Goranboy inkişafın yeni mərhələsinə
qədəm qoyub
Goranboy Rayon İcra Hakimiyyətinin
başçısı Nizaməddin Quliyev təbiətən
narahat adamdır. Bəlkə də, elə
ona görədir ki, onu iş otağında az hallarda tapmaq
olur. Gününün çox hissəsini şəhərdə,
qəsəbə və kəndlərdə, iş
üstündə, adamlar arasında keçirir. Deyir ki, indi
kabinetdən rəhbərlik dövrü deyil. Axı, heç
bir arayış, məlumat, telefon zəngi adamlarla canlı
ünsiyyəti, görüş və söhbətləri,
işgüzar fikir mübadiləsini əvəz edə bilməz.
İnsan amili diqqət mərkəzindədir
Yeri gəlmişkən, onu
da əlavə edək ki, son vaxtlar Goranboy Rayon İcra Hakimiyyətinin
iş üslubunda, təşkilat-idarəetmə məsələlərində
məhz bu cəhətlər - insan amili, qəbul günlərinin,
açıq qapı tədbirlərinin, görüş və
müzakirələrin bilavasitə yerlərdə təşkil
edilməsi özünü daha qabarıq şəkildə
göstərir. Özü də belə tədbirlər
sistemli şəkildə , ardıcıl və
müntəzəm xarakter daşıyır.
İş elə
gətirdi ki, icra başçısı ilə növbəti
görüşüm də belə bir xoş təsadüfə
düşdü. Nizaməddin müəllim qayğılı
görünsə də, kəndlərdə keçirdiyi
görüş və söhbətlər barədə həvəslə
məlumat verdi:
- Özünüz təsəvvür
edin, əgər fəaliyyət göstərdiyi 19 ildə icra
nümayəndəliyinin yerləşdiyi binada elektrik xətti
olmayıbsa, yaxud icra nümayəndəliyinin konkret yeri, bir
sözlə, işləmək üçün ən elementar
şəraiti yoxdursa, onda nədən danışmaq olar? Halbuki
verilən məlumat və arayışlarda orada hər
şeyin qaydasında olduğu bildirilirdi. Burada məsələnin
başqa bir tərəfi də var. Özü
üçün normal iş şəraiti yarada bilməyən
bir rəhbər işçi başqalarından nə tələb
edə bilər? Demək istəyirəm ki, bilavasitə yerlərdə,
adamlar arasında olmaq, onların gündəlik qayğı və
problemləri ilə tanışlıq, konkret kömək
olduqca faydalıdır. Təsadüfi deyildir ki,
biz qısa bir müddət ərzində rayonun bütün
yaşayış məntəqələrində belə
görüş və qəbul günləri
keçirmişik. Əlaqədar idarə, müəssisə
və təşkilat rəhbərlərinin də
iştirakı qaldırılan problemlərin əksəriyyətinin
dərhal həllini təmin edir.
- Görünür, işin
məhz belə təşkil edilməsinin nəticəsidir ki,
son aylar rayon icra hakimiyyətinə daxil olan ərizə və
şikayətlərin sayı xeyli azalmışdır...
- Həyatımızın
bütün sahələrində olduğu kimi, burada da
hamımıza böyük örnək ola biləcək
canlı nümunə , əsl məktəb
var. Bu, xalqımızın böyük oğlu,
ümummilli lider Heydər Əliyevin bütün zamanlar
üçün nümunə ola biləcək parlaq həyat
və fəaliyyətidir. Olduqca fərəhlidir
ki, həmin müdrik siyasət bu gün daha böyük
uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev
respublikamızın elə bir bölgəsi yoxdur ki, ora səfər
etməsin, müxtəlif təyinatlı obyektlərin
açılışında, təməlqoyma mərasimlərində
iştirak etməsin, ağsaqqallarla, ziyalılarla, gənclərlə
unudulmaz görüşlər keçirməsin. Heç uzağa getməyək, ölkə
başçısı sonuncu dəfə ötən il noyabr
ayının 20-də Goranboya tarixi səfər etmiş,
rayonda aparılan genişmiqyaslı tikinti-abadlıq və
quruculuq tədbirləri ilə tanış olmuş, rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşmüş, səmimi, unudulmaz söhbətlər
etmişdir. Goranboylular həmin görüş və söhbətləri
bu gün də isti, hərarətli duyğularla, böyük
minnətdarlıq hisslərilə xatırlayırlar.
