"Uşaq ailənin, ailə də cəmiyyətin güzgüsüdür"

 

    Xətai rayonunda 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram təntənəsi Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında düzənlənən daha bir tədbirlə yadda qaldı. YAP rayon təşkilatı Qadınlar Şurasının məhz bu günlə əlaqədar "Sağlam bədəndə sağlam ruh olar" devizi ilə keçirdiyi tədbirin əsas mahiyyəti fiziki və mənəvi cəhətdən sağlam uşaq böyüdüb tərbiyə edən ailələri seçmək və onları bu bayram günündə mükafatlandırmaq idi.

 

    YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbiri təşkilatın Qadınlar Şurasının sədri Aida Hüseynzadə açdı və bildirdi ki, bu tədbir hər il bir nominasiya üzrə keçirilir. Əsas məqsəd uşaqların sağlamlığının və mənəvi-psixoloji cəhətdən cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşdıran nümunəvi ailələri üzə çıxarmaqdır. Bu tədbir həm uşaqlı ailələrə diqqəti artırır, həm də valideynlərin öz üzərlərinə düşən vəzifələrə diqqətlə yanaşmaq məsuliyyətini gücləndirir.

    Seçim 3 turda aparılır. I turda uşaqların poliklinikalarda həkimlər tərəfindən dispanserizasiyadan keçirilmələri və sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır.

    II turda uşaqların sağlamlıq göstəricilərindən əlavə onların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bunun üçün bayram keçirilir, valideynlərə təşəkkür edilir, uşaqlara hədiyyələr verilir.

    III turda isə poliklinikalar tərəfindən bayram şənliyində seçilmiş ailələr bizim bu gün keçirdiyimiz rayon tədbirlərinə dəvət olunurlar.

    Aydındır ki, uşaq körpəlikdən nə qədər sağlam böyüsə, o qədər də hərtərəfli inkişaf edəcək, məktəbdə yaxşı oxuyacaq, idmana meylli olacaq, elmləri yaxşı mənimsəyəcək, həyata daha hazırlıqlı olacaq, istedadlı olmasını daha tez büruzə verəcək, vətənpərvər və mənəviyyatlı bir şəxs kimi gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəkdir. Bu tədbirləri keçirməklə biz eyni zamanda əhali arasında uşaqlıqdan başlayaraq sağlam həyat tərzini təbliğ edir və uşaqların pis vərdişlərdən uzaq olmalarının əsasını qoyuruq.

    Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarının I qurultayında (1998-ci il) çıxış edərək qadınların vəzifəsini ilk növbədə ailədə sağlam mühit yaratmaqda, uşaqları sağlam böyütməkdə gördüyünü söyləmişdir. Biz qadınlarda ulu öndərimizin dediklərini özümüzə bir proqram kimi qəbul edərək əsas vəzifələrimizdən birini müstəqil Azərbaycanımıza sağlam nəsil yetişdirməkdə görürük.

    2009-cu ildə təşkil olunan tədbir çoxuşaqlı ailələr nominasiyasında keçirilib. Həmin ildə 9 ailə seçilərək rayon üzrə keçirilən tədbirdə iştirak etdi. Onlardan da 3 ailə respublika şənliyinə dəvət olundu və orada onlara xüsusi diplom verildi.

    Bu il tədbir əkizlər nominasiyasında keçirilir. Tədbirə çoxuşaqlı ailələr və əkizlər ona görə dəvət olunur ki, belə uşaqlara valideyin zəhməti, qayğı və diqqəti daha çox tələb olunur və onların sağlam böyüməsi bizi daha çox sevindirir.

    Natiq daha sonra bildirdi ki, hazırda Xətai rayonunda 15 yaşa qədər 64 min uşaq var. Onlardan 269-u əkizlər (538 uşaq), 7-si üçəmlərdir (21 uşaq).

    Bu uşaqların yaşadığı yalnız 7 ailə hər iki turu keçərək bugünki tədbirə dəvət olunub.

    Sonra YAP Qadınlar Şurasının, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, "İki sahil" qəzetinin baş redaktoru və YAP Xətai rayon təşkilatı sədrinin iştirakı ilə qaliblərə mükafatlar təqdim olundu. Ailələrinə ilk uğurları ilə sevinc gətirən 6 əkiz və bir üçəm tədbir iştirakçıları qarşısında ədəbi-bədii yaradıcılıqlarını nümayiş etdirdilər.

    Tədbirin sonunda çıxış edən YAP Xətai rayon təşkilatının sədri, millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov bu gün sevincini uşaqlara bəxş edən ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət uşaq siyasəti və onun əsas istiqamətləri barədə fikirlərini söylədi. Natiq bildirdi ki, bu siyasətin kökündə müstəqil Azərbaycanın sağlam və yüksək intellektual gələcəyinə xidmət durur. Heydər Əliyevin qəbul etdiyi bütün digər qərarlar və tədbirlər kimi, bu istiqamətdə gördüyü işlər də çox böyük gələcəyə hesablanmışdır.

    Nə yaxşı ki, onun tam olaraq həyata keçirə bilmədiyi işləri onun layiqli varisi hörmətli Prezidentimiz, cənab İlham Əliyev həyata keçirir. Bu siyasətin uğuru özünü çox gözlətməyəcək və az bir zamandan sonra dövlətin uşaqlara yönələn siyasətinin nəticələri Azərbaycana beynəlxalq aləmdə şöhrət gətirəcək.

    H.Mirələmov bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərin çox möhtəşəm bir missiya daşıdığını bildirdi və bu fəaliyyətində ona uğurlar arzuladı.

    Sonda natiq uşaqları bu bayram münasibətilə təbrik etdi və dedi:

    - Güman edirəm ki, müstəqil respublikamızda elə bir insan tapmaq olmaz ki, körpə qığıltısına, uşaq gülüşünə sevinməsin və eyni zamanda uşaqların acı çəkməsinə, göz yaşı tökməsinə biganə qalsın. Elə isə gəlin hamılıqla Vətənimizin genefondu, gələcəyi olan uşaqlarımızın problemlərinə, qayğılarına laqeyd olmayaq və onların parlaq gələcəyi naminə üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirək. Unutmayaq ki, uşaq ailənin güzgüsü olduğu kimi, ailə də cəmiyyətin güzgüsüdür.

 

 

    İlqar RÜSTƏMOV

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 9.