Bakıda "Qız qalası" beynəlxalq incəsənət festivalı başa çatmışdır

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsəri festivalda nümayiş etdirilmişdir

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi "Qız qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə İçərişəhərdə keçirilən "Qız qalası" beynəlxalq incəsənət festivalına mayın 29-da yekun vurulmuşdur.

 

AzərTAc xəbər verir ki, üç gün ərzində 17 ölkədən 20-dən çox tanınmış rəssam qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlərini nümayiş etdirmişlər.

Festivalın bağlanış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirakçıları Azərbaycanın birinci xanımı, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayaraq tədbirin əhəmiyyətindən danışmışdır. Festivalın Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olduğunu söyləyən A.Ələkbərov fondun mədəniyyət və tarixi abidələrin qorunması sahəsində çox böyük işlər gördüyünü bildirmişdir. O demişdir ki, bu yaxınlarda isə yeni bir layihəmizi "Qala" festivalında təqdim edəcəyik.

Bu festivalda yaradılan sənət əsərləri isə gələcəkdə ölkəmizdə və xaricdə təşkil olunacaq sərgilərin eksponatlarına çevriləcəkdir.

Qız qalasının bu maketləri Azərbaycan vətəndaşlarına müxtəlif xalqların milli ornamentləri ilə yaxından tanış olmaq imkanı verməklə yanaşı, digər ölkələrin sakinlərinə Azərbaycan, Bakı, İçərişəhər və Qız qalası haqqında daha geniş məlumat çatdıracaqdır.

Fondun icraçı direktoru A.Ələkbərov çıxışını Mehriban xanım Əliyevanın "Gəlin birləşək və dünyada mövcud abidələri birgə qoruyaq" sözləri ilə yekunlaşdırmışdır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov festivalın məqsədindən danışmışdır. O demişdir ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töhfəsini vermişdir. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Festivalın diqqəti çəkən daha bir cəhəti isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Qız qalası mövzusunda yaratdığı əsərin burada nümayiş etdirilməsi olmuşdur. Mehriban xanımın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilmişdir. Maketin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulmuşdur. YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırmışdır.

Daha sonra festivalda iştirak edən rəssamların üç gün ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Mayın 26-dan 29-dək İçərişəhərə, Qız qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə etmişdir.

Beləliklə, Heydər Əliyev Fondunun milli-mədəni və tarixi abidələrimizin təbliği, qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi daha bir layihə uğurla başa çatmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 4.