Sabirabad: təlatümdən
sabitliyə
Təbii
fəlakətin nəticələri Azərbaycan dövlətinin
ciddi səyləri ilə aradan qaldırılır
Arazam, Kürə bəndəm...
... Bu misra hər dəfə səslənəndə ürəklərimizin tellərini yerindən oynadır. Əslində, Arazın Kürə bənd olmağı, Suqovuşanda - Sabirabadda bir-birinə qovuşması sərt istilərin qovurub yandırdığı Aran, Muğan zonaları üçün yenidən həyat mənbəyinə çevrilib, boz təbiətə əsrarəngizlik, insanlara sərin meh, xoş ətir, mülayim hava bəxş edib. İki çayın suyu həm də insanların, sözün əsl mənasında, dolancaq və həyat mənbəyi olub. Həmişə bolluq-bərəkət mənbəyi olan bu çaylar qəzavü-qədərdəndi, ya nədəndi, bu dəfə fəlakət gətirdi. Vurduğu ziyanın konkret həcmini tam dəqiqləşdirmək isə yəqin ki, xeyli vaxt aparacaq. Görünür, Arazın Kürə qovuşmağa can atması yüz ildə bir dəfə olsa da, bu cür təbii fəlakətin şiddətini artıran səbəblərdən biridir. Əlbəttə, daha dəqiq fikir söyləmək mütəxəssislərin öhdəsinə düşsə də, şübhəsiz ki, bu cür dəhşətli təbii fəlakətlərin miqyasını azaltmaq, "onu idarəolunan həddə" salmaq üçün gərgin iş aparılır və Arazdan Biləsuvar rayonu istiqamətində yeni (əslində köhnə) qolun açılmasının gündəmə gəlməsi də bu yöndə daha konkret və ciddi addımların atılacağından xəbər verir. Yeri gəlmişkən, material çapa hazırlanarkən həmin qolun açılması barədə xəbərlər kütləvi informasiya vasitələrinin bir nömrəli mövzusuna çevrildi.
Son günlər təbii fəlakət bölgəsindən Kür çayında suyun səviyyəsinin müəyyən qədər endiyini bildirən informasiyaların gəlməsi, müəyyən rahatlıq yaratsa da, vəziyyət hələ də ciddi narahatlıq üçün əsas verir. Çünki bu enmələr tez-tez qalxmalarla əvəzlənir ki, bu da "sürüşkən vəziyyətin" uzanmasına səbəb olur. Bəs Kürdə suyun səviyyəsinin kəskin artması və təbii fəlakət qəfil hadisə idimi, yaxud gözlənilən? Bu suala cavab tapmaq üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin fikirlərini öyrəndik. O bildirdi ki, indiyədək Kürdə 1600 kubmetr həcmində suyun ötürülməsi üçün bəndlər qurulsa da, digər zəruri işlər görülsə də, bu həcmin 1800 kubmetrədək artacağı təqdirdə heç bir problemin yaranmaması üçün ehtiyat tədbirlər həyata keçirildi. Bununla belə, vəziyyət arzuolunmaz hal aldı. Suyun səviyyəsi 955 santimetrə, ötürülmə həcmi isə 2500 kubmetrə çatdı. Halbuki 2002-ci ildə baş vermiş daşqınlar zamanı vəziyyət bu cür deyildi. O vaxt saniyədə ötürülən suyun həcmi 970 santimetrə çatırdı. 2003-cü ildə Neftçala və Salyan rayonlarında qırx altı kilometr uzunluğunda bəndlərin tikilməsi, eləcə də Kür, Araz çayları boyunca sahilbərkitmə işlərinin və bəndlərin mühafizəsinin gücləndirilməsi nəticəsində 1700 kubmetr suyun ötürülməsi imkanı yarandı, bu da 2002-ci illə müqayisədə iki dəfədən çoxdur.
2007-ci ildə də Kürdə daşqınların olduğunu, saniyə ərzində keçən su miqdarının 1760 kubmetrə çatdığını qeyd edən sədr müavininin sözlərinə görə, bu daşqınlar qısamüddətli, "ənənəvi" olduğuna görə bir o qədərdə ziyan vurmadı. Builki təbii fəlakətin ağırlığını artıran əsas səbəblərdən biri də onun uzunmüddətli olmasıdır.
