Azərbaycan uşaqları dövlətin cəmiyyətin qayğısı ilə əhatə olunub

 

Uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti qayğısı ilə əhatə olunması məsələsi Azərbaycanda bütün dövrlərdə istər dövlətin, istərsə cəmiyyətin başlıca məqsəd vəzifələrindən biri olub. Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam gümrah, eyni zamanda, savadlı vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.

 

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşəndən və bütün dünya ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd olunmağa başlayandan sonra isə ölkəmizdə uşaqlara qarşı qayğı və diqqət bir qədər də artıb, dövlət qurumlarının bu sahədə səyləri daha da genişlənib. Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları Haqqında Konvensiya Beynəlxalq Demokratik Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul edilib. O vaxtdan da dünyanın ayrı-ayrı ölkələrində 1 İyun Uşaq Hüquqlarının Müdafiəsi Günü qeyd olunmağa, bu münasibətlə müxtəlif tədbirlər keçirilməyə başlanıb. Sonrakı on illər ərzində Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulan ölkələrin sayı artmaqda davam edib.

1991-ci il oktyabrın 18-də özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox keçmədən - 1992-ci ildə həmin konvensiyaya qoşulub. Azərbaycan bu konvensiyaya qoşulmuş 189 ölkədən biridir. 2002-ci ildə isə müstəqil Azərbaycan Respublikası Uşaq Hüquqları Haqqında Konvensiyaya iki Əlavə Protokola qoşularaq uşaq hüquqlarının daimi müdafiəsinə sadiqliyini bir daha təsdiq edib. Əlamətdar cəhətlərdən biri kimi onu da qeyd etmək lazımdır ki, Azərbaycan 1999-cu ildə Uşaq Hüquqları Haqqında Konvensiyanın müddəalarına əsaslanaraq "Azərbaycan Respublikasının uşaq hüquqları haqqında" Qanununu qəbul edib. Eyni zamanda, məlum Konvensiyaya qoşulduqdan sonra ölkəmiz mütəmadi olaraq özünün uşaq hüquqları ilə bağlı qanunvericilik bazasını və hüquqi-normativ aktlarını təkmilləşdirib,uşaq hüquqlarının müdafiəsi, onların əsl vətəndaş kimi formalaşmaları, ilk növbədə isə sağlam böyümələri, lazımi təhsil və tərbiyə almaları üçün ardıcıl tədbirlər görüb. Müstəqillik illərində Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da birbaşa bu məqsədlərin uğurla həyata keçirilməsinə xidmət edir.

Bu gün cəsarətlə demək olar ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığı illər ərzində Heydər Əliyev həmişə uşaqlara qarşı böyük məhəbbəti və sonsuz diqqəti ilə seçilib. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə görməsi, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ümummilli liderimizin daimi qayğısı olub. Bir çox uşaq sağlamlıq mərkəzləri, idman kompleksləri, eləcə də təhsil müəssisələri məhz onun rəhbərliyi illərində, bilavasitə şəxsi tövsiyə və göstərişləri əsasında yaradılaraq uşaqların istifadəsinə verilib. Ulu öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən onun gələcəyi olan uşaqların taleyini də bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdü. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyevlə görüşdən həmişə böyük yüksəkliyi tapıb, onun arzuladığı kimi böyüməyə çalışıb.

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda qədər yeni tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib! Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. Sovet İttifaqının dağılmasından sonra bir müddət istifadəsiz qalmış uşaq bağçalarının yenidən dirçəldilməsi ilə bağlı atılan addımlar uşaqlara diqqət qayğının bariz nümunələridir.

Təkcə Heydər Əliyev Fondunun son illərdə uşaqlar üçün yaratdıqlarını saymaqla qurtarmaq olmaz. Bütün bunlar uşaqlarımızın hərtərəfli inkişafı, onların müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir. Fond tərəfindən bu istiqamətdə həyata keçirilən ən müxtəlif layihələr Azərbaycanın ən qiymətli milli sərvəti olan uşaqların - genefondumuzun qorunub saxlanmasına daha da inkişafı işinə xidmət edir.

Son illərdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, pulsuz səhiyyə xidmətinin tətbiqi, uşaq ölümü hallarının kəskin şəkildə azaldılması, uşaqlar arasında tez yayılan xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, eyni zamanda, pulsuz ümumi orta təhsilin tətbiqi ümumilikdə dövlət uşaq siyasətinin başlıca nailiyyətləri kimi qiymətləndirilə bilər.

Keçən 2009-cu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə "Uşaq ili" elan olundu. Sərəncamdan irəli gələn vəzifələrin həlli istiqamətində mühüm layihələr həyata keçirildi. maraqlıdır ki, bu tipli tədbirlər təkcə əlaqədar dövlət qurumları, xüsusən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən deyil, eyni zamanda, digər təşkilatlar tərəfindən həyata keçirildi. Respublika Uşaq Fondunun, eləcə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının iştirakı ilə maraqlı tədbirlər görüldü. İctimaiyyətin, demək olar ki, bütün təbəqələri uşaq problemlərinin həllinə cəlb olundu.

Amma bütün bu qayğı diqqətin müqabilində Azərbaycan uşaqlarının illərdən bəri pozulmuş mühüm bir hüququnu - doğma torpaqlarda, doğma ev-eşiyində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmur. Bu da artıq 20 ildən bəri qaçqın-köçkün vəziyyətində yaşayan uşaqlarımızın doğulduqları torpaqlara - Qarabağa qayıtmaq hüquqları ilə bağlıdır. Doğrudur, bu hüquq dünyada heç kim tərəfindən inkar olunmur, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul edilir. Amma Azərbaycan körpələrinin hüquqlarını pozmuş, onları öz doğma yurd-yuvasından, ev-eşiyindən didərgin salmış Ermənistan hələ beynəlxalq ictimaiyyətin rəyi ilə hesablaşmayaraq işğal etdiyi ərazilərimizi azad etmir. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış, təcavüzkar müharibə təkcə balaca vətəndaşlarımızın qaçqın-köçkün düşməsi ilə nəticələnməyib.

Bu müharibədə qədər körpə ata-anasını, doğmalarını itirib. Eyni zamanda, erməni təcavüzü nəticəsində 1000 nəfərdən çox körpə fidanımız amansız müharibənin qurbanı olub, Xocalıda, başqa işğal olunmuş rayon kəndlərimizdə qanına qəltan edilib. Bu gün o vaxtkı körpələri millətimizə qarşı törədilmiş qanlı soyqırımın, etnik təmizləmə siyasətinin canlı şahidləri hesab etmək olar. Ancaq ədalətsiz, ikili standartların əsiri olan müasir dünyada bu körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Bu isə beynəlxalq ictimaiyyət üçün əsl utanc yeridir. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün balaları yaxın, çox yaxın vaxtlarda özlərinin bu mübarək bayramlarını doğma evlərində, yaxınlarının, əzizlərinin yanında qeyd edə biləcəklər. Buna, dünyanın bütün uşaqları kimi, onların da tam haqqı var. Sadəcə, bu haqqı hamının tanıması gərəkdir!..

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 5.