Cəsarətlə
deyə bilərəm ki, ölkə Prezidentinin tarixi səfəri
rayonumuzda işlərin gedişinə böyük təkan
vermiş, bütün sahələrdə ciddi irəliləyiş
və inkişafa səbəb olmuş, adamların ruh yüksəkliyini
və məsuliyyət hissini daha da artırmışdır. Bu dediklərimizi
iqtisadi, sosial və mədəni inkişafı əks etdirən
fakt, rəqəm və göstəricilər bir daha sübut
edir.
- Rayon icra hakimiyyətindən
bizə verilən arayışda göstərilir ki, ötən
il yerlərdə keçirilən
görüşlərdə 329 təklif irəli
sürülmüşdür. Bu ilin ötən ayları
ərzində də çoxsaylı təkliflər
olmuşdur. Bunların yerinə yetirilməsi barədə nə
deyə bilərsiniz?
- Elə güman etməyin
ki, həmin təklif və qeydlərin hamısında
şikayət və narazılıq ifadə edilmişdir. Düzdür, bu və ya digər məsələlərlə
bağlı konkret şikayətlər də var, irad və
gileylər də. Ancaq bu müraciətlərdə həm də
vətəndaş mövqeyi, işlərin daha yaxşı təşkili
üçün təklif və təşəbbüslər əks
olunub. Onu da deyim ki, yerlərdən gələn belə
fikir və təşəbbüslər işimizi daha
yaxşı qurmaqda bizə çox kömək edir.
Ümumiyyətlə,
adamlarla canlı ünsiyyət, onların müraciətlərinə
baxılması daim diqqət mərkəzindədir. Ötən
il 1258 nəfər, o cümlədən yerlərdə
keçirilən görüşlər zamanı 358 nəfər
vətəndaş qəbul olunmuşdur. Həmin
görüşlərdə bir sıra vacib sosial məsələlər,
o cümlədən elektrik, qaz, su, meliorasiya məsələləri,
subartezian quyularının qazılması və bərpası,
sosial obyektlərin, yol və körpülərin tikintisi və
təmiri əsas yer tuturdu. Yeri gəlmişkən, deyim
ki, həmin məsələlərin böyük əksəriyyəti
artıq öz müsbət həllini tapıb.
Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə olunması həmişə olduğu kimi, indi də vacib və aktualdır...
- Doğrudan da, hər hansı
sahədə işin uğurlu təşkili kadrlarla aparılan
işin səviyyəsindən, onların düzgün yerləşdirilməsindən
asılıdır. Əlbəttə,
Goranboyda öz işinin öhdəsindən bacarıqla gələn,
yaradıcı və təşəbbüskar, yüksək mənəvi
keyfiyyətləri ilə seçilən kadrlar çoxdur. Biz
belələrinə böyük etimad göstərir, onları
cəsarətlə irəli çəkirik. Ancaq təəssüf
ki, bəzən bunun əksini də görürük. Bax, o
zaman belə kadrlarla xudahafizləşməkdən başqa
ayrı yolumuz qalmır.
İnkişaf bütün sahələri əhatə
edir
Ötən il rayonun ümumi
büdcəsi əvvəlki illə müqayisədə 33,9
faiz artaraq 22 milyon 193 min manat təşkil etmişdir. 8085 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit
verilmişdir ki, bu da müqayisə olunan dövrə nisbətən
9 min manat çoxdur. 2009-cu ildə əsas kapitala yönəldilən
investisiyanın həcmi əvvəlki illə müqayisədə
2,9 milyon manat artaraq, 62 milyon manat təşkil etmişdir. Bunun
33,9 faizi qeyri-istehsal təyinatlı, 66,2 faizi isə istehsal təyinatlı
sahələrə yönəldilmişdir.
Belə bir fakt da
böyük razılıq doğurur ki, 2009-cu ildə ümumi
məhsul buraxılışının həcmi əvvəlki
ilə nisbətən 13,6 milyon manat artaraq,
177,7 milyon manata çatmışdır. Sənaye məhsulunun
həcmi 1,1 milyon manat artaraq 7,3 milyon manat təşkil
etmişdir. Ümumi məhsul buraxılışının həcmində
qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83,4 faiz olmuşdur.
