1 İyun Uşaqları Beynəlxalq
Müdafiə Günüdür
Azərbaycanda uşaq problemlərinin həlli dövlət
strategiyasının prioritet istiqamətlərindən biridir
Uşaqlar bizim
gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə
edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin,
millətimizin, dövlətimizin gələcəyi bundan
asılı olacaqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Yaşadığımız
2010-cu il Azərbaycanda ardıcıl
inkişaf prosesinin uğurla davam etməsi ilə xarakterizə
olunur. Bütün dünyada gedən qlobal iqtisadi
böhran fonunda ölkəmizdə müsbət inkişaf
dinamikasının qorunub saxlanması möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının müəyyən
etdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir. Dünya Bankı tərəfindən
açıqlanmış iqtisadi memoranduma Azərbaycanın
başqa ölkələrlə müqayisədə qlobal
böhranı daha güclü mövqe ilə
qarşılamasının və bütövlükdə
böhrandan kənarda qalmasının, o cümlədən
Avropa məkanında iqtisadi artım meylini qoruyub saxlayan yeganə ölkə olmasının
göstərilməsi buna əyani sübutdur. Əldə edilən
yüksək iqtisadi göstəricilər sosial problemlərin
həllinə yönəlmiş dövlət
proqramlarının reallaşdırılması istiqamətində
məqsədyönlü fəaliyyətin həyata
keçirilməsini təmin edir.
Bu baxımdan möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının 22 dekabr
2008-ci il tarixli sərəncamına müvafiq
olaraq 2009-cu ildə Azərbaycanda elan olunmuş "Uşaq
ili" çərçivəsində nəzərdə
tutulan tədbirlər proqramının uğurla icra
olunması qanunauyğundur.
Vurğulamaq
lazımdır ki, Azərbaycanda uşaq problemlərinin həlli
uzunmüddətli dövlət strategiyasının prioritet
istiqamətlərindən birini təşkil edir. Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlət uşaq siyasəti cəmiyyətin bu
mühüm hissəsinin hərtərəfli və ahəngdar
inkişafının təmin edilməsinə yönəlmişdir.
Bu prinsipial kursun davamı olaraq müasir dövrdə ölkəmizdə
həyata keçirilən dövlət siyasətində
uşaq problemlərinin həllinə xüsusi önəm
verilir.
Artıq
neçə ildir ki, müvafiq istiqamətlər üzrə
kompleks tədbirlər həyata keçirilmişdir. Müvafiq tədbirlər
proqramı bir sıra dövlət strukturlarının əlaqələndirilmiş
fəaliyyətini, bu prosesə qeyri-hökumət təşkilatlarının
və beynəlxalq qurumların cəlb olunmasını nəzərdə
tutur.
Bu baxımdan
xüsusilə fərəhlidir ki, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ailə,
qadın və uşaq məsələlərinə
böyük diqqət göstərir.
Mehriban
xanımın təşəbbüsü ilə
uşaqların hərtərəfli inkişafı istiqamətində
görülən tədbirlər məktəblərin yenidən
qurulması və inşası, sağlamlıq və tərbiyə
müəssisələrinin bərpası, əlil uşaqlara
həssas münasibət bütün cəmiyyəti, hər
bir dövlət qurumunu vahid ideya ətrafında məqsədyönlü
fəaliyyətə səfərbər edir. Mehriban xanım Əliyevanın
rəhbərliyi altında Bakıda, Azərbaycan hökumətinin
BMT ilə birgə 29 oktyabr 2009-cu ildə "Azərbaycanda
Uşaqların Müdafiəsi İslahatı"
mövzusunda Milli Konfransın keçirilməsi bu istiqamətdə
görülən işlərə böyük təkan
vermişdir.
Hazırda
ölkəmizdə uşaq problemlərinin həlli 30-dan artıq
Dövlət Proqramı ilə həyata keçirilir. Müxtəlif dövlət
strukturlarının cəlb olunduğu bu proqramlarda Komitəmiz
də fəal iştirak edir. Qeyd edək ki, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi respublikada ailə, qadın və uşaq problemləri
sahəsində dövlət siyasətini həyata keçirən,
bu sahələrdə inkişafı təmin edən mərkəzi
icra hakimiyyəti orqanıdır. İnsan və vətəndaş hüquq və
azadlıqlarının qorunması, onların
pozulmasının qarşısının alınması,
respublikamızın tərəfdar çıxdığı
aidiyyatı sahələr üzrə beynəlxalq müqavilələrin
həyata keçirilməsini təmin etmək Komitənin vəzifələrinə
daxildir.
