Ermənilərin
"Qarabağ qiyamı"
Azərbaycan Cümhuriyyətini
devirmək planının
tərkib hissəsi idi
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini
bir sıra amillər şərtləndirsə
də, nəticəni
bolşevik Rusiyasının
birbaşa hərbi müdaxiləsi təmin etdi. Təcavüzün qarşısını almaqda
Azərbaycan silahlı
qüvvələrinin imkanlarına
ciddi təsir göstərən hadisə
1920-ci ilin martında Qarabağda törədilən
"erməni qiyamı"
oldu. "Qiyam"ın
Ermənistan hökuməti
tərəfindən əvvəlcədən
hazırlanan akt olduğunu arxiv sənədləri təsdiqləyir.
1920-ci il martın 28-də Azərbaycanın
xarici işlər naziri F.X.Xoyskinin xarici diplomatik missiyalara və
Gürcüstanın xarici işlər nazirinə göndərdiyi
teleqramda göstərilir ki, martın 22-si gecə saat 3-də
Qarabağdakı erməni silahlı qüvvələri Ermənistanın
nizami hərbi hissələr və artilleriya ilə gücləndirilərək
Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Tərtər
və digər məntəqələrdə yerləşən
Azərbaycan hərbi hissələri üzərinə eyni
vaxtda qəfildən hücum etmişlər. Teleqraf və
telefon xətlərini isə əvvəlcədən sıradan
çıxartmışlar. Şuşa və Əsgəran
yüksəkliklərini ermənilər top atəşinə
tutmuş, səhərisi gün erməni silahlı qüvvələri
Cəbrayıl və Zəngəzur qəzalarında müsəlman
kəndlərinə hücum çəkərək, bir
sıra kəndləri məhv etmişdilər.
Alınan məlumata görə,
"qiyam etmiş" etmənilərin köməyinə
İrəvan quberniyasının Novobayazid qəzasından
kömək gəlmiş və Qazax qəzası
yaxınlığında yerləşən Toxluca kəndinə
erməni qoşunları daxil olmuşdur. Gözlənilmədən
tam məhv olmaq təhlükəsi qarşısında qalan
Qarabağ müsəlmanları ayrı-ayrı dəstələr
şəklində müdafiəyə qalxmış, bəzi
yerlərdə elə birinci gün ermənilərin qəfil
hücumunun qarşısını almış, digər yerlərdə
isə sonrakı günlərdə belə var qüvvələri
ilə müdafiəyə davam etmişdilər. Azərbaycan
hökuməti Qarabağda qayda-qanunu bərpa etmək və gələcəkdə
mümkün ola biləcək belə hadisələrin
qarşısını almaq üçün təcili tədbirlər
gördüyünü bildirirdi. Dinc mülki müsəlman əhalisinin
təcavüzə məruz qaldığı bir ölkənin
hökumətinin müvafiq tədbirlər görməsini onun
sülhpərvər siyasət yeritmədiyi kimi qələmə
verən qüvvələr ittihamla qarşılayırdı. Nəticə
etibarilə məsuliyyət təcavüz edən tərəfin
deyil, təcavüzə məruz qalan tərəfin üzərinə
qoyulurdu. Azərbaycan hökuməti özünün müdafiə
xarakterli tədbirlərinə haqq qazandırmaq məqsədilə
1920-ci il aprelin 5-də müttəfiq dövlətlərin Cənubi
Qafqazdakı ali komissarlarına nota ilə müraciət etməli
oldu. "Qarabağ qiyamı"nın nəticələrini
aradan qaldırmaq üçün müraciətlər edilməsi,
regional və beynəlxalq səviyyədə dəstək
alması əvəzinə Azərbaycan hökuməti
günahkar tərəf kimi hərəkətlərinə bəraət
qazandırmaq məcburiyyətinə
düşmüşdü.