Bu gün
Goranboy, sözün həqiqi mənasında, nəhəng
tikinti meydançasını xatırladır. Şəhərin
hansı küçəsinə, qəsəbəyə, kəndinə
yolun düşsə tikinti, yenidənqurma və abadlıq
işlərinin şahidi olursan. Onu da deyək
ki, abadlıq və quruculuq tədbirləri yüksək zövq
və səliqə ilə, tarixiliklə müasir
memarlığın sıx vəhdəti şəklində,
keyfiyyətlə aparılır. Cari ilin
ötən ayları ərzində aparılan tikinti-quruculuq
işləri səngiməmiş, əksinə, daha da
genişlənmişdir. Məsələn,
Goranboy şəhərinin Ş.Qurbanov, Füzuli, Zərdabi,
M.Nağıyev küçələrinə asfalt
örtüyü çəkilmiş, Kəpənəkçi
kəndinin daxilində yol-çınqıl örtüklə
əsaslı təmir edilmişdir. Şəhərə
Goran istiqamətindən gedən yolda giriş qapısı
inşa edilmiş, 150 metr əraziyə torpaq daşınaraq
yaşıllıq zolağının salınmasına
başlanmışdır.
Goranboy şəhərinin
Cəfər Cabbarlı küçəsində yol təxminən
2 metr genişləndirilmiş, hər iki tərəfdə səki
salınmış, ağaclar əkilmişdir. Cəfər
Cabbarlı küçəsi ilə Vüqar Bayramov
küçəsindəki kəsişmədə şəhərin
arxitektura görkəminə xüsusi yaraşıq verən
yol dairəsinin tikintisində son tamamlama işləri
aparılır. Həmin dairədən
Goran istiqamətində gedən yola torpaq
daşınmış, 250 metr yeni kanalizasiya xətti çəkilmişdir.
Vüqar Bayramov küçəsi müasir
üslubda qurularaq 2 tərəfli hərəkət təmin
edilmiş, yaşıllıq zolağı salınmış,
müasir üslublu işıqlandırma sistemi qurulmuşdur.
Hazırda Goranboy şəhərindən
Səfikürd kəndi istiqamətində piyada yolunun tikintisi,
yol kənarında yaşıllıq zolağının
salınması istiqamətində iş aparılır. Bu məqsədlə hazırda həmin əraziyə
kifayət qədər torpaq daşınmışdır.
Cəfər Cabbarlı küçəsi ilə
Rövşən Mustafayev küçəsinin kəsişdiyi
əraziyə də torpaq daşınmış, ağac əkilmişdir.
Bundan başqa,
Goranboy şəhərində inşasına
başlanılmış 600 yerlik 3 saylı orta məktəbin
və şəhər avtovağzalının tikintisində
işlər sürətlə davam etdirilir. 2010-cu ilin
"Ekologiya ili" elan olunması ilə əlaqədar
geniş tədbirlər planı nəzərdə
tutulmuşdur. Belə ki, cari ilin təkcə
ötən ayları ərzində 24 min ağac əkilmişdir.
Goranboy ənənəvi
kənd təsərrüfatı rayonudur. Təsadüfi
deyildir ki, sahənin sürətli inkişafı, bütün
imkan və ehtiyat mənbələrinin işə
salınması diqqət mərkəzində
saxlanılmışdır. Ölkə Prezidentinin sərəncamına
uyğun olaraq keçən il 14411 nəfər
istehsalçıya ümumilikdə 2,3
milyon manat vəsait ödənilmişdir. Bu da kənd
təsərrüfatı məhsullarının, xüsusilə
buğda istehsalının artırılmasına səbəb
olmuşdur. Ötən il əhalinin
kənd təsərrüfatı məhsullarından əldə
etdiyi gəlir 49 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki
ilə nisbətən 4 milyon manat çoxdur. Bu sahədən əldə
edilmiş gəlirin 28,2 milyon manatı
bitkiçilik, 20,8 milyon manatı isə heyvandarlıq məhsullarının
payına düşür. Ümumiyyətlə, əhalinin
bütün mənbələrdən pul gəliri 171,8 milyon manat təşkil etmiş, orta aylıq
əmək haqqı 29,8 manat artaraq 185,3 manata
çatmışdır.