BMT-nin Uşaq
Hüquqları Konvensiyasının qəbul edilməsinin 20
illiyinə təsadüf etməsi və konvensiyanın
icrasına dair Azərbaycan Respublikasının
dördüncü dövrü hesabatının təqdim
olunması xüsusilə diqqətəlayiqdir. Biz müvafiq
tədbirlər planını hazırlayarkən, məhz
konvensiyanın icrası ilə bağlı tövsiyələri
nəzərə almış və onların həyata
keçirilməsini təmin etməyə
çalışmışıq.
Bu gün Azərbaycanda
uşaqlar haqqında hərtərəfli informasiyanın
toplandığı vahid məlumat bazasının
formalaşdırılması birinci dərəcəli vəzifədir. Məhz belə məlumat
bazası əsasında ölkədə uşaqların vəziyyətini,
onların inkişafı ilə bağlı həllini gözləyən
əsas problemləri müəyyən etmək
mümkündür. Artıq bu istiqamətdə xeyli iş
görülmüşdür və özündə geniş
informasiya spektrini əhatə edən uşaq məlumat
bazasını əhatə edən məlumat bazasının
yaradılmasına başlanmışdır.
Uşaqların
sağlamlığının möhkəmləndirilməsi
ilə bağlı müxtəlif layihələr
reallaşdırılmışdır. Bu sahədə
atılan əməli addımlar sırasında perenatal qulluq
sistemində islahatların aparılması, yeni doğulanlara
müasir qulluq təcrübəsinin tətbiqi, bu sahədə
müvafiq proqramların həyata keçirilməsi qeyd oluna
bilər. Möhtərəm Prezidentin müəyyən etdiyi
sosial siyasətə uyğun olaraq dövlət tərəfindən
müasir tələblərə cavab verən 7 yeni perenatal mərkəz
yaradılmışdır. Komitə tərəfindən
ana və uşaqların sağlamlığının
qorunması və reproduktiv sağlamlıq mövzusunda
respublikanın bir çox regionlarında 3155 nəfər
arasında təlimlər həyata keçirilmiş, çap
materialları, sosial çarxlar hazırlanmışdır.
Şəhər və regionlarda təşkil olunmuş
görüşlər nəticəsində gənclərin
reproduktiv sağlamlıq məsələləri üzrə
müraciət etmələri üçün qeyri-tibbi "Gənclərlə
Dostluq Reproduktiv Mərkəzləri"
açılmışdır. Nəzərdə tutulan 12 mərkəzdən
5-i artıq fəaliyyətdədir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanunun icrasını təmin etmək üçün nəzərdə tutulan malların təhlükəsizlik və keyfiyyət göstəricilərinə, uyğunluğunu müəyyən etmək məqsədilə Komitəmiz və digər aidiyyatı dövlət qurumları nümayəndələrinin iştirakı ilə mütəmadi monitorinqlər keçirilmişdir.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşəbbüsü və YUNİSEF-in
maliyyə dəstəyi ilə Azərbaycanın
regionlarında erkən nikahların yayılma səviyyəsini
öyrənmək məqsədilə sorğular
keçirilmişdir. Əldə olunan nəticələrin təhlili əsasında
müvafiq qurumlara tövsiyələr təqdim edilmiş, o
cümlədən "Reproduktiv sağlamlıq
haqqında" Qanun layihəsinə təkliflər
verilmişdir.
Ümumiyyətlə,
beynəlxalq təşkilatlarla əməkdaşlıq bir
sıra praktik əhəmiyyətli layihələrin
reallaşdırılmasına təkan verir. Komitəmizin
təşəbbüsü və BMT-nin Beynəlxalq
Qadınlar Gildiyasının dəstəyi ilə
hemofiliyalı uşaqlar üçün pulsuz stomatoloji kabinet
fəaliyyətə başlamışdır.