Qarabağ hadisələrinə
dair Azərbaycan hökumətinin mövqeyi belə idi ki, ermənilərin
xaincəsinə hücumu bütün Qarabağı zor
gücünə ələ keçirmək məqsədilə
əvvəlcədən hazırlanmış plan üzrə həyata
keçirilmişdir. Bu planın daha hansı bir məqsəd
üçün faydalı ola biləcəyi barəsində
hökumətin mülahizələri də notada öz əksini
tapmışdır: "Azərbaycan xalqı, onun istiqlaliyyətini
və mövcudluğunu təhdid edən xarici təhlükə
ilə birbaşa üz-üzə qaldığı hazırkı
şəraitdə daxili qayda-qanuna və sakitliyə daha
çox ehtiyac duyur". Deməli, "Qarabağ
qiyamı" "xarici təhlükə", yəni
bolşeviklərin şimaldan gözlənilən təcavüzü
üçün əlverişli şərait yarada bilərdi
və Azərbaycan hakimiyyəti öz mövcudluğuna
qarşı yönələn təhlükəyə
yardım edə biləcək hər hansı bir akta rəvac
verə biləcək addım atmaqda maraqlı ola bilməzdi.
Azərbaycan hökuməti
"Qarabağ qiyamı"nın öz hakimiyyətlərini
devirəcək planın tərkib hissəsi olduğunu təsdiq
etməsə də, ermənilərin əvvəlcədən
düşünülmüş qəsbkarlıq planı
olduğunu yəqinliklə bildirirdi. "Qiyamın"
Qarabağ erməniləri tərəfindən Azərbaycan
hakimiyyətinin gördüyü tədbirlərə adekvat
olaraq baş verdiyini əsaslandırmaq, Ermənistan hökumətinin
nizami qoşun hissələrinin təcavüzünü pərdələmək,
hətta haqq qazandırmaq məqsədilə hələ
1920-ci ilin əvvəlindən zəmin hazırlanırdı.
Qarabağ ermənilərinin
boykotu, onlar üçün Şuşa-Yevlax yolunun
bağlanması, Azərbaycan hökuməti tərəfindən
onların tərk-silah edilməsi tələbi, kəndlərinin
top atəşinə tutulması kimi yalan məlumatlar bir
neçə istiqamətdən Ermənistan hökuməti
üçün sərfəli ola bilərdi: 1) 1920-ci ilin
yanvarın əvvəllərindən erməni hökuməti
qoşunları silahlı erməni dəstələri ilə
birlikdə Zəngəzurdan Şuşa qəzası istiqamətində
hücuma başlamış, yol boyu müsəlman kəndlərini
məhv edərək irəliləyirdilər. Azərbaycan və
Ermənistan hökumətləri arasında 1919-cu il 23 noyabr
sazişindən 1920-ci ilin yanvarı arasındakı müddətdə
erməni qoşunları tərəfindən Zəngəzur qəzasının
40 müsəlman kəndi məhv edilmişdi. Bu prosesin davam
etdirilməsinə etirazını bildirən Azərbaycan
hökuməti qarşısında özlərinə bəraət
qazandıracaq əks ittihamla çıxış etmək
baxımından saxta məlumatlarla manipulyasiya edilirdi; 2) Azərbaycan
hökumətini nəzərdə tutulan və ciddi şəkildə
hazırlanmış "Qarabağ qiyamı" barədə
duyuq salmamaq məqsədilə; 3) "Qarabağ
qiyamı"nın Ermənistan hökumətinin əli
olmadan, sırf Qarabağ erməniləri tərəfindən
törədilməsi təəssüratı yaratmaq məqsədilə.
