Ənənəvi Xəzər neft-qaz sərgi və konfransı öz işinə başlayır
Bu gün neft və milyonlar
səltənəti Bakıda
ənənəvi "Xəzər
neft-qaz, neftayırma və neft kimyası"
sərgi və konfransı öz işinə başlayır. Xatırladaq ki,
1994-cü ildən bəri
keçirilən bu ənənəvi tədbir
dünya ictimaiyyətinin
diqqətini Xəzər
regionunun, xüsusən
də Azərbaycanın
karbohidrogen ehtiyatlarına,
burada reallaşdırılan
iri neft və qaz layihələrinə
yönəltmək baxımından
böyük əhəmiyyət
daşıyır. Sayca 17-ci dəfə
keçirilən və
artıq biznes-forum statusunu daşıyan bu beynəlxalq tədbir dünyanın neft və qaz
sektorunda fəaliyyət
göstərən iri
istehsalçı və
təchizatçı şirkətlərin
bir məkana toplamaq baxımından da diqqəti cəlb edir.
Xəzər neft-qaz sərgi
və konfransının böyük şöhrət
qazanmasının başlıca səbəblərindən biri
dünya neft hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın
zəngin ənənələri, eləcə də ölkə
rəhbərliyinin sərgiyə, həmçinin bu sektora
göstərdiyi qayğı və diqqətdir. Bu və ya digər
məsələlər barəsində dünən "Xəzər
neft-qaz, neftayırma və neft kimyası" sərgi və
konfransına həsr olunmuş mətbuat konfransında ətraflı
məlumat verildi.
17-ci beynəlxalq
"Xəzər neft-qaz,
neftayırma və neft kimyası" sərgi və konfransının təşkilatçısı
olan "İTE Group" şirkətinin
direktoru Edvard Stroon ötən 16 ildə Heydər Əliyev adına
İdman-Konsert Kompleksində
sərginin keçirilməsi
üçün yaradılmış
hərtərəfli şəraitə
görə kompleksin rəhbərliyinə dərin
minnətdarlığını bildirərək qeyd etdi ki, bu
il "Bakı Ekspo" sərgi və toplantı mərkəzinin açılması
ilə şirkətin
fəaliyyətində yeni
bir mərhələnin
əsası qoyulmuşdur.
Qeyd olundu ki, yeni
mərkəzin fəaliyyətə
başlaması dünyanın
hər bir yerindən olan şirkətlərin diqqətini
Bakıya cəlb etmək, burada kompleks xidmətlərin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni
zamanda, yeni mərkəz Bakının
təkcə Azərbaycan
üçün deyil,
həm də bütün Xəzər regionu üçün ticarət və kommersiya mərkəzi kimi tarixi rolunu
bir daha təsdiqləyəcək. Elə
17-ci beynəlxalq "Xəzər
neft-qaz, neftayırma və neft kimyası"
sərgi və konfarsının yeni məkanda - "Bakı Ekspo" sərgi və toplantı mərkəzində keçirilməsinin
də əsas məqsədi məhz bu amillə bağlıdır.
Mətbuat konfransında qeyd edildi ki, əvvəlki
illərdə olduğu
kimi, "Xəzər
neft-qaz" sərgi və konfransı yenə də dünyanın aparıcı
şirkətlərinin diqqətini
özünə cəlb
edir. Budəfəki sərginin işində
Azərbaycan, Gürcüstan,
Norveç, Birləşmiş
Ərəb Əmrlikləri,
ABŞ, Türkiyə və
Çexiyanın sənaye
nazirliklərinin nümayəndələri
iştirak edəcəklər.
Bu il ənənəvi "Xəzər
neft-qaz" sərgi və konfransına dünyanın 26 ölkəsindən
olan 280 şirkət qatılacaq ki, bu da ekspozisiya
sahəsinin ötən
ilə nisbətən
15 faiz artması deməkdir. Yeri gəlmişkən, sərgi
sahəsinin 40 faizindən
çoxu dünya şöhrətli şirkətlər
tərəfindən tutulacaq.
