühafizəsinə
yaradıcılıqla yanaşırlar.
Tədbiri giriş
sözü ilə məktəbin direktoru Soltan Hacıyev
açdı. Sonra rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev müasir
qloballaşma dövründə biomüxtəlifliyin
qorunmasının olduqca aktual, sosial-siyasi əhəmiyyət kəsb
edən vəzifə olduğunu qeyd etməklə məktəbin
bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.
Ölkəmizin ərazisində hələ qeyri-sənaye
üsulu ilə, heç bir elmi, texniki texnologiyaya əsaslanmayan
üsullarla neft istismar olunan dövrlərdən bəri
yığılıb qalan ekoloji problemlərin həlli
üçün ulu öndərimiz Heydər Əliyevin
hazırladığı konsepsiyanın ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilməsindən danışdı.
Ölkəmizdə
ekoloji tarazlığın pozulmasının
qarşısının alınması məqsədilə qəbul
olunan "Biomüxtəlifliyin qorunması", "Səhralaşmaya
qarşı mübarizə", "İqlim dəyişmələri"
və digər beynəlxalq konvensiyaların ratifikasiya edilməsi
və bununla bağlı götürülən öhdəliklərin
yerinə yetirilməsi sahəsində həyata keçirilən
genişmiqyaslı tədbirlərin əhəmiyyəti barədə
də tədbir iştirakçılarına geniş məlumat
verdi. Bildirdi ki, geniş əhali kütləsi arasında
ekoloji tərbiyə işlərinin canlandırılmasında
məktəb kollektivlərinin də üzərinə
böyük vəzifələr düşür. Çox təəssüflə
göstərdi ki, bir sıra soydaşlarımız, bəzən
məktəblilər də, gündən-günə gözəlləşməkdə
olan şəhərimizin küçə və
meydanlarında, parklarında yaradılan səliqə-sahmanı
qorumaq əvəzinə hətta, bəzən zibilləyirlər
də.
Başçı qeyd
etdi ki, şəhərin, rayonun daha da gözəlləşməsi,
abadlaşması, ətraf aləmin etibarlı mühafizəsi
üçün bütün zəruri tədbirlər bundan
sonra da həyata keçiriləcəkdir. Xüsusilə
içməli su və kanalizasiya probleminin həllinə
tezliklə nail olunacaq. Hər bir məktəbli, məktəb
kollektivi bu işlərdə nümunə göstərməli,
abadlaşmaqda olan küçə və meydanlarda, kəndlərdə
səliqə-sahman yaradılmasına öz töhfəsini
verməlidir.
Tədbir
iştirakçıları rayon ictimaiyyətinə müraciət
etdilər ki,hər bir ailə küçə və
meydanlarda, kəndlərdə müvafiq yerlərdə bir ədəd
gül kolu əkərək ona qulluq etsin. Həmçinin tədbirdə
"Ən təmiz, abad, gözəl küçə, məhəllə,
kənd uğrunda " müsabiqəsinin keçirilməsi
barədə təşəbbüs irəli
sürüldü.
Tədbirdə
şagirdlər "Ekologiya ili" ilə bağlı səhnəciklər,
ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər,
müsabiqələr keçirildi.
Artıq rayon icra hakimiyyətində
tədbir iştirakçılarının təşəbbüsünə
baxılıb, onun rayonda yayılması üçün sərəncam
imzalanaraq komissiya təşkil edilib, müsabiqənin şərtləri
təsdiq olunub.
İlqar MUSAOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 6.