Sosial məsələlər uğurla həll edilir
Ötən
aylar ərzində rayonun müvafiq təşkilatları tərəfindən
əhaliyə göstərilən xidmətin keyfiyyətinin
yaxşılaşdırılması, ödənişlərin
tam aparılması da daim diqqət mərkəzində
saxlanılmışdır. Məsələn, cari
ilin ilk rübünün yekununa görə, əhalidən
ödəniş 100 faiz, ümumi ödəniş isə 96
faiz olmuşdur. Təbii ki, ödənişin
belə yüksək olması rayon icra hakimiyyəti tərəfindən
ardıcıl tədbirlər aparılması və qaz təsərrüfatının
rəhbərliyinin təşəbbüskarlığı ilə
bağlıdır. Bu sahədə də
xeyli işlər görülmüşdür. Cinli
Boluslu kəndinə təbii qazın verilməsi istiqamətində
işlər davam etdirilmiş, Goranboy şəhərinin 3, Dəliməmmədli
şəhərinin 4 küçəsində yeraltı xətlərin
yerüstü qaz xətləri ilə yenidən əvəz edilməsinə,
Goranboy şəhərindən Yuxarı Ağcakəndədək
38 kilometr uzunluğunda yeni qaz xəttinin çəkilişinə
başlanmışdır. İlin sonunadək xəttin
tikintisini başa çatdırmaqla yanaşı,
Aşağı və Yuxarı Ağcakəndə,
Börü, Yenikənd və Meşəliyə təbii
qazın verilməsi təmin ediləcəkdir. Qaz xəttinə Abbasqulular və Səfikürd kəndlərinin
də qoşulması nəzərdə tutulur ki, bu da həmin
kəndlərin qaz təchizatının daha da
yaxşılaşdırılmasına kömək edəcəkdir.
Yaxın gələcəkdə Tatarlı,
Qarqucaq, Zeyvə, Şəfəq və digər kəndlərin
də həmin qaz xəttinə qoşulması nəzərdə
tutulur.
Rayonun elektrik və
su təsərrüfatı sahəsində də işlərin
gedişi nəzarətdədir. Əsas diqqət ona
yönəldilmişdir ki, əhaliyə fasiləsiz və
ardıcıl xidmət göstərilsin, intizam və tələbkarlıq
gücləndirilsin, ödənişlər tam yerinə
yetirilsin.
Nöqsanlar aradan qaldırılır, tələbkarlıq
artırılır
Məlumdur ki, 2009-cu ilin iyun
ayında Goranboy Təhsil Şöbəisndə baş verən
hadisələr - buraxılış siniflərində XI siniflər
üzrə imtahanlardan müsbət qiymət almaq
üçün şagirdlərdən rüşvət almaq
faktları Azərbaycan Respublikası Baş Prokurorluğu
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən araşdırılmış və faktlar
öz təsdiqini tapmışdır. Bununla əlaqədar
rayon Təhsil Şöbəsinin sabiq müdiri və bir
neçə rəhbər təhsil işçiləri məsuliyyətə
cəlb olunmuş və hazırda həmin fakt üzrə məhkəmə
prosesi davam edir.
Əlbəttə,
bunlar rayonun çoxminli təhsil işçiləri
arasında müəyyən gərginlik yaratmış, təhsilin
keyfiyyətinə mənfi təsir göstərmişdir. Ona görə
əsas diqqət təhsil işçiləri, xüsusilə
rəhbər kadrlar arasında intizam və tələbkarlığın
artırılmasına, təlim-tərbiyə məsələlərinin
günün tələbi səviyyəsinə
qaldırılmasına, sağlam mənəvi-psixoloji
mühitin yaradılmasına yönəldilmişdir.
İşdə yol verdikləri ciddi nöqsanlara, təlim-tərbiyə
işini başlı-başına buraxdıqılarına,
tapşırılmış sahədə lazımi intizam və
tələbkarlıq yarada bilməliklərinə görə
Kələk, Qaramusalı, Qarasuçu, Borsunlu kənd 1 və
2 saylı, Balakürd, Nadirkənd, Qaraçinar kənd,
Goranboy şəhər 1 saylı orta məktəblərin və
İnternat əsas məktəblərinin direktorları vəzifələrindən
azad edilmişlər.
