"Göylərdən gələn gəlin"in oxucularla görüşü

 

    İllərdən bəri Qarabağ müharibəsinin sənədli-publisistik salnaməsini yaradan yazıçı-jurnalist, qəzetimizin Qarabağ bölgəsində müxbiri Ziyəddin Sultanov bu qanlı münaqişənin bir sıra faciəli səhifələrini bədii janrlarda işləyərək ədəbiyyata da gətirmişdir.

 

    1993-cü ildə Kəlbəcərin işğalı günlərində ermənilərin əsir götürdükləri Laçın rayonunun Şamkənd sakini, 24 yaşlı Səmanın körpə qızı Nurlanənin başına gətirilən müsibətlər, bu qeyrətli xanımın öz həyatı bahasına insanlıq simasını itirmiş quldurlara mənəvi cəhətdən qalib gəlməsi qəzetimizdə çap olunmuş oçerkdən sonra həmkarımızın "Göylərdən gələn gəlin" adlı sənədli povestinə mövzu olmuşdur.

    Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında yenicə işıq üzü görmüş bu kitabın təqdimat mərasimi olmuşdur. Pedaqoji elmlər namizədi, dosent Sabir Məmmədov əvvəlcə Ziyəddin Sultanovun Qarabağ müharibəsi mövzusunda 22 ildən bəri fasiləsiz olaraq qələmə alınmış işıq üzü görmüş silsilə kitabları - "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Burdan bir atlı keçdi", "Əsirlər, girovlar, itkinlər", "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr" topluları barədə məlumat verdi.

    Natiq daha sonra bildirdi ki, Ziyəddin Sultanov bilavasitə iştirakçısı yaxından bələd olduğu tipik fakt hadisələri oxucuların geniş dairəsi üçün bədii şəkildə işləyərək Qarabağ müharibəsi gerçəkliklərinin geniş mənzərələrini yaratmışdır. Bu baxımdan "Göyalərdən gələn gəlin" povesti mövzusunun təsirliliyinə, konfliktin kəskinliyinə, sənətkarlıq xüsusiyyətlərinə görə seçilir, ermənilərin qansızlığını, vəhşiliyini yüksək bədiiliklə oxuculara çatdırır.

    Fəlsəfə elmləri namizədi Mahir Səlimov bildirdi ki, müəllifin bədii priyomları, mövzunun kövrəkliyinə uyğun emosional dili, təhkiyənin dramatizmi onun bu mövzuya necə dərindən bağlı olduğunu, erməni vandallarına qarşı bitib-tükənməyən nifrətini, ulu nənələrimizin ləyaqətinə layiq hünər göstərən qəhrəman Səmaya dərin ehtiramını ucadan bəyan edir. Əsərin uğurlu seçilmiş adı da çox şey deyir. Povest son cümləsinədək Ziyəddin Sultanovun yazıçı məharətini, söz qarşısında məsuliyyətini sərgiləyir. Yeni kitab Qarabağ müharibəsinin sənədli-bədii xronikasını zənginləşdirməkdə yazıçı-jurnalistin növbəti uğurudur.

    Müzakirələrdə çıxış edən millət vəkili, şair Tahir Rza, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, filologiya elmləri namizədi, dosent Vaqif Allahverdiyev, filialın baş müəllimi Fəridə Mikayılova, metodist Əsgər Almuradov, şəhid anası Sevda Kərimova, birinci kurs tələbəsi Məryəm Mürsəlova başqaları kitab barədə rəy mülahizələrini, səmimi təəssüratlarını bildirdilər, müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.

    Sonda Ziyəddin Sultanov çıxış edərək onun üçün çox əziz olan bu kitabı ərsəyə gətirməklə mənəvi rahatlıq tapdığını bildirdi, yeni yaradıcılıq planlarından danışdı, tələbələrin çoxsaylı suallarını cavablandırdı.

 

 

    R.TAHİR

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 10.