Belə ki, Azərbaycan hökumətinə qarşı
yönəlmiş ittihamların məzmununu Qarabağ ermənilərinin
vəziyyəti ilə əlaqədar yaradılmış saxta
mənzərə təşkil edirdi: yolları
bağlanmış, boykot edilmiş, döyülmüş,
qarət olunmuş, tərksilaha vadar edilmiş, kəndləri
artilleriya atəşinə tutulmuş zavallı erməni əhalisinin
qiyama qalxması təbii qəbul edilə bilərdi. Bölgədəki
xarici diplomatik missiyaların da qınaq hədəfinə
çevrilə biləcək Azərbaycan hökuməti
haqsız durumunda sərt addımlar atmaqdan çəkinərsə
ermənilər Qarabağla bağlı planlarını
reallaşdıra bilərdilər. Əgər Azərbaycan
hökuməti qətiyyətli mövqe nümayiş etdirib
qiyamı yatırmağa hərbi qüvvələrini səfərbər
edərdisə sərhəd zonalarından, o cümlədən
şimal sərhədlərindən qoşunların cəlb
olunması Sovet Rusiyası ordusunun "Bakı
yürüşünə" - Azərbaycana müdaxiləsinə
imkan yaratmış sayıla bilərdi. Ermənistan hökumətinin
1920-ci ildə Qarabağla bağlı fəal müdaxilə
planları RSFSR xalq xarici işlər komissarı
G.V.Çiçerinin Azərbaycan hökumətinə göndərdiyi
notalarla eyni vaxta təsadüf edirdi.
Gözlənildiyi kimi, Azərbaycan
hökuməti Ermənistan hökumətindən erməni
qoşunlarının təcavüzkar hərəkətlərinin
dərhal dayandırılmasını qətiyyətlə tələb
etmiş, əks-təqdirdə öz vətəndaşlarının
həyat və əmlakını müdafiə
üçün qəti tədbirlər görməyə məcbur
olacağını və baş verə biləcəklər
üçün bütün məsuliyyəti erməni
hökumətinin üzərinə qoyduğunu bildirmişdi.
"Qarabağ qiyamı"nı
Azərbaycan dövlətinə qarşı təhlükə
kimi dəyərləndirən hökumət yubanmadan
Qarabağda vəziyyətin nəzarət altına
alınmasına nail ola bildi. Bu məqsədlə Azərbaycanın
şimal sərhədlərindən qoşunların cəlb
olunması hadisələrin gedişinə ciddi təsir
göstərdi. Ermənilərin xeyrinə işləməli
saxta məlumatların yayılması da təsirsiz qalmadı.
Müttəfiqlərarası komissiyanın yalnız
Qarabağa göndərilməsini yanlış sayan F.X.Xoyski
aprelin 8-də müttəfiq dövlətlərin Cənubi
Qafqazdakı Ali komissarlarına nota göndərərək
Qars vilayətində müsəlmanların
zorakılığa, qətliama məruz qaldığı bir
şəraitdə təkcə Qarabağdakı hadisələri
ayırmağı Cənubi Qafqaz xalqlarına bərabər
münasibətin olmaması, Azərbaycan hərbi hissələrinə
basqın etmiş ermənilərə kömək göstərmək
cəhdi kimi anlaşılacağını yazırdı. Elə
həmin gün F.X.Xoyski bir notanı da Ermənistan xarici
işlər nazirinə ünvanlamışdı.
Azərbaycan hökuməti Ermənistan
hökumətindən Azərbaycan ərazisinə
hücumları dərhal dayandırmaq və qoşun hissələrini
geri çəkmək haqqında təcili sərəncam verməyi
xahiş edirdi. Azərbaycan Cümhuriyyəti hökumətinin
bu məzmunda nota və teleqramları hakimiyyətinin devrilməsinədək
davam etmişdir. Hətta aprelin 9-da Tiflisdə işə
başlayan Cənubi Qafqaz respublikaları konfransında qərara
alınmışdı ki, Qazaxda, Naxçıvanda, Ordubadda və
Qarabağda baş verən bütün qanlı toqquşmalar
dərhal dayandırılsın və bu məqsədlə Azərbaycan,
Ermənistan hökumətləri yubanmadan ən qəti tədbirlər
görsünlər.