Komitənin nəzdində fəaliyyət
göstərən Şüvəlan və Goranboydakı
Uşaq və Ailələrə Dəstək mərkəzlərində
və "Save the Children" təşkilatı ilə təşkil
olunmuş ailələrə dəstək mərkəzləri
şəbəkəsində aztəminatlı və xüsusi
qayğıya ehtiyacı olan ailələr və onların
uşaqları üçün kurslar, pulsuz aktiv terapiya məşğələləri
təşkil edilmişdir. Beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində
ABŞ-ın "Save the Children" beynəlxalq humanitar təşkilatı
ilə birgə respublikanın daha doqquz regionunda (Ağdam,
Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ,
Göygöl, Zərdab, Saatlı, Hacıqabul) Uşaq və
Ailələrə dəstək mərkəzləri
açılmışdır. Bizim məqsədimiz
bu yardım mərkəzlərinin potensialından daha səmərəli
istifadə edilməsinə nail olmaqdır, gələcəkdə
həmin şəbəkə dövlətin balansına
keçirilməklə həssas təbəqədən olan
ailələrə dövlət dəstəyinin genişləndirilməsi
mümkündür.
Uşaqların
formalaşdığı əsas mühit kimi ailənin
müstəsna əhəmiyyəti nəzərə
alınmaqla, ilboyu ailə dəyərlərinin təbliğinə
yönəlmiş silsilə tədbirlər həyata keçirilmişdir. "Azərbaycan
ailəsi" adlı xüsusi tədqiqat proqramının
icrasına başlanmışdır və müasir ailə
modelinə dair müvafiq tövsiyələr işlənib
hazırlanır.
15 may "Beynəlxalq Ailə
Günü" münasibəti ilə Qax şəhərində
keçirilmiş "Ailə bayramı"nda respublikanın
67 rayon və şəhərində keçirilən müxtəlif
müsabiqələrdə qalib gəlmiş nümunəvi ailələr
iştirak etmişlər.
Ailə dəyərlərinin
qorunub saxlanılması istiqamətində maarifləndirmə
kampaniyası çərçivəsində milli-mənəvi
dəyərlərin qorunub saxlanılması mövzusunda silsilə
mühazirələr təşkil edilmişdir.
Azərbaycan
Respublikası hökumətinin təşkilatçılığı,
Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun dəstəyi
ilə "Azərbaycan ailəsi" qısametrajlı beynəlxalq
filmlər festivalı keçirilmişdir.
Uşaq
hüquqlarının qorunması və qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində kifayət qədər geniş tədbirlər
proqramı həyata keçirilib. Bu sıradan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180
nömrəli qərarı ilə "İnsan alverinə məruz
qalmış uşaqların sığınacaqda yerləşdirilməsi
və saxlanılması Qaydalar"ının qəbul edilməsini
misal gətirmək olar.
"Demokratik cəmiyyətdə
gündəlik zorakılıqla mübarizə üzrə
Respublika Kompleks Proqramı" çərçivəsində
aidiyyatı dövlət qurumları ilə birgə uşaqlar
arasında zorakılıq, uşaq intiharı, uşaq alveri,
uşaq cinayətkarlığı, uşaq əməyinin
istismarı, erkən nikah, zərərli vərdişlər və
dini biliklər mövzusunda maarifləndirmə kampaniyası həyata
keçirilmişdir.
"NUR" Uşaq və Gənclər
İctimai Birliyi tərəfindən Azərbaycanda 2009-cu il - Uşaq ilinin yekunlarına həsr
olunmuş Azərbaycan Uşaqlarının I Forumu
keçirilmişdir. Azərbaycanın 56 rayon və
şəhərlərindən nümayəndə
seçilmiş 250 uşaq foruma arzuları, təklifləri və
təşəbbüsləri ilə qatılmışlar. Azərbaycan Uşaqlarının I Forumu ölkəmizdə
uşaqların iştirakı ilə bağlı ən
böyük tədbir olmaqla ictimaiyyətin diqqətini
uşaqlara bir daha cəlb etmiş, uşaqların müdafiəsi
və inkişafına dair ən yaxşı təcrübələri,
bu sahədə qarşıya çıxan maneələri,
mövcud problemləri və zəruri tədbirləri nəzərdən
keçirmişdir.
