Naxçıvanda
Uşaqları Beynəlxalq
Müdafiə Gününə
həsr olunmuş tədbir keçirilmişdir
Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında Uşaqları
Beynəlxalq Müdafiə
Gününə həsr
olunmuş bayram tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə
iştirak etmişdir.
Ali Məclisin sədri və tədbir
iştirakçıları sarayın foyesində təşkil
edilən sərgiyə baxmışlar.
Sərgidə Heydər Əliyev
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin,
Naxçıvan Muxtar Respublikası estetik tərbiyə,
turist-diyarşünaslıq mərkəzlərinin dərnək
üzvlərinin əl işlərindən ibarət bədii-tikmə,
tətbiqi sənət nümunələri, rəsm əsərləri
nümayiş etdirilmişdir.
Sərgiyə baxışdan sonra
keçirilən tədbirdə çıxış edən
Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin
"Mən həyatımın, bu günümün, gələcəyimin
də xoşbəxtliyini, səadətini uşaqlara
qayğıda, diqqətdə görürəm" kəlamını
xatırladaraq demişdir: Xalqımızın böyük
oğlunun uşaq hüquqları və uşaqların
müdafiəsi barədə fikirlərini bu gün -
Uşaqları Beynəlxalq Müdafiə Günündə
böyük qürur və iftixarla yada salırıq. Çünki
ulu öndərimizin dahiyanə ideyalarının və
dövlətçilik fəaliyyətinin məhsulu olan
müstəqil Azərbaycan uşaqların müdafiəsinin
dövlətin birinci dərəcəli vəzifələri
sırasında olduğu bir ölkədir.
Bu
gün Azərbaycanda və onun ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi
münasibət, diqqət və qayğı vardır. Bu sahədə
dövlət siyasəti öz kökünü ötən əsrin
70-ci illərində formalaşmış siyasi fəaliyyət
təcrübəsindən götürür. Ulu öndərimiz
hələ o dövrdə Azərbaycanın rəhbəri kimi
ölkəmizin gələcəyini düşünür, bu gələcəyi
sovet rejiminin sərt qadağaları çərçivəsində
yetişdirmək üçün sonsuz iradə nümayiş
etdirir, təhsilə, maarifçiliyə üstünlük
verirdi. İyirminci əsrin 70-80-ci illərində tikilən məktəblər,
məktəbdənkənar tədris müəssisələri,
kitabxanalar, məktəbli sarayları, gənclərimizin
keçmiş sovetlər birliyinin qabaqcıl ali məktəblərinə
oxumağa göndərilməsi, məktəblilərdə hərbi
təhsilə, hərb sənətinə marağın
artırılması, milli şüurun və vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi Azərbaycanın gələcəyi
üçün həyata keçirilən tədbirlər
idi.
Bu tədbirlərin mahiyyəti
ölkəmiz müstəqillik qazandıqdan sonra daha aydın
görünür. Qısa zaman içərisində-cəmi
10 ildə Azərbaycan regionda lider dövlətə
çevrilmişdir. Ona görə ki, ölkəmizdə 70-ci
illərdən yetişərək formalaşmış gənc
mütəxəssislər ordusu vardır. Azərbaycan bu
gün ona görə güclüdür ki, o, tükənməz
təbii sərvətləri ilə yanaşı, milli sərvətimiz
olan elmli, təhsilli, sağlam gəncliyə də malikdir.
Bu sərvət, potensial isə
asanlıqla əldə olunmamışdır. Müharibə
şəraitinin yaratdığı çətinliklərə
baxmayaraq hərtərəfli inkişaf etmiş uşaq və
gənclərin yetişməsi, tərbiyə olunması,
lazımi hüquqi bazanın formalaşdırılması daim
dövlətin diqqət mərkəzindədir. 1993-cü ildən
bu sahə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsinə
başlanmış, Azərbaycan Respublikası Uşaq
Hüquqları Bəyannaməsinə və Uşaq
Hüquqları Konvensiyasına qoşulmuş, 1998-ci ildə
"Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul olunmuşdur. İndiyədək
ölkəmizdə uşaq hüquqları ilə bağlı
10 qanun və proqram qəbul olunmuş, 70-dən çox məcəllə
və qanunda uşaq hüquqlarının bu və ya digər
məsələləri öz əksini tapmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu
ilin ölkəmizdə "Uşaq ili" elan olunması
uşaqların layiqli vətəndaş kimi yetişmələrinə,
əhalinin bu kateqoriyası ilə bağlı sosial problemlərin
həllinə, onların hüquqlarının etibarlı təminatına
dövlət qayğısının əyani ifadəsidir.