1920-ci ilin yazında ermənilərin
"bütün cəbhəboyu" hücuma keçməsini
hərbi əməliyyatların coğrafiyası təsdiqləyir.
Azərbaycanın İranda diplomatik nümayəndəsi
A.X.Ziyadxanovun 10 aprel tarixli məlumatında bildirilir ki, erməni
hərbi hissələri Naxçıvan və Ordubad istiqamətində
mütəşəkkil hücuma keçmişlər. Bu
hücumda İran ermənilərinin iştirakına dair
A.X.Ziyadxanova göndərilmiş teleqramlarda məlumatlar
olduğu bildirilir. İran ermənilərinin bu hücumda
iştirakı ilə bağlı A.Ziyadxanov İran hökuməti
qarşısında məsələ qaldırmış, həmçinin
ermənilərin adı çəkilən ərazilərə
hücumu haqqında Tehrandakı ingilis, amerikan, fransız
diplomatik nümayəndələrinə məlumat
vermişdir.
Ermənilərin belə hərəkətlərinə
qəti etirazını bildirən xarici işlər naziri
F.X.Xoyski sərhəd əhalisi arasında qan tökülməsinin
dayandırılması üçün ən təcili tədbirlər
görməyi Ermənistanın xarici işlər nazirindən
növbəti dəfə xahiş edirdi. Sonrakı yaxın 2-3
gün ərzində F.X.Xoyski Ermənistana növbəti
notaları göndərməyə məcbur olmuşdu. Ermənistanın
müsəlman sərhəd kəndlərinə təcavüzünü
dəf etmək məqsədilə Azərbaycan hökuməti
Qazax rayonuna kiçik hərbi dəstə göndərmişdi.
Cənubi Qafqaz konfransının işə başlaması və
beynəlxalq komissiyanın nəzərdə tutulması səbəbindən
hökumət həmin hərbi dəstənin dərhal Qazaxdan
geri çağırılması haqqında qərar qəbul
etdi. Ermənistan hökumətinin də öz növbəsində
analoji tədbirlər görəcəyinə ümid bəslənilirdi.
Bu ümidin də dərhal puça
çıxdığı bəlli olur. Cənubi Qafqaz
konfransının Qazaxa göndərdiyi komissiyanın təklifinə
də əməl olunmadı. Toqquşmaya qədərki sərhəd
xəttini bərpa etmək təklif olunsa da erməni hərbi
hissələri ələ keçirdikləri əraziləri
tərk etməmişdi. Ermənistan daxili işlər naziri
müavininin iştirak etməsinə baxmayaraq komissiya istədiyinə
nail olmayaraq Tiflisə geri dönmüşdü.
1920-ci ilin aprelində Azərbaycan eyni vaxtda, bəzən də eyni günlərdə həm Ermənistana, həm də Rusiyaya nota göndərməli olmuşdu. Birincinin artıq baş vermiş və davam edən təcavüzünə, ikincinin isə potensial təcavüzkarlıq niyyətlərinə, aprelin ortalarında artıq Azərbaycan Cümhuriyyətinin sərhədlərində - Dərbənd rayonunda Rusiya sovet hökumətinin xeyli hərbi qüvvələrinin cəmləşməsinə münasibət bildirilirdi. Azərbaycan Cümhuriyyətinin devrildiyi 27 aprel günündə belə "Azərbaycan" qəzetində ermənilərin müsəlman kəndlərinə basqınlarından bəhs edilirdi. Novobayazitdəki ermənilər Şişqaya kəndinə hücum etmiş, əhaliyə divan tutmuş, sonra Cil kəndinə hücuma başlamışlar. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi T.Makinskiyə tapşırılırdı ki, erməni hücumlarını dərhal dayandıracaq təcili addımlar atılsın, həmçinin beynəlxalq komissiyaya xəbər verilsin. Qarabağdakı vəziyyəti öyrənmək üçün beynəlxalq komissiya aprelin 19-u axşam Qarabağa yola düşmüşdü.
