Qətərdə Azərbaycan Mədəniyyət Günləri keçirilir

 

    Qətər dövləti ilə Azərbaycan arasında mədəni əlaqələr genişlənməkdədir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi bu əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Qətərdə bu il may ayının 31-dən iyunun 4-dək keçirilən Azərbaycan Mədəniyyət Günləri bu əlaqələrə yeni töhfədir.

 

Azərbaycandan 150 nəfərlik nümayəndə heyəti artıq Qətərdədir.

    Nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir. Mədəniyyət Günlərinin zəngin proqramı var. Qətər tamaşaçılarına Qədim Musiqi Alətləri Ansamblının, Dövlət Rəqs Ansamblının çıxışları, Azərbaycan Opera və Balet Teatrının incisi sayılan "Leyli və Məcnun" operası təqdim olunacaq.

    Qətər dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə geniş konsert təşkil olunacaq, Azərbaycan rəssamlarının 40-a yaxın əsəri, xalq tətbiqi-dekorativ sənət nümunələrindən xalçalar, mis qablar, milli geyimlər nümayiş etdiriləcək.

    Xatırladaq ki, ötən ilin iyununda Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günləri keçirilmişdi.

    Qarşılıqlı mədəniyyət mübadiləsi bundan sonra da davam edəcək.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 9.