Qeyd olunanlar bir daha sübut edir ki,
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlət uşaq siyasəti uğurla davam etdirilir. Bu
siyasətin nəticəsidir ki, uşaqlar üçün
müasir təhsil müəssisələrinin
ucaldılması diqqət mərkəzində
saxlanmış, son 15 ildə Naxçıvan Muxtar Respublikasında
62 min 744 şagird yerlik 157 orta məktəb binası
tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə məktəbəqədər
və məktəbdənkənar tərbiyə müəssisələrinin
şəbəkəsi də genişləndirilmiş, 6 məktəbdənkənar
müəssisə, 13 uşaq bağçası, 18 musiqi məktəbi
istifadəyə verilmişdir.
Ali Məclisin sədri demişdir:
- Uşaqların istedadlarının aşkara
çıxarılması, bacarıqlarının davam etdirilməsi
məqsədi ilə bir sıra tədbirlər
görülmüş, dövlət kukla və uşaq
teatrları, Dövlət Uşaq Filarmoniyası
yaradılmışdır. Ötən il istifadəyə verilən
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzi uşaqların hərtərəfli yetişməsinə
göstərilən qayğının parlaq təzahürüdür.
Uşaqlar arasında idmanın
kütləviliyinin təmin olunması, gənc nəslin
sağlam böyüməsi üçün də tədbirlər
görülmüş, 150-dən çox ümumtəhsil məktəbində
örtülü idman zalları, açıq idman
qurğuları istifadəyə verilmiş, 2 Olimpiya-İdman
Kompleksi və üzgüçülük mərkəzi, 4
şahmat məktəbi, ən müasir tələblərə
cavab verən 5 stadion, süni örtüklü mini futbol
meydançası, əl oyunları idman kompleksi, boks və
güləş zalları tikilmişdir.
Bu dövrdə uşaqların
sağlamlığının qorunması sahəsində səylər
daha da artırılmış, uşaq bərpa mərkəzi,
körpələr evi və ailələrə dəstək mərkəzi
üçün binalar tikilmiş, respublika mərkəzi
uşaq xəstəxanası, Naxçıvan Muxtar
Respublikası Doğum Mərkəzi kimi müasir tələblərə
cavab verən səhiyyə ocaqları istifadəyə
verilmişdir. Bütün bunlar isə nəticəsiz
qalmamışdır. Əgər 1995-ci ildə bir yaşadək
uşaq ölümü 195 idisə, 2009-cu ildə bu göstərici
16 dəfə azalaraq 12-yə enmişdir. Bu gün muxtar
respublikada 145 min uşaq vardır ki, bu da 15 il əvvəlki
dövrlə müqayisədə 9 faiz artım deməkdir.
Azərbaycanı haqlı olaraq gənclər
ölkəsi adlandırırlar. Bu, təsadüfi deyildir.
Ölkəmizdə uşaq və gənclərin xüsusi
çəkisi dinamik artıma malikdir. Əgər 5 il bundan əvvəl
muxtar respublika əhalisinin 32 faizini uşaqlar təşkil
edirdisə, bu gün bu göstərici 36 faizə
qalxmışdır. Muxtar respublikada uşaqların və gənclərin
birlikdə xüsusi çəkisi isə ümumi əhalinin
64 faizinə bərabərdir.
Ali Məclisin sədri uşaqlara
uğurlar arzulamış, bayramlarını təbrik
etmişdir.
Sonra Naxçıvan Dövlət
Uşaq Filarmoniyası musiqi kollektivlərinin ilk konserti
olmuşdur.
Konsertdən sonra səhnə
arxasına keçən Ali Məclisin sədri musiqi kollektivlərini
1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü
və uğurlu çıxışlarına görə təbrik
etmiş, bu kollektivlərin gələcəkdə Azərbaycan
mədəniyyətini təmsil edərək onu yüksəklərə
qaldıracağına əmin olduğunu bildirmişdir.
Xalq qəzeti.- 2010.- 2
iyun.- S. 5.