Bütün bunlara
baxmayaraq, Meliorasiya və Su Təsərrüfatı ASC -nin
qabaqlayıcı tədbirlər gördüyünü, aprel
ayının sonlarından texnikaların cəlb olunduğunu
vurğulayan Z.Quliyev məlumat verdi ki, artıq həmin vaxtlar
Kür çayı saniyədə 1800 - 2570 kubmetr yüklənmişdir
ki, bu göstərici də müvafiq bəndlər
üçün müəyyən olunmuş normadan xeyli
çoxdur. Göründüyü kimi, bu hallar
təbii fəlakəti qaçılmaz edirdi və mayın
birinci ongünlüyündə Kür öz məcrasından
çıxaraq ətrafdakı yaşayış məntəqələri
üçün təhlükəyə çevrildi, minlərlə
insan ev-eşiyini tərk edərək çadır
düşərgələrinə, qohum evlərinə,
məktəblərə və digər sosial obyektlərə
sığınmaq məcburiyyətində qaldı.
Kürün bu "özbaşınalığına"
adekvat olaraq dövlət başçısının
tapşırığı ilə qüvvələr səfərbər
edildi, təbii fəlakətin qarşısını almaq və
zərər-ziyanı azaltmaq
üçün hərtərəfli mübarizə
başlanıldı. Xüsusi vurğulamaq lazımdır ki,
bu mübarizədə, demək olar, bütün dövlət
qurumlarının, xüsusilə də Fövqəladə
Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Daxili
Qoşunların əməkdaşları, eləcə də
"Azərkörpü", "AZENKO" kimi iri təşkilatlar
vətəndaşlıq nümunəsi və fədakarlıq
göstərdilər. Onların, eləcə də yerli əhalinin
gecə-gündüz demədən Kürün ətrafında
keşik çəkməsi təqdirəlayiqdir.
Təhlükənin
ilk "siqnalı"
Təhlükənin ilk "siqnalını" Bayramlı qəsəbəsində bəndin açılması verdi. Sabirabadın Mürsəlli, Hacıqabulun Meyniman kəndlərində isə bir-birinin ardınca bəndlərin yarılması təhlükənin ciddiliyini bir daha artırıldı. Düzdür, aramsız səylər öz bəhrəsini verdi, qısa zaman ərzində bəndlər bərpa olundu, zərərin miqyası minimumla ötüşdü. Bunların ardınca isə növbəti gərginlik sədr müavininin də qeyd etdiyi kimi, Sarısu gölündə yaşandı. Uzun müddət ərzində Kürdə suyun səviyyəsinin yüksək həddə olması göldə suyun xeyli artmasına səbəb oldu.
Mayın 24-də güclü dalğalı külək Sarısu gölünü yardı, nəticədə də Sabirabadın dörd, Saatlının isə üç kəndinə ciddi ziyan dəydi. Ən böyük təhlükə də Sabirabad şəhəri üçün yaranmışdı. Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli təşkilatları - Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi, Mexaniki Suvarma İdarəsi, Suvarma Sistemləri İdarəsi yerli əhali və digər təşkilatlarla birlikdə təhlükəni sovuşdurmağa nail oldular. Meliorasiya və Su Təsərrüfatı ASC-nin adından müvafiq dövlət qurumlarına, xüsusilə FHN-ə, MN-ə, "Azərkörpü", "AZENKO" kimi təşkilatlara göstərdikləri köməyə görə dərin minnətdarlıq bildirən sədr müavini vurğuladı ki, bu mütəşəkkillik, doğrudan da, "el gücü - sel gücü"dür hikmətinin canlı şəkildə nümayişidir. O həm də əlavə etdi ki, inkişaf etmiş ölkələrə təbii fəlakət, daşqınlar külli miqdarda ziyan vurur, kütləvi insan tələfatına səbəb olur. Bizdə isə bu ziyan minimumla ötüşdü, şükürlər olsun ki, insan tələfatı olmadı.
Məlum təbii fəlakətin, sel daşqınlarının nəticələrinin aradan qaldırılması işlərinə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 1000-ə yaxın canlı qüvvəsi və 350-dən artıq texnikası cəlb olunmuşdur.
Təbii fəlakətdən ziyan çəkən insanların fikirlərini ifadə edən Z.Quliyev bildirdi ki, dövlət başçısının məsələni şəxsi nəzarətinə götürməsi, fəlakətlə üzləşənlərə diqqət və qayğı göstərməsi hamıda ruh yüksəkliyi yaratmışdır və şübhəsiz ki, bu da çətinliklərin, problemlərin öhdəsindən gəlməyimizi şərtləndirir.