Məkətəblərin
və məktəbəqədər təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət
mərkəzində saxlanılmışdır. Qızılhacılı
qəsəbə 1 saylı orta, Ballıqaya kənd əsas məktəblərində
yerli büdcə vəsaiti hesabına əsaslı təmir
işi aparılmış, həmçinin Kürəkçay
ibtidai məktəbi də əsaslı təmir olunmuşdur.
Şahməmmədli kənd ibtidai məktəbi
üçün 60 şagird yerlik yeni məktəb binası
tikilib istifadəyə verilmişdir.
Təhsil Nazirliyinin vəsaiti
hesabına Rus-Borisi kəndində 180 yerlik, Goranboy Şəhər
3 saylı orta məktəbi üçün 420 yerlik yeni məktəb
binalarının tikintisi, Qaradağlı kənd orta məktəbinin
əsaslı təmiri davam etdirilir. Bundan əlavə,
Aşağı Ağcakənd qəsəbə orta məktəbinin,
Ağamalıoğlu kənd orta məktəbinin dam
örtüyü dəyişdirilmişdir. Azadkənd ibtidai məktəbində isə yeni
binanın tikintisi başa çatmaq üzrədir. Əzizbəyov, Qırıxlı və
Gürzalılar kənd orta məktəbləri
üçün yeni binaların tikintisi, Hazırəhmədli
kənd orta məktəbinin isə əsaslı təmiri nəzərdə
tutulmuşdur.
Rayon səhiyyə,
mədəniyyət və turizm şöbələrinin də
fəaliyyətinə diqqət və nəzarət gücləndirilmiş,
müşahidə olunan nöqsanlar aradan
qaldırılmış, işin daha yaxşı və
effektli təşkili üçün geniş tədbirlər
müəyyən olunmuşdur.
İnkişaf və irəliləyiş
kimləri narahat edir?
Bütün
bunlar, əlbəttə, çox yaxşıdır və bir
daha onu göstərir ki, Goranboy, əslində, öz
inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Ancaq təəssüf ki, bu, bəzilərinin yuxusunu
ərşə çəkir, narahat edir. İnkişaf
və irəliləyişi gözü götürməyən
qara qüvvələr çıxış yolu kimi bir
sıra müxalifət qəzetlərində özlərinə
sığınacaq taparaq, yalan, şər və böhtan dolu
cızmaqaraları ilə əhalini çaşdırmağa,
ağa qara deməyə çalışırlar. Ancaq nahaq yerə. Ona görə
ki, yalan ayaq tutar, amma yeriyə bilməz.
Biz bu yazı
üzərində işləyərkən rayonun müxtəlif
idarə, müəssisə və təşkilatlarında
olduq, ağsaqqallarla, ziyalılarla, gənclərlə
görüşdük. Son vaxtlar geniş vüsət alan
tikinti-quruculuq işləri, bütün sahələri əhatə
edən intizam və tələbkarlıq, yüksək icra
intizamı və s. yanaşı, adamların bu məsələlərə
münasibəti ilə maraqlandıq. Onlar birmənalı
şəkildə rayonda ictimai-siyasi sabitliyi, mənəvi-psixoloji
mühiti pozmağa yönəldilmiş belə hərəkətləri
qətiyyətlə pisləyir və bu hərəkətlərin
qarşısının alınmasını, belələrinin
əməllərinə hüquqi qiymət verilməsini tələb
edirlər. Bir də onu əlavə etdilər
ki, öz işlərində ciddi nöqsanlara yol verən bu
cür insanlar "qara məni basınca, mən qaranı
basım" prinsipini əsas götürürlər.
Onlar unudurular ki, goranboylular kimin kim
olduğunu yaxşı bilirlər.
Bəli, bu
gün Goranboyda həyatın axarı gurdur, rayonda sağlam mənəvi-psixoloji
mühit, təşəbbüskar, yaradıcı ab-hava,
işgüzar mühit var. Canlanma və irəliləyiş,
inkişaf və yüksəliş hər addımda hiss olunur. Bu isə onu
göstərir ki, Goranboyun sabahı daha gözəl, abad və
yaraşıqlı olacaqdır.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 9.