Xüsusi
qayğıya ehtiyacı olan uşaqların məşğulluğunun
təmin olunması məqsədilə Bakı və regionlar
üzrə xüsusi ixtisas kursları təşkil
edilmişdir.
Kurslara qaçqın və məcburi
köçkün ailələrindən olan, müəssisələrdə
məskunlaşan, aztəminatlı ailələrdən,
xüsusi qayğıya ehtiyacı olan, islah olunan və tərbiyə
müəssisəsini tərk etmiş yeniyetmələr (Əzizbəyov,
Xətai, Suraxanı, Yasamal rayonları, Bilgəh qəsəbəsi, Şüvəlan və Goranboy UADM və Şəki,
Goranboy, Xaçmaz, Gəncə, Ağcabədi və s.) cəlb
edilmişdir. Uşaqların kurslara cəlb olunması
üçün onların ehtiyacları öyrənilmiş və
kurslar uşaqların arzusu, fiziki və əqli imkanlarına
uyğun seçilmişdir.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən müntəzəm olaraq
qaçqın və məcburi köçkünlərin
problemləri araşdırılaraq ehtiyacları müəyyənləşdirilir
və bu istiqamətdə müvafiq tədbirlər
görülür. Qaçqın və Məcburi Köçkün
Gənclər Təşkilatı ilə birlikdə belə ailələrdən
olan uşaqların dolğun istirahəti üçün
xüsusi yay düşərgəsi təşkil olunmuşdur.
Uşaq hüquqları,
sağlam həyat tərzi, ekoloji mühitin qorunması və
digər mövzularda, uşaq
yaradıcılığının və idmanının
inkişafına, uşaqların biliklərinin
artırılmasına, intellektual inkişafına, onların vətənpərvərlik,
milli-mənəvi dəyərlərin qorunması,
tolerantlıq mühitində tərbiyə edilməsinə
yönəlmiş müsabiqələr, sərgilər,
konsertlər, festivallar və digər tədbirlər, habelə
muzeylərə ekskursiyalar və digər əyləncəli
proqramlar təşkil edilmişdir. Uşaqların
estetik tərbiyəsi onların yaradıcılıq
potensialının inkişafı istiqamətində xüsusi
tədbirlər proqramı reallaşdırılmış, o
cümlədən "Biz Azərbaycanın
övladlarıyıq" devizi altında uşaq
yaradıcılıq festivalı, Beynəlxalq Bakı
"Şərq-Qərb uşaqlarının gözü ilə" rəsm müsabiqəsi,
uşaq rəqs kollektivlərinin respublika
baxış-festivalı, uşaq xor kollektivlərinin respublika
festivalı, habelə Əlilliyi olan Uşaq və Gənclərin
İnteqrativ Tamaşaların IV Milli Festivalı təşkil
olunmuş, Uşaq Kino Evi yaradılmışdır.
Bütövlükdə
uşaq problemlərinin həlli istiqamətində fəaliyyət
göstərən bütün dövlət
strukturlarının işinin koordinasiya olunma səviyyəsi
yüksəlmiş, bu prosesə qeyri-hökumət təşkilatlarının
daha geniş surətdə cəlb olunması təmin
edilmiş, müvafiq istiqamət üzrə beynəlxalq təşkilatlarla
iş birliyi daha da gücləndirilmişdir.
Biz əminik
ki, bundan sonra da uşaq hüquqlarının təmin edilməsinə
yönəlmiş fəaliyyət davam etdiriləcək. Uşaq
problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən
inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi
qayğıya ehtiyacı olan uşaqların tələbatına
yönəlmiş infrastrukturun yaradılması, uşaqlar
arasında hüquq pozuntularının
qarşısının alınması, yuvenal ədliyyə
sisteminin formalaşdırılması istiqamətində
fəaliyyətin daha da gücləndirilməsinə yönəlmiş
bir sıra əlavə tədbirlərin həyata keçirilməsi
zəruridir. Komitə bu sahədə qarşıda duran vəzifələrin
həlli istiqamətində məqsədyönlü fəaliyyətini
davam etdirəcəkdir.
Hicran HÜSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri, siyasi elmlər
doktoru, professor
Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 5.