Onların arasında
"Xəzər neft-qaz"
sərgisinin daimi iştirakçıları olan
"bp", "İtoçu",
"OMV Gas İnternational
GmbH", ARDNŞ, "Statoil
ASA", "Total", TPAO və bir çox
digər şirkətlər
var. Həmçinin Böyük Britaniya, Çin və Rusiyanın milli qrupları da sərgi iştirakçıları
arasında olacaqdır.
Bu il ilk
dəfə olaraq, sərgidə Birləşmiş
Ərəb Əmirliklərinin
milli stendi iştirak edəcək.
Kommersiya təşkilatları
ilə yanaşı, sərgi və konfrasda ARDNŞ, "Azərenerji",
Azərbaycan Dövlət
Neft Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatının Milli
Konfederasiyası kimi dövlət qurumları da iştirak edəcəklər. "Xəzər
neft və qaz" sərgisində
ARDNŞ (Azərbaycan), "KazMunayQaz" (Qazaxıstan),
"TPAO" (Türkiyə), Yunanıstan Milli Qaz Korporasiyası (DEPA) və digər iri dövlət neft-qaz şirkətləri
və korporasiyaları
təqdim olunacaq. Amerika-Azərbaycan Ticarət
və Sənaye Palatası kimi ictimai birliklər və digər qurumlar da sərginin
işində fəal iştirak edəcəklər.
Sərginin ekspozisiyası iki geniş zalı, habelə kompleksə bitişik yerləşən
xarici meydançanı
əhatə edəcək. Azərbaycan Respublikasında
2010-cu ilin "Ekologiya
ili" elan edilməsi ilə əlaqədar olaraq, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru da builki sərgi
və konfransın xüsusi mövzusu olacaq.
Səgri üçün geniş işgüzar proqram hazırlanmışdır.
Bu proqram çərçivəsində iştirakçı şirkətlər
tərəfindən dörd
gün ərzində neft və qaz
sektorunun geniş auditoriyası üçün
aktual olan seminar və təqdimatlar keçiriləcək.
"Xəzər neft - qaz" sərgisinin işgüzar
proqramının mühüm
hadisəsi isə iyunun 2-3 də "Hyatt Regency" mehmanxanasının konfrans
mərkəzində keçiriləcək
ənənəvi 17-ci beynəlxalq
Xəzər neft-qaz, neftayırma və neft kimyası" konfransı olacaq. Konfransda respublikanın neft və qaz sektorunun
yüksək vəzifəli
nümayəndələri və
aparıcı iştirakçıları,
eləcə də müxtəlif dövlətlərin
yüksək səviyyəli
nümayəndə heyətləri
də daxil olamaqla 400-dən çox nümayəndə iştirak
edəcək.
Konfransda xüsusi diqqət Xəzər hövzəsinin
təbii ehtiyatlarına
və Azərbaycanın
tranzit ərazisinə
malik ölkə kimi artan roluna
yönəldiləcək. Konfrans
"Avropanın enerji
geosiyasəti və Azərbaycanın rolu"
mövzusuna həsr edilmiş plenar sessiya ilə açılacaq. Burada regional və milli neft şirkətlərinin
yüksək vəzifəli
nümayəndələri tərəfindən
strateji məsələlərin
xülasəsini əks
etdirən əyani təqdimatlar keçiriləcək.
Daha sonra əsas diqqət "Avropanın enerji təhlükəsizliyi təminatında
Xəzər regionunun rolu" mövzusuna yönəldiləcək.
Konfransın ikinci günü Xəzər hövzəsində
enerji resurslarının
kəşfiyyat və
hasilatı perspektivlərinə,
eləcə də hazırda çox aktual olan "Xəzər regionunun qaz infrakstrukturu. Kəmərlərin
geosiyasiliyi" mövzusuna
həsr ediləcək.
Bütövlükdə isə
sərgi və konfrans iyun ayının
4-dək davam edəcəkdir.
Mətbuat konfransında kütləvi
informasiya vasitələrinin
nümayəndələrini maraqlandıran məsələlərə
də aydınlıq gətirildi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 9.