"Qarabağ hadisələri" Azərbaycan parlamentinin 1 aprel tarixli iclasında xüsusi müzakirə olunmuşdu. Daxili işlər naziri M.Vəkilovun çıxışından sonra qızğın müzakirə keçmişdir.
Parlamentdə "Qarabağ qiyamı" ətrafındakı müzakirələr bu hadisənin "Rusiya qırmızı qoşununun" Azərbaycan hüdudlarında olması ilə birbaşa əlaqəsini təsdiqləyirdi. Bu əlaqənin hansı məzmun və formada gerçəkləşdiyinə müxtəlif siyasi qüvvələr öz münasibətlərini bildirmişdi. Hələ 1919-cu ildə N.Nərimanov Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə məktubunda yazırdı ki, Ermənistan öz agentlərini Moskvaya göndərərək, sovet oriyentasiyasından bəhs edirlər. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratlar Pirumov və Zaxaryan Moskvada "ərazi güzəştləri müqabilində Azərbaycan Respublikası hökumətini devirmək işində öz hökumətlərinin təklifini" bildirmişdilər.
Azərbaycan hökuməti fəaliyyəti dövründə erməni vətəndaşlarına münasibətdə heç bir ayrı-seçkilik fərqi qoymadan, parlamentdə, hökumətdə və d. dövlət strukturlarında onların təmsil olunmasına imkan yaratmışdı. Ermənilərin müsəlmanlara qarşı törətdikləri qanlı qırğınlar, Ermənistan dövlətinin öz ərazisində müsəlman əhalisinə qarşı düşmənçilik siyasəti, həmçinin Azərbaycanın digər ərazilərini ələ keçirmək yönündə təcavüzü davam etdirməsi müqabilində sülhpərvər mövqeyinə, bəyan etdiyi prinsiplərə sadiq qalmağa çalışmışdı. "Qarabağ qiyamı"na münasibətdə Mirzə Sadıq Axundzadənin parlamentdəki çıxışında dediyi kimi, "biz əslən sülhpərvər və rəhmdil olduq. Bunların müqabilində bizim əleyhimizə üsyan qaldırdılar. Biz heç zaman məğlub olmamışıq, Qarabağ-Tərtər cəbhəsi bunu isbat edir".
"Qarabağ qiyamı"nın nümunəsində bir daha təsdiqini tapmış mülahizələr əsasında ümumiləşdirmələr etmək olar: Ərazi iddialarından əl çəkməyən potensial rəqiblə münasibətlərin normal vəziyyətində belə diplomatiyanın strateji-analitik istiqaməti dinamik funksional mexanizmə malik olmalıdır. Beynəlxalq və regional səviyyədə yarana biləcək yeni şəraitdə potensial rəqibin davrana biləcək variantları proseslə eyni vaxtda, mümkünsə öncədən təhlil edib qabaqlayıcı tədbirlər görülməsi strategiyası seçilməlidir. Potensial rəqibin ənənəvi siyasəti və müvafiq fəaliyyəti təcrübəsinin təhlili əsasında mərhələli planın birinci pilləsində qabaqlayıcı siyasət formalaşdırılmalıdır. Bir əsrdən artıq Azərbaycanın təcavüzə davamlı məruz qalma tarixinin təhlili nəticələri çağdaş diplomatiya və müdafiə strukturları ilə yanaşı və daha artıq səviyyədə milli təhlükəsizlik sisteminin müvafiq istiqamətdə fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə yönəldilməlidir.
Firdovsiyyə ƏHMƏDOVA,
tarix üzrə fəlsəfə
doktoru,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət
İdarəçilik
Akademiyasının dosenti
Xalq qəzeti.-
2010.- 2 iyun.- S. 5.