Məlum olduğu kimi, təbii fəlakət
ölkəmizin bir neçə rayonuna ziyan vurdu. Sabirabad
rayonunda vəziyyət xüsusilə ağır olmuşdur. Məhz
buna görə də köməyə gələn qüvvələrin
böyük hissəsi Sabirabada yönəldilmişdi. Müəyyən
fasilələrlə davam edən təbii fəlakətin
buraya vurduğu ziyanın dəqiq həcmini müəyyənləşdirmək
hələ tezdir. Təbii ki, öz evlərindən
köçmək məcburiyyətində qalan insanların
dövlət tərəfindən qayğı ilə əhatə
olunacağı, onlara kompensasiya ödəniləcəyi
şübhəsizdir. Ancaq məsələnin mənəvi tərəfi
də var ki, onu heç nə ilə əvəzləmək,
kompensasiya etmək mümkün deyil. Təbii fəlakətin
nəticələrinin aradan qaldırılması
üçün yerli təşkilatların fəaliyyətini
və göstərdikləri səyləri alqışlamaq
lazımdır. Bu təşkilatlar, sözün həqiqi mənasında,
mütəşəkkillik nümayiş etdirirlər. Hər kəs,
necə deyərlər, öz gücü, imkanı daxilində
yardım etməyə tələsir. Fərəhləndirici
haldır ki, heç kim də gördüyü işin minnətini
vurmur, bunu sadəcə olaraq vətəndaşlıq borcu
sayır.
Səhiyyə
xidməti fasiləsiz iş rejimində
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş hakimi Əlifağa Nadirov deyir ki, biz buna əvvəlcədən hazırlıq görmüşdük. Bayramlı qəsəbəsində bənd yarıldığından Sabirabadın üç magistral yolu bağlanmış, təhlükəli vəziyyət yaranmışdı. Təcili olaraq qərargah və qaynar xətt yaradıldı, əməkdaşlarımız təhlükəli zonalarda insanlara psixoloji yardımlar etməyə başladılar. Asan məsələ deyil. İndiyədək beş dəfə bənd yarılıb, bunun nə qədər psixoloji gərginlik yaratdığını təsəvvür etmək mümkündür. Zərər çəkmiş əhaliyə normal tibbi xidmət göstərmək üçün dördü RMX-nın, ikisi Gigiyena və Epidemiologiya Mərkəzinin olmaqla altı həkim briqadası yaradıldı, müxtəlif istiqamətlərdə psixoprofilaktik tədbirlər aparıldı. Təsəllimiz də odur ki, sudaboğulma, sudabatma, bir sözlə, ölüm halları baş vermədi. Məlum təbii fəlakət zamanı beş həkim, beş tibb məntəqəsi su altında qaldı, köçürülmüş əhalinin yerləşdirildiyi Sabir adına şəhər 1 saylı, N.Nərimanov adına şəhər 2 saylı, M.Müşfiq adına şəhər 4 saylı, N.Gəncəvi adına şəhər 5 saylı, Tağıyev adına şəhər 6 saylı orta məktəblərdə və Moranlı çadır düşərgəsində tibb məntəqələri yaradıldı və dərman preparatları, sarğı materialları ilə təmin olundu. Bu tibb məntəqələri gecə-gündüz fəaliyyət göstərir. Müxtəlif ixtisaslı həkimlər əhalinin qulluğundadır. Təcili yardımın da gücləndirilmiş iş rejiminə keçdiyini bildirən baş həkim rayon ərazisində üç yerdə səyyar məntəqənin fəaliyyət göstərdiyini, əhali arasında sanitariya maarifləndirməsinin aparıldığını da qeyd etdi. Əlavə etdi ki, Səhiyyə Nazirliyi təbii fəlakətlə əlaqədar bölgəyə həkimləri ezam edir, tibb məntəqələrinin fəaliyyətinə ciddi nəzarət olunur.
Səhiyyə naziri Oqtay Şirəliyev
də ilk vaxtlardan hadisələri, zərər çəkmiş
əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin
göstərilməsini diqqət mərkəzində
saxlayır.
