"Sabir poeziya günləri"
təntənə ilə
qeyd edildi
Bu yaxınlarda Azərbaycanın böyük
şairi, satirik şeir məktəbinin dahi nümayəndəsi Mirzə Ələkbər
Sabirin anadan olmasının 148-ci ildönümü
ilə əlaqədar
"Sabir Poeziya Günləri" adlı
silsilə tədbirlər
keçirildi. Mədəniyyət
və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar
Birliyinin təşkilatçılığıyla
baş tutan və hər il ənənəvi olaraq qeyd edilən
poeziya günləri Bakıda başladı.
Mayın 31-də
tanınmış ziyalılar, yazarlar şairin Bakıdakı
heykəlini ziyarət edərək abidə önünə
gül dəstələri qoydular. Daha sonra isə onlar
şairin məzarını ziyarət etmək
üçün onun doğulub boya-başa
çatdığı Şamaxıya yollandılar. Orada
Sabirin məzarı və ev muzeyi ziyarət olunduqdan sonra tədbir
Ağsu rayonunda Heydər Əliyev adına parkda davam etdirilib. Tədbirin
təşkilatçısı Əjdər Ol,
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar və digər ziyalılar Sabirin ədəbiyyatımızdakı
rolu və yaradıcılığından söhbət
açıblar. Qeyd olunub ki, Sabir satirik ruhlu şeirlərində
dövrünün ictimai eyiblərini məharətlə və
ustalıqla qələmə alıb və müasir dövrdə
də onun ədəbi ənənələrini davam etdirən
istedadlı gənclər var. Tədbirdə Ağsu Rayon
İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev,
eləcə də Ağsu rayonunu təmsil edən millət vəkili
Ərəstun Cavadov çıxış edərək dahi
satirik şair Sabirin ədəbiyyatımızı öz
yaradıcılığı ilə zənginləşdirməsinə
və bu istiqamətdəki fəaliyyətinə toxunublar.
Bədii qiraət ustaları - əməkdar
artistlər Ağalar Bayramov və Əli Nurun ifalarında
şeirlər səslənib. Tədbirdə həmçinin mədəniyyət
və turizm nazirliyinin idarə rəisi, şair Vaqif Bəhmənli,
Yazıçılar Birliyinin baş katibi, xalq şairi Fikrət
Qoca, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı,
şair Yusif Həsənbəy, Ağacəfər Həsənli,
Sabir Sarvan, Şərif Ağayar, AYB-nin Gəncə
filialının təmsilçiləri və digər
ziyalılar iştirak ediblər. İştirakçılara
poeziya bayramı ilə əlaqədar bukletlər və
döş nişanları paylanıb.
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasında "Sabir poeziya günləri" silsiləsinin
yekun tədbiri keçirilib.
Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə
təşkil etdiyi tədbiri kitabxananın direktoru Kərim
Tahirov açıb. O bildirib ki, hər il mayın 30-31-də
Sabirin xatirəsinə həsr olunmuş "Sabir poeziya
günləri" 1962-ci ildən başlayaraq keçirilir. Tədbirin
məqsədi Sabir poeziyasını və Azərbaycan ədəbiyyatını
geniş təbliğ etmək, eyni zamanda
yazıçılarla oxucuları görüşdürməkdir.
Şair Əjdər Ol Mirzə Ələkbər
Sabirin yaradıcılıq xüsusiyyətlərindən
söhbət açıb, yeni ədəbiyyat nümunələri
yarandıqca bu dahi şairin də ruhunun şad olduğunu
deyib. Daha sonra isə çıxış edən yazarlar Sabir
yaradıcılığı ilə bağlı fikirlərini
bildiriblər və şeir nümunələri səsləndiriblər.
Sonda Gənc Ədiblər Məktəbinin fəal üzvləri
- istedadlı yazarlar Anar Amin, Fərid Hüseyn, Qismət,
Qılman İmanlı, Rəbiqə Nazimqızı, Günel
Şamilqızı, Vüsal Nuru öz şeirləri ilə
poeziyasevərləri əlamətdar gün münasibətilə
təbrik ediblər.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.-
2 iyun.- S. 8.