Epidemioloji durum sabitdir
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərdən danışarkən qeyd etdi ki, dərhal iki epidemioloji briqada və iki dezinfeksiya qrupu yaradıldı, əhalinin müvəqqəti məskunlaşdığı ərazilərə bir sanitar həkim, bir epidemioloq, dezinfektor təhkim olundu. Əhalinin məskunlaşdığı ərazilərdə sanitar vəziyyətə bilavasitə nəzarət olunur, kütləvi qidalanma yerləri dezinfeksiya edilir. Ərzaqlar və sular hər gün GEM-in laboratoriyalarında yoxlanılır. Əhali arasında sanitariya maarifi işi aparılır, ümumi sanitar qaydalar izah olunur. Rayon ərazisindəki bütün su mənbələrindən nümunələr götürülərək taun əleyhinə stansiyaya göndərilir. Təqvimə uyğun olaraq uşaqlarda profilaktik peyvəndlər aparılır. Su çəkilən ərazilərdə - Qaragüney, Dadaşbəyli, Mürsəlli, Ulacalı, Şıxlar, Poladtuğay, Əliləmbəyli kəndlərində genişmiqyaslı dezinfeksiya və dezinseksiya işi həyata keçirilir. İndiyədək 500-dək təsərrüfat və yaşayış evi yüksək keyfiyyətli dezinfeksiya olunub, malyariyaya qarşı qanın mikroskopik müayinəsi aparılıb.
Rayon baytarlıq idarəsinin rəisi
Fikrət Rəsulov bildirdi ki, əsas vəzifələri əhalinin
mal-qarasını köçürməkdən və
düzgün yerləşdirməkdən ibarətdir. O qeyd etdi ki, təbii fəlakətin elə ilk
günlərində kənd təsərrüfatı naziri,
nazir müavinləri, eləcə də Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi
dəfələrlə su basmış ərazilərdə
olmuşlar.
İçməli su qıtlığı yoxdur
"Azərsu"
ASC "Birləşmiş Su-Kanal" MMC-nin Sabirabad Su - Kanal
İdarəsinin rəisi Xələf Şıxəliyev əsas
fəaliyyətlərinin 3500 abonenti - 15000 nəfəri, bundan əlavə
rayonun Güdəcühür, Şəhriyar, Rüstəmli kəndlərində
məskunlaşmış məcburi köçkünləri
içməli su ilə təmin etməkdən ibarət
olunduğunu bildirdi. Təbii fəlakətlə əlaqədar
şəhərin su təchizatında müəyyən
çətinliklər yaransa da, bütün imkanlar səfərbər
edilərək vəziyyəti normallaşdırmağa yönəldilmişdir.
"Azərsu" ASC-nin köməyi ilə 4 ədəd su nəql
edən maşınla müəyyən ərazilər su ilə
təmin olunur.
Qaz təchizatı bərpa olunur
Təbii fəlakət
Sabirabadın infrastrukturuna ciddi təsir göstərmişdir.
Rayonun qaz təsərrüfatı da hadisələrin təsirini
müəyyən qədər hiss etmişdir. Sabirabad
rayon qaz istismar sahəsinin rəisi Qənimət Səmədov
bildirdi ki, mayın 24-də Kür çayında
daşqınlar diametri 530 millimetr olan Azadkənd-Sabirabad-Saatlı-İmişli
yüksək təzyiqli magistral kəmərinin Azadkənd ərazisində
qoşulan hissəsini dağıtdığından rayona təbii
qazın verilməsi dayandırılmışdır.
Daşqınlar şəhəri və iki kəndi mavi yanacaqla
təmin edən qaz xətlərinə xətər yetirməmişdir.
QİS-nin rəisi yaxın vaxtlarda bütün problemlərin
aradan qaldırılacağını və əvvəlki kimi
qazla təchizatla bağlı heç bir çətinliyin
yaranmayacağını da bildirdi.
Təhsil
sistemi: çətinlik müvəqqətidir
Daşqınlar Sabirabadın təhsil ocaqlarına da ciddi xətər yetirib. Rayon təhsil şöbəsinin müdiri Elman Bunyadovun məlumatına görə, 2 saylı Qaragüney, Əsgərbəyli, Muradbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Mürsəlli, Ulacalı, Bala Həşimxanlı, Əliləmbəyli orta, Ağammədli ibtidai məktəbləri, Ağamməmdli, Qasımbəyli, Ulacalı uşaq bağçaları tamamilə su altında qalmışdır. Qalan məktəblərdə də təhlükə yaranmaması üçün təhsil naziri Misir Mərdanovun tapşırığı ilə dərslər dayandırılmış, imtahanların vaxtı dəyişdirilərək iyunun 3-4-dən 11-12-nə keçirilmişdir.
... Sabirabad təbii fəlakətin doğurduğu təlatümdən qurtuldu. Nə qədər ağır olsa da, insanlar bu təlatümə də sinə gərməyi, müqavimət göstərməyi, sonda qalib gəlməyi bacardılar. Şübhəsiz ki, ulu Tanrının mərhəməti, dövlət başçısının hərtərəfli qayğısı sayəsində!
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.-2010.- 3
iyun.- S. 5.